Müəllimlərə İKT biliklərinin verilməsi istiqamətində davamlı iş görülür
Tarix: 09.12.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər
İKT üzrə bilikləri effektiv qavrayan müəllimin daxilində yaradıcılığa meyil artır

Məlum olduğu kimi, təhsil sisteminin informasiyalaşdırılması prosesində müəllim əsas yer tutur. Təhsilin informasiyalaşdırılmasının müvəffəqiyyəti məhz müəllimin İKT sahəsində biliklərinin səviyyəsindən və onun bu sahədə olan vərdişlərinin tədrisdə tətbiqindən birbaşa asılıdır. Maraqlıdır ki, Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində pedaqoji hazırlığın komponenti üzrə atılan addımlar tam olaraq dünya müəllimlərinin İKT üzrə biliklərinin artırılması istiqamətində müşahidə edilən islahatlarla da eynilik təşkil edir.
Müəllimlərə İKT üzrə biliklərin verilməsi “Mədəd Azərbaycan” təşkilatı tərəfindən də həyata keçirilir. Qeyd edək ki, “Mədəd Azərbaycan”nın missiyası dövlət qulluqçuları, biznes və vətəndaşların peşəkar inkişafı üçün öyrənmə prosesində innovasiya və təhsil imkanları təklif etməkdir. “Mədəd Azərbaycan” 1999-cu ildə təsis olunub və 2000-ci ildə rəsmi qeydiyyata alınıb. 17 ildən artıq yerli və beynəlxalq təcrübəyə malik olan “Mədəd Azərbaycan” yaradıcı və konstruktiv yanaşmaya əsaslanaraq Azərbaycan Respublikasında təhsilin, İKT-nin, sosial-iqtisadi sahənin, səhiyyə sektorunun inkişafına töhfəsini verib.
“Mədəd Azərbaycan” müvəffəqiyyətlə müstəqil varlığını təsis edib və təhsilin inkişafı, İKT-nin təhsilə tətbiqi, təhsil müəssisələrinin yenidənqurma işləri və tikintisi, yerli icmaların inkişafı, səhiyyə xidmətləri, sahibkarlığın inkişafı kimi sahələrdə müxtəlif istiqamətli yaradıcı, faydalı və davamlı proqramlar həyata keçirib.

Müəllimlərin maraqlarını təbliğ etmək üçün necə bilik və innovasiya mərkəzinə çevrilmək olar?
2005-ci ildən etibarən “Mədəd Azərbaycan” Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının beş istiqamətindən birini yerinə yetirmək məqsədilə Təhsil Nazirliyi ilə tərəfdaşlıq edir. 2013-cü ilə olan göstəricilərə görə, “Mədəd Azərbaycan” təşkilatının həyata keçirdiyi fəaliyyət nəticəsində ölkənin 39 rayonundan olan 100 000-dən çox təhsil və səhiyyə işçisi və həmçinin sahibkarların peşəkarlıq səviyyəsi və bacarıqları təkmilləşdirilib.
“Mədəd Azərbaycan” təşkilatının əsas məqsədləri bunlardır: hökumətlərin milli elektron təşəbbüslərini məsləhət və ekspertiza yardımı ilə təmin etmək üçün etibarlı təşkilat, məsləhətçi və təlim tərəfdaşı olmaq; yerli biznesi təhsil və peşəkar inkişaf sahəsində innovativ imkanlar və məsləhətlər ilə təmin etmək üçün etibarlı tərəfdaş, məsləhətçi və ekspert olmaq; beynəlxalq korporasiyaları yerli təmsilçi və təhsil bazarı mütəxəssisi xidmətləri ilə təmin etmək üçün etibarlı, şəffaf və institusional tərəfdaş olmaq; müəllimlərin maraqlarını təbliğ etmək üçün bilik və innovasiya mərkəzinə çevrilmək; öz əməkdaşlarına peşəkar inkişafı, yaradıcı mühiti və səmərəli təcrübəni təklif edən dinamik və dəyərverən təşkilata çevrilməkdir.
Müasir informasiya kommunikasiya texnologiyaları təhsil sahəsindən başlayaraq iqtisadi inkişaf sahəsinə qədər bütün “Mədəd Azərbaycan”ın proqramlarının əsas dayağıdır. “Mədəd” təşkilatı Azərbaycanın təhsil sisteminə innovativ tədris həll yollarını təqdim edən ilk milli təşkilatdır. Məktəblərin Şəbəkələşdirilməsi Layihəsi çərçivəsində “Mədəd Azərbaycan” təşkilatı Azərbaycanın yeni texnoloji kurikulumun anlamasını artırmaq məqsədilə orta məktəbləri kompüter avadanlığı və internetə çıxış imkanı ilə təmin edib.
Ümumiyyətlə, “Mədəd Azərbaycan”ın informasiya texnologiyalarının təkmilləşdirilməsi proqramları hədəf icmalarda iş imkanlarını artırdı və məktəb və ictimai kitabxanaları canlı icma inkişafı institutlarına çevirməklə onların fəaliyyətlərini yenilədi. Hal-hazırda, “Mədəd Azərbaycan” ölkə üzrə ictimai kitabxanalarda yerləşən yerli icmalar üçün İnternetə pulsuz çıxış və kompüter kursları təmin edən 10 İcma İnformasiya Resurs Mərkəzini idarə edir.

Müəllimlərə sinif otaqlarında XXI əsr öyrənmə üsullarını istifadə etmək üçün imkan yaradılır
"Mədəd Azərbaycan" təşkilatı təhsil sahəsində informasiya kommunikasiya texnologiyalarının istifadəsini tətbiq edir. Bu, müəllimlərə sinif otaqlarında XXI əsr öyrənmə üsullarını istifadə etmək üçün imkan yaradır. Təşkilatın fəaliyyəti ölkənin təhsil sistemində texnologiya və uğurlu beynəlxalq təcrübədən istifadənin inkişafında mühüm rol oynayır. "Mədəd Azərbaycan" məktəblərdə açıq öyrənmə mühiti yaratmaqla müəllimlərə ən yaxşı innovativ təcrübələri tədqiq etmək üçün yardım edir. Bu mühit aşağıda qeyd olunan yollarla yaranır: müzakirə və fikir mübadiləsini tətbiq etmək məqsədilə sinif otaqlarını konstruktiv təhsil mühitinə çevirmək; şagirdlərin müsabiqələrdə, əməkdaşlıqda və komanda işində iştirak etməyə cəlb olunması; interaktiv öyrənmə vasitəsilə sosial və liderlik qabiliyyətlərin inkişafı; “öyrənmə davamlı əməkdaşlıq və qarşılıqlı əlaqə əsasında idarə olunan sosial prosesdir” - ideyasını formalaşdırmaq.
“Mədəd Azərbaycan” təşkilatı müxtəlif hədəf qrupları üçün genişmiqyaslı inkişafa dəstək layihələri vasitəsilə texniki yardım edir. Təşkilat sosial, iqtisadi və ekoloji aspektləri nəzərə alaraq, öz hədəf icmalarının mühüm problemlərini həll etmək məqsədi ilə kompleks yanaşma təklif edir. Fəal vətəndaş iştirakını həvəsləndirərək, “Mədəd” inkişaf istiqamətində birgə yanaşmanı təmin etmək üçün yerli ekspertiza və məsləhət vasitələrini istifadə edir. Təşkilatın inkişaf yardımı istiqamətinin əsas formaları bunlardır: qabaqcıl texnoloji təcrübələri tətbiq etmək, təhsil və iş imkanlarını təmin etmək, maliyyə mənbələrinə və marketinq xidmətlərinə çıxışı təmin etmək, yerli əhali arasında fövqəladə yardım üçün çoxsahəli layihələrin təmin olunması.
“Mədəd Azərbaycan”ın müəssisə inkişafı proqramları, əsasən, şimal-şərqi Azərbaycanda cəmlənib. “Mədəd” İcma İnformasiya və Biznes İnkişaf Mərkəzlərlərində (İİBİM) keçirilən sahibkarlıq təlimləri və biznes konsultasiyaları vasitəsi ilə yerli fermerləri, kiçik və orta sahibkarları (KOM) dəstəkləyir. Bu mərkəzlərin köməyi ilə təşkilat benefisiarlara mövcud bazar tələblərinə cavab vermək üçün yüksək keyfiyyətli yerli məhsulların təchizatını təmin etməkdə yardım edir, sahibkarlar arasında işgüzar əlaqələri stimullaşdırır, yerli istehsalı təşviq edir, maliyyə əldə etmək üçün imkan yaradır və biznes təlimləri keçirir. "Mədəd Azərbaycan"nın fəaliyyəti nəticəsində 3000-dən artıq insan mütəmadi olaraq İİBİM xidmətlərindən istifadə edir və artırılan gəlir barədə hesabatlar təqdim edir.
“Mədəd” təşkilatından verilən məlumata görə, müəllimlər üçün treninqləri 250 nəfər təlimçi və inzibati heyət aparır. “İntel”, “Relief International”, “Microsoft”, HP, BMT-nin İnkişaf Proqramı kimi təşkilatlarla əməkdaşlıq edən “Mədəd” müəllimlərin İKT üzrə biliklərinin təkmilləşdiriləsi üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirib. Azərbaycanda təhsil sahəsində çalışanların İKT üzrə biliklərinin artırılması üçün beynəlxalq tədris proqramları bazasında “Müəllimlərin peşəkar səviyyəsinin təkmilləşdirilməsi”, “İntel-gələcək üçün təhsil”, “Pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT-nin təhsildə tətbiqi və idarəetmə sistemləri üzrə maarifləndirilməsi”, “Elektron məktəb” kimi kurikulumlar hazırlanıb və təlim prosesi məhz onlar əsasında qurulub. Dövlət proqramı çərçivəsində təhsil işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsi Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 90 təlim mərkəzi vasitəsilə keçirilir.
İKT üzrə bilikləri effektiv qavrayan müəllimin daxilində yaradıcılığa meyil artır və treninq vasitəsilə stimullaşdırılan bu proses müəllimin davamlı olaraq peşəkar inkişafı üçün zəmin yaradır.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info