Naxçıvanda müasir infrastruktur yaradılıb
Tarix: 11.01.2017 | Saat: 20:54:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə edib. Prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

Ordubad Su Elektrik Stansiyasının təməli qoyulub
Prezidentin iştirakı ilə Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub. Dövlət başçısına məlumat verilib ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək. Dövlət başçısı yeni stansiyanın təməlini qoyub.

Culfa rayon mərkəzinə və ətraf kəndlərə içməli suyun verilməsi mərasimi olub
Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib. Dövlət başçısına “Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsi, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb, ev birləşmələri aparılaraq sayğac quraşdırılıb. Layihə çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib. Su anbarlarından təmizlənmiş su öz axını ilə Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz olaraq verilir. Anbarlardan Culfa şəhərinə qədər çəkilmiş boru xətti daxil olmaqla layihə ərazisində diametri 400 millimetrdən 63 millimetrə qədər borularla 59,7 kilometr daxili su şəbəkəsi çəkilib, 3438 evə su verilərək sayğac quraşdırılıb. Culfa şəhərində diametri 500 millimetrdən 200 millimetrə qədər borularla 34,5 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib. Bununla da Culfa şəhəri və Gülüstan kəndində 25 min 700 nəfər təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin edilib. Prezident sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxıb. Sonra dövlət başçısı Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsini bildirən düyməni basıb.

FHN-in zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası
Prezident Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib. Prezident mənzillərdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır. Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir. Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb. Prezident xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışı olub
Prezident Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib. Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib. Məlumat verilib ki, burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb. Dövlət başçısı əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub. 900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait var. Üçmərtəbəli bina müasir səviyyədə yaradılıb. Ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var. Bir sözlə, burada yaradılan şərait dövlətimiz tərəfindən əsgər və zabitlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Məlumat verilib ki, hərbi hissədə hamam kompleksi də yaradılıb. Ümumi sahəsi 272 kvadratmetr olan bu kompleksdən 1 saat ərzində 172 hərbçi istifadə edə bilər. Hərbi hissədəki Əsgəri-Məişət Kompleksinin ümumi sahəsi 6172 kvadratmetrdir. Binada poçt xidmətləri üçün otaq, mağaza və çay evi də hərbi qulluqçuların ixtiyarına veriləcək. Kompleksdə 1000 yerlik 2, 500 yerlik 1 və 250 yerlik 2 yemək salonu var. Ümumilikdə, burada eyni vaxtda 3000 hərbçi qidalana bilər. Prezident burada qida məhsullarına baxıb, aşpazlarla söhbət edib və onlarla xatirə şəkli çəkdirib. Kompleksin anbarları da müasir səviyyədə qurulub. Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib
Prezident səfər çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib. Dövlət başçısına “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verilib. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır. Prezident sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxıb. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin ediləcək. Bundan başqa, əhaliyə verilən su ekoloji cəhətdən də yararlı və təmizdir. Bu su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Bildirilib ki, Şahbuz şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər borularla 40,1 kilometr kanalizasiya xətti çəkilib. Dövlət başçısı Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı sisteminin istifadəyə verilməsini bildirən düyməni basıb.

3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib. Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Məktəbdə 42 kompüter quraşdırılıb və internetə qoşulub. Məktəbin kitabxana fondunda 6900 dərslik və 4603 bədii ədəbiyyat olmaqla 11503 kitab var. Məktəbdə 460 şagirdin təhsili ilə 59 müəllim məşğul olur. Prezident məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Sonra dövlət başçısı məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident mərasimdə çıxış edib. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edib. Bununla da Prezidentin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
29.03.2017
SDU-da beynəlxalq elmi konfrans keçiriləcək
29.03.2017
Vüsal Kərimli: “Gələcəkdə taksilər də xüsusi hərəkət zolaqlarından istifadə edə bilər”
29.03.2017
Həkimin dörd yeni ixtirası
29.03.2017
Misin insan orqanizmində rolu
29.03.2017
Təsir gücü bitkilərdən də üstün olan göbələklər

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5986

1 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
2 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
3 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
4 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
5 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
29.03 13:31 Tolerantlıq məkanı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info