Alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib
Tarix: 27.12.2016 | Saat: 12:25:00 | E-mail | Çapa göndər
Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Qeyd edək ki, "Turan savaşçıları" devizi altında keçirilən beynəlxalq yarış Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Yarışda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan, Pakistan idmançıları öz güclərini sınayıblar. Açılış mərasimini çıxış sözü ilə açan millət vəkili, Dünya Alpaqut Federasiyasının prezidenti Nizami Cəfərov alpaqut idman növünün yarandığı dövrlərə diqqət çəkib: "Qısa zaman ərzində bu qədər iş görmək, tanınmaq, uğur qazanmaq asan deyil. Bu idman növünü yaradan, təbliğ edən gənclər türk tarixinin, döyüş sənətinin dünyaya yayılmasında böyük iş görüblər. İnanıram ki, daha da inkişaf edərək bütün dünyada önəmli idman növündən birinə çevriləcək. Bu günkü yarışın türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunması da əlamətdardır. Çünki Zəlimxan Yaqub yaradıcılığında türkçülük öməmli yer tutur. Həmçinin bu gün ölkə başçısının da doğum günüdür. Ona uzun ömür, möhkəm can sağlığı arzulayıram". Millət vəkili Qənirə Paşayeva isə alpaqut idman növünün gənclərin sağlam ruhda böyüməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Alpaqut türkün xarakterini, ruhunu əks etdirən idman növüdür. Türkün döyüşkənliyini göstərən idman növüdür. Gənc nəslin sağlam, vətənpərvər böyməsində böyük rolu var. Çünki alpaqut fiziki sağlamlıqla yanaşı, ruhi, mənəvi sağlamlıq da aşılayır". Alpaqut Federasiyasının prezidenti Aqil Acalov isə belə bir mötəbər yarışın keçirilməsinin onların üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edib, həmçinin alpaqut idman növü barədə geniş məlumat verib: "Bu gün cənab prezidentin doğum günüdür. İlham Əliyev cənabları Azərbaycan idmanının inkişafına çox geniş şərait yaradıb. İdmançılarımızın uğurlarının təməlində ölkəmizdə idmana olan qayğının böyük rolu var. Bu səbəbdən yarışın açılış mərasimini məhz bu gün keçirmək qərarına gəldik. Yarışın türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunması da əbəs deyil. Zəlimxan Yaqub doğma türkçəmizdə yazan, dilimizi yaşadan əsl türkçü idi. Zəlimxan Yaqub canlı tarix idi, dünənlə bu günün, keçmişlə gələcəyin körpüsü idi". Aqil Acalov alpaqut idman növünün inkişafında göstərdiyi xidmətlərə görə diplomla təltif olunub. Türk döyüş sənəti araşdırmaçısı Azər Həsənsoy isə "toroman" titulu ilə təltif olunub. Xalq şairi Zəlimxan Yaqubun hələ sağlığında türkçülüyə, alpaqutun inkişafına göstərdiyi xidmətlərə görə diplomla təltif olunsa da, sağlığında uzun sürən xəstəliklərdən dolayı diplomu təqdim etmək qismət olmamışdı. Şairin diplomu qardaşı Bəhram Yaquba təqdim olunub. Xalq şairinin ailə üzvlərinin də iştirak etdiyi açılış mərasimində çıxış edən Bəhram Yaqub belə bir möhtərəm tədbirin qardaşının xatirəsinə həsr olunduğuna görə minnətdarlığını bildirib: "Bu gün bu tədbirin, bahadur oyunlarının, turan savaşçılarının cəng meydanının türkün böyük şairinin xatirəsinə həsr olunması ailə üzvləri olaraq bizi çox qürurlandırır. Zəlimxan Yaqub xalqın içərisindən olan, həyatını xalqa bağlayan əsl xalq şairi idi. Zəlimxan Yaqub vətəndaş-şair idi, içindəki vətən yanğısı, vətən sevgisi ilə sinəsi sözlə dolu idi". Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, dünya və olimpiya çempionu Fərid Mansurov isə çıxış edərək alpaqut idman növünün bütün çətinliklərə baxmayaraq, yüksək səviyyədə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb. Bahadur oyunlarında modelyer-dizayner, sənətşünaslıq namizədi Gülnarə Xəlilova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri Anar Xəlilov və Nərgiz Xələf, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, tanınmış idmançılar Rəsul Cunayev, Eduard Məmmədov, Ramal Aslanov, Kikboksinq Federasiyasının vitse-prezidenti Səbuhi Rəcəb və başqaları qonaq qismində iştirak ediblər. Tədbirin rəsmi hissəsinin sonunda çıxış edən beynəlxalq dərəcəsi idman ustası, türk döyüş sənətləri üzrə araşdırmacı, Alpaqut döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov isə bu idman növünün yarandığı gündən bugünə qədər keçirilən beynəlxalq yarışlar barədə məlumat verərək indiyədək 6 beynəlxalq turnirin yüksək səviyyədə keçirildiyini vurğulayıb: "Biz ilk dəfə bu yola başlayanda ətrafımızda çox az insan vardı. Bu gün isə ölkəmizdə də, dünyada da alpaquta maraq göstərənlər, bizə dəstək olan insanlar artıb. Bu gün dünyanın 15 ölkəsində nümayəndəliyimiz fəaliyyət göstərir". 180-ə yaxın idmançının qatıldığı beynəlxalq bahadur oyunlarında 1-ci yerdə Azərbaycan, 2-ci yerdə Türkmənistan, 3-cü yerdə isə Gürcüstan qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
“Raul Qarsiyaya 50 milyon verə bilmərik”
21.08.2017
Neymar “Barselona“ rəhbərliyini tənqid etdi
21.08.2017
Ramil Quliyev daha bir qızıl medal qazanıb
18.08.2017
Messi “Barselona“da onu görmək istəyir
18.08.2017
Ruslan Lunyov reytinq cədvəlində irəliləyib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7160

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
4 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info