Antverpen miqrantlar və brilyantlar şəhəridir
Tarix: 30.12.2016 | Saat: 14:43:00 | E-mail | Çapa göndər
Belçikanın paytaxtı Antverpenə ilk dəfə gələn naşı turistlər, yəqin ki, burada mərkəzi meydanı və kafedral kilsəsi olan, heç bir hadisənin baş vermədiyi maraqsız və yuxulu şəhərcik görəcəklərini düşünürlər. Amma dünya üzrə brilyant cilalanması və satışı mərkəzinə, Avropanın ikinci ən böyük liman şəhərinə, müasir incəsənət və moda məkanına düşdüklərini görəndə mat-məəttəl qalırlar. Antverpen heyrətləndirməyi bacarır. Dünyanın ən gözəl vağzallarından biri və Avropanın ən qocaman zooparklarından biri Antverpendə - Avropanın bu ən çoxmillətli şəhərlərindən birində yerləşir. Flandriyaya səyahətimizin başlandığı Antverpendə olduğumuz müddətdə “ən” epitetini tez-tez eşitdik. Amma gəlin hər şey haqqında növbə ilə danışaq!
Flamand xarakteri, vağzal-muzey və qatarda səhər yeməyi
Əvvəlcə bir qədər tarixə müraciət edək. Bir dövlət kimi Belçika nisbətən yaxın vaxtlarda – 1830-cu ildə yaranıb. Müxtəlif dövrlərdə onun ərazisi gah İspaniyanın, gah Fransanın, gah da Niderlandın tərkibində olub. Sonra inqilab baş verib və Belçika Krallığı yaranıb. Belə təlatümlü keçmiş izsiz ötüşməyib. Bu gün Belçika üç regiondan - ölkənin şimalında yerləşən Flandriyadan - burada Niderland dilində danışırlar, cənubunda yerləşən Valloniyadan - burada fransız dili dəbdədir və əhalisi iki dildə danışan paytaxt Brüsseldən ibarət çoxmillətli dövlətdir. Bir də Valloniyanın şərqində alman dilində danışan nisbətən kiçik icma yaşayır.
Əhalisinin özünü flamand adlandırdığı Flandriya Belçika ərazisinin təqribən 60 faizini əhatə edən böyük regiondur. Brüsseldən sonra ölkənin ikinci şəhəri olan Antverpen də Flandriya regionundadır. İndi bütün bu nüansları bildikdən sonra flamandın, xüsusən Antverpen sakininin mədəni simasını təsəvvür etmək sizin üçün çətin olmayacaq. Dil və ənənələrin bir-birinə qaynayıb-qarışması, müxtəlif xalqlarla dinc yanaşı yaşamağın labüdlüyü sayəsində başqa mədəniyyətlərə yüksək dözümlülüyü ilə seçilən geniş dünyagörüşlü insanlar yetişib. Bu keyfiyyətlər əsrlər boyu yadelli tacirləri cəlb edən liman şəhərinin sakinləri olan antverpenlilərdə daha parlaq təzahür edir. Hazırda 500 mindən bir qədər çox əhalisi olan şəhərin az qala yarısını dünyanın müxtəlif ölkələrindən gəlmələr təşkil edir. Ümumiyyətlə, Antverpendə 173 millətin nümayəndəsi yaşayır. Burada böyük Çin məhəlləsi, yəhudilərin, ərəblərin yaşadıqları rayonlar və digər etnik rayonlar var. Onlar mahiyyətcə kosmopolit olan bu şəhərdə dinc yanaşı yaşayırlar.
Biz Antverpenə qatarla Parisdən gəldik. Dünyanın ən populyar turizm şəhərindən sonra düşünürdük ki, Antverpen çətin ki, bizi heyrətləndirə bilsin. Amma daha çox kral sarayına bənzəyən mərkəzi şəhər vağzalının perronuna qədəm qoyan kimi bütün əndişələrimiz yox oldu. Sonradan bələdçi də bizə danışdı ki, bu binanın tikintisində istifadə edilən mərmər və daş Flandriyada yerləşən və Fransada Versal sarayının tikintisi üçün materiallar göndərən eyni daş karxanasındandır. Vağzalın dəmir örtüsünün metal konstruksiyası Eyfel qülləsinin tikintisində iştirak edən manufakturada istehsal olunub.
Şəhər sakinləri taxtadan olan köhnə Şərq stansiyasının yerində inşa edilmiş Antverpen Mərkəzi Vağzalını indiki görkəmində 1905-ci ildə görüblər. Vağzal dərhal dünyanın ən gözəl vağzalları siyahısında öz yerini tutub. Təsadüfü deyil ki, bura muzey kimi ekskursiya təşkil edirlər. Baxmalı-görməli çox şey var. İnteryerləri ar-nuvo üslubunda işlənmiş əzəmətli binanı 70 metr hündürlüyündə çox gözəl günbəz müvəffəqiyyətlə tamamlayır. Perrorların üstündə şüşə və poladdan dam örtüyü orijinallığı ilə heyrətləndirir.
Azərbaycanda sərnişin daşımalarında aparıcı yeri qatarlar tutmur. Çoxumuz avtobus nəqliyyatına üstünlük veririk, halbuki Avropa dəmir yolu istər dövlətlər arasında, istərsə də konkret ölkənin hüdudlarında – regionlar, şəhərlər və qəsəbələr arasında geniş yayılmış nəqliyyat vasitəsidir. Bunun bir neçə səbəbi var. Avropada dəmir yolu vağzalları aeroportlar kimi şəhərin kənarında deyil, adətən onun mərkəzində yerləşir. Bu da vaxta qənaət etməyə imkan verir. Avropada qatarlar rahat və səssiz olduğu qədər də sürətlidir. Hər bir vaqon rahat kreslolar, siyirtmə masalar, tualet, kupe-restoranlarla təchiz edilib. “Ekonom klass”, “biznes klass” və s. kateqoriyalar üzrə xidmət göstərilir. Məsələn, Parisdən Antverpenə “Thalys” operatorunun sürət qatarında birinci dərəcəli vaqonda gedirdik. Təqribən iki saatlıq yol idi. Qatar saatda 300 kilometr sürətlə gedirdi. Ən maraqlısı da budur ki, qatarda lap təyyarədə olduğu kimi yemək verildiyini ilk dəfə görürdük. Bizə səhər yeməyi və isti içkilər verdilər. Nəzərə alsaq ki, səhər reysi idi və biz də macal tapıb yeməmişdik, bu xidmət lap yerinə düşdü.
Qatarların hərəkət cədvəli çox çevikdir. Onlar gecə-gündüz işləyir və münasib reysi tapmaq asandır. Qatarlar düz vaxtında yola düşür. Özü də, məsələn, təyyarə və ya avtobusla müqayisədə sərnişinlərin daha çox baqaj aparmaq imkanı var. Bunu sizə nə üçün deyirik? Çünki indi bütün Avropada dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətində Azərbaycan nümayəndəliyi (SI Travel & Luxury) fəaliyyət göstərir! Bu isə o deməkdir ki, turistlərimiz Avropa qatarlarına biletləri Bakıdakı turizm agentliklərindən qabaqcadan alıb onların haqqını manatla ödəyə bilərlər. Qeyd edək ki, biletləri vağzallarda reysqabağı almaqla müqayisədə qabaqcadan almaq onların qiymətində xeyli qənaət etməyə imkan verir.
Qrote Markt, gildiya evləri və qəzəbli nəhəng
Antverpenlə tanışlığa bələdçinin müşayiəti ilə bu qədim şəhərdə gəzintidən başladıq. Burada çoxlu maraqlı yerlər cəmləşib.
Şəhərin mərkəzində piyadaların hərəkət etdiyi Meyr küçəsi bizim xalq arasında Torqovaya adlandırılan Nizami küçəsini və Fəvvarələr meydanını çox xatırladır: arxitektura əhəmiyyəti olan eyni klassik binalar, mağazalar, fəvvarələr, abidələr, kafe və restoranlar və tələsmədən gəzişən insanlar.
Çətinliklə tələffüz olunan “Stadsfeestzaal” adlanan kiçik ticarət mərkəzi Meyr küçəsinin əsas görməli yerlərindəndir. Bu ticarət mərkəzi 1908-ci ildə neoklassisizm üslubunda inşa edilmiş binada yerləşir. İçəri girənləri qızılla işlənmiş və yapma üsulu ilə çox gözəl bəzədilmiş xollun zəngin tərtibatı, mərmər sütunları və zərif balyustradaları (bəzəkli məhəccərlər) valeh edir.
1931-ci ildə inşa edilmiş Avropada ilk göydələn Meyr küçəsinin daha bir diqqətəlayiq tikilisidir. Vaxtilə fermerlərə kredit verən bank bu binanın əsas icarədarı olduğu uçub onu Fermer qülləsi də adlandırırlar.
Tezliklə biz Antverpenin Qrote Markt adlanan mərkəzi meydanına çıxdıq. Qrote Markt flamand dilindən tərcümədə “bazar meydanı” deməkdir. Bu meydan XVI-XVII əsrlərdə buralarda ticarətin inkişafı ilə əlaqədar şəhərin rifahının artdığını xatırladır. Meydanda müxtəlif gildiyalara məxsus olan, qızıl heykəllərlə bəzədilmiş təmtəraqlı evləri görmək olar. Arbaletçilər evi ən dəbdəbəli və hündür gildiya binasıdır. Onun damını məğlub edilmiş əjdahanı nizəsi ilə dələn atlının qızıl suyuna çəkilmiş heykəli bəzəyir. Üçbucaq formasında pilləli dam örtüyü olan bu ensiz hündür evlər Amsterdam üçün tipik olan binalara çox oxşayır. Bələdçimizin sözlərinə görə, bu arxitektura ənənəsi Flandriyada yaranıb və buradan Hollandiyaya keçib.
Gildiya evlərinin yeri təsadüfən seçilməyib. Bazar meydanı Şelda çayının yaxınlığında yerləşir. Şimal dənizinə tökülən Şelda çayının mənsəbi II və III əsrlərdə burada məskunlaşan qədim romalılar üçün strateji əhəmiyyət daşıyıb. Vaxt keçdikcə çayın əhəmiyyəti artıb. XIII əsrdə burada Şelda çayına nəzarət etməyə imkan verən Antverpen qalası - Divarlar qəsri (Burg Steen) inşa edilib. Hazırda bu koloritli qəsrdə Milli Dənizçilik Muzeyi yerləşir. Qəsrin girəcəyində qonaqları Antverpen folklorunun personajlarından birinin - Uzun Vapperin abidəsi qarşılayır. Əfsanəyə görə, Uzun Vapper adlı nəhəng Antverpendə yaşayıb və şəhər sakinlərini qorxu içində saxlayıb.
Ümumiyyətlə, görünür, nəhənglər antverpenlilərin xalq yaradıcılığında sevimli mövzudur. Qrote Markt meydanının mərkəzində, renessans üslubunda olan ratuşa binasının qarşısında Antverpenin rəmzi - mifik qəhrəman Silvio Brabonun tunc abidəsi ilə tamamlanmış Brabo fəvvarəsi göz oxşayır. Rəvayətə görə, qədim zamanlarda bu yerlərdə Antiqon adlı qəzəbli nəhəng yaşayırmış. O, çox tamahkar imiş və limana girmək üçün şkiperlərdən çoxlu bac-xərac alırmış. Ödəyə bilməyənlərin əlini kəsib Şelda çayına atırmış. Silvio Brabo adlı cəsur romalı döyüşçünün xərac verməkdən imtina etdiyi vaxta qədər vəziyyət belə davam edir. S.Brabo nəhəngə qalib gəlir, onun əlini kəsir və Şelda çayına atır. O vaxtdan şəhər Antverpen adlanır. Antverpen sözü “əl” və “atmaq” sözlərindən yaranıb. S.Brabonun abidəsi Antverpen sakinləri üçün şəhərin vizit kartıdır. Suvenirlərin hazırlanmasında əl rəmzindən geniş istifadə olunur. Hətta “Antverpen əlləri” adlanan firma peçenyeləri də var.
“Antverpen altılığı” və Moda Muzeyi
Qeyd etdiyimiz kimi, antverpenlilər orijinal təfəkkür tərzi ilə seçilirlər. Təsadüf deyildir ki, bu şəhəri müasir incəsənətin və avanqard modanın mərkəzi sayırlar. Şəhərin tarixi hissəsində butiklər düzülmüş yeddi xüsusi ticarət zonası var. Butiklərdə Belçika dizaynerlərinin vintajdan tutmuş ultramüasirədək müxtəlif üslublarda əsərləri təqdim edilir. Antverpen hələ 1980-ci illərdə dünyada məşhurlaşan “Antverpen altılığı”nın üzvləri - Valter van Beyrendonk, Ann Demyolemeyester, Dris van Noten, Dirk van Sane, Dirk Bikkemberqs və Marina Ye ilə haqlı olaraq fəxr edir.
Antverpen dizaynerləri bu gün də moda dünyasına təsir göstərməyə davam edirlər. Raf Simons, Kaat Tilli, Anna Heylen, Tim van Steyenberqin adları çoxlarına tanışdır. Bu dizaynerlər Antverpendə təhsil alıblar. Burada onların atelyeləri, salonları və butikləri var. Maraqlıdır ki, Antverpendə uşaq modasına həsr olunmuş çoxlu mağazalar yerləşir. Bu mağazalarda beşikdən tutmuş yeniyetmə çağınadək gənc nəslin nümayəndələri üçün dizayner əşyaları satılır.
Antverpendə Flamand Moda İnstitutu, Kral Tətbiqi Sənət Akademiyasının moda departamenti, habelə MoMu Moda Muzeyi fəaliyyət göstərir. Muzeyin təqribən 250 min modeldən ibarət kolleksiyası var. Ekspozisiya hər yarım ildən bir yenilənir. Özü də bütün bu strukturlar “ModeNatie” adlanan böyük bir kompleksdə yerləşir.
Antverpendə birinci günümüz çox maraqlı keçdi. Amma biz bu şəhəri şöhrətləndirən mədəni sərvətlərin çox az qismini görə bildik. Ertəsi gün MAS Muzey Kompleksinə getmək, buradan şəhərə gözəl mənzərə açılır, dünyada ən qədim çap dəzgahını öz gözümüzlə görmək, Antverpenin brilyant məhəlləsində olmaq və məşhur rəssam Piter Rubensin yaradıcılığı ilə tanış olmaq niyyətindəyik. Bu barədə və bir çox digər məsələlərdən söhbətimizin yekun hissəsində danışacağıq.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
İstanbul universitetlərində 20 Yanvar faciəsini əks etdirən sərgilər təşkil olunub
19.01.2017
Obama vidalaşdı: “Tramp Yaxın Şərqdə olduqca ehtiyatlı davranmalıdır”
19.01.2017
Si Cinpin: “BMT qlobal idarəetmədə əsas rol oynamalıdır”
19.01.2017
“Ötən il hər ay ərzində 500-dək kiberhücum dəf edilib”
19.01.2017
Putin sülh mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5217

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 Yapon məktəblilərindən məktublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info