“Yeni salınan qəsəbələrdə yaşayış üçün hər cür şərait var”
Tarix: 08.04.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfərin hamısı Müşfiqabad qəsəbəsindəki yeni məhəllədə məskunlaşacaq
Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən siyasətin nəticəsidir ki, 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev tərəfindən bu istiqamətdə 81 fərman və sərəncam imzalanıb. Həmçinin Nazirlər Kabinetinin 307 qərarı var, Milli Məclis tərəfindən 24 qanun qəbul edilib. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 fərman və sərəncam imzalanıb. Ötən dövrdə iki dövlət proqramı və onlara edilən əlavələr təsdiq edilib.
2001-2012-ci illərdə
qaçqın və məcburi
köçkünlər üçün
77 qəsəbə salınıb


Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində 2001-2012-ci illərdə 31 min ailə və ya 140 min nəfərdən çox qaçqın və məcburi köçkün üçün 77 qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilib. 2007-ci ildə sonuncu çadır şəhərciyi ləğv edilib. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, iki Olimpiya İdman Kompleksi, 37 rabitə evi inşa olunub, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilib. Həmçinin 1348 ailə və ya 6740 məcburi köçkün Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənib. 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılıb ki, bu da 2011-ci illə müqayisədə 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur. 2013-cü ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 590 milyon manat vəsait ayrılıb. Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 4 min ailə, yəni, 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaq.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrin açılışında iştirak edən ölkə başçısı orada yaşayan sakinlərlə görüşündə də bu istiqamətdə davamlı tədbirlər həyata keçirildiyini və bütün köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının prioritet olduğunu bildirib. Bu günlərdə Prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılış mərasimində iştirakı zamanı bu fikirləri bir daha vurğulayıb: “İşğaldan sonra köçkünləri yataqxanalara, çadır şəhərciklərinə köçürüblər. Uzun illər siz orada çətin, ağır şəraitdə yaşamısınız. Amma indi dövlətin imkanları genişlənir. Bu istiqamətdə məqsədyönlü şəkildə dövlət siyasəti aparılır. Ona görə bütün köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet məsələdir. Hər şey ardıcıllıqla öz həllini tapır. Əlbəttə, ilk növbədə biz çadırda yaşayanların problemlərini həll etmişik. Onlar uzun illər idi ki, daha da ağır vəziyyətdə yaşayırdılar. Sonra fin qəsəbələrində yaşayanların problemini həll etdik. Qalır yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə yaşayanlar. Onların da problemini həll edəcəyik. İndi həm də dövlətin imkanları var və ən önəmlisi, dövlət siyasəti var. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial cəhətdən ən az müdafiə olunan təbəqə, yəni məcburi köçkünlərin problemlərinin həlli prioritetdir. Bunu dəfələrlə ulu öndər də bəyan edib, mən də, bundan böyük prioritet ola bilməz. Artıq bu qəsəbə özlüyündə bir göstəricidir. Şəhərcikdir, burada 3500-ə qədər insan rahat yaşayacaq”.
Azərbaycanda bu məsələyə göstərilən diqqət və yanaşma bütün başqa ölkələr üçün də nümunə olduğunu deyən ölkə başçısı bidirib ki, beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar. Xüsusilə qaçqınlarla bağlı məsələlərə cavabdeh olan şəxslər də birmənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni, belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir. Dünyada bir çox ölkələrdə qaçqın-köçkün problemlərinin olduğunu deyən ölkə başçısının sözlərinə görə, bu problemlərin ən uğurlu həlli metodu Azərbaycandadır: “Görürsünüz, dünyada - Yaxın Şərqdə, başqa yerlərdə məcburi köçkünlər böyük problemlərlə üzləşirlər. İndi yüz minlərlə insan məcburi köçkünə çevrilib. Azərbaycanda bu məsələnin bu dərəcədə düşünülmüş qaydada həll edilməsi o ölkələr üçün də bir yol göstərir. Bu cür məsələlər belə həll olunmalıdır. Burada söhbət təkcə binaların tikintisi ilə məhdudlaşmır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq - yardımlar, hər köçkünə ayrılan vəsait, iş yerləri. Əhalinin sayını nəzərə alsaq, ən çox qaçqın və köçkünü olan ölkə Azərbaycandır. Bizdə bir milyon qaçqın-köçkün var. Bu, doğrudan da böyük problemdir. Ancaq biz bu problemi həll edirik və həll edəcəyik”. O da vurğulanıb ki, ötən il 20 min məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdırıb. Bu il də ən azı 20 min köçkünün yaşayış səviyyəsi yaxşılaşdırılacaq. Bu il bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulan 600 milyon manata qədər vəsait 300 milyondan çox hissəsi yeni qəsəbələrin tikintisinə sərf ediləcək. Bundan sonra Mingəçevirdə, Gəncədə, başqa şəhərlərdə yeni qəsəbələr tikiləcək.
Martın 13-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib. Bu məqsədlə Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında yerləşən məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Elə həmin gün köçürülən məcburi köçkünlərə evlərin sənədləri verilib. Məhəllə Müşfiqabad qəsəbəsi ərazisində Prezident İlham Əliyevin 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən, inşa olunub. Yeni məhəlləyə 1440 ailə və ya 5 min 756 məcburi köçkün köçürüləcək. Məcburi köçkün ailələrindən 320-si Ağdam, 570-i Cəbrayıl, 290-ı Füzuli, 100-ü Zəngilan, 160-ı isə işğal olunmuş digər rayonlardandır. Məhəllənin ərazisi 22 hektardır. Buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Məhəllədə 140 yerlik uşaq bağçası da inşa olunub. Zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilən məhəllə Dövlət Neft Fondundan ayrılan 127,5 milyon manat hesabına inşa olunub. Qeyd edək ki, BDU-nun tələbə şəhərciyində 730 məcburi köçkün ailəsi var. Köçürülmə prosesinə martın 12-dən start verilib. BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfərin hamısı Müşfiqabad qəsəbəsindəki yeni məhəllədə məskunlaşacaq.
BDU-nun tələbə yataqxanasındakı məcburi köçkünlərin köçürülməsi prosesi hazırda da davam edir. Biz də köçürülmə prosesini müşahidə edərkən burada məskunlaşan sakinlərlə söhbətimizdə onların yeni yaşayış yeri ilə bağlı fikirlərini öyrəndik. Bizimlə söhbətində Füzuli rayonundan olan məcburi köçkün Qambay Məmmədov bildirdi ki, bu gün artıq onların məskunlaşdığı binadakı vətəndaşlar köçürülür: “Tədricən köçürülmə prosesi gedir. Mən Füzuli rayonunun Horadiz qəsəbəsində salınan qəsəbədə yaşamışam. Hazırda burada oğlumun yanında yaşayıram. Heç bir narazılığımız yoxdur. Gedib yeni salınan qəsəbədəki mənzillərə də baxmışam. Çox gözəldir. Bu yataqxanada bir otaqda bir neçə nəfər yaşayırdıq. Yeni binalarda 4 nəfərə 2 otaqlı mənzil verilir, üstəlik mətbəxi var. Hətta yataqxanada bəzi istifadə sahələri ümumi idi, ancaq indi orada hər mənzilin özünün ayrılıqda var. Mən Horadizdə də yeni salınan qəsəbədə yaşamışam. Orada da çox gözəl şərait yaradılıb. Qəşəng evlər, həyətyanı sahələr var, əhali təsərrüfatla məşğul olur, mal-qara saxlayır. Bu yeni binalar da yaşayış üçün çox əlverişlidir. Belə şəraiti yaradanların hamısına öz təşəkkürümü bildirirəm. Bizə belə gözəl şərait yaratdıqları, göstərilən qayğı üçün ailəmiz adından minnətdarlığımı bildirirəm”.

Zəngilan sakini:
“Köçməyimiz üçün
dövlət tərəfindən xüsusi yük maşınları ayrılıb”

Digər həmsöhbətimiz isə Zəngilan sakini Vəli Mustafayev də bildirdi ki, artıq onların da yeni qəsəbəyə köçürülməsi başlanılıb: “Hazırda sənədləşmə işi aparılır. Sənədlərində heç bir problem olmayan məcburi köçkünlərə mənzillər verilir. Dövlətə təşəkkür edirəm ki, bizə belə yaşayış evləri veriblər. Hətta burdan köçməyimiz üçün dövlət tərəfindən xüsusi yük maşınları ayrılıb ki, hər birinə 40 manat vəsait ayrılıb. Onlar əşyaları yeni mənzillərə daşıyırlar. Yəni, burada heç bir problem yaşamırıq. Yeni mənzillər də yaxşıdı. Burada yataqxana olduğu üçün yaşayış tərzi fərqli idi. İndi yeni mənzillər sərbəst yaşamağa imkan verir. Mən də belə şərait yaradıldığı üçün ölkə başçısına təşəkkür edirəm”.

“Qəsəbədən işə getmək üçün marşrut
avtobuslar ayrılsa,
çox yaxşı olar”


Zəngilandan olan məcburi köçkün Həmid Bayramov da bildirdi ki, onlar da sənədləri düzgün olduğu üçün yeni evlə təmin ediliblər: “Bizi də problem olmadığı üçün mənzillə təmin ediblər. İndi bizim binanın sakinləri köçürülür. Növbəmizi gözləyirik. Yaxşı ki, yük maşınları ilə təmin ediblər. Bu, işimizi asanlaşdırır. Yeni mənzillər çox qəşəngdir, hər bir şəraiti var. Ancaq yeni olduğu üçün bir qədər məlumatımız yoxdur. Qəsəbədən işə getmək üçün marşrut avtobuslar ayrılacağını deyirlər. Bu da olsa, çox yaxşı olardı. Başqa heç bir narazılığımız yoxdur. Belə evlər, şərait yaratdıqları üçün sağ olsunlar”.
Qeyd edək ki, BDU-nun yataqxanalarının köçürülməsi başa çatandan sonra Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarının köçürülməsinə başlanacaq. ADNA yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazır qəsəbəsinə köçürüləcək.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub
18.08.2019
Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı
18.08.2019
Türkiyə bu mövzuda BMT-ni daha aktiv olmağa çağırdı
18.08.2019
İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
18.08.2019
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info