Dünya ipək bazarında ticarət milyardlarla dollarla ölçülür
Tarix: 05.12.2016 | Saat: 19:56:00 | E-mail | Çapa göndər
Bu sahənin inkişafı ölkəmizdə də yeni iş yerlərinin açılmasına, ixracın artmasına səbəb olacaq

Ölkədə aqrar sahədə aparılan islahatların daha da sürətləndirilməsi, yeni fermer təsərrüfatlarının yaradılması, bitkiçiliyin ənənəvi sahələrinin inkişaf etdirilməsi dövlətimizin əsas məqsədlərindən biridir. Bu sahələrin inkişaf etdirilməsi idxaldan asılılığı azaltmağa, ölkənin yerli məhsullarla təminatına imkan verəcək. Bugünlərdə Zərdab rayonuna səfəri zamanı ölkə başçısı kənd təsərrüfatının inkişafının uğurla getdiyini və bu il həmin istiqamətdə dövlət proqramlarının icrası ilə bağlı çox önəmli addımlar atıldığını bildirib. Xüsusilə həmin bölgədə baramaçılığın inkişafına toxunan ölkə başçısı qeyd edib ki, hazırda kənd təsərrüfatının müxtəlif sahələri - pambıqçılıq, baramaçılıq inkişaf edir və il ərzində bu istiqamətlərdə çox böyük irəliləyiş var: “Bizim gələn il üçün çox böyük proqramlarımız var. Uzun fasilədən sonra bu il Zərdabda 6 tona yaxın barama tədarük edilib, gələn il ən azı 3 dəfə artmalıdır. Əvvəllər Zərdabda baramaçılığın böyük ənənələri olub. Görəndə ki, biz bu sahəni itiririk, dərhal tədbirlər görüldü, altı tona yaxın barama tədarük edildi, yüzlərlə insan yaxşı pul qazandı. Bəzi ailələr 30- 40 gün ərzində böyük məbləğdə pul qazanırlar. Gələn il 15 ton barama tədarük ediləcək. İndi xaricdən tinglər gətirilir, biz onları alırıq. Yaxşı yarpaq verən, xüsusi növ ağaclar gətirilir ki, baramaçılıq kütləvi xarakter alsın. Hər cür imkanı, həyətyanı sahəsi, torpağı olan vətəndaşa məsləhət görürəm ki, baramaçılıqla məşğul olsun. Çünki qısa müddət ərzində, o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanacaqlar. Dövlət də onu alacaq. İndi Şəki ipək kombinatı işləyir, biz onu işə salmışıq. Artıq biz ipəkçiliyi də bərpa edirik”.

Çin və Hindistan dünya
istehsalının böyük bir
qismini reallaşdırır


Bu gün dünyada barama və ipəkçilik sənayesi inkişaf etməkdədir. Bir sıra ölkələr yerli məhsullardan yüksək gəlir əldə etməyə müvəffəq olur. Dünyada təxminən 30 ölkədə ipəkqurdu yetişdirilir. Dünya yaş barama istehsalında illik ortalama 600-700 min ton arasında dəyişən bir istehsalla Çin ilk sırada yer alır. Bu ölkəni 130 min ton ətrafında bir istehsalla Hindistan təqib etməkdədir. Bu istehsal rəqəmləri Çin və Hindistanın dünya istehsalının böyük bir qismini reallaşdırdıqlarını göstərir. 2008 və 2009-cu illərdə təxminən 25 min ton istehsalla Özbəkistan ən böyük üçüncü istehsalçı olub. 2007-2011-ci illər arasındakı ümumi istehsal miqdarlarına gəldikdə isə 800.000 ton dünya istehsalının olduğu müşahidə edilib.
Dünyada xam ipəklə bağlı məlumatlar araşdırıldığında yaş barama istehsalına bənzər bir nəticə ilə qarşılaşılır. ISC-nin məlumatlarına görə, 2010-2014-cü illər arasında ölkələr əsasında dünya xam ipək istehsalında Çin 146.000 tonluq istehsalla ilk sırada yer alıb. 28.708 tonluq istehsalla Hindistan ən böyük ikinci istehsalçıdır. Özbəkistan isə 1.100 tonluq istehsal həcmiylə üçüncü sıradadır. Ölkələr əsasında xam ipək və yaş barama istehsalı birlikdə qiymətləndirildiyində, Çin və Hindistanın dünya istehsalında hələ də ənənəvi yeri qoruduqları görülməkdədir.

Dünyada ixrac və idxal

2007-2011-ci illərdə dünyada ən çox xam ipək ixrac edən Çinin 2011-ci ildə xam ipək ixracatı 10305 ton olub. İtaliya isə 2011-ci ildə 719 tonla ən böyük ikinci ixracatçı mövqeyindədir. Hindistan dünyada ən çox xam ipək idxal edən ölkədir. Bununla yanaşı, dünya tekstil bazarında əhəmiyyətli bir paya sahib olan İtaliyanın 2011-ci ildə idxalla bağlı əhəmiyyətli bir xam ipək idxalçısı olduğu da göstərilir. Quru barama idxalı miqdarı xam ipəkdən az bir rəqəm təşkil edib. Çin ən böyük idxalatçı ölkə mövqeyindədir.
Dünyada, ipək əhəmiyyətli bir tekstil xammalı olub, yüksək istehlak mallarında istifadə edilməkdədir. İpəkçilik məhsulları qlobal tekstil məhsullarının 0,2 faizini təşkil etməkdədir. İpəyin ümumi tekstil məhsulları içərisində payının az olmasına baxmayaraq, ipəkçilik məhsulları milyardlarla dollarlıq bir ticarət həcminə malikdir. İpək pambıqdan təxminən 20 qat daha qiymətli bir məhsuldur.
Ən çox ipək istehlakına malik ölkələr ABŞ, İtaliya, Hindistan, Fransa, Çindir. Çin və Hindistan eyni zamanda ən böyük istehsalçılardır. Bundan başqa, qlobal tekstil bazarında əhəmiyyətli bir yerə sahib olan İtaliya da dünyada əhəmiyyətli istehlakçı ölkələrdən biridir.

Dünyada tətbiq
olunan siyasətlər


Avropa Birliyi ölkələrində istehsalçılara minimum 20 kq məhsul əldə etmək şərtiylə, qutu başına 133 avro birbaşa gəlir dəstəyi verilir, baramanın istifadəsində təşəbbüs istehsalçılara həvalə edilir. İranda, dövlət yaş baramanı 3,5 dollardan satın alıb daha aşağı qiymətə istehlakçılara sataraq ipək istehsalını təşviq etməkdədir. Çində bu sahədə özəl sektorun payı hər keçən il artmaqdadır. Bu ölkədə edilən ticarətin təxminən 70-80 faizi xüsusi sektor tərəfindən həyata keçirilir. Özbəkistanda isə istehsal edilən yaş baramanı dövlət satın alır.

Dünyada barama qiymətləri

Çinin qiymət siyasəti dünya bazarında müəyyənedici bir faktordur. Digər böyük istehsalçı ölkələrdən olan Hindistan istifadənin geniş olması səbəbiylə, mövcud istehsalla yanaşı, idxal etməklə, alıcı mövqeyində dayanır. Özbəkistan isə qiymətləri Çinə uyğun olaraq müəyyənləşdirməkdə, keyfiyyətinin aşağı olması səbəbiylə burada qiymətlər bir az daha aşağı olur. 2009-cu ildə Çində yaş barama 2,5-3 dollar səviyyəsində ikən 2010-cu ildə 4-5 dollar səviyyəsindəki qiymətdən alınıb. Çində istehsalçılardan 2010-cu ildə 3-4 dollar arasında, 2011-ci ildə 3,5-4,5 dollar arasında yaş barama qəbul edilib. Özbəkistanda yaş barama istehsalı dövlətin nəzarəti altında olub, dövlət istehsal edilən yaş baramanı istehsalçılardan alaraq özü bazara verməkdədir. Buradakı yaş baramanın alış qiymətləri Çindən 1-1,5 dollar aşağıdır. 2012-ci ildə, Çin bazarında bazar şərtlərinə görə, qiymət 6 dollara qədər qalxmasına baxmayaraq, 5 dollardan satılıb. Özbəkistandakı bazarda Çinin təsiri çox olduğundan qiymətlər Çinin qiymətlərinə görə dəyişməkdədir. 2012-ci ildə qiymətlər 3-4 dollar olub. 1991-ci ildə ipək qiymətlərində yaşanan eniş barama qiymətlərinə də təsir edib. 2000-ci illərin əvvəlində quru barama qiymətləri 2-3 dollar səviyyəsinə düşdü. Daha sonra qiymətlərdə az da olsa artımlar olub. 2011-ci ilin ortalarında ipək qiymətlərində eniş başlayıb və il sonunda qiymətlərdə 20-25 faiz nisbətində azalma meydana gəlib. Xüsusilə son illərdə xam ipək qiymətlərində əhəmiyyətli nisbətdə yüksəliş nəzərə çarpır. 2014-cü il sonu etibarilə Hindistanda orta quru baramanın qiyməti 3,4 dollar səviyyəsində reallaşıb. Göründüyü kimi, böyük ticarətin yaşandığı bu sahənin inkişafı ölkəmizdə də yeni iş yerlərinin açılmasına, ixracın artmasına səbəb olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.02.2017
Aram Manukyan: “Belə getsə, 20 ildən sonra Ermənistan məktəblərində şagird qalmayacaq”
20.02.2017
Səudiyyə Ərəbistanı ilə əlaqələrdə yeni mərhələ
16.02.2017
Azərbaycan müstəqil və balanslı siyasət həyata keçirən dövlət kimi nüfuz qazanıb
15.02.2017
TANAP-ın maliyyələşmə məsələsi tam həll edilib
09.02.2017
“Lapşinin Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşü təmin edilib”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5542

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 BANM-in tələbəsinin layihəsini yapon şirkəti aldı
24.02 11:38 Yaz süfrəsi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info