“Bakutel-2016” sərgisində Azərbaycan hansı məhsulları nümayiş etdirdi
Tarix: 05.12.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər
Ziyarətçilər sərgi çərçivəsində bir çox yerli şirkətlərlə tanışlıq imkanı qazandılar

Bakıda keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi başa çatdı. Həmin sərgidə ölkəmiz layiqincə təmsil olundu və kifayət qədər yerli şirkət iştirak etdi. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmaqda davam edirik.

Sumqayıt Texnologiyalar Parkının “Bakutel-2016” sərgisində yeni məhsulları
Sumqayıt Texnologiyalar Parkı (STP) “Bakutel-2016” sərgisində yeni məhsullarını nümayiş etdirib. Sumqayıt Texnologiyalar Parkından verilən məlumata görə, “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində STP stendində quraşdırılmış monitorlarda texnoparkın tərkibində fəaliyyət göstərən 17 zavod və 25-dən artıq istehsal sahəsi haqqında videoçarx vasitəsilə ziyarətçilərə müəssisə haqqında geniş məlumat verilib.
Artıq üçüncü dəfədir bu sərgidə iştirak edən STP ən son məhsullarının təqdimatını keçirib. Müəssisənin Kabel Zavodunun ötən ilin sonunda istehsalına başladığı 50 növdə fiber-optik, LAN, rabitə, siqnal kabellərini, həmçinin ödəmə və növbə terminallarını, informasiya köşklərini nümayiş etdirib. Sərgidə təqdim olunan yeniliklərdən biri də gömrük bəyannamələrinin hazırlanması üçün STP-nin istehsalı olan terminaldır. Sərgidə iştirak edən ziyarətçilərə STP və məhsulları haqqında ətraflı məlumatlar verilib, istehsalat barədə təşviqat materialları təqdim olunub. Stend hər kəs tərəfindən böyük maraqla qarşılanıb.

“Bakcell” özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirib

“Bakcell” şirkəti XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (Bakutel-2016) sərgisində özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirib. Hər il olduğu kimi, bu il də şirkət öz stendində müxtəlif guşələr təşkil edib. “Ulduzum”, “Bakcell Bussiness”, “Nomrem.bakcell. com”, “Virtual reallıq”, “Bakcell arena”, “PES2017 yarışması”, “Applab” və “Sür@” guşələrində təqdim olunan yeniliklər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
“Regionun ən böyük tədbirlərindən biri hesab edilən “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il ölkənin telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayıb. Bu il 20 illiyini qeyd edən “Bakcell” şirkəti ənənəvi qaydada bu önəmli tədbirdə iştirak edib. Beynəlxalq nüfuzlu “Bakutel”də iştirak bizə öz məhsul və xidmətlərimizi nümayiş etdirmək və yeni tərəfdaşlıqların qurulmasında mühüm rol oynamaqla yanaşı, abunəçilərimizlə birbaşa ünsiyyət üçün tam fərqli şərait yaradıb. Sağlam rəqabət üçün özünəməxsus biznes-platformaya çevrilmiş bu tədbir hər il olduğu kimi, bu il də yüksək səviyyədə keçib, iştirakçılar və ziyarətçilər üçün məhsuldar olub”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
Qeyd edək ki, “Bakcell” şirkəti hər il “Bakutel” sərgisində iştirak edir və ziyarətçilərə öz xidmət və məhsullarını nümayiş etdirməklə yanaşı, onlar üçün müxtəlif əyləncələr təşkil edir.

Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını sürətləndirəcək
Sərgidə nümayiş olunan digər pavilyonlara gəldikdə isə onlardan biri “Elektron hökumət”lə bağlı idi. 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 89 qurumun elektron xidmətlərini birləşdirir. Hazırda portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. İndiyə qədər “Elektron hökumət” portalı vasitəsilə müraciət edənlərin sayı 34 milyonu ötüb. Ümumi xidmətlərə müraciət sayının 46 faizi bu ilin 11 ayında qeydə alınıb. Gündəlik müraciətlərin sayı isə 50 mindən çoxdur. Artıq mobil telefon vasitəsilə də portalda olan xidmətlərdən istifadə etmək mümkündür. Portalın elektron ödəmə sistemi də yaradılıb. Bu günədək 100 mindən artıq “elektron imza” istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi elektron imza sertifikatı ilə təmin olunacaq.
Digər stend ölkəmizə məxsus ilk regional Data Mərkəzi ilə bağlı olub. TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış “bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Mərkəzin istifadəyə verilməsini şərtləndirən sertifikatlaşdırma prosesi uğurla tamamlanıb. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək. Burada rabitə və telekommunikasiya sahəsində həyata keçirilən işlər barədə də geniş məlumat verilib. Stend barədə o məlumat da verilib ki, respublika üzrə magistral və lokal şəbəkənin müasir standartlarla yenidən qurulması üçün “Milli genişzolaqlı şəbəkə” layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində 8 min 150 kilometr magistral və 70 min kilometrə qədər abunə xətlərinin çəkilməsi və nəticədə 1600-dək yaşayış məntəqəsinin yeni nəsil İP şəbəkəsinə qoşulması planlaşdırılır ki, bu da hər kəsin genişzolaqlı internet xidmətlərindən istifadə edə bilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Yeni yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin stendi ilə bağlı bildirilib ki, rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədilə ilk olaraq Bakı şəhərində çoxfunksiyalı xidmət mərkəzlərinin qurulması üzrə işlərə başlanılıb. Bu şəbəkə vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən bütün xidmətlərin vahid mərkəzdən göstərilməsi planlaşdırılır ki, bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq.

Yeni yerüstü stansiya peykdən təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib
“Azerkosmos” ASC-nin stendinə gəldikdə isə ziyarətçilərə məlumat verilib ki, ölkəmizin ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır. 2013-cü ilin iyunundan etibarən kommersiya fəaliyyətinə başlayan “Azerspace-1” vasitəsilə dünyanın 18 ölkəsindəki müştəri bazası ilə peykin tutumlarının 75 faizinin ödənişli əsaslarla satışına nail olunub. Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın yerüstü avadanlığı Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılıb. Yeni yerüstü stansiya peykdən təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bu ilin sentyabrından “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” peyki də tamamilə yerli mütəxəssislər tərəfindən idarə olunur. Artıq ölkəmizdəki bir sıra dövlət orqanları və özəl qurumlar ilə peyk təsvirlərinin satışına dair müqavilələr imzalanıb, yerli bazarla yanaşı, xaricdə satışların artırılması məqsədilə intensiv danışıqlar aparılır. Bildirildi ki, ikinci telekommunikasiya peyki “Azerspace-2”-nin SSL şirkəti tərəfindən istehsalı və “Ariannespace” şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
Sərgidə nümayiş olunan stendlərdən biri də “Azərpoçt”un stendi idi. Bu qurumun 2 ofisi “Şəbəkə” üçün rekonstruksiya edilib və bu mərkəzlərdə istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb. Telekommunikasiya və poçt xidmətlərindən başqa, aviabiletlərin satışının təşkilinin də nəzərdə tutulduğu bu mərkəzlərdə vətəndaşlara yüksək xidmət göstərilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi ilə tanış olarkən ziyarətçilərə daxili və xarici işıqlanma üçün texnologiya əsasında LED lampalarının yandırılması, pilot layihələrin həyata keçirilməsi, işıq parametrlərinin, həmçinin marketinq parametrlərinin təyin edilməsi, ayda 1500-2000 LED lampası hazırlamağa imkan verən istehsal sahəsinin yaradılması, Azərbaycanda və xüsusən Bakı şəhərində işıqlanma sistemlərində istifadə olunan mövcud lampaların işıq korpuslarını dəyişmədən daha qənaətcil və ekoloji təmiz LED işıqlanma sistemləri ilə əvəzlənməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Bu gün dünya birliyinin ədalətə ehtiyacı var”
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7550

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info