İKT və kosmik sənayenin inkişafı
Tarix: 05.01.2017 | Saat: 20:37:00 | E-mail | Çapa göndər
Yüksək texnologiyaların tətbiq olunması və ölkədə kosmik sənayenin yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilir

Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. İnformasiya kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilib.

Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT və kosmik sənayenin inkişafı ilə bağlı məsələlərə toxunacağıq. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanda yüksək texnologiyaların tətbiq olunması və ölkədə kosmik sənayenin yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması, kosmik sənayenin yaradılması və inkişafı, kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı superkompüter mərkəzinin yaradılması, kadrların hazırlanması vacibdir. Eyni zamanda kosmik sənaye və informasiya texnologiyalarının nanotexnologiyalardan geniş istifadə etməklə inkişafı və bu sahədə hüquqi bazanı təkmilləşdirərək yeni normativ hüquqi aktların qəbulu nəzərdə tutulur.

Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir

Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları operativ şəkildə əldə etməyə, aerokosmik laboratoriyalar isə komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verəcək, Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və sahə üzrə dəyişikliklər nəzərə alınmaqla, sonrakı mərhələlər üçün tədbirlər müəyyənləşdiriləcək. Qeyd edək ki, XX əsrin 60-70-ci illərində orbitə çıxarılan peyklər, əsasən, rabitə və analoq teleradio yayımı üçün istifadə olunurdusa, 80-ci illərdə yeni VSAT (kiçikölçülü peyk terminalı) texnologiyasının yaranması lokal, şəhərlərarası və beynəlxalq rabitənin daha geniş ərazilərdə inkişafına böyük təkan verib. 90-cı illərin sonundan etibarən isə peyk sistemlərinin tətbiqi dünyada daha keyfiyyətli və etibarlı rabitə sistemlərinin yaranmasına və rəqəmli teleradio yayım sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaradıb. 2000-ci ildən peyk resurslarına olan tələbat bu sahədə yeni texnologiyaların tətbiqini daha da sürətləndirib. Telekommunikasiya peyklərinin əsas hissəsi geostasionar orbitdə yerləşdirilib. Hazırda 30-dan çox ölkə belə peyklərə malikdir. Peyk rabitəsindən əldə olunan gəlir 1996-cı ildə 16 milyard ABŞ dolları təşkil edirdisə, 2002-ci ildə bu rəqəm 50 milyard ABŞ dollarına, hazırda isə 100 milyard ABŞ dollarını ötüb. Növbəti 15 il üçün peyk tutumlarına yaranacaq tələbatın 1700 Mbs. təşkil edəcəyi proqnozlaşdırılır. Respublikada beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Respublikanın ərazi relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğunu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyünü nəzərə alsaq, gələcəkdə bu xidmətə olan tələbatın daha da artacağı gözlənilir.

Kosmik sənaye sahəsində istehsalın təşkili və idarə edilməsi
Respublikada kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı işlərinə1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin yaradılması ilə başlanılıb. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılmasına başlanılıb. Hazırda respublikada kosmik texnika və texnologiyaların yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə, müxtəlif tətbiqi məsələlərin həlli ilə bilavasitə məşğul olan Milli Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərir. Öz fəaliyyəti dövründə MAKA-da kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. MAKA-nın Kosmik Cihazqayırma Təcrübi Zavodunda hazırlanmış, rentgen və qamma şüalanmanın lokal mənbələrini aşkarlamağa imkan verən “PulsarX-1” spektrometri 15 ilə yaxın “Salyut-7” və “Mir” orbital komplekslərində fəaliyyət göstərərək, öz funksional imkanlarını müvəffəqiyyətlə nümayiş etdirib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı “İqtisadi Əməkdaşlıq Sazişi” çərçivəsində MAKA-nın Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosu və Rusiya Kosmik Cihazqayırma Elmi-Tədqiqat İnstitutu arasında bağlanılmış müqavilə əsasında UNİSCAN-24 Kosmik Məlumatların Qəbuledici Kompleksi 2007-ci ilin əvvəlində MAKA-da quraşdırılmışdır və hal-hazırda fəaliyyət göstərir. Qəbuledici kompleksə xidmət edən yüksək hazırlıqlı kadr potensialı formalaşmış, alınmış məlumatların sistemləşdirilməsi, arxivləşdirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi üçün mühüm tədbirlər görülüb. Kompleksin imkanlarının artırılması respublikanın torpaq-bitki obyektlərinin inventarlaşdırılmasında, metroloji məsələlərin həll edilməsində, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsində, yerüstü boru-kommunikasiya şəbəkələrinin monitorinqinin aparılmasında, rəqəmli elektron xəritələrin yaradılmasında və onların yeniləşdirilməsində, həmçinin bir sıra digər iqtisadi, strateji və müdafiə əhəmiyyətli məsələlərin həllində əvəzedilməz vasitə ola bilər. Respublikada olan mövcud kosmik sənaye kompleksi, kosmik məlumatın qəbulu və emalı üzrə texnologiyaların, bu sahədə fəaliyyət göstərən zavodlar, digər istehsal və təcrübə məntəqələrinin Dövlət Proqramı əsasında yenidən qurulması, ən yeni texnologiyaların mənimsənilməsi və yerli istehsalın təşkili sahənin yaradılması və inkişafında vacib istiqamətlər kimi nəzərdə tutulur. Bu sahədə 30 ildən artıq dövrdə əldə edilmiş potensialın təkmilləşdirilərək yenidən qurulması və inkişaf etdirilməsi proqramda xüsusi yer tutur. Telekommunikasiya peykinin idarə edilməsi, kosmik sənaye sahəsində istehsalın təşkili və idarə edilməsi, kosmik məlumatların qəbulu və emalı sahəsində ilk mərhələdə xaricdə, sonradan isə respublikada yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına proqramda əhəmiyyətli yer ayrılıb.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.02.2017
Dağlıq Qarabağın azərbaycanlı icması dünya birliyinə müraciət ünvanlayıb
23.02.2017
Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılır
22.02.2017
Xocalı soyqırımı beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır
21.02.2017
“Ermənilər Dağlıq Qarabağı separatizm və terror yuvasına çevirmişdilər”
20.02.2017
“Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5548

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info