“İKT şəbəkələri sistemi təhsildə özünü doğrultmuş bir sistemdir”
Tarix: 19.12.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər
Əməkdar müəllim Almaz Həsrət:
“Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində kompüter, elektron təhsil, internet - onlayn təhsilə dair fənlər tədris olunmalı, yeni pedaqogika - elektron pedaqogikası yaranmalıdır”

Əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin (2009) qalibi, Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb. Onu da qeyd edək ki, Almaz Həsrət Azərbaycan İnternet Forumun üzvü, Almaniyanın ikidillilik və mədəniyyətlərarası kommunikasiya şurasının metodisti, beynəlxalq dərəcəli təlimçi, təhsil eksperti, Biologiya dərsliklərinin (VII, VIII, X, XI siniflər üçün), Biologiya lüğəti kitabının (izahlı və illüstrasiyalı, 480 səhifəlik, 2011) həmmüəllifi, yerli və xarici mətbuatda 100-ə qədər, elmi jurnallarda 50-dən çox elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi Şurasının qərarıyla çap edilmiş “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsait bütün kateqoriyalardan olan təhsil işçiləri üçün nəzərdə tutulub.
Vəsaitdə informasiya-kommunikasiya texnologiyaları və informasiya mədəniyyətinin formalaşması məsələləri geniş izah edilib. Burada onlayn mühitin sakinləri - netizenlərin davranış qaydaları, yəni netiket məsələləri də ayrıca təqdim olunur. Bundan başqa, sosial şəbəkələr və onların həyatımızda rolu, təhsil prosesində bu imkanlardan istifadəyə geniş yer verilir.
Ayrıca olaraq təhsil prosesində İKT-dən istifadə etməklə şagirdlərin informasiya mədəniyyətinin formalaşdırılması təhlil edilir, onlayn xidmətlərlə bağlı gərəkli bilgilər təqdim olunur. Vəsaitdə İKT-dən istifadə etməklə qurulan dərs örnəyi - layihəsi də oxucuların istifadəsinə verilir. Əlavə olaraq müəllim və şagirdlərin (tələbələrin) istifadə edə biləcəyi onlayn resurslar haqqında bilgi təqdim edilir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda Almaz Həsrətin bu sahəni inkişafı ilə bağlı fikirlərini təqdim edəcəyik. Əməkdar müəllim ilk öncə bunları qeyd etdi:
- Azərbaycanda, təhsillə yanaşı, bütün sahələrdə informasiya cəmiyyətinin inkişafı, İKT-nin cəmiyyətdə tət­biqi və əhalinin İKT biliklərinin artırılması istiqa­mətində ardıcıl işlər görülüb. 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 2664 saylı Sərəncamına əsasən, Tədbirlər Planı hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 2815 saylı Sərəncamı ilə təsdiq olunmuşdur. İnkişaf etmiş ölkələrdə və eləcə də Azərbaycanda İKT bütünlüklə dövlətin idarə olunmasında, ümumiyyətlə, cəmiyyətin, insanların gündəlik həyatında, xüsusilə də təhsildə çox mühüm rol oynayır. Belə ki, əvvəllər informasiyalar əlyazma şəklində arxivlərdə saxlanılırdısa, indi daha geniş diapazonda internetin, kompüterin yaddaşında gizli kodu olan veb­saytlarda və onlayn arxivlərdə saxlanılır. Bütün bunlarla yanaşı, kompyuter-internet səhifələrində ölkələrarası və insanlararası əlaqələndirici və ünsiyyətyaradıcı şəbəkələr: “Facebook”, “Twitter”, “Skype”, hər bir ölkənin öz dilində “Google”, MSN, “Yahoo”, bütün ölkələrin öz dilində mətbuat xəbərləri, müxtəlif dillərdə ensiklopediyalar və bir cox resurslar mövcuddur. Təkcə “Facebook” bütün dunyada ən populyar sosial internet şəbəkəsidir. Misal üçün, “Facebook” sosial şəbəkəsində təhsil işçiləri tərəfindən yaradılan onlarla təhsil qruplarını:
“Biologiya müəllimləri” - ,
“Təhsil və idarəedici” - ,
“Azərbaycan müəllimləri” - https://goo.gl/iEoIEI,
“Türk dünyası öyrətmənlər birliyi” - https:// goo.gl/ o715lp, “Azərbaycan əsgəri” - 541O2b,
“Vətənpərvərlik məktəbi” - ,
“Fiziki tərbiyə məktəbi” - ,
“Sinif rəhbərləri” - https://goo.gl/abLQXQ) və s. göstərmək olar ki, orada direktorlar, müəllimlər, bütün təhsil işçiləri, valideynlər, tələbələr, şagirdlər və başqa məsul şəxslərlə gündəlik əlaqə saxlamaq olur. Bu qruplardan müəllimlər, valideynlər və şagirdlər çox biliklər əldə edirlər. Hər bir üzv: istər müəllim, istər şagird və istərsə də valideynlər bilmədikləri suallara cavab tapırlar. Müəllimlər dərs planları, hazırladıqları dərslərin video görüntülərini paylaşır, müzakirələr edir və kurikulumların tət­biqində bimədiklərini bir-birindən soruşur, bildiklərini paylaşırlar. Bu cür qruplar Azərbaycanın bütün bölgələrindən olan müəllimlərlə yanaşı xaricdə yaşayan həmvətənlərimizi də birləşdirir.

“İKT dərslərin yüksək keyfiyyətlə qurulmasında, şagirdlərin bilik və bacarıqlarının inkişafında böyük rol oynayır. Bütün bunları nəzərə alaraq yeni fənlərin, örnək üçün kompüter dizayneri, internet, onlayn etika və s. keçirilməsi məqsədəuyğun sayılır”

Şagirdlərin biliklərinin qiymətləndirilməsi, gündəlik dərs planı, şagirdlərin qeydiyyatı, rüblük qiymətləndirmələr və hətta gündəlik davamiyyət və s. ilə bağlı sənədlərin hazırlanması qaydalarının yerli və xarici nümunələri bu səhifədə həmkarlarımızla paylaşılır. Artıq Azərbaycan müəllimləri dərslərinə hazırlaşarkən Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanmış müəllim, şagird və valideynlər üçün yeni yaradılmış “e-resurs.edu.az” saytından da istifadə edirlər. İKT gündəlik işimizin yüngülləşməsini və daim Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb, valideyn, müəllim və s. ilə sıx, zəncirvari əlaqəni tənzimləyir.
-Artıq təhsili İKT-siz təsəvvür etmək mümkün deyil
- Tam əminliklə deyə bilərik ki, təhsillə bağlı bütün informasiyalar, göstərişlər və ümumiyyətlə, bütün idarəetmə də zəncirvari dövr etməkdədir. Artıq valideynlər uşaqlarının təhsil almasında məktəblə daimi əlaqədə olurlar. Uşaqlarını məktəbə yazdıran gündən təlim proseslərini onlayn izləyir, müəllimlə internet vasitəsilə əlaqə yaradır və valideyn komitələrində məktəbin, təhsil şöbələrinin və Təhsil Nazirliyinin qərarlarının nəinki qəbul olunmasında, hətta bu qərarların həyata keçirilməsində mühüm rol oynayırlar. Bütün təhsil işçilərinin birliyinə çevrilmiş həmin təhsilyönlü “Facebook” qrupları və səhifələri müəllim, şagird, tələbə və valideynlərin təhsilə dair bir sıra prosesləri həyata keçirməsində təqdirəlayiq işlər görur. İKT şəbəkələri sistemi təhsildə özünü doğrultmuş bir sistemdır ki, mək­təbi və ümumiyyətlə, təhsili bunsuz təsəvvür etmək qeyri- mümkündür.
- Yeni dövrün yeni reallıqlarını qəbul etmək lazımdır
- Lap körpə yaşlarından gələcəyimizin davamçıları olan uşaqlar barmaqlarını müxtəlif oyuncaq düymələrinə intensiv toxundurmaqla gələcəkdə kompüter, telefon, müxtəlif planşetlər və başqa elektron qurğulardan istifadəetmə vərdişlərinə yiyələnməyin təməlini qoyurlar. Müxtəlif çeşiddə, düymələrlə, səsli, musiqili, özü hərəkət edən və bir sözlə, real həyatda hansı elektron cihazlardan istifadə ediriksə, onların oyuncaq formaları ilə oynayaraq təkmilləşən körpələr ayaq açdıqları andan etibarən televizorun, radionun və telefonun düymələrindən eləcə istifadə etməyi bacarırlar. 3-4 yaşlı usaqlar onlar üçün nəzərdə tutulmuş elektron oyuncaq kompüter-öyrədəndən istifadə edərək hərf və rəqəmləri, söz və söz birləşmələrini, səs və rəngləri, həndəsi fiqurları, tələffüz qaydalarını və elektron sual-cavab oyunlarında iştirak etməyi öyrənirlər. Kompüter mədəniyyətinin təməli məhz ilk olaraq ailədən (əgər ailədə kompüter olarsa) başlayır, sonra məktəbə hazırlıq qruplarında, ümumtəhsil məktəblərində və yuxarı təhsil pillələrində davam edir. Məktəblərdə, həmçinin məktəb kitabxanalarında da kompüterlər olmalıdır. Kanadanın Toronto şəhərində yaşayan və oradakı təhsil müəssisəsində çalışan həmyerlimiz Yeganə Cəfərova işlədiyi məktəbin kitabxanasından bəhs edərək maraqlı məlumatlar verib. Yeganə xanım orada olan məktəbin kitabxanasının kompüterlərlə, surətçıxaran avadanlıqlarla və yüksəksürətli internetlə təchiz olunduğunu bil­dirir. Burada təhsil alan şagirdlər tənəffüs zamanı və ya dərsdən sonra lazımi araşdırmalar apararaq ev tapşırıqları ilə bərabər, birgə layihələr edir və əgər lazım gələrsə, təqdimat işlərinin çap versiyası üçün surətlərini də çıxarırlar.
Hər bir şagird kompüter proqramlarının incəliklərini sadədən mürəkkəbə doğru mənimsəyir. İKT dərslərin yüksək keyfiyyətlə qurulmasında, şagirdlərin bilik və bacarıqlarının inkişafında böyük rol oynayır. Bütün bunları nəzərə alaraq yeni fənlərin, örnək üçün kompüter dizayneri, internet, onlayn etika və s. keçirilməsi məqsədəuyğun sayılır. Bu da pedaqoji elmdə yeni bir səhifənin, yeni bir elmin - “Elektron pedaqogika”nın yaranmasını zəruri edir. Təhsildə yeni terminlərin yaranması yeni pedaqoji elmin formalaşmasına əsas verir. Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində kompüter, elektron təhsil, internet - onlayn təhsilə dair fənlər tədris olunmalı, yeni pedaqogika - elektron pedaqogikası yaranmalıdır.
A.Miriyev





 
Bölməyə aid digər xəbərlər
28.03.2017
“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
27.03.2017
Ermənistanın işğalçılıq siyasəti beynəlxalq tribunalarda da pislənilir
27.03.2017
Cocuq Mərcanlıya səfər edənlərin sayı artır
17.03.2017
Qatı ermənipərəst Frank Engel kimdir?!
17.03.2017
“Avropada Qarabağdan danışmağın əsil vaxtı çatıb”

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5969

1 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
2 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
3 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
4 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
5 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info