Klaus Şvab: “Azərbaycan ciddi nailiyyətlər əldə edib”
Tarix: 09.04.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Davos Forumu Bakıda keçirilir

Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlayıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında iştirak ediblər.
Dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı Dünya İqtisadi Forumunun iştirakçılarını qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir araya gələrək, bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçiblər.
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilib.

Klaus Şvab: “Forumun Azərbaycanda keçirilməsi bizim üçün qürurdur”

Açılış mərasimində çıxış edən Klaus Şvab Bakıda keçirilən Dünya İqtisadi Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını deyib, tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İyirmi il əvvəl Azərbaycanda olduğunu deyən Klaus Şvab ötən müddətdə ölkənin ciddi nailiyyətlər əldə etdiyini, Bakıda böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. “Forumun Azərbaycanda keçirilməsi bizim üçün qürurdur” - deyən Klaus Şvab ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları, maliyyə və tikinti sahələrində bir çox uğurlar qazandığını deyib.
Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığına görə Prezident İlham Əliyevə minnətdarlıq edən Klaus Şvab bildirib ki, Azərbaycan dövlətinin başçısı hər il Davos Forumunda iştirak edərək ölkəsinin və regionun iqtisadi potensialını yüksək səviyyədə təqdim edir. Klaus Şvab bu baxımdan Bakı Forumunun böyük önəm kəsb etdiyini vurğulayıb.
Sonra Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişaf potensialına həsr edilmiş videoçarx nümayiş olunub. Daha sonra müzakirələrin hansı istiqamətdə aparılması ilə bağlı səsvermə keçirilib.

Azərbaycan tranzit
ölkəyə çevrilib


Forumda çıxış edən Prezident İlham Əliyev indiyədək Dünya İqtisadi Forumunda 7 dəfə iştirak etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafı barədə məlumat verərək qeyd edib ki, Azərbaycan müstəqilliyin ilk illərində ciddi böhran mərhələsindən keçsə də 1993-cü ildən sonra uğurlu enerji siyasətinin əsasını qoyub və çətin vəziyyətdən çıxmağı bacarıb. Dövlət başçısının fikrincə, 1993-cü il, həqiqətən, ölkənin inkişafı üçün dönüş ili olub: "1993-cü ilin ikinci yarısından vəziyyət sabitləşməyə başladı, Azərbaycan özünü beynəlxalq aləmə təqdim etməklə çox ciddi, radikal siyasi və iqtisadi islahatlar keçirməyə başladı. Bu, plan iqtisadiyyatından bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid idi. Mən sizə deyə bilərəm ki, 20 il, təbii ki, tarix baxımından elə də böyük dövr deyil, ancaq o, eyni zamanda əsl transformasiyalar dövrü olub". Prezidentin sözlərinə görə, islahatlar prosesinin ilkin mərhələsində Azərbaycan böyük sərmayələr cəlb edə bilib və ölkə energetika sahəsində fəaliyyət göstərən şirkətlərə Azərbaycana sərmayə yatırdıqları üçün minnətdardır. Dövlət başçısı, həmçinin Azərbaycanın çox əlverişli coğrafi mövqeyini qeyd edərək vurğulayıb ki, bu amil infrastruktursuz böyük əhəmiyyətə malik deyil: "Bizim təbii sərvətlərimiz var və biz artıq karbohidrogenlərimiz üçün şaxələndirilmiş nəqliyyat şəbəkəsini yaratmışıq. Neft və qazın ixraci üçün ölkə boru kəmərləri tikməli idi".
Dövlət başçısının fikrincə, bu, ötən əsrin 90-cı illərində və bu əsrin əvvəllərində ən böyük problem idi və bu problem uğurla həll edilib: "Bu gün biz Azərbaycan neftini və qazını beynəlxalq və Avropa bazarlarına çıxarmaq üçün şaxələndirilmiş kəmərlər şəbəkəsinə, yeddi ədəd neft və qaz kəmərinə malikik". Eyni zamanda, Prezident qeyd edib ki, Azərbaycan artıq öz tərəfdaşları üçün Xəzər karbohidrogenlərinin daşınması planında tranzit ölkəyə çevrilib: "Bizim son on il ərzində əsas hədəfimiz iqtisadiyyatın şaxələndirilməsi olub. Və əgər siz Azərbaycanın iqtisadi inkişafına baxsanız, görəcəksiniz ki, son illər ərzində iqtisadiyyatımız sürətlə inkişaf edənlərdən biri olub. Ölkənin ÜDM-i 300 faiz, sənaye istehsalı isə 2,5 dəfə artıb".

Ölkə iqtisadiyyatı
maliyyə böhranı zamanı da artıb


Dövlət başçısının sözlərinə görə, ölkədə işsizliyin səviyyəsini 5,2 faizə qədər azaltmaq mümkün olub: "On il bundan əvvəl, Azərbaycan əhalisinin, demək olar ki, yarısı yoxsulluq səviyyəsində yaşayıb. Hazırda yoxsulluğun səviyyəsi 6 faiz təşkil edir, dövlət büdcəsinin xərcləri 20 faizə qədər artıb, inflyasiya isə 1 faiz təşkil edir. Bütün bunlar son on ilin hadisələridir və biz bu nəticələrin Ümumdünya İqtisadi Forumunun Azərbaycanın 46-cı pilləni tutduğu rəqabətədavamlılığa görə qiymətləndirilməsində əks olunmasında və ardıcıl olaraq MDB ölkələri arasında 4 il ərzində birinci yeri tutduğunu görməyə çox şadıq". Prezidentin sözlərinə görə, ölkə iqtisadiyyatı hətta iqtisadi və maliyyə böhranı zamanı da artıb. Prezident bildirib ki, hazırda Azərbaycan öz neft sərvətlərini insan kapitalına çevirir və gələcək üçün ən əsas vəzifələrdən biri təhsildir ki, bu da hər hansı bir ölkənin uğurla inkişafı üçün ən əhəmiyyətli amildir.
Dövlət başçısının sözlərinə görə, təhsil sahəsinə yatırılan sərmayələr, Azərbaycan universitetləri və dünyanın aparıcı universitetləri arasında yaradılan əlaqələr, ölkənin yüksək intellektli insan kapitalına əsaslanan iqtisadi gələcəyini planlaşdırmağa imkan verir.

Ölkəyə 130 milyard
ABŞ dolları həcmində sərmayə yatırılıb


Eyni zamanda, İlham Əliyev əlavə edib ki, hazırda ölkə yeni texnologiyalara sərmayə yatırır. Və İKT sahəsi Azərbaycanda prioritetlilərdən birinə çevrilir: "Fevral ayında Azərbaycana məxsus "Azerspace 1" peyki uğurla orbitə çıxarılıb ki, bu da Azərbaycanın kosmik sənaye sahəsində inkişafının yalnız başlanğıcıdır”. Dövlət başçısının sözlərinə görə, əlverişli investisiya iqliminin yaradılması islahatların prosesinin başlanğıcında prioritetlərdən biri idi və son 10 illər ərzində ölkəyə 130 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunlardan bir hissəsini xarici sərmayələr təşkil edib: "Azərbaycan Xəzər dənizini xarici sərmayədarlar üçün açan ilk ölkədir. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Bu neft-qaz dəhlizləri sonradan ümumi geosiyasi və nəqliyyat dəhlizləri rolunu oynamağa başladı".
İlham Əliyevin sözlərinə görə, hazırda ən əhəmiyyətli layihələrdən biri olan Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmiryolu əlaqəsinin yaradılmasını nəzərdə tutan layihə yekunlaşmaq üzrədir: "Son dövrlərdə ən əhəmiyyətli hadisələrdən biri Azərbaycanın təşəbbüskarı olduğu və bizim tərəfdaşlarımız olan Türkiyə və Gürcüstanın aktiv şəkildə dəstəklədiyi TANAP layihəsi üzrə razılaşmanın imzalanmasıdır".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu layihəni reallaşdırmaq üçün əsas maliyyə öhdəliklərini öz üzərinə götürüb və minimum 100 il ərzində istismar olunmaq üçün daha bir dəhliz tikəcək. Prezident qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində çox uğurlu əməkdaşlıq edir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında gələcəkdə daha da sıx inteqrasiya qurmağın əhəmiyyətindən danışan dövlət başçısı Bakı Forumunun bu sahədə mühüm nəticələr əldə etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edən Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Sağintayev bildirib ki, Orta Asiya və Cənubi Qafqaz regionunun əməkdaşlığı dünya səviyyəsində mühüm əhəmiyyət daşıyır. Rusiyanın VTB Bankının sədri Andrey Kostin isə bildirib ki, Azərbaycan son 10 ildə çox böyük uğurlara nail olub və iqtisadi artımın mənzərəsi valehedicidir. O, Azərbaycanın enerji ixrac siyasətini uğurla reallaşdırdığını söyləyib, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Qırğızıstanın Baş nazirinin birinci müavini Comard Otorbayev tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız isə bildirib ki, Forum Azərbaycana layiq səviyyədə təşkil edilib. Taner Yıldız Bakı görüşünün tədbirin uğurlu olacağına inandığını deyib, ölkəsinin regional inkişafa töhfə vermək istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Sonra mövzu ilə bağlı müzakirələrə başlanıb. Suallara cavabında Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsinin prioritet olduğunu deyib, qeyri-enerji sektorunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Dövlət başçısı ölkədə əlverişli investisiya mühitinin olduğunu, son illərdə Azərbaycanda yoxsulluğun və işsizliyin səviyyəsinin xeyli azaldığını, “Azərbaycan-2020” strateji inkişaf proqramının 8-9 ildə ölkədə ümumi daxili məhsulun həcminin iki dəfə artırılmasını nəzərdə tutduğunu bildirib.
Prezident İlham Əliyev uzun illər başqa imperiyaların tərkibində olan Azərbaycanın müstəqil olduğu 22 ildə siyasi və iqtisadi cəhətdən müstəqil siyasət yürütdüyünü diqqətə çatdırıb.
Digər çıxış edənlər də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Prezident dünən Albaniya və Litvanın Baş nazirlərini, “Statoil” şirkətinin baş icraçı direktorunu qəbul edib.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub
18.08.2019
Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı
18.08.2019
Türkiyə bu mövzuda BMT-ni daha aktiv olmağa çağırdı
18.08.2019
İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
18.08.2019
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info