“İKT və Açıq Hökumət anlayışları bir-birləri ilə sıx paralellik təşkil edən amillərdir”
Tarix: 27.12.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər
Anar Sarıyev: “Vətəndaşların elektron resurslardan istifadə etməklə daha səmərəli və keyfiyyətli xidmət əldə edirlər”

Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının tətbiq sayəsində
ASAN idarəçilik sisteminin qurulması ilə bir sıra müsbət nəticələr əldə olunub.

Bu, korrupsiyaya qarşı mübarizə işində də özünü göstərir. Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev bu mövzuda suallarımızı cavablandırıb.
- Azərbaycan dövləti idarəçilik praktikasında müasir informasiya kommunikasiya texnologiyalarına nə dərəcədə yer verir?
-Bu gün ölkəmiz uğurla aparılan iqtisadı inkişaf dinamikası ilə nəinki regionun, hətta dünyanın ən qabaqcıl dövlətinə çevrilmişdir. Bu inkişaf iqtisadi-sosial sahədə, həmçinin dövlət quruculuğu və idarəçiliyi sahəsində də özünü göstərib. İnkişaf edən və qloballaşan dünyanın ayrılmaz tərkib hissəsi olan Azərbaycan dövləti öz idarəçilik praktikasında müasir informasiya kommunikasiya texnologiyalarına əsaslanan yeni kreativ idarəçilik və xidmət sahələri yaradıb. Bu addımlar ölkədə bürokratik əngəllərin aradan qaldırılmasına və vətəndaş - məmur münasibətlərinin yeni bir müstəviyə çatmasına gətirib çıxarır.
-ASAN idarəçilikdə İKT nə kimi rol oynayır?
-Müasir informasiya kommunikasiyalar dövründə hüquqi və konstitusiya islahatlarının aparıldığı bir zamanda yeni iqtisadi şəraitdə yeni idarəetmə mexanizmləri işlənib hazırlanır. Bu cür yeni dövlət idarəetmə mexanizmlərindən biri də ASAN idarəetmə mexanizmidir. Bu yeni idarəetmə sistemi müasir informasiya kommunikasiya texnologiyalarına əsaslanan beynəlxalq təcrübənin öyrənilməsi ilə yeni idarəetmə üsullarını inkişaf etdirən bir forma və modeldir. Bu gün ASAN idarəçilik dedikdə operativlik, yüksək səviyyəli xidmət, peşəkar kadr heyəti nəzərdə tutulur. İnformasiya kommunikasiya texnologiyaları olmadan bu idarəçilik sisteminin formalaşdırılması özü-özlüyündə mümkünsüzdür. Dünyada gedən qloballaşma tendensiyaları hər bir sahədə olduğu kimi, dövlət idarəçiliyi sahəsində də öz təsirini göstərir. Artıq öz səmərəliliyini itirən köhnəlmiş idarəetmə mexanizmləri daha yeni və səmərəli idarəetmə üsulları ilə əvəz olunur. Bu yeni yaradılmış imkanlar sayəsində vətəndaşlara daha keyfiyyətli xidmət göstərilir, onların zamanlarının səmərəsiz yerə itirilməsinin qarşısı alınır. Həmçinin şəffaflığın artırılmasına və neqativ halların azaldılmasına şərait yaradır.
-Siz QHT olaraq bu istiqamətdə hansı işlər görürsüz?
-Bu baxımdan bir neçə tədbir və layihəmiz olub. Son olaraq isə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumətin təşviqində ASAN idarəçilik” layihəsini keçirmişik.
Layihənin əsas məqsədi regionlarda maarifləndirmə işinin artırılması, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına dair təşəbbüslərdə Asan idarəçiliyin təbliği, korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliyin əhali arasında təşviqi, bu sahədə regiondakı vətəndaş cəmiyyəti institutlarının, KİV-lərin, özəl sektorun rolunun artırılması, vətəndaş – məmur münasibətlərinin minimuma endirilməsi üsullarının təbliğidir.
-Korrupsiyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi hansı səviyyədədir?
-Ölkə Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir. Sosial ədalətin təmin edilməsi üçün yaradılan yeni idarəçilik ənənəsi, əslində, məsələlərə operativ, şəffaf, yüksək səviyyəli xidməti özündə cəmləşdirən bir idarəçiliyi özündə təzahür edir. Bəzən yerli icra orqanlarında bütün müasir tələblərə cavab verən idarəçilik qurulsa da, vətəndaşlar bir çox hallarda ya bu barədə az məlumatlıdırlar, ya da ki, ümumiyyətlə, məlumatsızdırlar. Məlumatsızlığın aradan qaldırılmasında vətəndaş həmrəyliyi və maarifləndirmə işi başlıca rol oynamalıdır və bu işdə də bizlərin üzərinə çox böyük məsuliyyət düşür. Biz vətəndaş cəmiyyəti institutu nümayəndələri kimi onu qeyd etmək istərdik ki, həyata keçirdiyimiz layihəmizin əsas məqsədi yerli icra orqanlarında ASAN idarəçiliyin təşviq edilməsi və yerli əhalinin yaradılmış imkanlardan səmərəli istifadəsinə nail olmaqdır. Layihənin səmərəliliyi və effektivliyini nəzərə alaraq təşkilatımızın Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yaxından əməkdaşlıq edən, ASAN idarəçiliyin təşviqini ən mükəmməl səviyyədə həyata keçirən və inzibatçılıqda vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə qurulmasını təmin edən yerli icra strukturları ilə regionlarda tədbirlər keçirmişik.
- Layihə çərçivəsində hansı rayonlarda tədbirlər keçiribsiz?
-Layihə çərçivəsində ilk tədbirimiz İsmayıllıda oldu. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına dair təşəbbüslərdə ASAN idarəçiliyin təbliği layihəsinin əsas mahiyyəti barədə məlumat verildi.
Bu mövzuda daha bir tədbirimiz Qəbələ rayonunda baş tutdu. Tədbirdə Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi kimi məsələlər müzakirə olundu. Hər iki tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, korrupsiyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətlər də aparıldı.
-Elektron vasitələrin tətbiqi korrupsiyanın qarşısının alınmasına nə dərəcədə kömək olur?
-Korrupsiya özü özlüyündə ictimai-sosial bir bəladır və onun qarşısının alınması istiqamətində ölkəmizdə beynəlxalq standartlara cavab verən hüquqi normativ baza yaradılıb, həmçinin lazımi infrastruktur bazası formalaşdırılıb. Ölkədə şəffaflığın artırılması və təmin olunması istiqamətində yeni yaradılmış xidmət sahələri, xüsusi olaraq “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, həmçinin Açıq Hökumətin Təşviqinə dair Dövlət Proqramı, Elektron hökumətin formalaşdırılması bu sahədə irəliləyişlərin olmasına gətirib çıxarıb. Artıq vətəndaşlar elektron resurslardan istifadə etməklə daha səmərəli və keyfiyyətli xidmət əldə edirlər. Bu da həm neqativ halların aradan qaldırılmasına gətirib çıxarır, həm də vətəndaşların dövlət idarəetmə mexanizmlərinə inam və etibarını möhkəmləndirir.
-İKT-nin tətbiqi Açıq hökumətin təşviqini hansı formada asanlaşdırır?
-İnformasiya kommunikasiya texnologiyaları və Açıq Hökumət anlayışları bir-birləri ilə sıx paralellik təşkil edən amillərdir. Elektron xidmətlərin bazasının genişliyi və resursların əlçatan olması yeni yaradılmış xidmət sahələrində vətəndaşlarımıza göstərilən xidmətləri asanlaşdırır. Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə səmərəli işlər həyata keçirilir. Artıq bu gün Azərbaycan öz intellektual məhsulu olan “ASAN xidmət” modelini beynəlxalq arenaya çıxarır və bir çox ölkələr bu modeli öyrənməyə və öz ölkələrinin idarəçiliyində tətbiq etməyə səy göstərirlər. Bu da ölkəmizin dövlət idarəçiliyi sahəsində yeni mexanizmlərin tətbiqi sahəsində dünya miqyasında qabaqcıl ölkələrdən olmasının göstəricisidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq
17.01.2017
Azərbaycan İKT üzrə regional mərkəzə çevrilir
16.01.2017
İnteraktiv dərslər məktəblilərə görkəmli şəxslərin həyatını geniş şəkildə öyrənməyə imkan verir
16.01.2017
“Hər bir təhsil işçisi öz peşə fəaliyyətində İKT vasitələrinin tətbiqi üzrə xüsusi hazırlıq keçməlidir”
13.01.2017
Data Mərkəzi region səviyyəsində kompleks İT xidmətləri göstərir

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info