ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib
Tarix: 09.01.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Nəzarət Şurası 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqini keçirdi. Monitorinqdə Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Cəsarət Hüseynzadə, ADPU-dan İctimai Nəzarət Şurasının üzvü, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev, Fizikanın tədrisi metodikası kafedrasının müdiri, dosent Rasim Abdulrazaqov, təhsil ekspertləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi. Monitorinqin keçirilməsində məqsəd ictimaiyyəti ADPU-da payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı geniş və ətraflı məlumatlandırmaq oldu. Məlumat üçün bildirək ki, həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri olan ictimai iştirakçılığın miqyasının genişləndirilməsinə və bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən bu monitorinqlərin ADPU-da ardıcıl keçirilməsi nəzərdə tutulur.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirdi. Qeyd etdi ki, ADPU-da hazırda ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 34 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bu gün ADPU-da 5 filial (Ağcabədi, Şamaxı, Quba, Şəki, Cəlilabad filialları) və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) ilə birlikdə 20 minə yaxın tələbə təhsil alır. Tədris prosesinin təşkili və həyata keçirilməsi ilə 8 fakültə, Magistratura və doktorantura şöbəsi, 40 kafedra məşğul olur. Ştatda olan professor-müəllim heyətinin sayı 726 nəfərdir. Onlardan 76 nəfəri elmlər doktoru, 69 nəfəri professor, 243 nəfəri fəlsəfə doktoru, 250 nəfəri dosentdir.
Rektor Cəfər Cəfərov çıxışında bildirdi ki, təhsil naziri Mikayıl Cabbarov dekabr ayının 26-da “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 849 nömrəli əmr imzalayıb. Təhsil nazirinin bu əmrində ali və orta ixtisas təhsili müəssisələrində 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması və digər vəzifələr öz əksini tapıb.
ADPU-da “2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə” müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən payız semestrinin imtahan sessiyasında yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə 8 nəfərdən ibarət Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılmış, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilmişdir. İmtahan sessiyasını normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. Apelyasiya Komissiyası ADPU-nun Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində 204 nömrəli otaqda fəaliyyət göstərir. Eyni zamanda digər müvafiq əmrlə universitetdə 7 nəfərdən ibarət İmtahan qərargahı yaradılıb. İmtahan qərargahı da ADPU-nun Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində 207 nömrəli otaqda fəaliyyət göstərir. İmtahan qərargahının telefon nömrəsi 498-17-94-dür. Qərargahın əlaqə telefonu bütün tələbələrə elan edilib və universitetin saytında yerləşdirilib. İmtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. Fakültələr, eləcə də Magistratura və doktorantura şöbəsi üzrə imtahanların gedişinə nəzarət edəcək imtahan rəhbərlərinin, nəzarətçi-müəllimlərin, münaqişə komissiyalarının tərkibi müəyyən edilib. İmtahan rəhbərləri və nəzarətçi-müəllimlər qeyri-ixtisas sahibləridir. İmtahan zallarında yanaşı oturan müxtəlif fakültələrin tələbələri ayrı-ayrı fənlərdən imtahan verirlər. Bu da onların bir-birinə kömək etmələrinin qarşısını alır. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir. İmtahanların keçirildiyi binalarda qayda-qanunlara riayət olunmasını təmin etmək üçün professor-müəllim heyətinin tərkibindən fakültələr üzrə növbətçilər müəyyənləşdirilib. ADPU-nun filialları, həmçinin ADPU-nun nəzdində ADPK imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinə və rektorluğa məlumat verirlər.
Məlumat üçün onu da bildirək ki, builki tədris ilində ADPU-ya qəbul olmuş I kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Digər kurslar isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Gün ərzində 1800 nəfər tələbə yazılı qaydada, 1200 nəfər tələbə isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin İmtahan qərargahına müraciət edirlər. Bunlarla yanaşı, valideynlərlə əlaqələrin yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir. İmtahan qərargahının üzvləri tərəfindən hər hansı bir müraciətin araşdırılması və qəbul olunmuş qərar qarşı tərəfi qane etmədikdə və ya müraciətlər İmtahan qərargahının səlahiyyətlərinə aid olmadıqda rektorluğa müraciət edilir və qarşı tərəfin iştirakı ilə məsələyə baxılır.
Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında olaraq imtahan prosesini müşahidə edir, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir. Bütövlükdə Pedaqoji Universitetdə imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Sonra QHT və KİV nümayəndələri, təhsil ekspertləri imtahanların gedişini izləyiblər. Sonda Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, Moderator.az saytının baş redaktoru Zülfiqar Hüseynzadə və digərləri ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinə və imtahan sessiyalarına ictimai nəzarətin daha səmərəli təşkil edilməsi üçün öz fikir və təkliflərini səsləndirdilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2017
Amerikalı professor: “UNEC-dəki fəaliyyətimi həyatımda çox önəmli mərhələ hesab edirəm”
24.05.2017
700 bal toplayan abituriyent: “BANM-ə daxil olmaq mənim ən xoşbəxt anımdır”
24.05.2017
“İdeyanı biznesə çevir – gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması”
24.05.2017
Bir qrup din xadimi mükafatlandırılıb
24.05.2017
ƏƏSMN və KİVDF jurnalistlər üçün yazı müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6526

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info