AHİK-in beynəlxalq əlaqələri genişlənir
Tarix: 21.12.2016 | Saat: 20:40:00 | E-mail | Çapa göndər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) IV Məclisinin iclası keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev iclasda məruzə ilə çıxış edərək bildirib ki, həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır. Bu vəzifələrin uğurla yerinə yetirilməsi isə heç şübhəsiz, yaşadığımız cəmiyyətin nə dərəcədə demokratik olmasından, insan haqlarına və azadlıqlarına göstərdiyi sayğıdan asılıdır. Burada ölkənin iqtisadi durumunun dayanıqlılığının, aparılan islahatların səmərəliliyinin, müxtəlif sahələr üzrə qəbul olunan dövlət proqramlarının icrası səviyyəsinin də önəmli rolu var.
Qeyd edilib ki, müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir. Hər bir dövlətdə insan hüquqlarının təminatına yönələn nə qədər çox müdafiə mexanizmi yaradılarsa, həmin cəmiyyətdə humanizm və ümumbəşəri dəyərlərə hörmət də bir o qədər yüksək olar. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Səttar Mehbalıyev vurğulayıb ki, bu siyasətin reallaşmasında fəaliyyəti “Həmkarlar ittifaqları haqqında” qanunla tənzimlənən AHİK-in də üzərinə mühüm vəzifələr düşür: “Biz inamla deyə bilərik ki, bu gün AHİK cəmiyyətdə özünəməxsus yer tutur, apardığı uğurlu sosial siyasət sayəsində böyük nüfuz, beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə yüksək etimad qazanıb. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının tərkibində vitse-prezident səviyyəsində təmsil olunur. Hazırda dünyanın 40 milli həmkarlar ittifaqı mərkəzi ilə əlaqə saxlayır, 5 beynəlxalq təşkilatın işində iştirak edərək əməkdaşlıq əlaqələrini getdikcə möhkəmləndiririk. Beynəlxalq əlaqələrimizin yüksək səviyyədə qurulmasının əsas səbəbi tərəfdaşlarımızla eyni amala - işçilərin əmək hüquqlarının və sosial-iqtisadi mənafelərinin müdafiəsinə dönmədən xidmət etməyimizdir”. Məruzəçi bildirib ki, ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir. Əməyin hüquq müfəttişləri də qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, rəy və təklif verirlər.
Diqqətə çatdırılıb ki. işçilərin əmək hüquqlarının, sosial və iqtisadi mənafelərinin qorunmasına ictimai nəzarəti həmkarlar ittifaqları yerinə yetirir. Bu məqsədlə idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl edilməsinin vəziyyəti ilə əlaqədar yoxlamalar keçirilir, həmkarlar ittifaqı fəalları ilə seminarlarda, “dəyirmi masa”larda fikir, təcrübə mübadiləsi aparılır, kütləvi informasiya vasitələrində çıxışlar edilir. Təkcə son üç il ərzində əməyin hüquq müfəttişləri tərəfindən sahə həmkarlar ittifaqlarında ümumilikdə 551 monitorinq və araşdırma aparılıb. Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib və aidiyyəti təsərrüfat orqanlarına, işəgötürənlərə məlumat verilib. Əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanmasına və onlara xitam verilməsinə, işçilərin iş vaxtının uçotunun düzgün aparılmasına, işçilərin istirahət vaxtlarına, o cümlədən onların məzuniyyət hüquqlarının təmin olunmasına, habelə əlillərə, yaşı 18-dən az olan işçilərə, qadınlara verilən əlavə məzuniyyət günlərinin, imtiyazların qanunvericiliyə uyğunluğuna xüsusi diqqət yetirilib.
AHİK sədri daha sonra deyib ki, Azərbaycan həmkarlar ittifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri işləyən əlillərin hüquqlarının qorunması sahəsində onlara yardımçı olmaqdır. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli qərarına əsasən əmək kollektivinin razılığı ilə III qrup əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin əməkhaqılarının isə 20-25 faiz artırılması nəzərdə tutulub.
Son üç ildə AHİK-in hüquq şöbəsi tərəfindən 26 normativ-hüquqi aktın layihəsinə təkliflər verilib və həmin təkliflərin əksəriyyəti nəzərə alınıb. Müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları tərəfindən göndərilmiş normativ-hüquqi aktların layihələrinin ekspertizasında iştirak etməklə bərabər, həm də mövcud qanunlara dəyişiklik olunması təklifi ilə də çıxış edilib. Qeyd edilib ki, maarifləndirmə məqsədilə Azərbaycan həmkarlar ittifaqlarının “Ülfət” qəzetinin “Hüquq məsləhətxanası” səhifəsindən, respublika dövri mətbuatından istifadə edilir. Ötən dövr ərzində təkcə “Ülfət” qəzetinin səhifələrində əməyin hüquq müfəttişləri 489 oxucu sualını cavablandırıblar. Ümumiyyətlə, son üç ildə hüquqi məsələlərlə bağlı AHİK və sahə respublika komitələrinin hüquq müfəttişləri tərəfindən maarifləndirmə məqsədilə 100-dən çox mövzuda seminarlar keçirilib. Hər il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları sədrləri, həmkarlar ittifaqı fəallarının müxtəlif kateqoriyaları üçün təşkil olunan kurslarda 10-dan çox mövzu, 5 treninq, seminar sırf əmək qanunvericiliyinə aid olur. Həmin kurslardan ildə 600-dən çox lider bəhrələnir”, - deyə AHİK sədri bildirib. Səttar Mehbalıyev diqqətə çatdırıb ki, respublikanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı hərbi-siyasi, hərbi-iqtisadi və hərbi-strateji məsələlərin öyrədilməsi məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyası nəzdində Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursu fəaliyyət göstərir. Konfederasiyanın əməyin hüquq müfəttişləri tərəfindən həmin kurslarda da hər il dinləyicilərin maarifləndirilməsi məqsədilə “Azərbaycanda sahə və müəssisə həmkarlar ittifaqı təşkilatının hüquq və vəzifələri”, “Azərbaycanda əmək hüququnun qorunması”, “Beynəlxalq Əmək Təşkilatı” mövzularında mühazirələr oxunur.
AHİK-in hüquq müfəttişlərinin əsas vəzifələrindən biri də işçinin hüquqlarını qorumaq üçün məhkəmə instansiyalarında iştirak etməkdir. Son 3 il ərzində hüquq müfəttişlərimiz 40 halda məhkəmədə iddia qaldırıblar. Onlardan 23-ü işçinin işə bərpa edilməsi ilə nəticələnib.
Həmkarlar ittifaqı təşkilatlarına son 3 il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı 36007 ərizə və şikayət daxil olub. Bunlardan 9912-si əmək qanunvericiliyi ilə, o cümlədən 2350-si işə bərpa ilə bağlı olub və 872 nəfər işə bərpa edilib. Yoxlamalar zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə təqdimatlar göndərilib, lazımi göstəriş və tövsiyələr verilib. Görülmüş tədbirlər barədə müəssisə rəhbərləri, müvafiq nazirliklər və respublika komitələri məlumatlandırılıb. AHİK sədri bildirib ki, narahatlıq doğuran məsələlərdən biri də transmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən qat-qat az əməkhaqqının verilməsidir. O deyib: “İşçilərin əmək hüquqlarının daha səmərəli qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquq pozuntularının qarşısının alınması, əmək, sosial, iqtisadi hüquqların və azadlıqların daha etibarlı təmin olunması üçün bizi daha çox narahat edən bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı bir işin yerinə yetirilməsinə cəlb edilməməsi üçün qanunvericilikdə daha sərt cəza formalarının tətbiqi qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasında mühüm amil oldu. Sağlamlıq imkanları məhdud olanlara dövlət qayğısı hər sahədə hiss olunur və onların cəmiyyətə inteqrasiyası üçün hər cür tədbirlər görülür, müxtəlif layihələr, dövlət proqramları qəbul və icra edilir. Dövlət sağlamlıq imkanları məhdud olanların təhsil alması, məşğulluğu, fərdi hərəkət etməsi üçün tədbirlər görür. Nəzərdə tutulmuş bu dəyişikliklə sağlamlıq imkanları məhdud olanlar artıq konstitusion hüquq və vəzifələr əldə etmiş olurlar və onlar üçün mədəni, ictimai-siyasi həyatda iştirak etmək imkanı yaranır. Qarşıda duran məqsədlərə çatmaq üçün bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi davamlı inkişaf və cəmiyyətin siyasi sabitliyi üçün hüquqi təminata zəmin yaradır. AHİK də belə bir şəraitdə özünün müəyyənləşdirdiyi əsas istiqamətlərin həyata keçirilməsi sahəsində var qüvvəsini sərf edəcək”.
İclasda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ötən müddətdə görülən işlərə münasibətini bildirib. Prezident Administrasiyasının rəsmisi deyib ki, başa çatmaqda olan cari ildə həmkarlar ittifaqı təşkilatları əməyin təşkili, insanların əmək hüququnun müdafiəsi və onların qiymətləndirilməsi, mükafatlandırılması sahəsində geniş fəaliyyət göstərib və çoxsaylı tədbirlər həyata keçiriblər. Eyni zamanda, təşkilati, beynəlxalq fəaliyyətin təmin olunması üçün ölkəmizin həmin qurumlarda təmsil olunması sahəsində mühüm işlər görülüb. Həmkarlar təşkilatlarının üzvləri ölkəmizin sosial-iqtisadi tərəqqisinə əhəmiyyətli töhfələr veriblər. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Xidmət-İş Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmallədin İsmayılov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev və başqaları müvafiq sahədə qarşıda duran vəzifələrdən, mövcud problemlərdən və onların həlli yollarından danışıblar. Tədbirdə sahə həmkarlar ittifaqı orqanlarında çalışan, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adları təqdim edilib.
N. Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
29.03.2017
Yeni turizm marşrutları yaradılacaq
29.03.2017
Muxtar respublikada ÜDM istehsalının həcmi artıb
29.03.2017
İmişlidə yeni məhkəmə binası istifadəyə verilib
28.03.2017
Azərbaycandan Qazaxıstana aviareyslərin sayı artırılacaq
27.03.2017
“Ölkəmizi tanıyaq” tur-aksiyanın növbəti mərhələsi yekunlaşıb

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5983

1 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
2 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
3 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
4 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
5 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
29.03 13:31 Tolerantlıq məkanı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info