“Qələm və kompüterlə sülh şəraitində məhsuldar yaşayıram”
Tarix: 22.12.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı tanınmış dramaturq Əli Əmirlidir. Əli müəllim yaradıcı bir insan kimi peşəsində tanınır və sevilir. Qələmə bağlılıq hər kəsdə olmayan İlahi bir vergidir. Bu vergini İlahi Əli müəllimdən əsirgəməyib. Bunun nəticəsidir ki, bir neçə pyesi səhnələşdirilib, kitabları çap olunub və peşəsində tanınaraq oxucu məhəbbəti qazanıb.

Əli Əmirli 1948-ci ildə Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əli Əmirli 1971-ci ildən ədəbi yaradıcılıqla məşğuldur. Bu illər ərzində onun hekayə, povest və romanları dövri mətbuatda, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarında dərc edilib. “İldırımötürən”, “Axirətdən qabaq gəzinti”, “Haram”, “Meydan”, “Sonalar gölü”, “Bir il”, “Ərizə”, “Tapança”, “Ölü doğan şəhər” kimi roman, povest və iyirmidən çox hekayənin müəllifidir. Bu əsərlərin bir çoxu rus dilinə tərcümə olunub və ədəbi icmallarda nəşr edilib.
Əli Əmirli 1990-cı ildən başlayaraq dramaturji yaradıcılıqla məşğuldur. Onun pyesləri ölkənin əksər teatrlarında, o cümlədən "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", "Sevən qadın" (bu əsərlərin beşinin də rejissoru Bəhram Osmanovdur) və "Şah Qacar" (rejissoru Azər Paşa Nemətov) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, qalan pyesləri Dövlət Musiqili Komediya Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Gənclər Teatrında, habelə Sumqayıt, Gəncə, Şəki, Lənkaran, Qazax, Füzuli, Ağdam, İrəvan, Mingəçevir, Qusar Dövlət Teatrlarında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" tədris teatrında və Qafqaz Universitetində tamaşaya qoyulub. Ə.Əmirlinin “Onun iki qabırğası” və “Köhnə ev” komediyaları Tbilisidə, “Varlı qadın” pyesi isə Tacikistanda paralel olaraq iki teatrda - V.Mayakovski adına Dövlət Rus Dram Teatrında (rus dilində) və M.Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrında tacik dilində tamaşaya hazırlanıb. Tacik dilində hazırlanmış tamaşa 2008-ci ildə Almatıda keçirilən Yaxın Şərq ölkələrinin II Beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülüb. Elə həmin festivalda digər teatrların da diqqətini cəlb edən “Varlı qadın” 2009-cu ildə Qırğızıstanın paytaxtında A.Umuraliyev adına Bişkek Şəhər Dram Teatrında rus və qırğız dillərində tamaşaya qoyulub. Bu günə qədər əsər teatrın repertuarındadır. Həmin komediya Qazaxıstanın paytaxtı Astanada M.Qorki adına Qazaxıstan Rus Dövlət Dram Teatrında (2010) və Akmola vilayətinin mərkəzi Kokşetau şəhərində Qazaxıstan Dövlət Musiqili Dram Teatrında (aprel, 2011) qazax dilində səhnələşdirilib. “Varlı qadın” 2011-ci ildə həm də Mahaçqalada A.Salavatov adına Kumık Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. 2014-cü ildə isə "Varlı qadın" Özbəkistanda hazırlanıb. Kumık teatrının tamaşası "Tuqanlıq" beynəlxalq teatr festivalında iki nominasiya üzrə mükafata layiq görülüb. "Varlı qadın" 2013-cü ildə Krımda Krım-Tatar Akademik Milli Dram teatrında da tamaşaya qoyulub. 2014-cü ildə isə Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərində Əli Əmirlinin "Sevən qadın" adlı əsəri Kalmık Milli Dram Teatrında rus dilində Bəhram Osmanovun qurluşunda tamaşaya qoyulub. Dramaturqun əsərləri rus, türk, tacik, qazax, özbək, kumık, gürcü, qırğız, ləzgi, tatar və sair dillərə tərcümə olunub.
Ə.Əmirlinin 1993-cü ildə yazdığı “Bala, bəla sözündəndir” komediyası əsasında çəkilmiş “Bala-başa bəla” televiziya filmi (1995-ci il) Azərbaycan televiziyası (AzTV) və ölkənin digər televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilib və tamaşaçılar arasında böyük uğur və populyarlıq qazanıb.
Yaradıcılıq uğurlarına görə Əli Əmirli 2000-ci ildə beynəlxalq ”Humay İlahəsi” mükafatına layiq görülüb. 2015-ci ildə isə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Yeddi il Yazıçılar Birliyinin Dramaturgiya seksiyasına rəhbərlik edib. Hazırda "Azərbaycan" ədəbiyyat jurnalının redaksiya heyətinin və Dövlət Gənc tamaşaçılar Teatrının bədii şurasının üzvüdür.
Ə. Əmirli 1999-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq kafedrasının dosenti vəzifəsində çalışır.
-Əli müəllim, yazıçı taleyindən razısız? Qələmlə keçən ömrü necə yaşadınız? Çoxmu çətindir bu peşə?
- Niyə keçmiş zamanda? Mən indi də qələmlə, indiki vaxtda kompüterlə sülh şəraitində, kifayət qədər də məhsuldar yaşayıram. Hazırda Bakı teatrlarından birinin sifarişi ilə çox maraqlı pyes üzərində çalışıram, müsahibəni də ona görə gecikdirdim. Fikrimi pyesdən yayındırmaq istəmirdim. Yazıçı taleyinə gəldikdə, bu, çox gözəl taledir: yaşayırsan, çox adamdan fərqli olaraq yazırsan, ağ vərəq üstündə yeni həyat olmasa da, onun modelini yaradırsan. Ömürdən, taledən razılıq məsələsinə gəldikdə isə, narazı olmaq naşükürlükdür. Mən, bir qayda olaraq, özümdən yuxarı yox, aşağı baxıram, onda həqiqi mənzərəni daha yaxşı görür, onu düzgün qiymətləndirməyə çalışıram. İnsanın həyatı həm də onun taleyidir, bunları bir-birindən ayırmaq düzgün olmazdı. İnsan öz taleyini ağlına, xarakterinə, fərasətinə, intellektinə uyğun olaraq özü yaradır. Kim necə yaşayırsa, ona da layiqdir. Bəlkə də, ilk baxışda bu fikir mübahisəli görünə bilər, amma xırdalıqlarına varsaq, bunun şəksiz belə olduğunu qəbul edərik. Onu da deyək ki, insanın özündən asılı olmayan qəzavü-qədər də var. M.Bulqakovun qəhrəmanı Voland demiş, qəzavü-qədər artıq bizim iradəmizdən asılı deyil, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Yazıçılığın çətin peşə və ya sənət olduğunu da deməzdim. Allahın verdiyi istedad varsa və bu istedadı ağılla temperament sinxron idarə eləyə bilirsə, çətin bir şey olmamalıdır.
-İyirmi beş ildən çoxdur dramaturgiya ilə məşğulsuz. Əsərləriniz ölkənin, demək olar ki, bütün teatrlarında, eyni zamanda xarici ölkə teatrlarında tamaşaya qoyulur, seyrçilər tərəfindən qəbul edilir. Təcrübəli bir dramaturq kimi, siz bilən, bu gün teatrın cəmiyyət həyatında yeri hardadır?
- Teatrın cəmiyyət həyatında, şübhəsiz ki, müəyyən yeri, mövqeyi var, amma unutmayaq ki, sovetlər dönəmindən fərqli olaraq teatr artıq təbliğat vasitəsi deyil, teatr əsl funksiyasını, sənət funksiyasını yerinə yetirir. Bu başqa məsələdir ki, Azərbaycan reallığında teatr cəmiyyət həyatına təsir imkanlarını itirib, əslində bu, belə də olmalıdır. Axı teatr “Facebook”, sosial şəbəkə kimi kütləvi ola bilməz, teatr elitar sənətdir, onu anlamaq, həzm etmək, sevmək elə də asan deyil, buna müəyyən hazırlıq lazımdır. Onu da nəzərə alaq ki, həyatımızın ritmi dəyişib, bəlkə də, pozulub. Kino, televiziya, indi də internet teatra təsirsiz ötüşmür, amma hər ziyanda bir xeyir də var məsəlini nəzərə alsaq, bütün bu yeniliklər teatra həm də yardımçı oldu-yaradıcılıq imkanlarının genişlənməsindən tutmuş, yaradıcılıq prinsiplərinin yeniləşməsinədək. Mən o fikirdə deyiləm ki, teatrlarımız yüksək bir inkişaf səviyyəsindədir, bütün problemlər həll olunub. Qətiyyən elə deyil, onu da bilirəm ki, teatrımızın indiki durumu nə kinomuzdan, nə musiqimizin müasir vəziyyətindən, nə ədəbiyyatımızdan, nə də digər sənət növlərindən geridə deyil ki, irəlidədir, amma arxayınlıq üçün bu təsəlli yetərli ola bilməz. Bu gün teatr yaşamaq və sevilmək üçün çox işlər görməlidir.
-Dramaturgiyaya siz nəsrdən gəlmisiniz, özü də ölkə mədəniyyətinin, o cümlədən teatrın böhranlı bir dövründə - 1990-cı illərin lap əvvəlindən. Həyatımızda ictimai-siyasi hadisələr, milli azadlıq hərəkatı liderlik edirdi, ədəbiyyat da, teatr da kölgədə qalmışdı. Yazmaq çətin deyildi sizin üçün?
- Dramaturgiyaya gələndə mənim artıq iyirmi illik nasir stajım vardı. Ona yaxın povest və romanın, iyirmidən yuxarı hekayənin müəllifi idim. Oxucularım da kifayət qədərdi, buna baxmayaraq, içimdə həmişə bir teatr sevgisi vardı. Bax elə bu sevgi məni 1990-cı ildə dramaturgiyaya gətirdi. Zaman çox mürəkkəbdi. Cəmiyyətdə baş verən inqilabi dəyişikliklər, bizə tanış olmayan yeni, qəddar iqtisadi münasibətlər və bu münasibətlər fonunda vərdiş etdiyimiz mənəvi dəyərlərin sürətlə aşınması insanları çaşdırmışdı. Millətin yeni iqtisadi şəraitə uyğunlaşma prosesi çox ağrılı gedirdi. Elə bu ağrılarla da yeni azərbaycanlı tipi formalaşırdı. Mən öz qəhrəmanlarımı məhz bu yeni insan tiplərinin arasından seçirdim. İyirmi ildən çoxdur ki, mənim əsərlərim daim gündəmdədir. Ölkənin, demək olar ki, bütün dram teatrları pyeslərimi tamaşaya qoyub, bu indi də davam edir. Ona yaxın xarici ölkə teatrı da pyeslərimə müraciət edib. Əsərlərim rus, qazax, özbək, gürcü, tatar, kumık, kalmık, türk, qırğız, tacik dillərində tamaşaya qoyulub. Bütün bunları saymaqla sualınıza cavab verirəm. Mənim üçün yazmaq çətin olsaydı, bu əsərlər uğur qazanmazdı. Elə Akademik Milli Dram Teatrında altı, Dövlət Gənc Tamaşaçılar Teatrında beş əsərim tamaşaya qoyulub.
- Siz həm də pedaqoji fəaliyyətlə məşğulsuz. Dramaturq və müəllim, bunlar bir-birinə mane olmur?
- Məni elə dramaturq olduğuma görə Mədəniyyət və İncəsənət Universitetinə dəvət ediblər. Artıq on altı ildir dram və ssenari yaradıcılığından dərs deyirəm. Bildiklərimi gələcəkdə teatr və kino dramaturgiyası ilə məşğul olmaq istəyən gənclərə öyrətməyə çalışıram. Bu gün tələbələrimin əksəriyyəti ölkənin televiziya və kino məkanında uğurla fəaliyyət göstərirlər. Ölkənin ən yüksək reytinqli teleseriallarının yaradılmasında dramaturq kimi onların əməyi böyükdür. Bu, bir müəllim kimi məni razı salır.
- Bir müəllim, yazıçı, incəsənət xadimi kimi gənclərimizə arzularınız, tövsiyələriniz?
- Yeji Lensin yaxşı bir sözü var: “Məsləhət işlətmə dərmanı kimi bir şeydir, hamıya verirsən, özün içmirsən”. Yumorla deyilmiş bu sözdə bir həqiqət də var. Odur ki, müəllim olsam da, danlamağı, məsləhət verməyi, öyüd-nəsihət eləməyi xoşlamıram, amma bütün işlərinizdə məsuliyyətli və ciddi olun tövsiyəsini tələbələrimə deməyə bilmirəm. Məsuliyyətli adam hər şeyin yerini və qədrini bilir.
- Sonda gələcək planlarınızdan danışardız.
- Mən planla işləmirəm, sadəcə, hansı bir mövzu, əsər haqqındasa düşünüb-daşına bilərəm. Bir qayda olaraq yeni pyeslərimi mən yay aylarında yazıram. İndi isə adətimə xilaf çıxıb söhbətimizin əvvəlində dediyim kimi, teatrlarımızın birinin istəyi ilə maraqlı bir pyes üzərində işləyirəm. Deyim ki, əsərin birinci hissəsi tam hazırdır, bir-iki günlük fasilədən sonra ikinci hissəyə başlayacam. Pyesi ilin axırınacan bitirməliyəm. Daha bir iri layihəyə dəvət almışam, reallaşıb-reallaşmamasından asılı olmayaraq, artıq mövzu mənbələrini müəyyənləşdirirəm.
Söhbəti apardı:
Mahmud Sadıq




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
15.11.2017
“Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
13.11.2017
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər”
10.11.2017
“Bu il 3 yeni sığorta məhsulu hazırlamışıq”
09.11.2017
Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info