Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırıla bilərlər
Tarix: 06.01.2017 | Saat: 20:38:00 | E-mail | Çapa göndər
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 24 saat ərzində fasiləsiz olaraq paytaxtın bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək tibbi yardım göstərir. Gündəlik olaraq 103 xidmətinə 2 minə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır. Bu barədə stansiyanın fəaliyyətinə həsr olunmuş tədbirdə məlumat verilib.
Tədbirdə qeyd olunub ki, ötən il Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub. Stansiyanın baş həkiminin müavini İradə Əliyeva bildirib ki, müraciət edənlərdən 63 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün çağırışların sayı isə 83 mindən çox olub. Onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıqdır. Bu müddət ərzində reanimasiya tədbirlərinin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 min nəfərdən çox olub. Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədilə stansiya rəqəmsal və plyonkalı rentgen aparatları ilə təmin olunub.
Baş həkimin müavini məlumat verib ki, miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Eyni zamanda çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barədə qadın məsləhətxanaları məlumatlandırılıb.
Vurğulanıb ki, təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən və təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib. Təcili yardım xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təcili tibbi yardım göstərilməsi məqsədilə istifadə olunan dərman preparatlarının siyahısı müalicə metodik şöbə tərəfindən daim araşdırılır və yeni dərman preparatları ilə əvəz olunur.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə isə diqqətə çatdırıb ki, tibbi müəssisənin maddi-texniki təchizatı yüksək səviyyədədir. Stansiya kütləvi hadisələr zamanı 6 nəfəri daşıya bilən, qarlı-buzlu yollarda sürülə bilən, laborator və reanimasion sanitar avtomobillərlə təmin edilib. M. Mirzəzadə bildirib ki, Bakıda təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırıla bilər. Onun sözlərinə görə, bəzən yollarda digər maşınlar tərəfindən təcili yardıma yol verilməməsi çağırış yerlərinə yubanmaya səbəb olur. Bu halları nəzərə alaraq təcili yardım stansiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə göndərilib: “Təkliflərdə təcili yardım maşınlarının önünə və salonuna kameranın quraşdırılması əks olunub. Təcili yardım maşınlarının önünə quraşdırılan kameranın onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən maşının nömrəsini qeydə alaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi təkliflərdə qeyd olunub. Bundan sonra polis tərəfindən həmin sürücülərə qarşı hansısa tədbirlər görülə bilər. Ancaq hansı cəza və ya xəbərdarlığın olması sonradan müvafiq qurum tərəfindən müəyyənləşəcək”.
M.Mirzəzadə əlavə edib ki, bəzən əhali tərəfindən həkimlərə, orta tibb işçilərinə təzyiq edilir. O qeyd edib ki, təcili yardım maşınlarının salonunda quraşdırılacaq kameralar isə həkimin xəstəyə necə yardım göstərməsi, həkimə qarşı hansı təzyiqlərin edilməsi və digər halları qeydə alacaq: “Xəstənin yaxınlarından birinə təcili yardım maşınına minməyə icazə verilir. Əgər narazı hallar olarsa, kamera görüntülərinə baxılacaq və bu hallar araşdırılacaq. Bəzən evdə də həkimlərə və orta tibb işçilərinə təzyiqlər baş verir. Təcili tibbi yardım maşını dövlətin mülkiyyəti olduğundan orada kameraların quraşdırılması mümkündür. Amma hansısa evdə kamera çəkilişlərin aparılması mümkün deyil”.
Baş həkimin müavini vurğulayıb ki, təcili yardım maşınları üçün əlavə zolaqların salınması müvafiq qurumlar tərəfindən həyata keçirilə bilər: “Bu səlahiyyətlər təcili yardım stansiyasına aid deyil”.
O, həmçinin ötən il ərzində yalançı çağırışların sayının digər illərlə müqayisədə azaldığını açıqlayıb: “Çünki zəng vurulan nömrə qeydiyyata alınır və ciddi nəzarət olunur”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
27.04.2017
Mobil telefonlardan çox istifadə uşaqlarda göz xəstəliklərinə səbəb olur
26.04.2017
Arıqlamağa kömək edən və qaraciyəri təmizləyən qanqal çayı
25.04.2017
Musiqi ruhun qidasıdır, canın dərmanı
24.04.2017
Ağızda acı, turş, şirin dad hansı xəstəliyin əlamətidir?
19.04.2017
Tərxun çayının​ faydaları

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6281

1 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
2 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
5 “Ağır dərs proqramı uşaqları şikəst edir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info