Heydər Əliyev və Azərbaycan gəncliyi
Tarix: 08.04.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Hər hansı bir xalq kimi Azərbaycan xalqı üçün də mühüm tarixi nailiyyət olan dövlət müstəqilliyinin qazanılmasından böyük hadisə yoxdur. Müstəqil dövlətçilik çoxəsrlik Azərbaycan tarixinin ən böyük hadisəsidir. XX əsrin əvvəllərində Azərbaycanda qazanılmış birinci dövlət müstəqilliyi bütün türk-müsəlman dünyasının tarixində dönüş mərhələsi yaratmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli istiqlalının acı taleyi müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsinin onu qazanmaqdan da zəruri olması faktını meydana qoymuşdu. Azərbaycan xalqı üçün ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq şansının ideya rəhbəri də, bu dövlətin xilaskarı da, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev oldu.
Hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması, gənclərin sosial-mənəvi ehtiyaclarının ödənilməsi, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Bu da təbiidir. Çünki gənclər xalqın ümidi, onun inkişafının və yüksəlişinin əsas meyarı və barometridir. Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi gənclər siyasətinin düzgün qurulmasından, gənclərin sosial, psixoloji vəziyyətindən, fəaliyyət şəraitindən bilavasitə asılıdır.
90-cı illərin əvvəllərində sovet imperiyasının, onun məhəkdaşı olan kommunist ideologiyasının süqutu ilə yeganə təşkilatı olan komsomolun fəaliyyətinə son qoyuldu.
Müstəqilliyin ilk dövrlərində əhalinin bütün təbəqələri, sosial qrupları arasında müşahidə olunan milli oyanış, sosial-siyasi fəallıq gənclərdən də yan keçmədi. «Sovet imperiyasına qarşı mübarizənin, o cümlədən Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz getmişlər. 1988-ci ildə erməni ekstremistlərinin Azərbaycana qarşı başladıqları hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin yaradılmasında və fəaliyyət göstərməsində gənclərin böyük xidmətləri olub».
Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Məqsəd və vəzifələrinə, fəaliyyətin istiqamətlərinə, sosial tərkibinə görə bir-birindən fərqli, yeni, müstəqil gənclər təşkilatları yaranmağa başladı. İlk gənclər təşkilatları əsasən kortəbii surətdə, respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda xalq hərəkatının təsiri altında təşəkkül tapmağa başlamışdılar. Lakin «1991-1993-cü illərdə respublikada hökm sürən hərc-mərclik şəraitində təşəkkül tapmış gənclər təşkilatlarının çoxunda siyasiləşmə, populizm meyilləri özünü büruzə verdi. Bu təşkilatların bir çoxu o dövrdə fəaliyyət göstərən müxtəlif yönlü siyasi partiya və qurumların təsiri altına düşdü. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasiətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı.
Təəssüf ki, həmin dövrdə Azərbaycanda təzahür edən xaos və özbaşınalıqlar, hakimiyyət uğrunda mübarizələr və bütün bunların məntiqi nümunəsi olan Qarabağ savaşında acınacaqlı məğlubiyyət və torpaqlarımızın işğalı gənclər arasında bədbinliyin artmasına, vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanmasına, narkomaniya, cinayətkarlıq və digər neqativ hallarının çoxalmasına şərait yaratmışdı. Təbii ki, belə bir şəraitdə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərlə bağlı hər hansı bir dövlət siyasətinin aparıldığından söhbət gedə bilməzdi.
Müstəqil Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış bu boşluq yalnız 1993-cü ilin iyununda Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aradan qaldırılmağa başlandı və gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət sahələrindən birinə çevrildi. Məhz 1993-cü ildən başlayaraq Azərbaycanda dövlət gənclər siyasəti təşəkkül tapmağa başladı.
1993-cü ilin 22 sentyabrında Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən, Respublika Ali Sovetinin sədri, ümummilli lider Heydər Əliyev gənclərin bir qrupu ilə görüşmüş, Azərbaycan gəncliyini ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, ölkənin taleyinə biganə qalmamağa çağırmışdı.
Gənclərlə iş sahəsində dövlət siyasətinin mühümlüyünü nəzərə alaraq, Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyul ayının 26-da bu siyasəti həyata keçirəcək yeni dövlət quruluşunun - Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Yeni nazirliyin qarşısına qoyulan əsas məsələlərdən biri böyüməkdə olan nəslin Vətənə, xalqa məhəbbət ruhunda tərbiyə olunması, gənclərin sosial-iqtisadi problemlərinin həlli, mənəvi ehtiyaclarının ödənilməsi, gənc nəslin hərtərfli inkişafı üçün şəraitin yaradılması olmuşdur. Respublikada çoxsaylı gənclər təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə onların işini əlaqələndirmək zərurəti getdikcə özünü daha çox göstərirdi. Bu işi təmin etmək məqsədilə Prezident Heydər Əliyevin xüsusi fərmanı ilə 1996-cı ilin 2 fevralında keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I Forumunun xüsusi əhəmiyyəti oldu. Forumda gənclərin bütün kateqoriyalarını: tələbələri, hərbiçiləri, jurnalistləri, siyasi partiya və gənclər təşkilatlarını təmsil edən 2 mindən çox nümayəndə iştirak etmişdi. Forumun işində respublika Prezidenti başda olmaqla bütün dövlət orqanlarının rəhbərləri iştirak etmiş, gənclərin irad və təkliflərini dinləmiş, bütün Azərbaycan gəncliyinin problemlərini yaxından öyrənib.
Forumda böyük nitq söyləyən Azərbaycan Prezidenti gəncliyin qarşısında çox böyük vəzifələr durduğunu, onun əsas vəzifəsinin isə özünü Müstəqil Azərbaycan Respublikasının inkişafına, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olduğunu qeyd edib.
Öz çıxışında ümummilli lider, həmçinin, gənclərə Azərbaycan Konstitusiyasını öyrənməyi, onun prinsiplərinə riayət etməyi tövsiyə etdi. Prezident eyni zamanda ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, dövlət sərhədlərimizin bərpa olunması Azərbaycan gənclərinin mühüm vəzifəsi olduğunu onların nəzərinə çatdırdı. Bu vəzifənin yerinə yetirilməsi üçün Ali Baş Komandan gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycan ordusuna, onun daha da möhkəmləndirilməsinə diqqəti artırmağı tələb etdi və vurğuladı ki, gənclər təşkilatının, gənclərin əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya hazırlamaqdan ibarət olmalıdır. «Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şərəf bilməlidir». Prezidentimiz bu sözləri müasir Azərbaycan gənclərinin həyat devizinə çevirdi.
Hələ SSRİ-nin mövcudluğu dövründə Azərbaycan SSR-nin rəhbəri işləyərkən ümummilli lider Azərbaycanın gələcəyi haqqında düşünmüş, onun yüksək ixtisaslı zabit kadrlara ehtiyacını nəzərə alaraq, bir sıra tədbirlər görmüşdü. 1972-ci ildə onun bilavasitə təşəbbüsü və təkidi ilə Bakıda xüsusi hərbi məktəb - Cəmşid Naxçıvanski adına məktəb açılmışdı. Azərbaycan milli ordusunun yaranmasında və təşəkkül tapmasında bu məktəb çox böyük xidmətlər göstərmiş, hər il onun 800-900 müdavimi Sovet İttifaqının ali hərbi məktəblərinə göndərilirdi. İndi ordumuzda xidmət edən zabitlərin çoxu həmin dövrdə hazırlanan zabitlərdir.
Təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayan Heydər Əliyev göstərir ki, bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə qalxmaqdır. Gənclərimizin qarşısında duran əsas vəzifələrdən birinin də mənəvi tərbiyə məsələsinin olduğunu qeyd edən Prezident gəncləri ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini dərindən mənimsəməyə çağırmış və göstərmişdi ki, milli dəyərlərimizi, milli ənənələrimizi, dilimizi, dinimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Öz çıxışında dövlət başçısı vətənpərvərlik məfhumunun mahiyyətini açıb göstərmişdi: «Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik».
Dövlət başçısı öz bilik və bacarıqlarını reallaşdıra bilmələri üçün gənclərə şərait yaratmağı, dövlət quruculuğu prosesində onların potensialından daha səmərəli istifadə etməyi bütün dövlət orqanlarına tövsiyə edirdi. Bunun konkret nəticəsi kimi gənc kadrların dövlət idarəetmə strukturlarında məsul vəzifələrə irəli çəkilməsi müşahidə olunmağa başladı.
İndi ölkəmizin müxtəlif sahələrində - yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, nazirlik və idarələrdə yüzlərlə gənc öz vəzifələrini layiqincə yerinə yetirirlər. İdarə başçıları, nazir müavinləri, nazirlər, millət vəkilləri, siyasi xadimlər arasında Azərbaycan gəncliyini ləyaqətlə təmsil edən çoxlu şəxslər var.
1 fevral 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti gənclər təşkilatlarının nümayəndələri ilə görüşündən sonra, onların xahişini yerinə yetirərək 2 fevralın Gənclər Günü elan edilməsi haqqında fərman imzalayıb. Həmçinin gənc istedadların «Qızıl kitabı», gənc istedadlara yardım fondu yaradılmışdır. Bütün bunlar ümummilli liderin gənclərə göstərdiyi qayğının yalnız cüzi hissəsidir.
Onillik hakimiyyəti dövründə mərhum prezidentimiz özünün humanistlik prinsiplərinə daim sadiq qalmış, gənc məhbuslar, ordudan fərarilik etmiş insanlara qarşı bir neçə dəfə amnistiya elan etmiş, onlara ölkəmizin layiqli vətəndaşları olmaq üçün imkan yaradıb.
1999-cu ilin mart ayının 2-3-də Azərbaycan gənclərinin ikinci forumu keçirildi. O, birinci forumdan keçən 3 il ərzində görülmüş işlərə yekun vurmaqla yanaşı müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə düşən vəzifələri müəyyənləşdirdi, ictimai-siyasi həyatda gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclik problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə dövlət gənclər siyasətinin normativ hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində də əməli addımlar atılıb.
Azərbaycan Prezidenti tərəfindən 1999-cu ilin iyul ayının 29-da imzalanmış «Dövlət Gənclər Siyasəti» haqqında fərmanında və fərmanla təsdiq edilmiş geniş tədbirlər planında Azərbaycanda gənclər hərəkatının əsas inkişaf mərhələləri, dövlət gənclər siyasətinin əsas istiqamətləri, bu siyasətin həyata keçirilməsi sahəsində mövcud olan problemlər və onların həlli üçün konkret tədbirlər öz əksini tapıb.
Bu fərman ölkəmizin ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətinin gənclik problemlərinin həllinə yönəldilməsi baxımından tarixi bir sənəddir və Azərbaycan gənclər təşkilatlarının fəaliyyət proqramı kimi dönmədən həyata keçirilir. Fərmandakı tədbirlər planının icrası ilə bağlı müxtəlif dövlət orqanları - nazirliklər, dövlət komitələri tərəfindən görülən işlər hər ilin sonunda Prezidentə təqdim edilir.
Fərmana uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi, Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi yaradılmış, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı gənclərin üzə çıxarılması, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həlli, bədən tərbiyəsi və idmanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin idarəetmə strukturlarında məsul vəzifələrə irəli çəkilməsi sahəsində səmərəli işlər görülüb.

1997-2000-ci illərdə GİN tərəfindən «Gənc ailə», «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi», «Ordudan tərxis olunmuş gənclərin məşğulluq probleminin həlli», «İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həlli» və digər dövlət proqramları hazırlanıb və onlar respublika hökuməti tərəfindən təsdiq edilib.

Eyni zamanda, 1993-2003-cü illərdə Prezident tərəfindən təsdiq olunmuş dövlət proqramlarının əksəriyyətində gənclərlə bağlı müvafiq maddələr öz əksini tapıb.
Uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək məqsədi ilə «Dövlət gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və bu qanun Prezident Heydər Əliyevin 6 may 2002-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdi.
14 maddədən ibarət olan qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Qanunda yazıldığı kimi, gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Bu siyasət çox geniş bir spektr-gənclərin təhsili, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi ilə bağlı məsələləri əhatə edir. Qanuna əsasən, «gənclər» anlayışı 16-35 yaşadək olan şəxslərə şamil edilib.
Gənclər siyasəti ilə bağlı qəbul edilmiş qanun və qərarların əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək, respublikanın ictimai-siyasi həyatında onların fəal iştirakına, bacarıqlı gənclərin üzə çıxarılaraq onlarda idarəçilik vərdişlərinin yaradılması, gənclər arasında hüquq pozuntularının, cinayətkarlığın və digər neqativ halların qarşısını almaqdan ibarətdir.
Dövlət gənclər siyasəti dövlətin daxili siyasətinin mühüm bir tərkib hissəsini təşkil edir. Gənclər siyasətinin əsas məqsədi, prinsip və istiqamətləri Azərbaycan Respublikasının Prezidenti və Milli Məclis tərəfindən müəyyən edilir. Həmçinin mərkəzi və yerli hakimiyyət orqanları, bələdiyyələr öz vəzifə və səlahiyyətləri daxilində bu siyasətin həyata keçirilməsində iştirak edirlər. Hal-hazırda Azərbaycan Respublikasında dövlət gənclər siyasətini həyata keçirən idarəetmə strukturları formalaşıb ki, bu strukturlarda yüksək ixtisaslı gənc mütəxəssislər çalışırlar.
Respublikamızda demokratik dövlət quruculuğunun uğurla davam etdirilməsi, gənclər siyasətinin inkişafı ölkə gənclərinin beynəlxalq əlaqələrinin təşəkkül tapmasına və möhkəmləndirilməsinə təkan verdi. Azərbaycan gənclər təşkilatlarının nümayəndələri dünya, Avropa, regional səviyyəli müxtəlif səpkili tədbirlərdə iştirak etmək, gənclərlə iş sahəsində dünya təcrübəsini öyrənmək və ölkəmizdə tətbiq etmək imkanı əldə etdilər. Ayrı-ayrı milli gənclər təşkilatları müxtəlif ümumavropa qurumları-Avropa Şurasının Gənclər Direktorluğu, Avropa İttifaqının Gənclər İdarəsi ilə sıx əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır, birgə layihələr və proqramlar həyata keçirirlər. 2000-ci ilin aprel ayında Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası Avropanın ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tam hüquqlu, 2002-ci ilin yanvarında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi üzv seçilib. Azərbaycan Skautlar Assosiasiyasının Beynəlxalq Skaut Hərəkatı Təşkilatına, Gənc Hüquqşünaslar Birliyinin Gənc Hüquqşünasların Beynəlxalq Assosiasiyasına, Demokratik Tələbə Gənclər Təşkilatının Beynəlxalq Demokratik Tələbə İttifaqına üzv qəbul edilmələri Azərbaycan reallığının, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm vasitə olub.
Azərbaycan dövlətinin gənclər siyasətinin ən bariz nəticələrindən biri ölkəmizdə gənclər hərəkatının, müxtəlif qeyri-hökumət gənclər təşkilatlarının inkişafıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin ən vacib faktorlarından biri də ictimaiyyətin ən müxtəlif təbəqələrinin öz qarşılarına qoyduqları məqsədləri həyata keçirməkdən ötrü ictimai qurumlarda-qeyri-hökumət təşkilatlarında birləşmək hüququnun gerçəkləşdirilməsidir. Son illər sıralarında əsasən gəncləri birləşdirən QHT-lərin, ictimai qurumların, fondların, birliklərin ölkəmizdə bərqərar olan demokratik dəyərlərin inkişafında xüsusi xidmətləri var. Gənclər dünyada qəbul olunmuş sivil və intellektual formalardan, metodlardan bəhrələnərək, ölkəmizdə təşəkkül tapmış demokratik ab-havadan istifadə edərək, gəncliyin müxtəlif problemlərini araşdırır, cəmiyyətimizin sosial-iqtisadi, mənəvi-mədəni inkişafına öz töhfələrini verirlər.
Əgər 1998-ci ilin əvvəllərində II Gənclər Forumu ərəfəsində onların sayı 60-a yaxın idisə (Bakinskiy raboçi, 1998 27 fevral), bu gün onların sayı 120-dən artıqdır. Bu təşkilatlardan 40-dan artığı uşaq, 80-ə yaxını isə gənclər təşkilatıdır. Onların bir çoxu siyasi partiyaların gənclər bölməsi olaraq siyasi fəaliyyətlə məşğul olsalar da, mütləq əksəriyyəti gənclərin spesifik maraqlarını əks etdirərək, sırf gənclərlə bağlı məsələlərlə məşğul olur, müxtəlif proqramlar vasitəsilə nizamnamə məqsədlərini həyata keçirməyə çalışırlar. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə, 1995-ci ildə Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası yaradılıb. Hazırda AGTMŞ milli gənclər hərəkatının inkişafında mühüm rol oynamaqdadır.
Xatırladaq ki, 2001-ci ildə ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasında AŞ-nin Gənclər və İdman Direktorluğunun ölkəmizdə gənclər hərəkatını müsbət qiymətləndirən hesabatı da mühüm rol oynayıb.
Dövlət gənclər siyasətinin müasir tələblərə uyğun qurulması ölkə gənclərinin həyatın başqa sahələrində olduğu kimi, idman sahəsində də uğurlu nəticələr əldə etməsinə şərait yaratdı. Heydər Əliyev siyasətinin layiqli davamçısı, gənclərin və idmançıların lideri İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkəmizdə quruculuq dövrünü yaşayan olimpiya hərəkatı görünməmiş inkişaf mərhələsinə çatdı. Bu sahədə uğurla həyata keçirilən fəaliyyətin nəticəsidir ki, respublikamızın müxtəlif bölgələrində Olimpiya İdman komplekslərinin tikintisinə xüsusi diqqət yetirilir, yeni müasir idman qurğuları gənclərimizin istifadəsinə verilir. İdmançı gənclərimiz onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə adekvat cavab verərək, beynəlxalq səviyyəli idman yarışlarında bir sıra uğurlu nəticələr qazanıblar. Xüsusən, 2000-ci il Sidney Yay Olimpiya oyunlarında idmançılarımızın 2 qızıl və 1 bürünc medal qazanmaları gələcəkdə idmanımızın daha böyük qələbələr qazanacağına ümidlərimizi artırdı. Bunu 2003-cü ilin yekunları da bir daha təsdiq edir. Əgər 2002-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 175 medal qazanmışdılarsa, 2003-cü ildə bu rəqəm 188-ə çatıb.
Gənclərin sevimlisi İlham Əliyevin YAP-ın II qurultayında partiya sədrinin I müavini seçilməsi, onun olimpiya hərəkatına rəhbərlik etməsi, böyük siyasətdə uğurlar qazanması gənclərdə böyük ruh yüksəkliyi yaratmış və onlarda gələcəyə inamı daha da artırmışdı. İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçilməsi bir daha təsdiq etdi ki, Azərbaycan gəncliyi hələ 90-cı illərin ortalarında İlham Əliyevi özünə lider seçməklə gələcək yollarını düzgün müəyyənləşdirmişdilər. 2003-cü ilin oktyabrında Azərbaycan gəncliyi artıq düzgün seçim etdiyini bir daha təsdiq etmiş, ona bütün sahələrdə uğur gətirən ümumilli liderimiz Heydər Əliyevin siyasi xəttini davam etdirən, onun siyasi varisi İlham Əliyevi ölkə başçısı seçiblər.
Çünki müasir Azərbaycan gəncliyi bu gün yaxşı başa düşür ki, onların firavan yaşayışı, ölkənin xoşbəxt gələcəyi yalnız və yalnız Heydər Əliyevin zəngin ideya irsini dərindən mənimsəməklə, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısının ətrafında sıx birləşməklə bağlıdır.
2003-cü ilin dekabrında Azərbaycan son dərəcə ağır, üzüntülü, adamları şoka salan bir itki ilə üzləşdi: ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əliyev vəfat etdi. Ağır matəm günlərində xalqımızın gecə-gündüz Fəxri xiyabana axışıb öz böyük oğluna sevgisini gül-çiçəklə, göz yaşları ilə ifadə etməsi Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə münasibətini, sonsuz sevgisini əyani şəkildə göstərdi. Bu ehtiram onu da göstərdi ki, Heydər Əliyev bizim üçün keçmiş, bu gün deyil, həm də gələcək deməkdir. Böyük öndərimiz Heydər Əliyevin parlaq ideyaları hələ uzun müddət Azərbaycanın yoluna işıq salacaq. Xalqımız bu zəngin ideyalardan böyük mənəvi güc alaraq Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha firavan gələcəyini quracaq.
İndi Heydər Əliyev adı hər bir Azərbaycan gəncinin and yeridir. Əməlləri ilə, gördüyü işlərlə onun böyük adına layiq olmaq, bu yolda çalışmaq hər bir gəncin əsas vəzifəsi olmalıdır.
Bu gün ümummilli lider Heydər Əliyevin kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoyub. Dövlət başçısı daim gənclərə arxalandığını açıq şəkildə söyləyib. Gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına töhfələrini verirlər.
Həmzə CƏFƏROV
Tarix elmləri doktoru,
professor




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək
22.08.2019
Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını
22.08.2019
Husilər Səudiyyə Ərəbistanın Hamis-Muşayt şəhərinə hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info