Azərbaycan dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevriləcək
Tarix: 10.01.2017 | Saat: 20:25:00 | E-mail | Çapa göndər
Qış turizmi sahəsində rəqabət güclənir: Müasir infrastruktura malik olan “Şahdağ” və “Tufandağ” mərkəzlərinə daha çox turist cəlb etmək olar

BMT Baş Məclisi tərəfindən 2017-ci ilin dünyada “Beynəlxalq davamlı turizm ili” elan edilməsi təsadüfi deyil. Çünki turizm iqtisadiyyatın ən davamlı sektorlarından biri olmaqla yanaşı, həm də hər gün müxtəlif mədəniyyətlərdən, qitələrdən olan insanları bir araya gətirir. BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2030-cu ildə reallaşması nəzərdə tutulan beynəlxalq səyahətlərin sayı 1,8 milyard olacaq. Bu gün turizmdə qabaqcıl ölkəyə çevrilmək, daha çox turist cəlbi istiqamətində ölkələr arasında rəqabət getdikcə artır.

Təlim proqramlarının iştirakçısı olan şagirdlərin ailələrinə birhəftəlik ailəvi qış istirahəti üçün endirimli qiymətə turist xidmət paketlərinin verilməsi imkanları yaradılacaq
Ölkəmizdə də turizmin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə həyata keçirilən ən son tədbirlərdən biridir. Yol Xəritəsində turizmin inkişafı ilə bağlı bir sıra strateji məqsəd və hədəflər öz əksini tapıb. Burada göstərilir ki, milli iqtisadiyyatın inkişaf strategiyasında prioritet istiqamətlərdən biri kimi ixtisaslaşmış turizmin müəyyənləşdirilməsi turizmin inkişafı istiqamətində görülən işlərin davamlılığına xidmət etməklə yanaşı, Azərbaycanın cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaradacaq, eyni zamanda qarşılıqlı əlaqələrdən və mövcud turizm potensialından səmərəli istifadə edilməklə turizm sektorunun iştirakçıları arasında əməkdaşlığın inkişafına və Azərbaycanda turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaq. Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. Qeyd olunan məqsədlərə nail olmaq üçün hava əlaqəsinin və əlçatanlığın artırılması, çoxsaylı turizm növləri üzrə fiziki və sosial infrastrukturun və s. təkmilləşdirilməsi, yerli dəyərlərin beynəlxalq aləmdə uğurlu təbliği mühüm əhəmiyyət kəsb edir. Turizm sektorunun inkişafına nail olmaq üçün turizm növlərinə də xüsusi diqqət yetirməklə, tələb və təklifin məqsədyönlü şəkildə uzlaşmasını təmin etmək tələb olunur.

Qış turizm mərkəzlərinə yaxın yerləşən özəl və dövlət məktəblərindəki şagirdlər üçün dağ-xizək təlimi proqramları təşkil ediləcək

Yol Xəritəsində də göstərilir ki, təklif nöqteyi-nəzərindən hər bir turizm növü üzrə rəqabətqabiliyyətli sahələrin araşdırılmasına və həmin sahələr üzrə rəqabətin təmin edilməsinə ehtiyac var. Belə ki, hazırda dünyada mövsümi olaraq turizmin ayrı-ayrı növlərini daha da inkişaf etdirməyə çalışırlar. Məsələn, hazırda qış turizmi ilə rəqabət getdikcə güclənir. Dağ və qış turizm növləri Azərbaycanda perspektivli sahələrdəndir və Azərbaycanın dağlıq ərazilərində turizmdən istifadə imkanları mövcuddur. Yol Xəritəsinə görə, bu ərazilər, əsasən, təbiəti sevən, quşları və vəhşi heyvanları müşahidə etməyi, fiziki gərginliyi və həyəcanlı idman növlərini xoşlayan şəxslərin daxil olduğu xüsusi turist qruplarını cəlb edir. Ölkə ərazisində dağ və qış turizminin inkişafı istiqamətində atılmış məqsədyönlü addımlar nəticəsində dağların yamacları turizm məkanı kimi inkişaf etdirilib. Belə ki, bu gün “Şahdağ” Turizm Mərkəzi QSC və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi kimi istirahət zonaları məşhur istirahət mərkəzlərinə çevrilib. Göstərilir ki, bazar payının potensial artımı nəzərə alınaraq, qış turizm növünə tələbatın artırılması məqsədilə ölkə ərazisində qış idman komplekslərinə dəstək göstərilməsi, aidiyyəti üzrə qış turizmi məhsullarının çeşidinin artırılmasına şərait yaradılması və onların inkişaf etdirilməsi prioritetləşdirilməlidir. Qış turizm mərkəzlərinə yaxın yerləşən özəl və dövlət məktəblərindəki şagirdlər üçün dağ-xizək təlimi proqramlarının işlənib hazırlanması məqsədilə birgə iş aparılacaq və bu istiqamətdə əldə edilmiş təcrübə nəticəsində təlimə cəlb edilmiş məktəblərin sayı ildən-ilə artırılacaq. Həmin təlim proqramlarının iştirakçısı olan şagirdlərin ailələrinə hökumət tərəfindən birhəftəlik ailəvi qış istirahəti üçün endirimli qiymətə turist xidmət paketlərinin verilməsi imkanları yaradılacaq. Mövcud potensiala hər hansı əlavə etmədən, bu prioritetin 2020-ci ildə birbaşa 10 milyon manat və dolayı 10 milyon manat olmaqla, ümumilikdə, 20 milyon manat real ÜDM artımına gətirib çıxaracağı və ümumilikdə, 300 yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır.

Türkiyə qış turizmində
10 milyard avro gəlir
hədəfləyib

Qış turizmində güclü rəqiblərdən biri Türkiyədir. Burada mövsümi və bazar məhdudiyyətindən xilas olmaq üçün fərqli hədəflərə yönələn turizm sektoru, hökumət ilə birlikdə turizm fəaliyyətini bütün halda yaymaq üçün yeni addımlar atır. Həmin fəaliyyətlər çərçivəsində xizək və qış turizmi baxımından Avropanın qabaqcıl ölkələrindən birinə çevrilmək üçün əvvəlcə yerli səviyyədə xizək idmanının öyrənilməsi təmin ediləcək, vətəndaşlara xizək idmanı öyrədiləcək.
Bu üsulla Türkiyədə 4 milyon adamın xizək idmanı ilə tanış edilməsi hədəflənir. Milli və beynəlxalq festivallar, olimpiadalarda daha çox iştirakın təmin edilməsi də görüləcək işlər arasında yer alır. Ərzurumun ev sahibliyi ilə bu ilin fevral ayında Avropa Gənclər Qış Festivalı təşkil edilərkən, Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin 2026-cı il Qış Olimpiadasına namizədliyi ilə bağlı işlərə başlayıb.
Milli və beynəlxalq səviyyədə qış turizm potensialı olan, regional səviyyədə qış idmanlarının və yarışlarının keçirilə biləcəyi istirahət məqsədli günlük xizək mərkəzləri təyin olunacaq. Mədəniyyət və Turizm Nazirliyi, Xizəkçilik Federasiyası ilə birlikdə Türkiyənin dağ inventarını çıxaracaq. Xizəkdən başqa, buz konkisi, buz xokkeyi kimi bir çox idman sahələri üçün bazalar, düşərgə mərkəzləri kimi sahələrin təşkil edilməsi planlaşdırılır. Ölkə qış turizmindən illik 10 milyard avrodan artıq gəlir əldə etməyi hədəfləyir.
Türkiyə Sahibkarlar və Sənətkarlar Konfederasiyasının icraçı direktoru Bendevi Palandöken də vətəndaşları, turizm gəlirlərində yaşanan geriləməni nəzərə alaraq, 20 yanvardan etibarən başlayacaq semestr tətilini turizm bölgələrində keçirməyə çağırıb.
Onu da qeyd edək ki, Türkiyənin əhəmiyyətli turizm mərkəzlərindən olan Kapadokya bölgəsində, 2016-cı ildə 250 min turist isti hava şarları ilə bölgənin təbii gözəlliklərini səmadan seyr edib. Kapadokya Turistik Otelcilər və Sənaye Dərnəyinin (KAPTİD) sədri Yaqub Dinlər, açıqlamasında bölgədəki 25 firma tərəfindən isti hava şarları xidməti verildiyini, bu sayədə ölkə iqtisadiyyatına əhəmiyyətli yardımın təmin edildiyini bildirib. Dinlər "Kapadokyada isti hava şarları sahəsində fəaliyyət göstərən firmalar, 2016-cı ildə 250 min adama bölgəni səmadan kəşf etmə imkanı verdi. Bunun iqtisadiyyata təsiri isə 34 milyon avrodur", deyib.

2016-cı ildə ərəb ölkələrindən Qəbələyə 20 minə yaxın
turist gəlib

Qeyd edək ki, ölkəmizdə mövcud qış turizm mərkəzlərinə gələn turistlərin sayı getdikcə artmaqdadır. “Şahdağ” Turizm Mərkəzində bu mövsüm turizm mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalıb. Belə ki, bayram günləri ərəfəsində 20 mindən çox turist qəbul edən mərkəzdə təkcə yanvarın 2-də 6 mindən çox turist qeydə alınıb. Ümumilikdə, qış mövsümü açılandan bu günədək “Şahdağ”ı ziyarət edənlərin sayı 35 mindən çox olub. Bundan başqa, bayram günlərində Qəbələ rayonuna gələnlər arasında yerli turistlər çoxluq təşkil edib. Yeni ili Qəbələdə qarşılayan xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Rusiya və Pakistandan gələnlər daha çox olub. Rayona gələn əcnəbi turistlər arasında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım müşahidə edilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Burada yerləşən 20 müasir hotel və istirahət mərkəzi bayram günlərində, ümumilikdə, 4 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Hər il Qəbələyə gələn əcnəbi turistlər arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma 2016-cı ildə ilk dəfə olaraq Qəbələyə müsəlman ölkələrindən gələn turistlərin sayının həddən artıq çox olması rayonun turizm bazarını daha da genişləndirib. Ötən ilin yay və payız aylarında Qəbələyə ərəb turistlərin axını daha çox olub. 2016-cı ildə ilk dəfə olaraq ərəb ölkələrindən Qəbələyə 20 minə yaxın turist gəlib.
Ölkəmizdə turizmdə mövcud vəziyyətlə bağlı bugünlərdə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş Turizm Şurasının ilk iclası keçirilib. Nazir Ə.Qarayev bildirib ki, yenicə yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şuranın yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək. Bildirilib ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
28.03.2017
Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçiriləcək
28.03.2017
SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb
28.03.2017
Metropolitenin yeni inşa olunan xətlərində ən son texnoloji yeniliklər tətbiq edilir
28.03.2017
İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib
28.03.2017
Neft bahalaşır

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5959

1 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
2 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
3 Cocuq Mərcanlıya çəkilən avtomobil yolunun tikintisi yekunlaşır
4 İkinci “Fizika və lirika” konfransı keçirilib
5 Küveytdə Azərbaycan mədəniyyəti nümayiş olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info