Yaddaşlarda qalan ömür
Tarix: 06.01.2017 | Saat: 17:02:00 | E-mail | Çapa göndər
Müəllim adı müqəddəs və alidir. Hər kəs müəllim adına hörmətlə yanaşır. Cəmiyyət də hər zaman müəllimə yüksək qiymət verir. Ümummilli lider Heydər Əliyev deyib: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Müəllim bəşəriyyətin öyrədənidir. Dünya müəllimlər sayəsində tərəqqi tapır. Onlar öyrənərək, öyrədirlər. Ömrünü və əməyini cəmiyyətin maariflənməsinə həsr edən müəllimlər isə heç vaxt yaddan çıxmır. Zaman və tarix onları hər zaman xatırlayır. Belə müəllimlərdən biri də İnayət Əlisgəndərovdur. Ömrünü pedaqoji fəaliyyətə həsr edən İnayət müəllim kimi pedaqoqlar unudulmur, təkcə şagirdləri tərəfindən deyil, bütün cəmiyyət tərəfindən həmişə iftixarla xatırlanırlar.
Əlisgəndərov İnayət Mustafa oğlu 1930-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına daxil olub və universiteti 1952-ci ildə fərqlənmə diplomu ilə bitirib. Sonra təyinatla Bərdə rayonuna göndərilib və orada bir neçə il müəllim kimi fəaliyyət göstərərək, yenidən doğulduğu Qazax rayonuna geri qayıdıb. Daş Salahlı kəndi 1 saylı tam orta məktəbində riyaziyyat müəllimi kimi işini davam etdirib. Pedaqoji fəaliyyətində tək riyaziyyat fənnini yox, həmçinin fizika fənnini də tədris edib. Pedaqoji fəaliyyəti müddətində məktəb direktorunun müavini vəzifəsində də çalışıb.
Riyaziyyat, humanitar və sosial elmlərin bir çox sahəsində yazılmış elmi-tədqiqat işlərinin müəllifi olub. İnayət müəllim ensiklopedik biliyə sahib adam idi.
İnayət Əlisgəndərov tanınmış bir pedaqoq olması ilə yanaşı, gözəl bir ailə başçısı olub. 1961-ci ildə ailə həyatı qurub. Beş övladı var. Özü kimi övladları da dərin biliyə malikdir. Böyük oğlu Elşən Əlisgəndərov Bakı Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Daha sonra Rusiya Federasiyasının Dubna şəhərində Beynəlxalq Nüvə Tədqiqatlar İnustutunda elmlər namizədi adını qazanıb. Hazırda elmi işçi kimi fəaliyyətini davam etdirir. Digər övladı Elyar Əlisgəndərov isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Moskva Dövlət Universitetində elmi-pedaqoji fəaliyyət göstərib. Bir çox elmi məqalələrin müəllifidir.
Məqalə hazırlanarkən İnayət müəllimin kiçik oğlu Elşad Əlisgəndərovdan müsahibə aldıq: “Atam haqqında fikir və düşüncələrim olduqca çoxdur. Amma qısaca olaraq məlumat verə bilərəm ki, çox ağıllı və müdrik insan idi. Böyük səbri vardı. Yaşadığı həyat boyunca ancaq hamıya bilik və elm verməyə, imkanları zəif olanları irəli çəkməyə və onların uğurlarını görməyə can atırdı. Atam çox az ömür sürdü. Bu, bizim üçün, əlbəttə, böyük bir faciə idi. Bilmirəm, nədənsə, həmişə yaxşılar tez köçür dünyadan. Onun haqqında danışarkən, bilmirəm haradan başlayım, harada qurtarım. Atam bizi tərbiyə edərkən sanki baxışlarıyla hər şeyi ifadə edirdi. Tez-tez xarici səfərlərdə olurdu və iş qrafiki çox sıx idi. Buna baxmayaraq, işini bitirib evə gəldikdə yenə elmi işləri ilə məşğul olar, digər sahələrdən biliklər toplayar, müxtəlif kitablar oxuyar və rəsmlər çəkərdi. İşlərini vaxtlı-vaxtında edər və hər şeyə vaxt ayırardı. Bizim üçün atamızın həyatı boyunca qazandığı uğur, aldığı orden və medallar böyük bir fəxr idi. Təbii ki, buna layiq idi. Çünki səylə, dayanmadan çalışırdı. Atama hamı böyük hörmət edirdi. Hətta indi də adı çəkiləndə tanıyanlar onu böyük rəğbətlə anırlar. Bir dəfə qatarla Bakıya gedirdim. Həmin vaxtlar atam yenicə rəhmətə getmişdi. Qatarda iki nəfər kişi mənimlə yol yoldaşı oldu. Məndən xəbərsiz başladılar atamdan danışmağa. Özümü saxlaya bilməyib, onun oğlu olduğumu dedim. Çünki atam yenicə rəhmətə getmişdi. Onlar atam haqqında çox yaxşı sözlər danışdılar. Bu gün atamızın adını uca tuturuq və ona layiqli övlad olmağa çalışırıq”.
İnayət Əlisgəndərov elmi fəaliyyəti dövründə riyaziyyat fənni üzrə bir neçə kitab və məqalələr yazıb. Yazdığı kitablardan biri “Həndəsə məsələləri və onların həlləri” olub (Bu kitab Riyaziyyat müəlliminin kitabxanası seriyasından “Maarif” nəşriyyatı tərəfindən 1983-cü ildə nəşr olunub). İnayət Əlisgəndərov bir çox ölkədə elmi konfranslarda iştirak və məruzələr edib.
Əmək fəaliyyəti dövründə aşağıdakı təltiflərə layiq görülüb:
“Əməkdə fərqlənməyə görə” medalı ( 1976),
“Əmək veteranı” medalı (1980),
“Əməkdar elm xadimi”( 1982),
“Metodist müəllim”(1987),
“Əla təhsil”( 1989),
“Əla sərhədçilər”( 1977),
“Şərəf nişanı” (1988), “Uzun illərin vicdanlı işi üçün” ( 1980) və s.

İnayət Əlisgəndərov alim-pedaqoq olmaqla yanaşı, həm də gözəl rəssam idi. Rəssam müşahidə edən, sirli-sehirli təsvirləri yaradan insandır. Rəsmlərində bir riyaziyyatçı kimi hər şeyi dərinliklərinə qədər düzgün ölçüb- biçirdi. Ən böyük əsəri, üzərindən illər keçməsinə baxmayaraq, günümüzə qədər diqqəti cəlb edən, dahi söz sərrafımız, Azərbaycanın Xalq şairi Səməd Vurğunun portretidir. Həmin rəsm əsəri İnayət Əlisgəndərov və oğlu Elşad Əlisgəndərov tərəfindən çəkilib. Portret hələ də Qazax rayonu Daş Salahlı kəndində nadir tarixi incilərimizdən biri olan “Damcılı” Dövlət Tarixşünaslıq Məkanında saxlanılır. Qeyd edək ki, Səməd Vurğunun portreti “Damcılı” Dövlət Tarixşünaslıq Məkanına hədiyyə olunarkən, şairin övladları da mərasimdə iştirak ediblər. Səməd Vurğunun qızı Aybəniz Vəkilova portretə diqqətlə nəzər salır və bir müddət keçdikdən sonra bunları deyir: “Mən, sanki bu rəsmdə atamı canlı gördüm”. Bundan əlavə, Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyəti dövründə dahi filosof, riyaziyyatçı Nəsirəddin Tusinin rəsm əsərini də çəkib. Əsər hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində saxlanılır.
Geniş dünyagörüşü, yüksək şəxsi keyfiyyətləri, dərin intellekti ilə seçilən İnayət Mustafa oğlu Əlisgəndərov 1992-ci ildə, 62 yaşında vəfat edib. Tanınmış pedaqoqun xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.


Mahmud Sadıqov
ADİU-nun magistrantı
Aytən Əlisgəndərova
ADPU-nun tələbəsi








 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” (Yenilənib)
20.10.2017
“Azərenerji”də “Energetiklər günü” qeyd edilib
20.10.2017
2018-ci ildə Azərbaycanda iqtisadi artım olacaq
20.10.2017
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü işə başlayıb
20.10.2017
“Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük maraq var”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7534

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info