Sərgi işgüzar münasibətlərin qurulmasına kömək edir
Tarix: 06.12.2016 | Saat: 20:18:00 | E-mail | Çapa göndər
Alpay Özçeviz: “4G sisteminə keçid üzrə işlər Türkiyədə Azərbaycandan tez başlasa da, Azərbaycanda bu sistemə keçid Türkiyədən daha tez baş verib”

Bakıda keçirilən “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi başa çatdı. Builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, İsrail, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkət iştirak edirdi ki, onların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləri idi. Şirkətlər öz məhsullarını təqdim edərək müəyyən nəticələr əldə etdilər. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmaqda davam edirik.

Ev üçün təhlükəsizlik sistemləri
Sərgi iştirakçılarından biri “ABV Limited” şirkəti idi. Şirkətin korporativ satış üzrə meneceri Araz Məmmədov bildirib ki, bu il “Bakutel” sərgisində sistem təhlükəsizliyi sahəsində ixtisaslaşmış “ABV Limited” şirkəti öz tərəfdaşı - “Günko Endüstriyel Sistemler San. Tic. Ltd. Şti” şirkəti ilə müştərək ekspozisiya təşkil edib. “Günko” şirkətinin məhsul çeşidləri arasında anbar və servis otaqları üçün stellajlar, kommutasiya panelləri (“patç-panel”) və lokal şəbəkələr üçün avadanlıqlar yer alır: “Bizim müştərək stenddə ziyarətçilərə akkumulyatorlar, kabellər, lokal şəbəkələr üçün avadanlıqlar, marşrutizatorlar, video-müşahidə kameraları və digər məhsullar təqdim edildi. Biz bütün peşəkar ziyarətçiləri - İT mütəxəssisləri, şirkətlərin satınalma şöbələrinin nümayəndələri və başqalarını öz stendimizdə görməkdən məmnun olduq. Qonaqlar bizim fəaliyyətimiz və təklif etdiyimiz avadanlıqlar, eləcə də tərəfimizdən təqdim edilən servis müqavilələri barədə tam məlumat əldə edə biliblər. Sərgi ziyarətçilərinin fəallığına gəldikdə isə bu da tədbirin yekununda əlverişli nəticələrin əldə ediləcəyinə zəmanət verirdi. “Bakutel” sərgisi bu və ya digər xidmətlərin təchizatçı və istehlakçıları arasında görüşlərin keçirməsinə və danışıqların aparmasına, eləcə də işgüzar münasibətlərin qurulmasına kömək edir”.

Yüksək texnologiyalı (“ağıllı”) ev sisteminin inteqrasiyası
“Full Enterprise Corporation” (Çin) şirkətinin satış meneceri Ceyni Çju isə bildirib ki, adıçəkilən şirkət artıq 30 ildən çoxdur ki, bazarda fəaliyyət göstərir: “ Bizim şirkət “Bakutel” sərgisində debüt edib. Şirkət İT texnologiyalarının işlənib hazırlanması üzrə ixtisaslaşır və yüksək texnologiyalı (“ağıllı”) ev sistemlərinin, eləcə də multimedia məhsullarının istehsalı ilə məşğuldur. Stenddə ziyarətçilərin nəzərinə datçiklər, dəyişdirici açarlar, işıqlandırma cihazları, elektrik açarlar, kameralar, təhlükəsizliyin təmin edilməsi vasitələri və yüksək texnologiyalı ev sisteminə birləşdirilmək üçün nəzərdə tutulan digər avadanlıqlar təqdim olundu. Bizim avadanlıqlar, sistemlər evlərdə, hotellərdə, restoranlarda, sənaye müəssisələrində və digər obyektlərdə istifadə oluna bilər.
Fikrimizcə, sərginin eksponentləri arasında olmaqda məqsəd Azərbaycan bazarında şirkətin fəaliyyətinin idarə olunması ilə yanaşı, brendimizin və istehsal etdiyimiz məhsulların yerli bazarda təşviqi oldu. Həmçinin biz şirkətimizi bu ölkədə layiqincə təmsil edə biləcək yerli tərəfdaşlar tapmaq istəyirik. Biz “Bakutel 2016” sərgisindən razıyıq - bu sərgi qarşımızda böyük imkanlar açır və biz Azərbaycan bazarında və bütövlükdə regionda uğurlu fəaliyyət göstərəcəyimizə ümid edirik”.

Sərgi hər il böyük fayda gətirir

Sərgi iştirakçılarından biri də “Global Security Sistems” şirkəti oldu ki, şirkətin icraçı direktoru Faiq Əsədullayevin sözlərinə görə, adıçəkilən şirkət texniki təhlükəsizlik və mühafizə vasitələri üzrə texniki təchizat xidmətləri sahəsində bazarda zəngin iş təcrübəsinə malikdir: “GSS” şirkətinin təklif etdiyi məhsullar Avropanın aparıcı istehsalçılarının bir sıra yanğın-mühafizə siqnalizasiyası, peşəkar videomüşahidə, girişə nəzarət və iş vaxtının uçotu, eləcə də kommunikasiya və avtomobilləri parketmə sistemləri kimi müxtəlif vasitə və sistemlərin bütün xüsusiyyətlərini özündə əks etdirir. Stendimizdə ziyarətçilərə bu günlərdə metalaxtaran cihazlar, turniketlər, müşahidə kameraları, girişə nəzarət sistemləri və idarəetmə panelləri kimi təkliflər təqdim edildi. Biz çoxillik fəaliyyətimiz ərzində zəngin peşəkar təcrübə toplamış, uğurlu işgüzar əlaqələr qurmuşuq. Müştərilərimiz arasında “Baku White City ”, “Kapital Bank”, ARDNŞ, “Lukoil Azerbaijan”, “APIK group” və digər şirkətlər yer alır. Biz, demək olar ki, hər il “Bakutel” sərgisində iştirak edirik və bu marketinq aksiyaları həmişə uğurlu olur. Bu sərgidə də yeni potensial müştərilərlə işgüzar görüşlər keçirmiş və danışıqlar aparmışıq. Bizə müasir təhlükəsizlik və video-müşahidə sistemi avadanlıqları üzrə ilkin sifarişlər verilib. Biz gələcəkdə öz fəaliyyətimizi genişləndirmək, yaxın xarici ölkə bazarlarına daxil olmaq niyyətindəyik və bu perspektiv möhkəm əsaslarla dəstəklənir, belə ki, sərgi bizə öz strategiyamızı formalaşdırmağa kömək edir”.

Texniki inkişafa xidmət edən innovasiyalar
“Baktelecom” şirkətinin Xətai Telefon Qovşağının internet xidməti bölməsinin rəhbəri Elçin Rzayev isə bildirib ki, təşkilat “Bakutel” sərgisinin daimi iştirakçısı kimi hər il xeyli sayda ziyarətçini öz məhsul və xidmətləri ilə sevindirib: “Texniki inkişaf xidmətindəki innovasiyalar “Baktelecom” şirkətində zamanın göstəricisinə çevrilib. Bizim stend bu günlərdə “GPON” texnologiyasının reklam edilməsi üzrə informasiya mərkəzinə çevrilib. Bu texnologiya Bakı şəhərində kommersiya və individual istifadəçilər üçün optik-lif xidmətlərinin köməyi ilə müasir rabitə modelini sərfəli şərtlərlə təklif edir. Hazırda optik lif böyük informasiya axınının uzaq məsafələrə ötürülməsi üçün ən perspektivli vasitə hesab edilir. Optik lifli internet üçün elektrik daşıyıcı dalğaları yaratmaq məqsədi ilə işıq impulslarından istifadə edilir və məlumatları çox yüksək sürətlə ötürmək üçün də bundan istifadə etmək olar. Optik lifli internetin üstünlüyü məlumatların çox yüksək sürətlə ötürülməsi, siqnal gecikməsinin, demək olar ki, olmaması, videomüşahidəyə qoşulma imkanı, İP-telefoniya, interaktiv yayım, optik lifli kabellərin uzaq məsafələrə çəkilməsinin mümkünlüyü və pulsuz texniki dəstək kimi cəhətlərdir.
Bizim şirkətin inkişaf perspektivləri arasında “ağıllı ev” sisteminin istifadəyə hazır şəkildə layihələndirilməsi yer alır. Bu sərgilər, şübhəsiz ki, həm bu genişmiqyaslı tədbirin təşkilatçı və iştirakçılarına, həm də çoxsaylı peşəkar ziyarətçilərə böyük fayda gətirir. Biz artıq öz həmkarlarımız və potensial müştərilərimizlə uğurlu görüşlər keçirmişik”.

Gələn il bizi böyük sıçrayış və daha çox fəallıq gözləyir!
Sərgi iştirakçısı olan “Komtel” şirkətinin regional meneceri Alpay Özçeviz bildirib ki, Türkiyənin “Komtel” şirkəti ardıcıl olaraq altı ildir ki, “Bakutel” sərgisində iştirak edir: “Biz rabitə operatorları üçün binalarda siqnal repiterlərini quraşdırırıq və onlar son alıcı ilə birbaşa əlaqədə olmur. Bizim layihələr arasında “JW Marriott”, “Absheron”, “Fairmont”, “Jumeirah Beach Bilgah” hotelləri, “Crystal Hall” konsert zalı və digərləri yer alır. Biz aparıcı yerli “GSM” operatorları, eləcə də nəhəng inşaat şirkətləri ilə əməkdaşlıq edirik. “Komtel” şirkəti Azərbaycandakı biznesini inkişaf etdirərək hər il ənənəvi “Bakutel” sərgisində hesabat müddəti ərzində əldə edilmiş nailiyyətlərini nümayiş etdirir. Biz bazardakı mövqeyimizi qorumaq, bu çətin vaxtda öz müştərilərimizin yanında olmaq üçün əlimizdən gələni edirik.
Deyə bilərəm ki, sərgi çərçivəsində həmkar və tərəfdaşlarımızla apardığımız söhbətlər əminlik yaratdı ki, gələn il bizi böyük sıçrayış və daha çox fəallıq gözləyir. Bizim şirkət tərəfindən reallaşdırılmış və “SOCAR Tower” yeni ofis binasının da daxil olduğu layihələrə yeni maraqlı təkliflər əlavə olunub. Azərbaycanda biznes çox dinamikdir. Məsələn, 4G sisteminə keçid üzrə işlər Türkiyədə Azərbaycandan tez başlasa da, Azərbaycanda bu sistemə keçid Türkiyədən daha tez baş verib. Sərginin ilk iş günündə bizim stendi Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslanla yanaşı, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri də ziyarət etdi və biz onlarla maraqlı danışıqlar aparmışıq. Türkiyənin “Turksell” və “Turksat” kimi nəhəng rabitə operatorlarının təqdim olunduğu Türkiyə milli stendinin sərgidə iştirakı ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etdiyini göstərir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
28.03.2017
“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
27.03.2017
Ermənistanın işğalçılıq siyasəti beynəlxalq tribunalarda da pislənilir
27.03.2017
Cocuq Mərcanlıya səfər edənlərin sayı artır
17.03.2017
Qatı ermənipərəst Frank Engel kimdir?!
17.03.2017
“Avropada Qarabağdan danışmağın əsil vaxtı çatıb”

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5969

1 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
2 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
3 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
4 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
5 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info