Prezident milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi ilə yanaşı, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının və kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritələri təsdiq olunub. Təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Prezident Administrasiyası həyata keçirəcək. Strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Prezident Administrasiyası hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görəcək, strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş günə Prezidentə təqdim edəcək.
****
Tərtərdə çoxmənzilli
binaların təmirinə vəsait ayrıldı
Prezident Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
|