Badam istehsalını artırmaqla ölkəyə valyuta qazandıra bilərik
Tarix: 11.01.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər
İxrac məhsulu olan badamın ləpəsinin 90 faizi yeyinti, 5 faizi tibb və 2 faizi ətriyyat sənayesində istifadə olunur. Badam meyvələrinin qabığından adsorbent hazırlanır, konyak hazırlanmasında rəngverici material kimi də işlənir

Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir və bunun nəticəsidir ki, ötən il qeyri-neft sənayesində 5 faiz artım müşahidə edilib. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilib və kənd təsərrüfatı 2,6 faiz artıb.
Kənd təsərrüfatında bir çox sahələrin inkişafı ilə bağlı tədbirlərin reallaşdırıldığını deyən ölkə başçısı qeyd edib ki, hələ öz həllini gözləyən məsələlər var. Bəzi sahələrdə mühüm tədbirlər həyata keçirilməlidir: “Valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda, əfsuslar ki, çox az istehsal edilir. Biz, hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bu sahə də inkişaf edəcək”.

Dünya badam istehsalında hansı ölkələr ilk sıradadır
Bu gün dünyada badam istehsalı və ondan əldə edilən gəlirlərə nəzər saldıqda müxtəlif rəqəmlərlə qarşılaşırıq. Dünya badam istehsal sahəsi 2013-cü ildə 1,6 milyon ha təşkil edib. Dünya badam istehsalında öndə gələn ölkələrə gəldikdə isə AB ölkələri 636 min ha ilə ilk sırada yer aldığı halda, ABŞ 339 min ha ilə ikinci, Avstraliya isə 29 min ha ilə üçüncü yerdədir. ABŞ dünya badam istehsalının 21 faizini təşkil etdiyi halda, AB 39 faizini, Avstraliya və Türkiyə isə 2 faizini təşkil edir. AB dünya badam istehsal sahəsinin böyük bir qisminə sahib olmasına baxmayaraq, ABŞ-ın onda biri qədər istehsal gerçəkləşdirə bilməyib.
Dünya badam məhsuldarlığına görə, 2013-cü ildə Avstraliya 560 kq-la ilk sırada yer aldığı halda, ABŞ 535 kq-la ikinci və Türkiyə isə 325 kq-la üçüncü sırada qərarlaşıb. Son beş ilin məhsul ortalamasına baxıldıqda, ABŞ 518 kq-la ilk sırada olduğu halda, Avstraliya 378 kq-la ikinci və Türkiyə 324 kq-la üçüncü yerdədir. AB dünya istehsal sahəsinin 39 faizlik böyük bir qisminə sahib olmasına baxmayaraq, ABŞ-dan geridə qalması, olduqca aşağı badam məhsuldarlığı ilə açıqlanır.
Dünyada badam istehsalına gəldikdə isə 2014/2015-ci illərdə 1 milyon ton olaraq reallaşıb. Dünya badam istehsalında ilk sırada 848 min ton ilə ABŞ yer aldığı halda, 75 min ton ilə AB ikinci və 70 min ton ilə Avstraliya üçüncü sıradadır. Türkiyə 13 min ton ilə Avstraliyadan sonra dördüncü sırada yer alır. ABŞ dünya badam istehsalının təkbaşına 83 faizini qarşılayır. Dünya badam istehsalında AB və Avstraliya 7 faizini, Türkiyə isə 1 faizini həyata keçirir. Son beş ilin badam istehsal ortalamalarına nəzər saldıqda isə ABŞ-ın 856 min ton, AB-nin 79 min ton, Avstraliyanın 60 min ton və Türkiyənin istehsalı isə 16 min tondur.

Ən yüksək qiymət- bir ton üçün 7033 dollar

Dünyada badam idxalı 2014/2015-ci illərdə 554 min ton olaraq reallaşıb. Dünya badam idxalında AB 220 min ton ilə ilk sırada yer alarkən, Birləşmiş Ərəb Əmirlikləri 50 min ton ilə ikinci və yenə Hindistan 50 min ton ilə üçüncü yerdədir. Dünya badam idxalında 40 faizlə AB ilk sıradadır. Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Çinin hər birinin payı isə 9 faiz ilə AB-dən sonra qərarlaşıb.
Badam qiymətlərinin fındığa görə daha sabit olması və Kaliforniya Marketinq Kabinetinin izləmiş olduğu marketinq siyasətinin təsirilə dünyadakı badam idxalatı, fındığa görə daha sürətli bir şəkildə artmaqdadır.
Dünyada badam ixracına gəldikdə isə 2014/2015-ci illərdə 592 min ton olaraq reallaşıb. Dünya badam ixracında ABŞ 525 min ton ilə ilk sırada, Avstraliya 45 min ton ilə ikinci, AB isə 11 min ton ilə üçüncü yerdədir. Dünya badam ixracının 89 faizini ABŞ təkbaşına həyata keçirir. Dünya badam ixracında ABŞ-ı 8 faiz ilə Avstraliya və 2 faiz ilə AB təqib etməkdədir. Türkiyə isə dünya badam ixracının 1 faizini qarşılayır.
Badam istehlakına gəldikdə isə 2015/2016-cı illərdə dünya badam istehlakı 1 milyon ton olaraq reallaşıb. Badam istehlakçısı ölkələrə gəldikdə isə ümumi istehlakın 30 faizi AB tərəfindən reallaşdırılıb. Dünya badam istehlakında, AB-ni 28 faiz ilə ABŞ təqib edir. Digər öndə gələn ölkələr isə 7,7 faiz ilə Hindistan, 7,2 faiz ilə Çin və 6,3 faiz ilə BƏƏ-dir.
Badam qiymətləri istehsal qiymətləri əsasında araşdırıldığında 2014-cü ildə bir ton üçün 1362-1550 dollar arasında ən aşağı qiymətlər Kipr və İtaliyada olub. Ən yüksək qiymətlər isə bir ton üçün 7033 dollarla ABŞ və Yunanıstanda olub. Beləliklə, dünyanın ən böyük badam istehsalçısı və ixracatçısı ABŞ-dır. Eyni zamanda ən yüksək qiymət də ABŞ-da müşahidə edilir.

Badamın hansı faydaları var
Badam istehlakı getdikcə artmaqdadır və bu məhsulun bir sıra faydaları var. Şirin badam toxumlarında az miqdarda zülal, dəmir və kalsiumla birlikdə yüksək nisbətdə yağ mövcuddur. Badam yağı dəriyə və saçlara yaxşı təsir göstərir. Antioksidant E vitamini cəhətdən olduqca zəngin olan badam bu xüsusiyyəti ilə insanları yaşlılıq təsirlərindən və bir çox xəstəlikdən qoruyur. Xüsusilə də uşaqlar üçün səhiyyə anbarıdır. Tərkibində kifayət qədər karbohidrat, doymamış yağ, lif, fosfor, kalsium, dəmir, kalium, maqnezium, sink, A, B, C və E vitamini var. Yarım çay stəkanı badam gündəlik manqan ehtiyacının 45 faizini, mis ehtiyacının 20 faizini qarşılayır. Müxtəlif xəstəliklərdən qoruyur. Təcrübələr göstərir ki, badam istehlakı ürək xəstəlikləri riskini azaldır. Badam LDL xolesterolu salan təsirə malikdir. Diabet və ürək-damar xəstəlikləri üçün ikiqat qoruma təmin edər. Araşdırmalar, nizamlı badam istehlak edənlərin ümumi xolesterolda 4-12 faiz nisbətində düşmə olduğunu göstərib. Yarım çay stəkanı badam 18 qram yağ ehtiva edir. Bunun 11 qramı ürək üçün faydalı olan doymamış yağlardan ibarətdir.
İmmunitet sistemini gücləndirir. Badam yaxşı bir antioksidant olan, immun sistemini dəstəkləyən E vitaminin və manqanın yaxşı bir qaynağıdır. Badam, həmçinin maqnezium, mis, riboflavin (B2) və fosforun da qaynağı sayılır.
Artıq çəkidən xilas olmağa kömək edir. Tərkibində olan yağlar kilo verməyi asanlaşdırır və tox tutur, fasilələrdə 10-15 ədəd badam qəbul edilə bilər. İspaniyada aparılan, “Obesity” jurnalında nümayiş olunan, 28 ay davam edən və 8865 yetkin kişi və qadın üzərində tətbiq olunan təcrübədə müəyyən olunub ki, həftədə ən az iki dəfə badam yeyən şəxslər heç yeməyənlərə görə 31 faiz daha çox kilo itiriblər.
Bundan başqa, badam öd daşlarının əmələ gəlməsinin qarşısını alır. “Nurses Health Study”da 20 il ərzində təxminən 80 min qadının diyetləri ilə əlaqədar toplanan məlumatlarda, həftədə 28 qram badam, fıstıq və ya fıstıq əzməsi istehlak etmənin, öd daşlarının əmələ gəlmə riskini 25 faiz nisbətində azaltdığı müəyyən olunub.

Oduncağından xarratçılıq işində istifadə edilir
Badam bitkisinin ləpəsinin 90 faizi yeyinti, 5 faizi tibb və 2 faizi ətriyyat sənayesində istifadə olunur. Badam meyvələrinin qabığından adsorbent hazırlanır, konyak hazırlanmasında rəngverici material kimi də işlənir. Oduncağından xarratçılıq işində istifadə edilir. Adi badam yabanı halda Cənubi Qafqazda, Orta Asiya, Əfqanıstan, İran və Kiçik Asiyada yayılıb. Azərbaycan ərazisində də yabanı halda vaxtilə geniş yayılıb. Hazırda Naxçıvanda Şahbuz rayonunun Badamlı qəsəbəsinin ətrafında və dağlıq hissələrdə qalmış badam meşəlikləri burada çox qədimdən böyük badam meşəliklərinin olmasına dəlalət edir. Respublikamızda, əsasən, Nikitskiy-62, Norparel, Prinsessa, Krimskiy, Kağızqabıq, Sarayı, Abşeron-1, Mərdəkanlı rayonlaşdırılıb və perspektivli adi badam sortları becərilir. Badam bitkisinin bioloji xüsusiyyətləri, torpaq və iqlim şəraitinə az tələbkarlığı onun respublikanın əksər rayonlarında geniş becərilməsinə, əkin sahələrinin 1500-2000 hektara, meyvə istehsalının isə 2000 tona çatdırılmasına imkan verir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2013-cü ildə ölkəmizdə badam bağlarının ümumi sahəsi 477.8 ha, ondan bar verən bağların sahəsi 387.9 ha olub, bu bağlardan 650.7 ton məhsul istehsal edilib, məhsuldarlıq 16.8 s/ha təşkil edib.
Ölkə başçısının qeyd etdiyi kimi, valyuta gətirən ixrac məhsullarından biri olan badam çox az istehsal edilir. Ona görə bu istiqamətdə də işlərin görülməsinə ehtiyac var.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
Fransa şirkətləri Azərbaycanda böyük layihələr həyata keçirir
17.01.2017
Bu gün və sabah geomaqnit qasırğası baş verəcək
17.01.2017
Viktoriya Bekhem “Spice Girls” qrupuna qarşı çıxıb
17.01.2017
Şəkərin səviyyəsini müəyyən edən corab ixtira edildi
17.01.2017
Üç il əvvəl yoxa çıxmış Malayziya təyyarəsinin axtarışları dayandırılıb

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
3 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
4 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
5 MKİ etiraf etdi: “Obama administrasiyası “ərəb baharı”nın nəticələrini doğru hesablamayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info