“İKT sahəsinə maraq göstərən gənclərimiz çox olduqca, inkişaf üçün də imkanlar yaranacaq”
Tarix: 22.12.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər
Suliddin Bağırov: “Bütün sahələrdə olduğu kimi, müasir jurnalistikanı da informasiya texnologiyalarının tətbiqi olmadan təsəvvür etmək mümkün deyil”


Layihə çərçivəsində Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) magistri Süliddin Bağırovla müsahibəni təqdim edirik.
-Öncə özünüz haqqında məlumat vermənizi istərdik...
- 22 yaşım var. Media sahəsində bir ildir fəaliyyət göstərirəm. CBC telekanalında müxbir və xəbər aparıcısı olaraq çalışmışam. Hazırda Gürcüstan İctimai İşlər İnstitutunda (GIPA) ABŞ Dövlət Departamentinin təqaüdü əsasında “Jurnalistika və Media İdarəçiliyi” ixtisası üzrə magistratura təhsili alıram. Jurnalistika, xüsusilə telejurnalistika mənim üçün ən maraqlı peşədir və buna görə də peşəkarlıq baxımından özümü inkişaf etdirmək üçün daim çalışıram.
-GIPA-nın nə kimi özəlliyi var?
-Gürcüstan İctimai İşlər İnstitutu (GIPA) 1994-cü ildə Tbilisidə Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə açılan ingilisdilli ali məktəbdir. Ali məktəb, regionda formalaşan postsovet cəmiyyətləri üçün yeni təfəkkürlü dövlət idarəçiliyi, hüquq, sosial elmlər və media sahəsində ixtisaslaşmış kadrlar hazırlayır.
Ali məktəbin nəzdində təhsil aldığım Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi (4 fakültədən biri) 2001-ci ildə yaradılıb və uzun illərdir Azərbaycandan burada magistratura pilləsində tələbələr təhsil alır. Tələbələr, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müəyyən etdiyi qəbul prosesi əsasında seçilir və müsahibəyə dəvət olunurlar. Müsahibədə amerikalı və yerli mütəxəssislər iştirak edirlər. Bu mərhələni keçən şəxslər magistratura pilləsində təqaüdlə təhsil almaq şansını qazanırlar.
2016-2018-ci illər üçün ali məktəbdə 6 azərbaycanlı tələbə təhsil alır. 2 illik təhsili tam başa vuran tələbələrə Jurnalistika və Media İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsi verilir. Azərbaycanlı məzunlardan Azərbaycanda və xaricdə çalışan uğurlu jurnalistlər var.
-Yeni dövr jurnalistikanın inkişafında İKT-nin nə kimi rolu var? Demək olarmı İKT bir çox sahələr kimi, medianın da qarşısına yeni tələblər qoydu.
-İKT, qloballaşan dünyanın ayrılmaz hissəsidir. Bütün sahələrdə olduğu kimi, müasir jurnalistikanı da informasiya texnologiyalarının tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. Müasir jurnalistikanın başlıca tələblərindən biri də multimedia jurnalistlərinin hazırlanmasıdır. Əgər əvvəllər jurnalistlər, sadəcə, xəbərin mətni üzərində cəmləşirdilərsə, beynəlxalq təcrübə göstərir ki, jurnalist həm də hazırlanan reportajın çəkilmə prosesindən, səs redaktəsindən və video mühəndisliyindən xəbərdar olmalıdır. Bütün bunlar isə, heç şübhəsiz, inkişaf etməkdə olan İKT-nin sayəsindədir. Fikrimcə, jurnalist, hazırladığı reportajın bütün detallarından xəbərdar olmalıdır. Bu zaman həm keyfiyyət, həm də peşəkarlıq baxımından yüksək nəticə əldə etmək mümkündür.
-Sizə tədris hansı metodlarla keçirilir?
-Təhsil aldığım fakültədə tədris, əsasən, ABŞ-ın media sahəsində ixtisaslaşmış ali məktəblərin proqramı əsasında keçirilir. 5 semestrlik magistratura proqramının 4 semestri intensiv dərslərə, 1 semestri isə magistr dissertasiyasına həsr olunur. Bütün fənlərdə beynəlxalq, Azərbaycan və Gürcüstan təcrübəsinə istinad edilir və bu yolla, analitik bacarıqların artırılmasına imkan yaradılır. Ən vacib məqam isə, tədris olunan fənlər üzrə yekun imtahanlarının əksəriyyətinin adi qaydada, yəni yazılı və ya testlə deyil, təqdimat, araşdırma məqaləsi, həmçinin xəbər reportajının təqdim olunması ilə keçirilməsidir.
-Praktikaya nə dərəcədə üstünlük verilir?
-Praktika, GIPA-da tədris olunan fənlərin təməlidir. Məsələn, Fotojurnalistika fənnindən tapşırıqlar müxtəlif mövzularda fotoların çəkilməsi, adi insanların portretlərinin yaradılması və bunların əsasında foto-hekayələrin yazılmasını əhatə edir. İxtisasımızın əsas fənlərindən olan Xəbərin hazırlanması fənnində tapşırıqlarımız oktyabrda Gürcüstanda baş tutan parlament seçkilərini işıqlandırmaq idi. Tələbə olmağımıza baxmayaraq, media qurumlarının nümayəndələri kimi, biz də seçki məntəqələrinə yollandıq, müsahibələr aldıq və yekun olaraq yazılı xəbər şəklində müəllimimizə təqdim etdik. Düşünürəm ki, bundan gözəl praktika ola bilməz.
-Siz ABŞ-da təhsil alıbsız. İndi də Gürcüstanda təhsilinizi davam etdirirsiz. Bu ölkələrin təhsilində İKT-nin tətbiqi nə dərəcədə özünü göstərir?
-ABŞ-da təhsil aldığım bir il ərzində orta məktəbdə istər müəllimlərin, istərsə də şagirdlərin İKT biliklərinin kifayət qədər yüksək olduğunu müşahidə etdim. Tədris olunan fənlərin hamısı İKT-dən istifadə etməklə interaktiv yolla şagirdlərə çatdırılırdı. ABŞ təhsil sisteminin ən başlıca hədəflərindən biri də yetişən nəslin informasiya sistemləri, kompüter qrafikası və veb texnologiyalardan geniş istifadəsinə nail olmaqdır. Qonşu Gürcüstan da, Azərbaycan kimi son 25 il ərzində İKT sahəsinin inkişafına geniş şərait yaradır. Təhsil aldığım ali məktəbin tədris prosesində bu amili görmək olar. Nəzəri və praktik olmasından asılı olmayaraq, bütün fənlərin metodikasında İKT-yə geniş yer ayrılır. Başlıca olaraq bütün fənlərin elektron tədris materialları mövcuddur. Əlavə olaraq bütün fənlərdən individual, qrup tapşırıqları və yekun işlər Power Point və ya Prezi proqramlarından istifadə etməklə təqdimat şəklində nümayiş etdirilir.
-Xarici ölkədən Azərbaycanın İKT mənzərəsi necə görünür?
-Azərbaycan İKT sahəsi kifayət qədər uğurlu ölkədir. Məsələn, “Bakutel” sərgisi regionda kifayət qədər əhəmiyyətə malik olan tədbirlərdəndir. Onu da qeyd etməliyəm ki, İKT sahəsinin yeniliklərində aparıcı rola malik “ASAN xidmət”in məhz ən son innovasiyaları tətbiq etməsi də, ölkəmizin bu sahəyə verdiyi önəmi göstərir. Əlbəttə, bu sahənin inkişafına və beynəlxalq standartlara çatdırılması istiqamətində hələ çox işlər görülməlidir, ancaq düşünürəm ki, bu sahəyə maraq göstərən gənclərimiz çox olduqca, inkişaf üçün də imkanlar yaranacaq.
-Gənclər sosial şəbəkələrdən faydalı şəkildə istifadə edirlərmi?
-Bir çox hallarda gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməməsi barədə fikirlər səsləndirilir. Bununla razı deyiləm. Nəzərə alsaq ki, sosial şəbəkələr son beş ildə xəbərin yayılması, operativlik və müsbət dəyişikliklər baxımından çox işlər görüb, o zaman cəmiyyətdəki “sosial şəbəkə” təlaşının əsassız olduğunu görə bilərik. Təbii ki, hər kəs sosial şəbəkələrdən istifadə zamanı bu tendensiyaya əməl etmir, amma sağlam düşüncəli və işinin peşəkarı olan gənclər, sosial şəbəkələr vasitəsilə ugurlara imza atırlar və yaşadığımız dünyanın müsbət istiqamətdə dəyişməsinə kömək edirlər.
-Sosial şəbəkələrdən asılılıq gənclərə hansı mənfi təsir göstərə bilər?
-Qeyd etdiyim kimi, sosial şəbəkədən səmərəli istifadə edildiyi təqdirdə heç bir mənfi təsirin müşahidəsi mümkün deyil. Mənfi təsirlər, ancaq virtual həyatı real həyatdan daha üstün tutan, psixoloji və məişət problemləri olan insanlarda özünü büruzə verə bilər. Bundan başqa, erkən yaşda sosial şəbəkələrdən istifadə də gələcəkdə insanın həyatına mənfi təsir göstərmək iqtidarındadır. Çox zaman azyaşlılar sosial şəbəkələrdən oyun oynamaq və tanımadıqları insanlarla ünsiyyət qurmaq üçün istifadə edirlər. Bu isə həmin insanların əqli və fiziki inkişafına mane olur. Əlbəttə, sosial şəbəkə ilə internet anlayışlarını eyniləşdirmək düzgün deyil, çünki internetdən erkən yaşlarda bilik və bacarıqların artırılması üçün istifadə etmək müsbət haldır.
-Sosial şəbəkələrin təbliğatda nə kimi rolu var?
-Sosial şəbəkələr, ilk növbədə “vətəndaş jurnalistikası” anlayışın geniş vüsət almasına səbəb olub. Düzdür, “vətəndaş jurnalistikası”nın mənfi cəhətləri də var, amma son illər ərzində dünyada baş vermiş siyasi, iqtisadi proseslərin, təbii fəlakətlərin fəsadlarının və ümumilikdə cəmiyyətə təsir edən bir çox xəbərlərin yayılmasına sosial şəbəkələr və bu məfhumun ayrılmaz hissəsi olan “vətəndaş jurnalistikası” səbəb olub. Məsələn, “Ərəb baharı” zamanı inqilabların baş verdiyi ölkələrdəki internet istifadəçiləri “Facebook” və “Tvitter” kimi sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə, əslində, nələrin baş verdiyini çatdırırdılar. Azərbaycan prizmasından baxdıqda, xüsusilə “aprel döyüşləri” zamanı vətəndaşlarımız sosial şəbəkələrin əhəmiyyətinin şahidi oldular. Döyüş bölgəsindəki rəsmi xəbərləri çatdıran Müdafiə Nazirliyi “Facebook” sosial şəbəkəsində səhifə yaratdı və beləliklə, ölkədəki internet istifadəçiləri əlavə saytlara və alternativ mənbələrə baş vurmadan birbaşa “Facebook” vasitəsilə xəbərləri oxumaq imkanı qazandılar. Fikrimcə, sosial şəbəkələr dünyada baş verən proseslərin ən qabarıq şəkildə aydınlanmasına şərait yaradan vasitədir və dünya heç vaxt bu qədər qloballaşma həddində olmayıb.
-Perspektiv planlarınız nədən ibarətdir?
-Magistraturanı bitirdikdən sonra Azərbaycana qayıtmaq fikrim var. Bu fikri rəhbər tutaraq təhsilimi davam etdirirəm. Məqsədim, qazandığım təcrübəni milli mediada tətbiq etməkdir. Azərbaycan mediasının yeniliklərə və fərqli baxışa ehtiyacı var. Potensiallı jurnalistlərimiz və texniki imkanlar yetəri qədərdir. Sadəcə olaraq, medianın inkişafına qlobal kontekstdən yanaşmaq və beynəlxalq təcrübədən daha çox faydalanmaq lazımdır. Məncə, bu, çox vacib missiyadır.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
28.03.2017
“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
27.03.2017
Ermənistanın işğalçılıq siyasəti beynəlxalq tribunalarda da pislənilir
27.03.2017
Cocuq Mərcanlıya səfər edənlərin sayı artır
17.03.2017
Qatı ermənipərəst Frank Engel kimdir?!
17.03.2017
“Avropada Qarabağdan danışmağın əsil vaxtı çatıb”

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5969

1 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
2 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
3 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
4 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
5 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info