İKT-nin inkişafı: uşaqların internet mühitində təhlükəsizliyinin necə təmin olunmalıdır?
Tarix: 13.01.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların internetdə təhlükəziliyinin təmin olunması problemləri ilə məşğul olacaq mərkəz yaradıla bilər
İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır. Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Prezidentin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulub. Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir. Dövlət Proqramının məqsədinə nail olunması bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Bu sahədə mühüm məsələlərdən biri də uşaqların internetdən istifadə edilməsi ilə bağlıdır. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələyə toxunacağıq.

İnternetdə uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir edən çoxlu məlumatlar yayılır
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclası keçirilib. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev iclasın uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması problemlərinin müzakirəsinə həsr olunduğunu bildirib. “İKT.az” bildirir ki, R.Əliquliyev internetdə uşaqların psixologiyasına və sağlamlığına mənfi təsir edən çox sayda məlumatın yayıldığını və onların təbliğatını aparan kontentlərin ziyanlı informasiya daşıyıcıları olduğunu bildirərək uşaqların internetin bu kimi təsirlərindən qorunması probleminin dünya səviyyəsində diqqət cəlb edən məsələlərdən olduğunu vurğulayıb. Beynəlxalq aləmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və çağırışlar haqqında danışan alim bu sahədə İngiltərədə “The Internet Watch Foundation” təşkilatının mühüm rola malik olduğunu söyləyib. Qeyd edib ki, bu kimi təşkilatlara daxil olan müraciətlər əsasında internetdə rast gəlinən təhlükələrə qarşı mübarizə aparılır. “Media orqanlarında mütəxəssislər tərəfindən müntəzəm olaraq maarifləndirmə işləri aparılmalı və bu problem populyarlaşdırılmalıdır”, – deyə bildirən R.Əliquliyev ölkəmizdə bu sahədə mövcud olan problemlərin araşdırılmasına böyük ehtiyac olduğunu söyləyib. Alim müvafiq qurumlarla birgə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin önəmini vurğulayıb. R.Əliquliyev, həmçinin ölkəmizdə bununla bağlı atılacaq addımlardan biri kimi institutun Tədris-İnnovasiya Mərkəzinin nəzdində uşaqların internetdə təhlükəziliyinin təmin olunması problemləri ilə məşğul olacaq mərkəzin yaradılmasının vacibliyini önə çəkib. Alim qeyd edib ki, mərkəzdə əldə olunan məlumatların intellektual analizi bu problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edəcək.

“Uşaqlar üçün daha yaxşı internet”
Sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aysel Əliyeva “Uşaqlar üçün daha yaxşı internet” mövzusunda məruzə ilə çıxış edib. O, “Uşaqlar üçün daha yaxşı internet” layihəsinin “Insafe” şəbəkəsi və internet qaynar xətlərinin Beynəlxalq Assosiasiyası tərəfindən birgə həyata keçirildiyini bildirib. Avropa Təhlükəsiz İnternet Mərkəzləri tərəfindən “Insafe” yardım xətti, “Inhope” qaynar xətti, “Insafe” maarifləndirmə mərkəzləri kimi xidmətlərin göstərildiyini söyləyən məruzəçi Avropada 31 Təhlükəsiz İnternet Mərkəzinin və “Daha yaxşı İnternet” layihəsini yerli, milli və beynəlxalq səviyyədə dəstəkləyən 2000-dən çox qurumun, o cümlədən 90-dan çox Təhlükəsiz İnternet Günü komitələri və dəstəkçilərinin mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, Təhlükəsiz İnternet Günü 9 fevral 2016-cı il tarixdə “Daha yaxşı İnternet üçün öz töhfəni ver” şüarı altında beynəlxalq səviyyədə qeyd edilib. Cari ildə bu tədbirin “Dəyişin: Daha yaxşı internet üçün birləşin” şüarı altında fevral ayının 7-də keçirilməsi nəzərdə tutulub. A.Əliyeva, həmçinin Təhlükəsiz İnternet Günündə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, bu gündə mediada maarifləndirmə işləri aparılır, xüsusi televiziya proqramları, uşaqlar üçün yarışlar, bu sahədə aparıcı şəxslər, xüsusilə valideynlər, şagirdlər, tədqiqatçılar və mütəxəssislərlə görüşlər təşkil olunur, onlayn təhlükəsizlik sahəsində əldə olunan araşdırmaların nəticələri nəşr olunur və s. işlər həyata keçirilir. Sonda A.Əliyeva Birləşmiş Krallıq və Rusiyanın Təhlükəsiz İnternet Mərkəzləri, Qazaxıstan Təhlükəsiz İnternet Günü Komitəsinin fəaliyyəti haqqında məlumat verib. Ölkəmizdə də bu komitənin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Məruzə ətrafında gedən müzakirələrdə institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktoru, dosentlər Yadigar İmamverdiyev və Firudin Ağayev, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova çıxış edərək sual və təkliflərini səsləndiriblər.
“Horizon 2020” proqramında İKT ən əhəmiyyətli sahələrdən biridir
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev Elmi şurasının iclasında “Horizon 2020” proqramı haqqında danışıb. O, proqramın əsas məqsədinin Avropa İttifaqının elm, texnologiya və innovasiya sahəsində mövqeyini möhkəmləndirməkdən ibarət olduğunu qeyd edib. Bildirib ki, elmdə mükəmməllik, sənayedə liderlik və sosial məsələlər layihənin prioritet istiqamətləridir. “H2020”-də informasiya-kommunikasiya texnologiyalarının ən əhəmiyyətli sahələrdən biri olduğunu deyən məruzəçi bu istiqamətdə mövcud olan layihələrdən danışıb. İKT və sənayedə liderlik çərçivəsində qabaqcıl hesablama texnologiyaları və “Cloud Computing”, gələcəyin interneti, kontentlə bağlı texnologiyalar, əşyaların İnterneti kimi istiqamətlərdə müxtəlif layihələrin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, son 2 ildə “H2020” proqramına Avropa İttifaqı ölkələrindən 275,841 müraciət qeydə alınıb. V.Musayev həmçinin “H2020”-yə müraciət və bu proqramda iştirakla bağlı önəmli veb-saytlar, o cümlədən layihə nümunələri haqqında məlumat verib. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev məruzənin əhəmiyyətini qeyd edərək institut əməkdaşlarının beynəlxalq elm aləminə inteqrasiyası, tədqiqatların yüksək səviyyədə aparılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından “Horizon 2020” proqramının geniş imkanlara malik olduğunu qeyd edib. AMEA prezidenti, akademik Akif Əlizadənin Akademiya əməkdaşlarının bu layihədə iştirakına xüsusi önəm verdiyini bildirərək bütün alim və mütəxəssisləri beynəlxalq qrant layihələrdə fəal iştiraka səsləyib.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info