“Uşaqları erkən yaşda repetitor yanına göndərməyin”
Tarix: 03.04.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Saqibə Əhmədova: “Valideynlərimizdə başa salmaq
psixologiyası formalaşmayıb”

Bu gün valideynlərin çoxu uşaqların aqressiv davranışları, kompleksləri və digər psixoloji problemlərindən narahatdır. Bunun başlıca səbəbi isə uşaqlarımıza olan münasibətdə buraxdığımız boşluqlardır. Bu boşluqları doldurmaq üçün isə təbii ki, psixoloq-pedaqoqlar köməyimizə gəlir. Uşaqların psixoloji problemləri və onların aradan qaldırılması yolları barədə suallarımızı Psixoloji Dəstək Mərkəzinin direktoru, klinik psixoloq Saqibə Əhmədova cavablandırıb.
-Saqibə xanım, əvvəlcə Psixoloji Dəstək Mərkəzi haqqında məlumat verərdiniz.
- Psixoloji Dəstək Mərkəzi 2011-ci il 21 fevral tarixində yaranıb. Fəaliyyətimizə sentyabr ayından başlamışıq. Mərkəzimizə daha çox, demək olar ki, nitq qüsurlu uşaqlar, autizmli uşaqlar müraciət edir. Bundan başqa, valideyn-uşaq münasibətlərində meydana çıxan hər hansı davranış pozuntuları, uşağın evdə və cəmiyyətdə özünü aparması ilə bağlı müraciətlər də çox olur. Tez-tez psixoloji konsultasiyalar keçiririk. Mərkəzimizə bütün yaş qrupundan olan uşaq və yeniyetmələr müraciət edirlər.
-Yazın gəlişi ilə əlaqədar olaraq, təbii ki, fəsil dəyişkənliyi uşaqların da əhvali-ruhiyyəsinə təsir edir. Xüsusilə bu fəsildə uşaqlarla necə davranmaq lazımdır?
- Fəsil dəyişkənliyi təkcə uşaqlara deyil, böyüklərə də təsir edir. Uşaqlarda bahar yorğunluğu, enerjinin tükənməsi, özünü yorğun hiss etmək, erkən yatmaq, dərs etməmək kimi meyillər olur. Valideynlərin ən çox şikayətləri də bununla bağlı olur ki, uşaqlar bu fəsildə dərsə həvəsli olmurlar. Ən çox bu fəsil dəyişkənliyi uşaqlarda depressiyyalarla, ruh düşkünlüyü, əhvallarının tez-tez pozulması ilə müşayiət olunur. Bəzən valideynlər bunu nəzərə almırlar. Uşaq yorğun, halsız, enerjisi zəif olanda da ona təzyiq edirlər ki, “dərsi oxumalısan, mütləq bunu etməlisən”. Bu isə uşaqlarda aqressiya, hirs yaradır. Bu vaxt da uşaqla valideynin münasibətləri pozulur. Buna görə də valideynlər bu dönəmlərdə xüsusilə diqqətli olmalıdırlar.
-Uşaqlarda komplekslər nədən yaranır? Bunda valideynlərin rolu nə dərəcədədir?
- Kompleks valideynlər və yaxud digər uşaqlar tərəfindən yaradılır. “Sən beləsən”, “sən özünü apara bilmirsən”, “sən heç nə bacarmırsan” deməklə tez-tez tənqid etmək, digər uşaqlarla müqayisələr aparmaq da uşaqlarda kompleks yarada bilər. Valideyn dəfələrlə uşağa özünün sahib olmadığı imkanları yaratdığını deyirsə, bu artıq uşağı bezdirir, onlarda aqressivlik yaradır. Məktəblərdə də dərs davamiyyəti yaxşı olan şagirdlə dərslərində nisbətən zəif şagirdlərin müqayisəsi həmin uşaqlarda kompleks yaradır və uşaqda özünün heç nəyi bacarmayacağı barədə fikir formalaşdırır və uşaq özü-özünü kompleksə salır.
-Ümumiyyətlə, ailələrimizin tərbiyəsində çatışmayan cəhətlər hansılardır?
- Valideynlər uşaqları öz fikirlərini sərbəst ifadə etməyə, öz istədiklərini sərbəst yerinə yetirməyə qoymurlar. Məsələn, geyimdə, fakültə seçimində, universitet seçimində uşağa sərbəstlik verilmir. Nəticədə uşaqlarımızda sərbəst özünü ifadə etmək qabiliyyəti olmur. Valideynlər uşaqları ilə dil tapmağı öyrənsinlər. Aqressiya ilə uşaqlara psixoloji zərbə vurmasınlar. Valideyn bəzən bir ailədə böyüyən iki uşaq arasındakı mübahisəyə də müdaxilə edir və onu öz üsulları ilə həll edir. Valideyn həmin uşaqları sərbəst qoymalıdır ki, uşaqlar öz problemlərini öz aralarında həll etməyi öyrənsinlər.
-Uşağa sərbəstlik nə dərəcədə verilməlidir?
- Bu, müxtəlif mövzudan asılıdır. Valideyn ailədə uşağa aid olan problemi uşağa deməlidir. Ata-ana arasında olan problemi qəti şəkildə uşağa demək olmaz. Uşağa aid mövzunu, məsələn, geyim, oyuncaq seçimini uşaqla məsləhətləşmək lazımdır. Bəzən ailə kollektiv şəklində hər hansı bir məsələni müzakirə edərkən uşağın fikrini öyrənməyə maraqlı olmurlar və yaxud uşaqların fikirləri valideynlər üçün önəmsiz olur. Bizdə nadir hallarda olur ki, valideyn uşağın fikrini öyrənir.
-Bəs bu, nə ilə bağlıdır, mentalitetlə, yoxsa başqa bir şeylə?
- Düşünürəm ki, bu, genetika ilə bağlı bir şeydir. Çünki biz nənə-babalarımızdan necə görürüksə, uşaqlarımıza da o cür öyrədirik. Bir növ bu, bizdə proqramlaşdırılır. Bəzilərimiz dəyişirik. Nəsillər dəyişdikcə fikirlər də dəyişir.
-İctimai yerlərdə bəzən valideynlərin uşaqlara qarşı aqressiv hərəkətlərini müşahidə edirik. Bu, uşağın gələcəyi üçün nə dərəcədə təhlükəlidir?
- Bizdə çatışmayan cəhətlərdən biri də inadkarlıq edən uşağı başa salmaq hövsələsinin olmamasıdır. Aqressiya da uşaqlara əsasən valideynlərdən keçir. Mərkəzimizə müraciət edən valideynlərin əksəriyyəti uşaqlarında davranış pozuntuları ilə bağlı şikayətlərlə gəlirlər. Uşaqla davranışda yaş kateqoriyasını nəzərə almaq lazımdır. Çünki yaş sindromları, krizis dövrləri var. Məsələn, 1, 3, 5, 7, 14-15 yaş krizis dönəmləri var ki, bu uşaqlarla ehtiyatlı davranmaq lazımdır. 2 yaşlı uşağın düşüncə tərzi hələ tam formalaşmadığından yüksək səs tonu ilə onlara qışqırmaq və ya nəyisə əmr etmək sözün təsir qüvvəsini, onsuzda azaldacaq. Valideynlərimizdə başa salmaq psixologiyası formalaşmayıb.
- Bu gün ailələrimizin çoxu psixoloq və ya pedaqoqla çalışmaq istəmirlər. Bu psixoloji baryeri necə aşmaq olar?
- Bizim mərkəzə ən çox müraciət edənlər müəyyən psixoloji problemləri olan uşaqlardır. Lakin normal halda çox nadir hallarda valideynlər psixoloq və ya pedaqoqa müraciət edirlər. Valideynlər daha çox uşaqlarda hər hansı qüsurlar görərkən psixoloqa müraciət edirlər. Əslində bunun əsasında xırda məsələlər dayanır. Valideynlər hamiləlik dövründən psixoloqla işləməyə başlamalıdırlar. Hamiləliyə hazırlıq, hamiləlik ərəfəsində və ya hamiləlikdən sonra yaranan depressiyalarla əlaqədar olaraq psixoloqa müraciət etmək faydalıdır. Təhsilimizdə çatışmayan cəhət odur ki, uşaq psixologiyasına yer ayırmırıq. Ali savadlı valideynlərimiz də var ki, uşaq psixologiyasından kənarda qalırlar, uşaqlarında olan psixoloji çatışmazlıqları görmürlər. Hər bir sahədə uşaq psixologiyasına xüsusi diqqət ayrılmalıdır.
-Hamiləlik zamanı ananın keçirtdiyi hansı stresslər gələcəkdə uşağa mənfi təsirini göstərə bilər?
- Hamiləlik zamanı ananın stress altında olması, əsəb keçirməsi uşağa da öz mənfi təsirini göstərir. Hamiləlik vaxtı hormonal vəziyyət dəyişdiyindən orqanizmin funksional fəaliyyəti də tamamilə dəyişir və analar çox həssas olurlar. Ana nə hiss edirsə, bətnindəki uşaq da onu hiss edir, ana hansı vəziyyətdə olursa, eyni dərəcədə uşağa da təsir edir. Hamiləliyi çox yaxşı keçirən valideynlərin uşaqları həyatsevər, optimist və çox fərqli olurlar. Ona görə də, valideynlər yaxşı olar ki, uşaq psixologiyası ilə hamiləlik dönəmindən məşğul olsunlar.
-Uşaqlarada autizmin yaranma səbəbləri hamiləlik dövrü ilə bağlıdır, yoxsa bu, uşaqlarda sonradan yaranır?
- Bu tam fərqli bir vəziyyətdir. Autizm özünə qapanmadır. Autizmin səbəbi dəqiq bilinmir. Müalicəsi tam olaraq yoxdur. Autizm spektor pozuntusudur. Autizm bir xəstəlik deyil, bir fərqlilikdir. Bir çox alimlər onun beynimizdə olan neyronların azlığından yarandığını deyirlər. Tam mənbəyi isə bilinmir. Bəzən bunu genetika ilə, bəzən vurulan peyvəndlərlə bağlayırıq. Bəzən uşaqlarda qorxudan yarandığını düşünürük. Ancaq autizmin tam səbəbi bilinmir. Artıq autizmin tanınma dövrü 6 aylıqdan da başlayır. Amma uşağın 18 ayından autizmin əlamətləri məlum olur. Valideyn buna hazır olmalıdır. Autizm tibbi müalicə ilə keçən bir problem deyil. Bu yalnız psixoloqun nəzarəti altında fərqli terapeya vasitəsilə qismən aradan qaldırılır. 2 il ərzində bu sindromun əlamətlərini 80% faiz aradan götürmək olar. Bir daha qeyd edim ki, autizm xəstəlik deyil, neyropsxiatrik bir pozuntudur. Bu uşaqlarda özünəqapanma, təkrarçılıq çox olur, göz təmasından, öpməkdən, qucaqlamaqdan, digər uşaqlarla təmasdan qaçmaq kimi əlamətlər xarakterikdir. Əsasən də nitq və deyilən sözləri dərk etmək bir qədər fərqli olur.
-Uşağı təhsilə nə vaxtdan başlayaraq istiqamətləndirmək lazımdır?
- Məktəbəhazırlıq mərhələsi 6 yaşında normaldır. Uşağın daha erkən məktəbə hazırlığa qoyulmasının əleyhineyəm. Çünki erkən yaşda məktəbəhazırlıq uşaqlarda həvəsi öldürür, daha sonra onların məktəbə, dərslərə marağı azalmış olur. Məktəbəhazırlıq dövrü 3-4 ay ərzində başlasa, daha yaxşı olar. 5 yaşınadək olan uşaqları isə müxtəlif psixoloji oyunlar və bu cür mərkəzlərdə təlimlərlə tərbiyə etmək daha yaxşıdır. Bu gün uşaqlarımızn qrafiki yoxdur. Uşaq dərsdən gəlir, üzgüçülük, rəqs və ya digər məşğələlərə gedir . Eyni anda uşağı həm idmana, həm rəqsə qoymaq düzgün deyil. Bir məşğuliyyət bitəndən sonra digərinə başlamaq lazımdır. Çünki dərslərdən əlavə, bunun özü də uşağı yükləyir. Əlavə məşğələlər də yaş qrafikinə uyğun olmalıdır. 8 yaşındakı uşağı üzgüçülüyə qoymaq olmaz. 6-7 yaşlarındakı uşaq rəsmlə məşğul ola bilər. Üzgüçülük isə 13-14 yaşlarından daha yaxşıdır. 7-8 yaşlı uşağı şahmatla yükləmək olmaz. Bundan başqa, uşaqların repetitor yanına daha erkən qoyulması da düzgün deyil. Artıq birinci sinifdən valideynlər uşaqları repetitor yanına qoyurlar. Bu isə uşağa artıq yükdür və beyni dərslə yükləndiyindən onun öz uşaqlığını, gəncliyini yaşamaq şansını əlindən alır .
-Boşanmış valideynlərin bir-birini pisləməsi kimi hallar uşağa hansı zərbəni vura bilər?
- Bu, bizdə başlıca problemdir. Çünki bir çox ölkələrdə boşanmış valideynlər dost qalır və uşaqları bir-birilərinə göstərirlər. Bizdə isə uşağa qarşı tərəf haqqında mənfi fikir formalaşdırmaqla uşaqlarda hirs, qisasçılıq, nifrət yaradırlar və həmin uşaq gələcəyin potensial cinayətkarı ola bilər. Boşanmış valideynlərimiz bu məsələni mütləq psixoloqla həll etməlidirlər. Valideynlər aralarında olan münasibəti heç vaxt uşaqla bölüşməməlidirlər.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Çingiz Allazov: “Bütün dünya bilir ki, mən azərbaycanlıyam”
15.10.2019
Gömrük Akademiyasının tələbəsi: “Akademiyada təhsil almaq bir addım öndə olmağa imkan verir”
14.10.2019
“Bud-çanaq oynaqlarının implantla əvəz edilməsi bir çox xəstəliklər zamanı aparılır”
10.10.2019
“Təbii şirələr nümayiş olunan bütün beynəlxalq sərgilərdə iştirak edirik”
08.10.2019
Pamukkale Universiteti Azərbaycanın universitetləri ilə ikitərəfli əməkdaşlığa böyük önəm verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info