“Ölkəmiz Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma kimi baxır”
Tarix: 13.12.2016 | Saat: 19:57:00 | E-mail | Çapa göndər
Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər, eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb. İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərir.

Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. APA-ya açıqlama verən Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Bəxtiyar Əliyev deyib ki, Azərbaycan İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. B. Əliyev bildirib ki, Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi , ortaq mədəniyyəti, dili bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub, bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. Digər tərəfdən, İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya edib, orduda, parlamentdə təmsil olunurlar.

Azərbaycan Fələstin məsələsini BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil edib
Türkiyə, Misir kimi İslam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin də uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də bu əlaqələr kifayət qədər sıxdır. İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil. İsrail baş naziri Azərbaycandan sonra Qazaxıstana da səfər edəcək: “Azərbaycan dövləti Fələstin administrasiyası ilə 1992-ci ilin 15 aprelində diplomatik əlaqələr qurub, bu əlaqələrdə dostluq, qardaşlıq, xalqların BMTçərçivəsində hüquqlarını müdafiə prinsiplərinə həmişə sadiq olub. 1995-ci il 22 oktyabrda böyük dövlət xadimi Heydər Əliyev Nyu-Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşüb. Azərbaycan Prezidenti İlham Əliyev də bu əlaqələrin inkişafına xüsusi həssaslıq göstərib. Bu gün Bakıdakı Fələstin səfirliyi məhz Azərbaycanın vəsaiti ilə fəaliyyət göstərir. Azərbaycanın dəvəti ilə 2011-ci ilin iyununda Fələstin Dövlətinin prezidenti Mahmud Abbası Bakıya səfər edib. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstini dəstəkləyib. Azərbaycan təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən 20-dən artıq qətnamənin lehinə səs verib. Azərbaycan Fələstin məsələsini BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil edib. Azərbaycan rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan edib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə 2012-ci il ərzində humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min dollar məbləğində maliyyə yardımı göstərilib. 2013-cü il iyunun 11-də Bakıda İƏT Xarici İşlər Nazirlərinin Qüds şəhərinə dəstək məqsədilə donor konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilib. Konfransların planında təqdim olunmuş layihələrə dəstəyin verilməsi məqsədilə Azərbaycan tərəfindən maliyyə yardımı ayrılıb. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma memorandumu imzalanıb”.

Azərbaycan dövlətinin mövqeyi müsəlman dünyasında təqdirlə qarşılanıb
Deputat Azərbaycan-İsrail əlaqələrinin heç bir dövlətlə münasibətlərə xələl gətirmədiyini vurğulayıb: “Ölkəmiz, eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Azərbaycan müsəlman həmrəyliyinin gücləndirilməsinə, eyni zamanda Qərblə müsəlman dünyası arasında gərginliyin aradan qaldırılmasına böyük töhfə verib. Azərbaycan Prezidenti bütün ali tribunalardan islamofobiyaya qarşı barışmaz mövqeyini ifadə edib. Azərbaycan Prezidenti dəfələrlə dəvət edilməsinə baxmayaraq, İsrailə səfər etməyib, bu günə qədər İsraildə Azərbaycan səfirliyi açılmayıb. Azərbaycan dövlətinin belə ardıcıl mövqeyi müsəlman dünyasında təqdirlə qarşılanıb. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. İslam Əməkdaşlığı Təşkilatı İstanbulda keçirilən 13-cü zirvə görüşündə Azərbaycanı müdafiə edən qətnaməsində də ölkəmizin islamofobiyaya qarşı mübarizəyə, müsəlman həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanıb. Bütün bunlardan sonra hər hansı bir dövlətin və ya həmin dövlətdəki müəyyən çevrələrin, o cümlədən İranın Azərbaycanın İsraillə əlaqələrini təftiş etməsi mənasızdır".

Azərbaycanı ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir
B. Əliyev qeyd edib ki, Azərbaycanın belə prinsipiallığı fonunda onu ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar: “İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər edib və Ermənistanın prezident, baş nazir və digər ali rəsmi şəxslərini öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. Onlar bunu İranın milli maraqları çərçivəsində olduqları ilə əsaslandırmağa çalışıblar. İranla Ermənistan arasında viza rejimi də qaldırılıb, hazırda İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır. Bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlman - şiənin doğma yurd-yuvasından didərgin salınması, azərbaycanlılara qarşı Xocalı soyqırımının törədilməsi və onun iştirakçısı olan Serj Sərkisyanın İranın dostu elan edilməsi nəzərə alınmır, İran ali dinli liderinin Ermənistana hər cür əlaqələri yasaq edən fətvası da unudulur. Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran, nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmır. Görəsən, İranda qardaşlarımız düşünürlərmi ki, Ermənistana ötürülən hər bir litr benzin bir müsəlman azərbaycanlının qətlinə səbəb ola bilər. Yəqin ki, onlar bunu bilmirlər, bilsələr, etməzlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
Məşhur fransalı yazıçı Xocalı faciəsi haqqında kitab yazacaq
19.01.2017
“Təəssüf ki, Qərb 20 Yanvar faciəsini görməyib, Qorbaçova Nobel mükafatı verib”
19.01.2017
“Qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür”
19.01.2017
“20 Yanvar-Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib
18.01.2017
Yapon məktəblilərindən məktublar

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5199

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 “Hər bir təhsil işçisi öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi üzrə xüsusi hazırlıq keçməlidir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info