Bir insanın üç taleyi
Tarix: 03.04.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Rənglər dünyanı bəzəyən, İlahi tərəfindən bizə bəxş edilən məfhumdur. İnsan məhz dünyadakı varlıqları rənglər sayəsində ayırd edir. Amma rənglər sənət aləmində bir başqa cür sezilir. Mən rənglərin xalçaçılıq aləmində düşüncələr, rəssamlıq dünyasında duyğular sahibi olduğunu hesab edirəm. Çünki xalçaçılıq aləmində rənglərin duyumu insanı necə düşüncələrə vadar edirsə, rəssamlıq dünyasında da rənglərin ahəngliyi elə məhz insan duyğularını oyatmağa səbəb olur.
Aprel ayının 2-si Muzey Mərkəzi Sərgi Qalereyasında Azərbaycan rəssamı İbrahim Əhrarinin 75 illik yubileyi və fərdi sərgisi keçirildi. Sərgidə rəssamın sənət dostları, xalq rəssamları, görkəmli incəsənət xadimləri İncəsənət və Rəssamlıq Akademiyasının tələbələri iştirak edirdilər. Sərgidə açılış sözü ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış etdi. Sərgiyə gələn qonaqları salamlayaraq rəssam haqqında ön söz söyləyən nazir müavini rəssamlıqda xüsusi yer tutan İbrahim Əhrarilə tanışlıqlarından və mehriban dostluğundan söz açdı. Sonra Ədalət Vəliyev professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevə söz verdi. Əfəndiyev sözlərində İbrahim Əhrarinin rəssamlıq sənətində xüsusi dəst-xətti olduğunu bildirdi. Professor Əfəndiyevin sözlərindən sonra xalq rəssamı, məşhur heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova söz verildi. Ömər Eldarov nitqində onu bildirdi ki, İbrahim Əhrarinin əsərlərinə baxılan zaman vətənə olan sevgisinin qüdrətini aydın şəkildə duymaq olur. Xalq rəssamı Ömər Eldarovun nitqindən sonra Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov daha sonra Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle çıxış etdi. Cənab səfirin sözlərindən sonra nazir müavini Ədalət Vəliyev gələn qonaqları rəssamın sərgisinə dəvət etdi. Sərgidə rəssamın “Yatmış qüvvə”, “Səmada iki oyun arası”, “Sahilin kənarında”, “Yüksələn qüvvə” klassik və müasir üslubda qrafika əsərləri sərgiləndi.

İbrahim Əhrari haqda qısa məlumat:
Almaniyada yaşayan əslən azərbaycanlı olan İbrahim Əhrari 1938-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Elə burada da onun rəssamlığa həvəsi yaranıb. O, 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə daxil olur. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və İbrahimin valideyinlərinin təkidi ilə o, rəssamlıq sənətindən uzaqlaşır. 1966-cı ildə İbrahim Əhrari Almaniyaya gedir və orada yaşayıb Rəssamlıq, qrafika-dizayn fakültəsini bitirir. 1975-ci ildən Almaniya Rəssamlar Təşkilatının işçisidir. 1988-ci ildə Azərbaycan-Almaniya mədəniyyəti təşkilatını yaradanlardan biridir. İ.Əhrarinin əsas məqsədi odur ki, Azərbaycan mədəniyyətini Almaniyada tanıtdırıb dünyaya yaysın ki, bizim öz mədəniyyətimiz, öz dilimiz var. Filmdə atların canlı təsvirləri ilə birgə rəssamın rəsm əsərlərində də at təsvirləri üstünlük təşkil edir. İbrahim Əhrari Azərbaycan Respublikasının Berlindəki səfirliyi tərəfindən öz ölkəsini United Buddy Bears layihəsində təmsil edən Buddy Ayısını bəzəmək üçün dəfələrlə seçilib. United Buddy Bears sərgiləri artıq 5 qitədə və 20-dən çox şəhərdə keçirilib və həmin sərgilərdə Azərbaycanı İbrahim Əhrarinin bəzədiyi ayı təmsil edib.

Suallarımızı İbrahim Əhrari cavablandırır:
- 75 illik ömürdə rənglərdə hansı hissləri duydunuz?
- Rəng bizim dünyamızdır. Rəngsiz dünya yoxdur. Azərbaycan rəng dünyasıdır. Siz Azərbaycan xalçasına baxsanız, görərsiniz ki, necə gözəl rənglər alınır. Rəng rəssamlığın, bəşəriyyətin dünyasıdır. Mən gözəlliyi bəşəriyyətdə, insanlarda görürəm. Rəngləri dünyam sayıram və rəngləri bəşəriyyətin dünyası hesab edirəm. Mən bütün rəngləri sevirəm...
- Əsərlərinizdə hansı fikirlərinizi bildirmisiniz?
- Mənim fikirlərim bəllidir. Ən əsas əsərlərimdə onu bildirmişəm ki, rəssamlıq mənim dünyamdır. Bunu kətan üzərində mən aydın şəkildə bildirmişəm.
- Rəssamlıq ilə ailə bağları arasında hansısa cəlbedici qüvvə hiss edirsinizmi?
- Əlbəttə ki, hiss edirəm. Çünki insan həyatında ailə bağları olmasa, o insanın yaradıcılığında heç bir zaman sevgi hissləri duyula bilməz. Çünki insan ailə həyatında bir dayaq, arxa hissləri duyur. Mənim yaradıcılığımda isə bu hisslər böyük mənalar daşıyır.
- Gözəlliyi nədə duyursunuz?
- Bəşəriyyətdə, insanlıqda. İnsanlıq gözəllik deməkdir. Bu gözəlliyi gərək duyasan. Duymağı bacarasan. Mən bu hissləri duyuram. İnsanın çirkini olmur. Amma əməlləri çirkin olur. Bu da mənim üçün çox böyük təəssüfdür.
- İnsan həyatındakı hər hansı cizgini kətan üzərinə köçürmüsünüzmü?
- Düzünü desəm, xeyr. Mən bir insanam. Kətan isə parçadır və rənglər də ondadır. Mən istəmişəm ki, bu rəngdən, bu kətandan istifadə edim. Ən əsası özümü orada tapım.
- Kətanla dost ola bilmisiniz?
-Əlbəttə. Çünki bəşəriyyətdə dostsuz bir iş görmək olmaz. Bu, həyatın qanunudur. Bizim bütün həyatımız dostluq içindədir. Ağacla dostluq edirik, səfərə çıxdığımız atla dostluq edirik. Yəni bir sözlə dostsuz yaşamaq olmur.
- Vətəniniz Azərbaycanın hansı ornamentini əsərlərinizdə qeyd etməyi özünüzə borc bilmisiniz?
- Burada olan bütün rəsm əsərlərimi Vətənim Azərbaycana həsr etmişəm...

İbrahim Əhrarinin sənət dostlarının ürək sözləri:
Rəssam haqqında ilk sənədli filmin ssenari müəllifi, sənətşünas Ənvər Börüsoy:
- İbrahim Əhrarinin yaradıcılığında Güney Azərbaycanın taleyi durur. Ona görə ki, Məmmədrza şahın dövründə Güney Azərbaycanda azad fikirli sənət adamlarını sıxışdırırdılar. Buna görə o, məcbur olub Almaniyaya köçdü. Həm şah dövründə, həm də molla dövründə azad fikri sənətin dili ilə ifadə etmək çox çətin idi. Bu gün biz onun yaradıcılığını üç hissəyə bölə bilərik. Birinci Vətəndə yaşadığı dövrün arzuları, ikinci insanın sərbəst düşüncəsi olan azad dünyagörüşü, Avropa düşüncəsi və sonradan yaradıcılığında üçüncü mərhələ olan vətənə qayıdış, vətənə olan sevgi. Burada onun 75 yaşı münasibətilə açılan sərgidə olan əsərlər bir insanın üç taleyi mövzusudur. Yəni bu əsərlərin hamısında görünür. İbrahim Əhrari yaradıcılığında bir insanın rənglərin dili və kompozisiyanın quruluşu ilə arzularını, diləklərini tərənnüm etdiyini bildirir. Əgər biz ümumi Azərbaycan bədii sənətinin üzərində dayansaq, görərik ki, İbrahim Əhrari Azərbaycan rəssamlıq tarixində bir proses yaradıb. Sonda onu deyərdim ki, bu sərgidə İbrahim Əhrari 75 illik ömrünün ən böyük yaradıcılıq hesabatını edib.
Xalq rəssamı, professor, Rəssamlıq Akademiyasının Beynəlxaq əlaqələr üzrə prorektoru Salxab Məmmədov:
- İbrahim Əhrari müasir, həmçinin qrafik rəssamıdır. Gənclik dövründə necə ecazkar əsərlər işləyirdisə, bu gün də əsrarəngiz əsərlərin müəllifidir. Mən əsas onu deyərdim ki, İbrahim müəllim incəsənt aləmində ilk növbədə dünyanın nəbzini tuta bilir. Sənət əsərilə dünyada addım atmağı bacarır. Hər şeydən savayı İbrahim Əhrari, bir azərbaycanlı kimi ürəyinin torpağına bağlılığını, vətənini sevdiyini, Azərbaycan mədəniyyətilə və incəsənətilə həmişə fəxr etdiyini vurğulayır. Ələlxüsus da incəsənətimizi dünyaya tanıtdırmağa çalışır. Bu gün də görkəmli rəssamımız Berlin-Bakı qalereyasının rəhbəridir və qalereyanın da çox böyük fəaliyyəti var. Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva da həmin qalereyada olub və onu çox qiymətləndirdiyini bildirmişdi. Şübhəsiz, İbrahim Əhrari Azərbaycan sənətinə və Azərbaycan rəssamlıq məktəbinə bir töhfədir.
Rəssamlıq sənəti insan həyatında xüsusi məntiqə səbəb olan amildir. Yaradıcılıq dünyası bir insanın bəşəriyyəti daxilində hiss etməsilə seçilir. Məhz İbrahim Əhrari də 75 illik ömründə yaratdığı əsərlərdə rənglərin çalarlarıyla vətəninə olan bağlılığını, dünyaya, bəşəriyyətə olan sevgisini hiss edirsən.

Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info