“ İKT tətbiqi ilə hazırlanan istənilən dərs şagirdlər üçün maraqlı olur”
Tarix: 21.12.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Almaz Həsrət:
“Müəllimlər tərəfindən hazırlanmış dərslər diqqətlə, təkrar-təkrar oxunmalı, redaktə olunmalı, müzakirə edilməli və sonra internetə yüklənməlidir. Həmin resursların yoxlanmasını təmin edən bir bazanın yaradılmasına çox ehtiyac var”

Layihə çərçivəsində müsahibimiz Əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Almaz Həsrətdir. “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaitin müəllifi ilə söhbətimiz də təhsildə İKT-nin tətbiqi ilə bağlıdır:
-Dərslərin keçirilməsində yeniliklər axtarışında olan təhsil işçisi mütləq yeni kompüter və internet proqramlarını mənimsəməlidir. Müəllimlər fərdi olaraq peşəkarlıqlarını artırsalar, uyğun kurslarda öyrəndiklərini dərslərində tətbiq etsələr, tədrisin keyfiyyətinin artırılmasına daha çox kömək göstərə bilərlər. 3D effektli təqdimatlar şagirdlərin dərslərini çox maraqlı fəaliyyətə çevirir. Maraqlı fəaliyyəti olan dərslər həmişə dinlənilən və qəbuledilən olub. Bu cür dərslər də məhz İKT-nin tətbiqi ilə reallaşa bilir. İKT-dən istifadə etməklə hazırlanan dərslərə çox vaxt sərf olunmur. Üstünlüklərindən biri də odur ki, kompüterdə hazırlanan dərsləri müəllim həmişə təkrar istifadə edə bilər. Yalnız müəyyən dəyişikliklər olarsa, o zaman kiçik əlavələr etməklə düzəliş edə bilərlər. Yeni proqram servislərinin öyrənilməsi üçün çox vaxt da tələb olunmur. Bir dəfə istifadə qaydası ilə tanış olan müəllim, qalan vaxtlarda işlərini hazırlamaqla yeni vərdişlər qazanır. Artıq dəfələrlə veb servislərlə çalışan müəllim, internetdə olan bütün yeni və müxtəlif kompüter proqramlarını daha tez qavrayıb öyrənə bilir. Bu, dövlətimizin təhsilə və hətta cəmiyyətimizin hər bir ailəsinə gərəkli olan texnologiya ilə təminatının artırılmasına olan xüsusi diqqətdən də irəli gəlir. İstənilən İKT tətbiqi ilə hazırlanan dərs şagirdlər üçün maraqlı olmaqla yanaşı, onlarda İKT-dən lazımi və səmərəli şəkildə istifadə mədəniyyətinin də formalaşmasına səbəb olur. Unutmayaq ki, biz uşaqların həyatına hər an yeniliklər gətirməliyik, elə yeniliklər ki, bugünkü dünyada onların yaşamasına kömək eləsin, keçmiş günləri üçün deyil. İKT bu sahədə bizim əlimizdə bu cür gərəkli yenilikləri gətirməkdə bir vasitədir. Bu vasitədən dürüst istifadə etməyi bacaran təhsil işçisi, yaradıcı və yenilikçi müəllim olaraq elə əsl müasir müəllim adına layiq görülən olur. Bu adı qazanmağı bütün müəllimlərə arzulayırıq. Müasir müəllim müasir gəncləri gələcəyə hazırlayan əsl ziyalılarımızdır.
-İKT sahəsində səriştəli olmaq lazımdır.
-XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Bu əsrdə tədrisdə istifadə olunan təlim metodları keç¬mişdə istifadə edilən ənənəvi təlim üsullarından fərqlənir. Hazırda kompüter və elektron texnologiyalar həyatımızın böyük bir hissəsini təşkil edir. Respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Prezidentin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbuludur. Həmin sənəddə keyfiyyət nəticəsinə və əhəmiyyətinə görə dünyada aparıcı mövqeyi ilə seçiləcək səriştəli müəllim, təhsil menecerləri, yüksək texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamət üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə sistemli, məqsədyönlü işlər həyata keçirilir. Professor Abdulla Mehrabovun “Müəllimin karyera inkişafında və innovativ fəaliyyətə hazırlığında pedaqoji monitorinqin imkanları” məqaləsində təhsil alan və təhsil verənlərin bir neçə səriştəlilik göstəricisi sadalanıb. Bunlardan biri də informasiya-kommunikasiya texnologiyaları sahəsində səriştəliliyin olmasıdır. Məqalədə göstərilir ki, təhsil alanların həmin səriştəliyi informasiya mühitində öz yerini dərketmə və müasir informasiya texnologiyalarına, internetə, audio və video vasitələrinə yiyələnmə və s. meyarlarla ölçülərək qiymətləndirilməlidir. Bildiyimiz kimi, qiymətləndirmənin bu meyarlarla aparılması üçün müvafiq resurslar da olmalıdır ki, təhsil sahəsində çalışanlar bu bacarıqlara yiyələnsinlər. Müəllimlərimiz müasir dövrün ən mükəmməl texnologiyalarının tədrisdə tətbiqi istiqamətində yaradıcı axtarışlar aparmaqla çalışırlar ki, sonda ortaya maraqlı fəaliyyət örnəkləri qoysunlar. Həmin fəaliyyət örnəklərinə müəllimlərin hazırladıqları dərs resursları da daxildir. Ancaq hazırlanmış olan bu elektron dərs örnəklərinə xüsusi diqqət yetirmək zamanın tələbinə çevrilməlidir. Demək olmaz ki, hər bir fənn müəllimin hazırladığı resurs və fərdi olaraq internetə yüklənmiş hər hansı bir dərs örnəyi, testlər, tapşırıqlar tam yoxlanılmış, dəqiq və səvhsizdir. Hər hansı görülmüş işdə müəyyən qüsurlar olur. Bu resursları internetə yükləyərkən, təbii ki, hər bir fənn müəllimi öz pedaqoji biliyinə arxayın olaraq hazırladığı elektron dərs nümunəsini həmkarı ilə müzakirə etmədən internetə yükləyir. Kiçik bir elmi səhvlə yayımlanan elektron resurs, digərlərinin gələcək dərslərinin qurulmasında böyük bir xətanın yaranmasına səbəb ola bilər. Ona görə də ənənəvidən fərqli olaraq müəllimlər tərəfindən hazırlanmış dərslər diqqətlə, təkrar-təkrar oxunmalı, redaktə olunmalı, müzakirə edilməli və sonra internetə yüklənməlidir. Bunlara əməl olunmasa, sonda böyük bir elmi və təcrübi xətalara yol aça bilərik. Həmin resurslara ayrıca diqqət və yoxlanmasını təmin edən bir bazanın yaradılmasına çox ehtiyac var.
-Deməli, müəllimlərin bu sahədə hazırlıq keçməsinə ehtiyac var.
- "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərilmiş 2.2.1. “yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodik vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması” məzmununu əsas götürərək müvafiq kursların keçirilməsi zərurəti yarandı. Bundan irəli gələrək yeni bir layihə həyata keçirildi. Bu layihənin əsas məqsədi müəllimlərin İKT savadlılığının artırılması və internetdə olan müxtəlif pedaqoji yönlü proqramlardan istifadə etməklə dərslərinin daha maraqlı qurulmasına köməklik göstərməkdir. 1 il ərzində 200-ə yaxın müəllim Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ-də) keçirilən “Elektron məktəb üçün elektron müəllim” kursuna qatılıblar. Azərbaycanda təhsil alanların maraqlarına uyğun olaraq tədrisin daha keyfiyyətli olması üçün elektron dərs resurslarının hazırlanmasına start verildi. İnternetdə milli resursların sayının artması zərurətindən irəli gələrək həmin proseslərin reallaşdırılmasında institut nəzdində keçirilən "Elektron məktəb üçün elektron müəllim" kursuna müəllimlərin marağının durmadan artması təhsildə İKT-nin dərslərdə tətbiqinə olan böyük marağın əyani sübutu oldu. Kursun 2 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirilirdi, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində davam olunurdu. Elektron təhsilə keçidlə əlaqədar hazırlanacaq müəllimlərə kurs zamanı kiçik mühazirə, təqdimat, müzakirə, “workshop”, debat və müxtəlif veb-texnologiyalarının tətbiqi kimi təlim formalarından istifadə olunurdu. Kursun müddətində aşağıdakı mövzular tədris olunub: "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. Kurslarda müəllimlərin elektron dərslərin hazırlanması metodikası, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə internetdə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması, distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə məlumatlar verildi. Sonda müəllimlərin İKT və internetdən pedaqoji sahədə lazımi səviyyədə istifadə etməklə peşəkarlıq səviyyələrinin artmasını və həmin sahədə olan bacarıqlarının artmasını müşahidə etdik. Kursda ölkənin pedaqoji yönlü ali təhsil müəssisələrində çalışan rəhbər işçiləri, məktəbəqədər, orta və ali təhsil müəssisəsində dərs deyən müxtəlif fənn müəllimləri, tələbələr, təhsil mərkəzlərinin işçiləri, psixoloqlar iştirak edirdilər. Kursda iştirak edən iştirakçıların coğrafiyası da çox genişdir: Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şəki, Qazax, İmişli, Şəmkir, Ağstafa, Yevlax, İsmayıllı, Kürdəmir, Bərdə, Salyan, Lənkəran, Lerik, Abşeron, Samux, Göyçay, Şamaxı, Zaqatala, Lənkəran, Sabirabad, Qaradağ rayonları. “Elektron məktəb üçün elektron müəllim” kursuna qatılan müəllimlər dərslərini və tapşırıqlarını “Facebook” sosial şəbəkəsi, “Moodle” və “Skype” proqramları üzərindən keçirdilər. Hazırda həmin kursun eyniadlı qrupu “Facebook”da müdavimlərin fəaliyyətləri və hazırladıqları elektron dərslərin paylaşımları ilə durmadan zənginləşir.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
07.12.2017
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub
06.12.2017
“Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir”
04.12.2017
Avropa İnsan Haqları Məhkəməsi erməniləri ifşa edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7897

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info