Pambıqçılığın inkişafı valyuta axını və 200 minə yaxın iş yeri yaradacaq
Tarix: 13.01.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatının inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi bu gün ən önəmli amillərdəndir. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir, çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır: “Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”. Bu istiqamətdə görülən işlərdən danışan ölkə başçısı qeyd edib ki, Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan sahələr, o cümlədən pambıqçılıq bərpa edilib. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilib, təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Ölkə başçısının sözlərinə görə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və bu il təxminən 200 min ton pambıq tədarükü gözlənilir. Bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək.

Neftə alternativ: pambığın çiyidindən əldə edilən yağdan biodizel istehsalında xammal kimi istifadə edilir

Pambıq məşhur və geniş yayılmış bir bitki olub, yaratdığı əlavə dəyər və məşğulluq imkanları ilə də istehsalçı ölkələr baxımından böyük iqtisadi əhəmiyyətə malik bir məhsuldur. Pambıq lifi tekstil sənayesinin, çiyidi ilə yağ və yem sənayesinin, “linteri” ilə də kağız sənayesinin xammalı kimi işlədilir. Neftə alternativ olaraq pambığın çiyidindən əldə edilən yağ, getdikcə artan biodizel istehsalında da xammal kimi istifadə edilir. Bununla yanaşı, əhali artımı və həyat standartının yüksəlməsi, pambıq bitkisinə olan tələbi də artırmaqdadır. Bu tərəfləri ilə pambığa olan ehtiyac, bütün dünyada artım göstərməkdədir və ötən dövrdə hiss edilən iqtisadi böhran səbəbilə azalan istehsal və istehlak dəyərlərinin önümüzdəki dövrdə artacağı gözlənilir.
Beynəlxalq Pambıq Məsləhət Komitəsinin (ICAC) 2011-2015-ci il arası 5 illik məlumatına görə, dünyada orta hesabla 33,4 milyon hektar sahədə pambıq əkilir və bu əkindən orta hesabla 25,8 milyon ton pambıq lifi əldə edilir.
Dünyada pambıq istehsalı sahəsinin ən geniş olduğu ölkə uzun illərdir Çin olduğu halda son illərdə istehsal artımıyla Hindistan Çini geridə buraxıb. 2015/16-cı il mövsümü təxminlərinə görə dünyada ən çox pambıq istehsal edən ilk 5 ölkə- Hindistan, Çin, ABŞ, Pakistan və Braziliya olub. İstehlakda isə ilk beş sıranı, Çin, Hindistan, Pakistan, Türkiyə və Braziliya tutub.
2015-2016-cı il mövsümündə pambıq istehsalında vahid sahədən əldə edilən məhsuldarlıqda ilk beş ölkə - Avstraliya, Türkiyə, İsrail, Braziliya və Meksika olub. Bu dövrdə ən çox pambıq idxal edən ilk beş ölkənin Çin, Banqladeş, Vyetnam, İndoneziya və Türkiyə olacağı, ən çox ixrac edən ilk beş ölkənin isə ABŞ, Hindistan, Braziliya, Avstraliya və Özbəkistan olacağı təxmin edilməkdədir. ICAC-ın məlumatına görə, 2011-12-ci il istehsal dövrü ilə 2015-16-cı il mövsümü arasında dünyada orta hesabla 33,4 milyon hektar sahədə pambıq istehsalı edilib, son dövrdə əkin sahələrində bir azalma yaşanır. 2015/16-cı il mövsümündə pambıq əkilən 31 milyon hektar sahənin 37 faizi Hindistanda reallaşdırılıb. Əkin sahələrinin genişliyində Hindistandsn sonra Çin, ABŞ, Pakistan və Özbəkistan qırarlaşıb. Türkiyə pambıq əkin sahəsi baxımından 9-cu sıradadır.

Çin dünya pambıq ehtiyatının təxminən 60 faizinə nəzarət edir

Dünya pambıq lifi məhsuldarlığının ən yüksək olduğu ölkə Avstraliyadır. Böyük pambıq istehsalçısı olan ölkələr arasında yer alan Hindistan, Özbəkistan kimi ölkələr dünya orta məhsuldarlıq səviyyəsindən aşağı məhsul istehsal edirlər. Bu ölkələrin məhsuldarlıq səviyyələrində yaşanacaq artım dünya pambıq istehsalında da əhəmiyyətli artımlar yaşanmasına səbəb olacaq.
Dünya pambıq istehsalı son illərdə 26 milyon ton səviyyələrində olduğu halda 2015-16-cı il mövsümündə əvvəlki ilə görə 13 faiz azalaraq 22,6 milyon tona geriləyib.
Bu enmədə xüsusilə Çin, ABŞ və Pakistan kimi ölkələrin istehsalındakı azalma təsirli olub. Dünyada ən böyük pambıq istehsalı uzun illərdən bəri Çində reallaşarkən son illərdə Hindistanda pambıq əkin sahələrinin artımıyla bu vəziyyət dəyişib. Mövcud vəziyyətdə 6,2 milyon ton pambıq lifi istehsalı ilə Hindistan ən böyük istehsalçı olub. Bu ölkəni Çin, ABŞ, Pakistan izləyir. Son illərdə Avstraliyadakı istehsalın azalması nəticəsində Türkiyə dünya pambıq istehsalında 7-ci sıraya yüksəlib.
Dünyada ən çox pambıq istehlak edən ölkələrin yenə ən çox istehsal edən ölkələr olduğu görülməkdədir. Son 5 ildə dünya pambıq istehlakı 23-24 milyon ton səviyyələrində olub. 2015/16-cı il mövsümündə istehlakın 24,3 milyon ton olacağı təxmin edilib. Dünya pambıq istehlakından ən böyük payı 7,3 milyon ton ilə (30 faiz) Çin almaqdadır. Bu ölkəni Hindistan və Pakistan təqib edir. Türkiyə isə təxmini olaraq 1,5 milyon tonluq istehlak dəyəri ilə ən çox pambıq istifadə edən 4-cü ölkədir.
ICAC-ın məlumatına görə, 2015/16-cı il mövsümündə dünya pambıq idxalının 7,4 milyon ton səviyyələrində olacağı təxmin edilib. Bu dövrdə dünya idxalından ən böyük payı, yenə ən böyük istehsalçı ölkələrdən biri olan Çin almaqda, bu ölkəni sırasıyla Banqladeş, Vyetnam, İndoneziya və Türkiyə izləməkdədir.
Dünyada ən çox pambıq ixrac edən ölkələrə gəldikdə isə 2015/16-cı il mövsümündə dünya pambıq lifi ixracının 7,4 milyon ton səviyyələrində olacağı təxmin edilməkdədir. Dünya ixracında ilk sıranı təxminən 2,3 milyon ton və 30 faiz pay ilə ABŞ tutmaqdadır. Bu ölkəni Hindistan, Braziliya, Avstraliya və Özbəkistan təqib edir. Dünya ixracatının 70 faizi bu ölkələr tərəfindən həyata keçirilir. ICAC-ın məlumatına görə, əvvəlki mövsüm 51 min ton olan Türkiyə pambıq lifi ixracının 2015/16-cı il mövsümündə 56 min ton olaraq reallaşacağı təxmin edilir.
Xüsusilə 1990-cı illərin sonlarından etibarən artmağa başlayan dünya pambıq ehtiyatı, qlobal iqtisadi böhranın yaşandığı 2008/09-cu il dövrünə qədər artmaqda davam edib. 2009/10-cu ildə böhranın təsirlərinin azalmasıyla hərəkətlənən pambıq ticarəti, bu dövrdəki zəif istehsalla bağlı ehtiyatdan qarşılanıb, bu isə pambıq qiymətlərində yuxarı doğru artımla müşahidə edilib. Ancaq bu dövrdən sonra dünya pambıq ehtiyatında təkrar və sürətli bir artım başlayıb. Dünya pambıq istehsalında yaşanan artımlar, tekstil sektorundakı marketinq problemləri (istehlakçı ölkələrin kvota qoymaları və rəqabət), beynəlxalq ticarət həcmində azalmağa yol açan iqtisadi böhranlar kimi faktorlar dünya pambıq ehtiyatlarının yüksəlməsinə səbəb olub. Nəticədə ortaya çıxan və pambıq qiymətlərinə mənfi təsir edən yüksək pambıq ehtiyatları bu gün dünya pambıq sektorunun ən əhəmiyyətli məsələlərindən biri halına gəlib. Dünya pambıq ehtiyatının təxminən 60 faizini Çin əlində saxlayır. Pambıq ehtiyatı 2014/15-ci il mövsümünə qədər davamlı olaraq artıb. 2015/16-cı il mövsümündə dünya pambıq ehtiyatı hələ çox yüksək olmaqla yanaşı, bu mövsüm istehsalda yaşanan eniş səbəbilə ehtiyatların da 7 faiz geriləyərək 20 milyon tona enməsi gözlənilir.
Pambığın xarici bazar qiymətlərinin formalaşmasında ən əhəmiyyətli faktor, dünya pambıq istehsalını əlində saxlayan ölkələrin (Çin, Hindistan, ABŞ kimi) istehsal miqdarları ilə ehtiyatlarıdır. Pambıqla yanaşı, yun, sintetik iplik kimi toxuma sənayesinə aid digər liflərin istehsal miqdar və qiymətləri də pambıq qiymətləri üçün əhəmiyyətli rol oynamaqdadır. Dünya pambıq qiymətləri olaraq Liverpul indeks qiymətləri nəzərə alınmaqdadır. Bütün ixrac əməliyyatları və qiymətlər Liverpul indekslərində görə təşkil edilir. Liverpul A, Liverpul B və Memphis indeksləri dünya pambıq bazar qiymətlərinin formalaşmasında əsas baza təşkil edir. Pambıq qiymətləri 2001/02-ci il mövsümündə rekord səviyyədə bir eniş yaşadıqdan sonra 2010/11-ci il mövsümündə isə pambıq qiymətləri tarixi zirvələrinə çıxıb. Bu dövrdə pambıq qiymətlərindəki artımın əsas səbəbləri, qlobal iqtisadi böhran səbəbilə dünya ticarətində geriləmə, pambıq istehsal miqdarındakı eniş və dünya pambıq ehtiyatında geriləmə, Hindistanın pambıq ixracına tətbiq etdiyi məhdudiyyət və əmtəə qiymətlərindəki ümumi artım trendi olaraq açıqlanır.

Ölkə üzrə pambıq tədarükü 88 min 596,9 tondur
Ölkəmizdə də pambıqçılığın qədim ənənələri var. Bu gün ölkədə pambıqçılığın inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda AzNİXİ-195, Gəncə-8, Gəncə-2, Gəncə-78, Gəncə 80, Gəncə-103, Gəncə-110, Maraş, Antep, Ağ qızıl, Progen, Flora kimi rayonlaşdırılmış yerli və introduksiya olunmuş xarici seleksiya sortları əkilir. Cari ildə pambıq əkin sahələri daha da genişləndirilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarın 9-dək ölkə üzrə pambıq tədarükü 88 min 596,9 ton təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton). Pambıq tədarükünə görə Biləsuvar rayonu birinci yerdədir. Rayonun fermerləri tarlalardan 11966,7 ton “ağ qızıl” yığıblar. Saatlıda 11924,5 ton, İmişlidə 10096,9 ton, Ağcabədidə 8704,4 ton, Beyləqanda 7810 ton pambıq tədarük olunub.
Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.
Göründüyü kimi hazırda bu sahənin inkişafı getdikcə güclənir. Prezidentin bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin yerli yetirilməsi nəticəsində pambıqçılığın tədarükü, istehsalı artacaq ki, buda ölkəyə valyuta axınının artmasına öz təsirini göstərəcək.
Nigar Abdullayeva







 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info