“İKT şagirdlərdə oxumağa həvəs oyadır”
Tarix: 13.12.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər
Fərqanə Abbasova: “Məktəbimizdə keçirilən tədbirlərin hamısında İKT-nin imkanlarından istifadə olunur”

Azərbaycanda informasiya cəmiyyətinin qurulması və kompüterləşmə sahəsində ciddi, uğurlu addımlar atılıb. Bu sahədə həyata keçirilən dövlət siyasətinin ümdə vəzifələrdən biri İKT-nin cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiq edilməsi məsələsidir. Artıq orta məktəblərdə bu istiqamətdə görülən işlər öz effektini verməkdədir. Bakı şəhəri 181 nömrəli tam orta məktəbin direktoru Fərqanə Abbasova bu haqda öz fikirlərini bizimlə bölüşüb. Qeyd edək ki, Fərqanə Abbasova Laçın rayonunda müəllim ailəsində anadan olub. Azərbaycan Dillər Universitetinin (ADU) İngilis -fransız dilləri fakültəsini 1995-ci ildə fərqlənmə diploma ilə bitirib. 2013-ci ildə Qabaqcıl Təhsil İşçisi Döş nişanı ilə təltif olunub. Bir çox təlim kurslarında iştirak edib. Təhsil Naziliyinin nəzdində olan “Əlavə Təhsil müəssisənin elektron dərslərin yığılması” üzrə təlimçidir. Ailəlidir. İki övladı var.

-181 nömrəli məktəb nə vaxtdan fəaliyyət göstərir?
-Bakı şəhəri 181 nömrəli tam orta məktəb 1965-ci ildən fəaliyyət göstərir. Məktəbin tutumu 964 nəfərlikdir. 2016-2017-ci tədris ilində 62 sinifdə 1493 şagird komplektləşdirilib. 2 növbəlidir və 6 günlük iş həftəsi ilə işləyir. Məktəb 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunub. 9 sentyabr 2011-ci il tarixdə əsaslı təmirin keyfiyyətini yoxlamaq məqsədilə şəxsən Prezident İlham Əliyev məktəbimizdə olub. Şagirdlərin təlim-tərbiyəsi ilə 123 müəllim məşğul olur. Onlardan 109 nəfəri ali, 14 nəfəri isə orta ixtisas təhsillidir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi və ibtidai sinif müəllimi "Əməkdar müəllim" adı ilə təltif olunub. Pedaqoji kadrlarla görülən iş, əsasən, təhsil prosesinin humanistləşdirilməsi və demokratikləşdirilməsi prinsiplərinə yiyələnmiş, yaradıcı ustalığa malik müəllim şəxsiyyətinin təşəkkülünə yönəldilib. Bu müəllim və rəhbər işçilərin müxtəlif müsabiqələrdə qazandıqları nailiyyətləri özündə əks etdirir. Dərs ili ərzində müəllimlərin əksəriyyəti yaradıcılıq axtarışları istiqamətində fəaliyyətə və müxtəlif ixtisasartırma kurslarına cəlb olunub, onlara innovativ proseslərin tətbiqi üçün şərait yaradılıb. Məktəbin iki ibtidai sinif müəllimi I-IV siniflərdə ana dili fənnindən kurikulumun tətbiqinə dair müəllim üçün vəsaitin müəllifləridir. Məktəbin Azərbaycan dili müəllimi Təlim qeyri- Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin rus bölməsi üçün Azərbaycan dilində imla və ifadə mətnləri metodiki tövsiyənin müəllifidir.
-Təhsildə İKT-nin tətbiqi öz effektini nə dərəcədə göstərir?
- Bu gün Azərbaycanda elm və texnologiyaların inkişafını şərtləndirən və eyni zamanda sosial həyatda müxtəlif şəxslərin rifahına xidmət edən daxili və xarici siyasi kurs həyata keçirilir. Belə bir siyasətin nəticəsi olaraq ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyat qurulur. Bunun tərkib hissəsi kimi son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb. Bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşir. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik yeni nəslin formalaşmasına birbaşa təsir məsələsidir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişafı və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet mövzulardan biridir. Ölkədə müasir texnologiyaların təhsildə tətbiqində, əsasən, Avropanın bu sahədə inkişaf etmiş dövlətlərinin təcrübəsindən istifadə olunur. Müasir təlim metodlarından istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird, şagirdlər, habelə məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır.
Bu gün dünyada insanların böyük əksəriyyəti müxtəlif məqsədlər üçün kompüterdən geniş istifadə edirlər. Xüsusən gənc nəsil üçün kompüterdən istifadə onun gündəlik fəaliyyətinin adi həyat tərzinə çevrilib. Kompüterlərin təhsil sahəsinə inteqrasiyası da bu tendensiyaları əks etdirir. Kompüterlərin təhsil sahəsində uğurlu tətbiqi yalnız onların əldə edilməsindən deyil, eyni zamanda istifadəçilərin onlarla nə dərəcədə tanış olmalarından asılıdır. Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.
-Məktəbinizin nə kimi uğurları var?
-2015-2016-cı tədris ilində 3 məzunumuz 600-dən, 4 məzunumuz 500-dən artıq bal toplayıb. Bu il noyabr ayında Parlaq Zəka televiziya intellektual bilik yarışında məktəbimiz Xəzər rayonu üzrə birinci oldu. Şagirdimiz Xəzər rayonunda Milli Dirçəliş Gününə həsr olunmuş şeir müsabiqəsində 1-ci yerə layiq görüldü. Məktəbin 7-ci sinif şagirdləri Altay və Atilla qardaşları şahmat üzrə keçirilən yarışlarda ölkəmizi xaricdə uğurla təmsil edirlər. Rəssam şagirdlərimizin noyabr ayında Mərdəkan Mədəniyyət evində sərgisi oldu. Dövlət Bayrağı Gününə həsr olunmuş inşa yazı müsabiqəsində məktəbimiz 2-ci oldu.
-Bildiyimiz kimi, məktəbiniz YUNESKO məktəblərinin 18 üzvündən biridir. Bu istiqamətdə hansı dərslər keçirilir?
-YUNESKO-nun üzvü olan məktəbimiz ilboyu keçiriləcək dərslərin siyahısını qəbul edib. Müxtəlif məzmunlu 17 dərs artıq siniflər arasında paylanıb. 8-16 yaşları əhatə edən şagirdlərin iştirakı nəzərdə tutulub. İlk dərs "Qlobal məsələlər" oldu. 9-cu sinif şagirdlərinin hazırladığı bu dərs, demək olar ki, dünyanın bütün qlobal məsələlərini əhatə edirdi. 2-ci dərs isə "Kasıb olmayan dünya" haqqında idi. Bu dərsi isə 8a sinfi hazırlamışdı. Hər iki dərs yüksək formada hazırlanmışdı. Şagirdlər müxtəlif fikirlər söyləyir, problemin həlli yollarını öz dünyagörüşlərinə uyğun izah edirdilər. Fikir və təkliflərini müxtəlif slaydlarla, rəsmlərlə, rollarla təqdim etdilər.
-Məktəbdə elektron lövhələrdən istifadə olunurmu?
-Məktəbdə 6 elektron lövhə var. Müəllimlər və şagirdlər dərslərdə və tədbirlərdə istifadə edirlər. Müəllimlərin İKT bacarığı heç də yüksək səviyyədə deyil. Yaşlı nəslin İKT bacarığı çox aşağıdır. İbtidai sinif müəllimi Almuradova Günel və mən ötən il Elektron Təhsil müsabiqəsində nominant olduq. Məktəbdə 2 kompüter otağı var. İnformatika dərsləri praktik olaraq orada keçirilir. İKT bacarığını inkişaf etdirmək məqsədi ilə məktəbdə “XXI əsrin informatikləri” adlı dərnək fəaliyyət göstərir.
-Məktəblilərdə İKT düşüncəsi hansı səviyyədədir?
-İKT şagirdlərdə oxumağa həvəs oyadır və az vaxtda daha çox informasiya toplamağa köməklik göstərir. Məktəbdə keçirilən tədbirlərin hamısında İKT-nin imkanlarından istifadə olunur. Ancaq həddindən çox İKT vasitələrinə maraq göstərmək şagirdlərdə zərərli vərdişlərin yaranmasına səbəb olur. Belə ki, vaxt itkisi, kitaba qarşı marağın azalması İKT vasitələrinin yaratdığı zərərli nəticələrdir. Saatlarla kompüter qarşısında vaxt keçirən şagirdlərin sağlamlığı da təhlükə altında olur. Sümük əyriliyi, görmədə yaranan xəstəliklərə səbəb olur. Düzgün məqsədlə işlədilməyən İKT vasitələri həm də sosial problemlər yaradır. Belə ki, özünəqapanma, canlı ünsiyyətdən qaçma və s. hallar müşahidə olunur.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info