“Bundan sonra Naxçıvana çox sayda iranlı turist gələcək”
Tarix: 05.01.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq qatarının ilk sərnişinləri yaradılan şəraitdən razılıq edirlər

Ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikasının sakinləri üçün əlamətdar bir hadisə baş verdi. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başladı. Sakinlər üçün əsl bayram hədiyyəsi olan bu qatarın fəaliyyətə başlaması Azərbaycan ilə İran arasında əlaqələrin inkişafının bir göstəricisi olmaqla yanaşı, eyni zamanda, xalqlar arasında yaxın münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. Belə ki, qatarın fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq yeni mərhələdə genişlənəcək. Bu, xüsusilə, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi və turizm əlaqələrinin inkişafında mühüm rol oynayacaq, səmərəli əməkdaşlıq qurulacaq. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı ilə 57 sərnişin ötən il dekabrın 29-da Naxçıvan şəhərindən yola düşdü. Yanvarın 3-də isə onlardan bəziləri ilə yanaşı, Məşhəddən, Tehrandan, Təbrizdən olan sərnişinlər həmin qatarla Naxçıvan Muxtar Respublikasına gəldilər. Sərnişinləri qarşılamaq və onların səfər təəssüratlarını öyrənmək məqsədilə Naxçıvan şəhərindəki dəmir yolu vağzalına yollandıq. Yenidən bərpa edilən, daha doğrusu, mükəmməl şəkildə yenidən qurulan vağzal binasına baxdıqca ötən günləri xatırladım. Bir vaxtlar Naxçıvan dəmiryolu vağzalı ən səsli-küylü yerlərdən biri sayılırdı. Çünki keçmiş Sovet İttifaqı dönəmində paytaxt Bakıya və ittifaqın digər şəhərlərinə getmək istəyən naxçıvanlıların ən sıx istifadə etdiyi nəqliyyat növlərindən biri də sərnişin qatarları idi. Bədnam qonşularımızın təcavüzkar siyasəti bütün sahələrlə yanaşı, dəmir yolu nəqliyyatına da öz sarsıdıcı zərbəsini vurdu. 1990-cı illərin əvvəllərində bütün kommunikasiya xətləri ilə birlikdə, paytaxta doğru uzanan dəmir yolu xətti də bağlandı. Naxçıvan blokada vəziyyətinə salındı. Lakin ötən illər ərzində Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində muxtar diyarımız bütün çətinlikləri bir-bir dəf etdi. Naxçıvanın hərbi, ərzaq, enerji təhlükəsizliyi təmin edildi, xarici ticarət əlaqələri yaradıldı, informasiya blokadası darmadağın edildi. İndi isə növbə dəmir yolu nəqliyyatına çatmışdı. Bu gün Naxçıvan Muxtar Respublikasının dəmir yolları şəbəkəsi İran İslam Respublikasının dəmir yolu xətlərinə qoşulmaqla daha geniş areala açılmaq imkanı əldə edib. Gələcəkdə qardaş Türkiyə Respublikası ilə birgə tikintisi planlaşdırılan Naxçıvan-Qars dəmir yolu xətti reallaşdığı təqdirdə isə regionda İpək Yolu yenidən canlanacaq və dəmir yolu nəqliyyatı, necə deyərlər, özünün qızıl dövrünə qədəm qoyacaq. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fit səsi məni xəyallardan ayırır. Ətrafda nəzərəçarpacaq canlanma yaranmışdı. Əvvəlki illərdə olduğu kimi, doğmalarını qarşılamağa gələnlərin sayı hər dəqiqə artırdı. Hər kəs həyəcanla gözləyirdi. Qatar yavaş-yavaş sərnişin platformasına yan alır. Sərnişinlər onları qarşılamağa gələnlərlə görüşürlər. Biz də yaxınlaşıb qatarın ilk sərnişinlərindən səfər təəssüratlarını soruşuruq. Muxtar respublikanın Babək rayonunun Babək qəsəbəsindən olan Rza İsmayılov deyir: “Mən 4-cü dəfədir, Məşhədə gedirəm. Tam səmimi deyirəm ki, indiyədək hələ bu cür rahat şəkildə getməmişdim. Əvvəllər avtobuslarla gedirdik. Həqiqətən də yol əziyyətli olurdu. İndi isə çox rahat getdim. Qayıdanda da yol rahat oldu. Bilirsiniz, qatarla səyahət etmək çox maraqlıdır. Yol boyu pəncərədən keçdiyimiz yerlərə baxmışam. Rahatlığımız tam təmin edildiyinə görə, heç bir problemimiz olmadı. Bu, dövlətimizin bizə göstərdiyi çox böyük qayğının nəticəsidir. Buna görə də dövlətimizin başçısına səmimi qəlbdən minnətdarlıq edirəm”. Bu məqamda həmin rayondan olan Gövhər İsmayılova da söhbətə qoşulur: “Gözəl şəraitə malik qatarla Məşhədə yola düşdüyümüz üçün sevinirəm. Allah bütün arzusunda olanlara qismət etsin.. Mən ziyarətdə olarkən bizə bu şəraiti yaradanlara, xüsusən, dövlətimizin başçısına dua etdim. Bu, dövlətin vətəndaşlarına göstərdiyi diqqətin, qayğının ən bariz nümunəsidir. Bundan sonra bu qatarla hər kəs İrana çox rahat şəkildə gedə biləcək. Oradan da çoxsaylı turist Naxçıvana gələcək. Çünki Naxçıvanda çox gözəl ziyarətgahlarımız, gəzməli-görməli yerlərimiz var. Təkcə Əshabi-Kəhfi, imamzadələri qeyd etmək kifayətdir. İranda insanlarla söhbət edərkən, onlar da bu qatarla Naxçıvana ziyarətə gəlmək arzusunda olduqlarını deyirdilər. İnşallah, qarşılıqlı gəliş-gedişlərimiz artacaq. Dövlətimizin qayğısı nəticəsində insanlar bundan sonra da bu qatarla istədikləri yerə gedəcəklər. İnşallah, gələcəkdə Naxçıvan-Bakı qatarı da açılar. Biz də paytaxt Bakımıza qatarla yola düşərik”. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı ilə Naxçıvana gələnlər arasında iranlı turistlər də vardı. Onlardan birinə yaxınlaşırıq. Öyrənirik ki, Hadi Qasimi qonşu ölkənin Məşhəd şəhərinin sakinidir. O, sərnişin qatarının fəaliyyətə başlamasını mətbuatdan öyrənib və qərara alıb ki, bu qatarla qədim Naxçıvana səyahət etsin. Hadi Qasimi deyir: “Çox şadam ki, Azərbaycanın qədim guşəsi olan Naxçıvan gəlmişəm. Bu qatarın sərnişinlərini də təbrik edirəm ki, onlar tarixi bir hadisənin ilk şahidləridirlər. Qatarda hər cür şərait yaradılıb. Burada sərnişinlər üçün restoran fəaliyyət göstərir, televizor qoyulub. Biz sərnişinlərin rahatlığı üçün yaradılan bu şərait məni çox sevindirdi. Bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm”. Məşhəd şəhərinin sakini onu da qeyd etdi ki, sərnişin qatarının fəaliyyətə başlaması gediş-gəlişi daha da artıracaq. “Naxçıvan bizim üçün doğma diyardır. Burada çoxsaylı gözəl ziyarətgahların olduğunu bilirik. Hər kəs istəyər ki, Naxçıvana gəlsin və həmin ziyarətgahları ziyarət etsin. Naxçıvanın həm təbiəti, həm də infrastrukturu çox gözəldir. Biz buna sevinirik. İnanıram ki, bundan sonra Naxçıvana çox sayda iranlı turist gələcək”, – deyə Hadi Qasimi vurğuladı. Sərnişinlərin qatarda yaradılan şərait barədə dedikləri diqqətimi cəlb etdi. Vaqonlara yaxınlaşdım ki, buradakı şəraitlə yerindəcə tanış olum. Həqiqətən də, 3 ədəd müasirtipli sərnişin vaqonunun hər birində mükəmməl şərait yaradılıb. Hər biri kupe tipli vaqon 36 yerlikdir. Ümumilikdə, 108 nəfər sərnişin üçün nəzərdə tutulan vaqonlar istilik və soyutma sistemləri ilə təchiz edilib. Yəni sərnişinlərin rahatlığı üçün burada hər cür şərait var. Qiymətlər də münasibdir. Ümumi uzunluğu 1858 kilometr olan Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolunda Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı (68,80 manat) təşkil edir. 196 kilometr olan Naxçıvan-Təbriz xətti ilə səyahət etmək istəyənlər isə 4,22 İsveçrə frankı (7,40 manat) ödəməlidir. Gediş haqqı tarifinə ağ yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir. Marşrut üzrə sərnişin biletlərinin satışını onlayn, Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan adi qaydada, eyni zamanda, İran İslam Respublikasının Culfa, Təbriz, Tehran və Məşhəd şəhərlərinə qədər və əks-istiqamətdə əldə etmək mümkündür. Sərnişin qatarı Naxçıvan şəhərindən həftədə iki dəfə, 4-cü və bazar günləri səhər saat 6:54-də hərəkət edəcək və il ərzində 12 min sərnişin daşınacaq. Məşhəd şəhərinədək yolda hərəkət müddəti, təqribən 30 saatdır. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Naxçıvan dəmir yolu vağzalından xoş təəssüratlarla ayrılırıq. Həm də sevinirik ki, Naxçıvanda biz müstəqillik tariximizdə bir ilkə şahidlik etdik. Bəli, ilk dəfədir ki, blokada vəziyyətində olan diyarımızda beynəlxalq sərnişin qatarı fəaliyyət göstərir. Gələcəkdə İran və Azərbaycan arasında dəmir yolu şəbəkəsinin birləşdirilməsi prosesi istiqamətində işlər başa çatdıqdan, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra biz daha böyük uğurların şahidi olacağıq. Bu mənada qarşıdakı illər nəqliyyat sektorunun sürətli inkişafı baxımından respublikamız, o cümlədən qonşu ölkələr üçün böyük ümidlər, gələcək vəd edir. Bundan Naxçıvan Muxtar Respublikasına da pay düşəcəyinə heç bir şübhəm yoxdur.
Rauf Əliyev




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
Naxçıvan sakinlərinə səyyar xidmət göstərilib
18.08.2017
Qazaxda tütün əkilən sahələr 100 hektaradək genişləndiriləcək
17.08.2017
Xaçmazda modul tipli məktəb binaları quraşdırılır
17.08.2017
Qazaxda Qaratel Hacımahmudovanın xatirəsi anılıb
17.08.2017
Naxçıvan əhalisinin sayı açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7152

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info