ADPU-da imtahanların şəffaf keçirilməsi üçün xüsusi qərargah yaradılıb
Tarix: 28.12.2016 | Saat: 16:26:00 | E-mail | Çapa göndər
Qərargahın əlaqə telefonu bütün tələbələrə elan edilib və universitetin saytında yerləşdirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov Şura üzvlərini qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. 
Elmi Şuranın iclasında “Payız semestrinin imtahan sessiyasına hazırlıq barədə” Tədris işləri üzrə prorektor, professor Malik Cəbrayılov məlumat verib. Bildirib ki, 2016-2017-ci tədris ilinin payız semestrində ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyəəsində isə 34 ixtisas üzrə mütəxəssis hazırlığı davam etdirilir. Tədris prosesinin təşkili və həyata keçirilməsi ilə 8 fakültə, Magistratura və doktorantura şöbəsi, 40 kafedra məşğul olur. 2016-2017-ci tədris ilində ştatda olan professor-müəllim heyəti 726 nəfər təşkil etmişdir. Onlardan 76 nəfəri elmlər doktoru, 69 nəfəri professor, 243 nəfəri fəlsəfə doktoru, 250 nəfəri dosentdir. Yeni tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanğıcında bakalavriat səviyyəsində təhsil alan tələbələrin ümumi sayı 9782 nəfər, o cümlədən əyani təhsil forması üzrə 9099 nəfər, qiyabi təhsil forması üzrə 683 nəfər, magistratura səviyyəsində 810 nəfər, o cümlədən əyani təhsil forması üzrə 790 nəfər, qiyabi təhsil forması üzrə 20 nəfər olmuşdur. Ümumilikdə universitetin tələbə heyəti 10592 nəfərdir. Cari tədris ilində tədris prosesinin təşkilində mühüm istiqamətlərdən biri payız semestrinin imtahan sessiyasına hazırlıq olmuşdur. Belə ki, I tədris ilinə qəbul olunmuş tələbələrin kollokvium və semestr imtahanlarının yazılı şəkildə keçiriləcəyi onların qeydiyyatı dövründə elan edilmiş, fakültələrdə bu istiqamətdə tələbələrlə maarifləndirmə işləri aparılmışdır.
Test sualları ekspertizadan keçdikdən sonra İmtahan, Monitorinq və Qiymətləndirmə Şöbəsinə təhvil verilmiş və İKT mərkəzində uyğun proqrama yerləşdirilib. Testlərin hazırlanması noyabr ayının sonunadək yekunlaşdırılıb. Testlər İKT mərkəzində düz və səhv cavablar qarışdırıldıqdan sonra tələbələrə çatdırılmış və universitetin portalında yerləşdirilib. Eyni zamanda kafedralar imtahana düşən fənlərin proqramına uyğun sualları tərtib edərək oktyabr ayında tələbələrə, noyabr ayında isə İmtahan, Monitorinq və Qiymətləndirmə Şöbəsinə təqdim etmişlər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov dekabr ayının 7-də “2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə” əmr imzalayıb. Həmin əmrə əsasən tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə 8 nəfərdən ibarət Apelyasiya Komissiyası, eyni zamanda fakültələr və Magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılmışdır. Rektorun dekabrın 12-də imzaladığı digər əmrlə isə 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsi üçün imtahanların gedişində yarana biləcək neqativ halların qarşısının alınmasını, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərin operativ araşdırılmasını, vətəndaşların müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə 7 nəfərdən ibarət İmtahan qərargahı yaradılıb. İmtahan qərargahı ADPU-nun Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində 204 nömrəli otaqda fəaliyyət göstərir. İmtahan qərargahının telefon nömrəsi – 498-17-94. Qərargahın əlaqə telefonu bütün tələbələrə elan edilmiş və universitetin saytında yerləşdirilmişdir. Eyni zamanda İmtahan, Monitorinq və Qiymətləndirmə Şöbəsində imtahan sessiyası ilə bağlı rəy və təkliflər qutusu yerləşdirilmişdir. Universitet üzrə imtahan sessiyasına hazırlıqla bağlı əmrdə bilavasitə fakültə dekanlarının və kafedra müdirlərinin, digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilmişdir. İmtahan sessiyasının mütəşəkkil və şəffaf keçirilməsi üçün fakültə Elmi şuralarının geniş tərkibdə iclasları keçirilmişdir. 
Tədris işləri üzrə prorektor, professor M.Cəbrayılov həmçinin “ADPU-nun Tədris-Metodika Şurasının Əsasnaməsinin təsdiqi barədə” də çıxış edib. Bildirib ki, bu Əsasnamə ADPU-nun Tədris-Metodika Şurasının (TMŞ) səlahiyyətlərini, vəzifələrini və iş qaydalarını müəyyənləşdirir. TMŞ ADPU-da tədris-tərbiyə prosesinin keyfiyyətini və onun elmi-metodiki təminatını yüksəltməyə xidmət edən, daimi fəaliyyət göstərən, kollegial, istiqamətverici məşvərətci orqandır. TMŞ-ın tərkibi və sədri universitet tərəfindən açıq səsvermə qaydasında sadə səs çoxluğu yolu ilə universitetin yüksəkixtisaslı müəllimləri arasından seçilir və rektorun əmri ilə təsdiq edilir. TMŞ öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Qanuna, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na, Təhsil Nazirliyinin əmrlərinə və kollegiya qərarlarına, ADPU-nun Nizamnaməsinə, Elmi Şuranın və rektorun qərar və əmrlərinə, həmçinin bu Əsasnaməyə əsaslanır. TMŞ-nın səlahiyyət müddəti 3 ildir. 
Elmi Şura Tədris işləri üzrə prorektor, professor M.Cəbrayılovun hesabatını və TMŞ-nin Əsasnaməsini qəbul edib.
“2016-cı ildə ADPU-nun elmi və elmi-təşkilati fəaliyyəti barədə” hesabatla və “ADPU-nun dövri elmi jurnallarının təqdimatı ilə” Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxış edib. Qeyd edib ki, danılmaz həqiqətdir ki, XXI əsrin problemlərinin həlli üçün istənilən cəmiyyətdə yeniləşmiş ali təhsil zəruridir. Elə ali təhsil ki, onsuz heç bir xalqın, millətin və dövlətin nə mədəni, nə sosial, nə də texniki inkişafı mümkündür. Son illər inkişaf etmiş dünya dövlətlərində elm və təhsilin bir-biri ilə əlaqələndirilməsinə və hər iki sahənin innovasiyaların tətbiqi yolu ilə paralel şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Elm–təhsil–innovasiya üçbucağının eyni bir müstəviyə gətirilməsi və balanslı şəkildə inkişaf etdirilməsi, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə son illər ADPU-da da bir sıra islahatlar aparılır. 2016-cı ildə belə islahatlar daha geniş vüsət almışdır. İl ərzində universitetin alimlərinin müəllifliyi ilə 1200-dən çox elmi əsər çap olunub. Alimlərimiz tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələrindən 13-ü AMEA-nın illik hesabatına mühüm elmi nəticə kimi təqdim edilmişdir. 4 əməkdaşımız elmlər doktorluğu,11 əməkdaşımız fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş, 1 nəfər professor, 3 nəfər dosent elmi adı almışdır. Tomson Reuter, Scopus tərəfindən indekslənən və impakt-faktorlu jurnallarda 41 elmi məqalə çap olunmuşdur. İl ərzində 20-dən çox beynəlxalq, respublika və universitet səviyyəli elmi konfranslar təşkil edilmişdir: Humanist pedaqogika üzrə II beynəlxalq elmi konfrans, “Heydər Əliyev ideyaları işığında inkişaf edən və yüksələn Azərbaycan”, “Nəzəri və tətbiqi riyaziyyatın aktual məsələləri”, “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu”, “Təhsildə psixoloji xidmət: reallıqlar, perspektivlər”, “Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və adaptasiyası” və sair mövzularda Respublika elmi konfransları təşkil olunmuş və bir sıra konfransların materialları toplu şəklində nəşr edilmişdir. ADPU-nun mütəxəssislərindən 1 nəfər impakt –faktor göstəricili “Меxаника композитныx матеpиалов” (Mechanics of Composite Materials), 12 nəfər digər nüfuzlu xarici jurnalların redaksiya heyətində təmsil olunur. ADPU-da 1 Dissertasiya Şurası fəaliyyyət göstərir. 15 əməkdaşımız digər dissertasiya şuralarında və Ali Attestasiya Komissiyasının ekspert şuralarında fəaliyyət göstərir. 2016-cı ildən nəşr edilən 6 dövri elmi jurnalımız AAK-ın dövri elmi nəşrləri sırasına daxil edilmişdir: “Pedaqoji Universitetin Xəbərləri”( Riyaziyyat və təbiət elmləri seriyası; Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası), “Fizika, riyaziyyat və informatika tədrisi”, “Tarix, insan və cəmiyyət”, “Təhsildə İKT”, “Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri”. Eyni zamanda universitetdə “Gənc müəllim“ və “Psixoloq” qəzetləri də nəşr edilir.
Elmi Şura professor Asəf Zamanovun hesabatını və təqdimatını qəbul edib.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxış edərək kollokviumların gedişi və nəticələri, eləcə də imtahanlara hazırlıq barədə məlumat verib, Kompüter Mərkəzinin texniki imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.
Elmi Şuranın iclasında “2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq haqqında” qərar qəbul edilib. Qərarda Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin, fakültə dekanlarının, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktorunun tədrisin keyfiyyətini yüksəltmək üçün aparılan işləri bundan sonra da davam etdirmələri, həmçinin universitetdə kafedraların sayının optimallaşdırılması, kafedraların yüksəkixtisaslı kadrlarla təminatı, maddi-texniki təchizatın yaxşılaşdırılması, tələbələrin sərbəst və müstəqil işlərinin səmərəliyinin yüksəldilməsinin diqqət mərkəzində saxlanılması, eləcə də Apelyasiya Komissiyasının hər bir müraciətə həssas yanaşması, daxil olan ərizə və şikayətlərin operativ araşdırılmasını təmin etməsi, filial direktorlarının filialların kafedralarının ADPU-nun kafedralarına inteqrasiyasını təmin etmələri, habelə imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə məlumat verilməsi öz əksini tapmışdır.
İclasda ADPU-nun Ağcabədi Filialının direktoru, dosent Mətanət Fərzəliyeva, Şamaxı Filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova, Cəlilabad Filialının direktoru, dosent Xudayar Sultanlı, Quba Filialının direktoru, professor Əli Allahverdiyev, Şəki Filialının direktoru, riyaziyyat elmləri doktoru Rafiq Rasulov çıxış edərək payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər. 





 
Bölməyə aid digər xəbərlər
19.01.2017
Bakıda qeydə alınmış cinayətlərin böyük əksəriyyəti mülkiyyət əleyhinə olub
19.01.2017
“Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib
19.01.2017
Bakı Atatürk Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2017
“Dünya İqtisadi Forumunun siyasi və iqtisadi dividendləri Azərbaycan üçün çox vacibdir”
19.01.2017
20 Yanvar-istiqlal mübarizəmizin faciə və qəhrəmanlıq səhifəsi

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5193

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Azərbaycan nefti kəskin bahalaşıb
4 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
5 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info