Xarici QHT-lər xarici kəşfiyyatın ölkələrdəki köməkçiləridir
Tarix: 09.04.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda pozucu fəaliyyətlərə rəvac verməsi və bir qrup gənci maliyyə şirnikləndirməsi yolu ilə təxribatlara çəkməyə çalışması son günlər Azərbaycan mediasında və cəmiyyətində dartışılan əsas aktual məsələlərdən biri kimi xarakterizə edilir. Bəzi xarici qurumların süni yollarla Azərbaycanda asayişi pozma cəhdlərinin, təxribatlar törətməyin əsas pərdəarxası müəllifləri olması ictimaiyyəti sanki bir sıra məsələlər barəsində daha çox ayıltmış oldu. İctimaiyyətə daha yaxından əyan oldu ki, son dövrlərdə bir qrup gənc tərəfindən həm sosial şəbəkələrdə keçirilən təxribatçı aksiyalar, həm də şəhərin mərkəzi yerlərindəki aksiya cəhdləri əslində hardan qaynaqlanırmış. Milli Demokratiya İnstitutu və onun formalaşdırdığı “NİDA” adlı bir neçə gənci birləşdirən qurum ifşa olunandan sonra əslində bu cür süni ajiotaj cəhdləri də kəsildi. Bir daha bəlli oldu ki, sosial şəbəkələrə cəlb edilmiş kiçik bir qrupun icazəsiz aksiyalara çağırışlar etməsi və küçələrdə zorakı təxribatlara çalışmasının arxasında kim və nə dayanırmış. Aydın oldu ki, bu cür aksiyaların heç bir sosial əsası yoxmuş, bu, ictimai sifariş yox, sadəcə təxribat xarakteri daşıyırmış...
Bu isə ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici QHT-lərə ictimai və hökumət nəzarətinin gücləndirilməsini zəruri edir. Eyni zamanda media bu məsələdə ictimai mənafeyi qoruyan, obyektiv tədqiqatlar aparmalı və cəmiyyəti intensiv olaraq məlumatlandırmalıdır.
Beləliklə, xarici qurumların qrant donorları kimi davranışları da əslində bu sahədə onların qərəzli, qeyri-şəffaf və eləcə də cəmiyyət üçün zərərli fəaliyyətini üzə çıxarmış olur.
Məsələn, aparılan araşdırmalar göstərir ki, birincisi, xarici QHT-lər əməkdaşlıq etdikləri, qrant ayırdıqları yerli QHT-ləri artıq çoxdan müəyyənləşdiriblər. Onların bununla bağlı konkret siyahıları var ki, bu siyahılar demək olar, dəyişməzdir. Məsələn, Mili Demokratiya İnstitutu kimi, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) kimi qurumların qrantları üçün də eyni siyahı var.
Bu siyahılarda daim adları ön sıralarda gələn qurumlar içərisində isə “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyi (RATİ - sədri Emin Hüseynli), Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (sədr Mirvari Qəhrəmanlı), Hüquqi Yardım İctimai Birliyi (sədr İlqar Qasımov) və sair qurumlar ən başda gəlir və həmişə ən iri məbləğlərlə qrant alanlar kimi xarakterizə edilirlər. Bu isə həmin qrant “maqnatlarının” Azərbaycan ictimai və dövləti mənafelərinə qarşı fəaliyyətləri və radikallıqları ilə sinxronluq təşkil edir. Məsələn, “Eurovision”un ölkəmizdə keçirildiyi ərəfədə bu cür qrantlar müqabilində E.Hüseynlinin “Demokratiya naminə oxu” kimi ölkəmizə qarşı qərəzli kampaniyanın başçılarından biri olmasını xatırlamaq kifayətdir. “Eurovision”dan ölkəmizin ən yaxşı təqdimatı və təbliğatı üçün istifadə etmək, Azərbaycan həqiqətlərini və milli məsələləri - məsələn, Dağlıq Qarabağ problemini xaricilərə çatdırmaq lazım gəldiyi bir ərəfədə E.Hüseynli ölkədə “insan haqlarının olmadığını” car çəkirdi və onlar bir qrup xarici jurnalisti şəhərin ən ucqar və yeni salınmaqda olan nöqtələrinə apararaq “yolların əyriliyini, evlərin köhnəliyini” və sair “problemləri” qabardırdılar. Bu cür antiazərbaycan kampaniyası isə açıq göstərirdi ki, əslində həmin ərəfədə Emin Hüseynli kimiləri Azərbaycanı məhz bu cür təqdim etməkdə maraqlı olan erməni KİV-ləri və erməni lobbisinin təsiri ilə hərəkət edən bəzi xarici qurumlarla eyni mövqedən çıxış edir...
Yaxud “Eurovision”la bağlı başqa bir antiazərbaycan layihəyə misal. APA-nın araşdırması nəticəsində məlum olub ki, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Budapeşt) “Demokratik Jurnalistika Məktəbi» İctimai Birliyinə ayırdığı 13 486 dollarlıq qrant hesabına həyata keçirilmiş layihə də “Eurovision”dan Azərbaycandakı insan hüquqlarına diqqət cəlb etmək üçün bir vasitə kimi istifadə etmək” adlanırmış. Göründüyü kimi, bu cür layihələrin adları da antimillilik baxımından olduqca “şəffaf” və aydındır. Bunlardan da aydın olur ki, həmin xarici qurumlar cəmiyyətimizdə ictimai maraqlarımıza və Azərbaycan mənafeyinə daban-dabana zidd casus şəbəkəsi formalaşdırdırırlar və onların vasitəsilə ölkəmizə qarşı beynəlxalq arenada qərəz nümayiş etdirməyə çalışırlar.

«Tolerant» Samtsxe Cavaxeti Regional Assosiasiyası niyə bizə qrant ayırır?

Maraqlı məqamlardan biri budur ki, Azərbaycandakı QHT-lər arasında hətta, Gürcüstandan birbaşa maliyyələşən QHT-lərə də rast gəlmək olar. Məsələn, aşkar olunub ki, Gürcüstanın «Tolerant» Samtsxe Cavaxeti Regional Assosiasiyasından sədri Əvəz Həsənov olan Humanitar Tədqiqatlar Cəmiyyətinə 2012-ci ildə 80 577 avro qrant ayrılıb. Məlum məsələdir ki, bu gün Gürcüstan ciddi maliyyə böhranı yaşayan ölkələrdən biridir. Gürcüstanın bu gün Azərbaycan investisiyaları və iqtisadi layihələrindən xeyli dərəcədə asılı olduğu heç kəsə sirr deyil. Belə olduğu halda, bu kiçik və maliyyə resursları sarıdan daim qıtlıq çəkən ölkədən hansısa Azərbaycan QHT-sinə birdən-birə 80 577 avro qrant ayrılmasının özü də müəmmalıdır. Hansı maraqlarla bu cür “alicənablıq” edilib? Axı artıq məlumdur ki, heç bir xarici QHT havayı yerə pul paylamır? Burada əsas məsələ odur ki, həmin təşkilatın adı «Tolerant» Samtsxe Cavaxeti(!) Regional Assosiasiyasıdır. Cavaxetiya keçmiş Axalkələkdir - Axısxa türklərinin ana yurdu. Hazırda isə bu vilayət ermənilər tərəfindən tamamilə məskunlaşdırılıb, bu ərazidə ermənilər kompakt şəkildə yaşayırlar və orada da tez-tez erməni separatizmi yelləri əsməkdədir. Məhz belə bir yeri təmsil edən qurumun Azərbaycan QHT-sinə qrant ayırması böyük müəmma doğurur. Təsadüfi deyil ki, ötən vaxtlarda Humanitar Tədqiqatlar Cəmiyyəti Ermənistana, işğalçı rejimin ərazisinə “özfəaliyyət” səfərləri təşkil edən bəzi QHT-lərimizin “pionerləri”ndən olub...

“Maskirovka” ifşa edilir

Araşdırmalar və ortada olan qrant cədvəlləri onu göstərir ki, əsas məqsədi Azərbaycanda gizli siyasi fəaliyyətlə məşğul olub, agentura şəbəkəsi yaradan, ölkəmizə qarşı qərəzli hesabatların ərsəyə gəlməsinə çalışan və ölkədə icazəsiz aksiyalara, təxribatlara rəvac verən xarici qurumlar bu fəaliyyətlərini gizlətmək üçün “maskirovka” və kamufyajdan yararlanmağa çalışırlar. Belə ki, onlar guya sosial məsələlərə də diqqət ayrıdıqlarını göstərməyə çalışırlar. Halbuki onların maliyyələşdirdikləri bütün istiqamətlər üzrə layihələrin nisbətinə nəzər yetirəndə qeyri-səmimilik dərhal aydın olur. Aydın olur ki, onların sosial məsələlərə, təhsilə, mədəniyyətə ayırdıqları qrantlar siyasi məqsədlər və şübhəli istiqamətlər üzrə ayırdıqları qrantlarla müqayisədə cüzidir. Belə ki, konkret olaraq qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, sosial məsələlər, iqtisadi inkişaf, təhsil, elm, mədəniyyət, kənd təsərrüfatı kimi sahələr üzrə onların ayırdıqları qrantlar əhəmiyyətsiz və demək olar ki, yox səviyyəsindədir. Buradan bir daha görünür ki, onların əsl məqsədi təhsil, qaçqınlara və məcburi köçkünlərə yardım layihələri deyil. Onlar yalnız öz təsir dairələrini genişləndirmək, özlərinə lazım olan “problemləri” aşkara çıxarıb şişirtmək və hesabatlara salmaq üçün fəaliyyət göstərirlər. Xarici QHT-lər bununla bağlı xüsusi missiya yerinə yetirirlər.

Vətənpərvərliklə bağlı
xarici qrantlara niyə rast gəlinmir?

Ölkədə fəaliyyət göstərən bütün xarici qurumların ayırdıqları qrant cədvəllərinə diqqət yetirdikdə, onların vətənpərvərlik istiqaməti üzrə hər hansı xarici qrant ayırdıqlarına və layihə dəstəklədiklərinə, demək olar ki, rast gəlinmir. Bu da onu göstərir ki, həmin xarici qurumlar vətənpərvər layihələrin maliyyələşdirilməsində qətiyyən maraqlı deyillər. Ötən saylarımızda da MDİ-nin Bakı rəhbəri Aleks Qriqoryevsin 2010-cu ildə gənclərdən ibarət, bizim də iştirak etdiyimiz QHT ilə görüşündə həmin QHT-nin nəyə görə ancaq vətənpərvər layihələr həyata keçirdiyinə və eləcə də MDİ-yə vətənpərvər layihə təklifi etdiyinə irad tutduğunu yazmışdıq. Bütün bunlar onu göstərir ki, xarici qurumlar əsas milli məsələmiz olan Dağlıq Qarabağ probleminin həlli, işğal olunmuş torpaqlarımızın qayıtması üçün gənclərimizin vətənpərvərlik şüurunun yüksəldilməsində maraqlı deyillər və hətta buna mane olmağa çalışırlar...

Qərəzdən və qeyri-şəffaf qrant fəaliyyətindən doğan hesabatlar

Xarici qurumların bütün bu cür qərəzli fəaliyyətinin üzərinə onların Azərbaycanda qeyri-şəffaf fəaliyyət göstərdiyini və hesabatlardan yayındıqlarını da qeyd etmək lazımdır. Məsələn, Ədliyyə Nazirliyi dəfələrlə qrant müqavilələrinin gizlədildiyini, QHT-lərin mütəmadi hesabat verməkdən yayındığını, buna görə bir neçə dəfə inzibati mexanizmlərdən istifadə etməsi barədə məlumat verib. Bütün bunlar xarici QHT-lərin maliyyə ilə qeyri-şəffaf davrandığını ortaya qoyur. Bu yaxınlarda Aleks Qriqoryevsin bir milyon dollardan artıq pulu bankdan çıxararaq hesabatsız bir şəkildə sərf etdiyi ilə bağlı xəbər yayıldı. Bu cür faktlar göstərir ki, həmin xarici qurumlar eyni zamanda qeydiyyatsız olaraq, nağd şəkildə bəzi QHT-lərə pullar paylayıb, onları öz istədikləri kimi yönləndirirlər.
O da məlumdur ki, xarici qurumlar pul payladıqları QHT-lərin layihələrindən ərsəyə gəlmiş qərəzli hesabatlar əsasında Azərbaycanla bağlı mütəmadi olaraq hesabatlar yayırlar. Onlar ona görə də ölkədəki “problemləri” və buna uyğun mövzunu özləri müəyyənləşdirir və bununla bağlı layihə sifariş verirlər. Nəticə olaraq tənqidi hesabat ərsəyə gəlməsini gözləyirlər. Bir sır pusquda durmuş xarici təşkilatlara elə bu hesabatlar lazımdır. Onlar dərhal bu cür hesabatları öz ümumiləşdirilmiş, ölkələrlə bağlı açıqlanan hesabatlarında dərc etdirirlər. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational” kimi beynəlxalq “reketlər” bu hesabatların ərsəyə gəlməsində çox maraqlıdırlar.
Bu cür hesabatlar isə ölkələrə təzyiq vasitəsi kimi istifadə edilir. Bu proseslər bir daha göstərir ki, ölkədə fəaliyyət göstərən xarici qurumlar əslində xaricdəki beyin və təhlükəsizlik mərkəzləri ilə ümumi koordinasiyada fəaliyyət göstərirlər və onların maraqlarına uyğun xüsusi missiya yerinə yetirirlər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət etdi
14.11.2018
Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı
14.11.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
13.11.2018
D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş təsdiq olunub
13.11.2018
Müavinəti haqqı olan hər kəs alacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info