Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
Tarix: 20.01.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən işlər tələblərə uyğun olaraq aparılır

Ölkə başçısının fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasının zəruriliyini müəyyən edib. Bu məqsədə nail olmaq üçün qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə və prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf etdirilməsidir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib ki, proqramın məqsədlərindən biri ölkədə məhz İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi, onlara çıxış imkanlarının təmin olunmasıdır. Bundan başqa, burada informasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək hüququnun səmərəli təmin edilməsi və qorunması öz əksini tapıb.

Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır

Gözlənilən nəticələrə gəldikdə isə ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq; sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq; ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək; ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun payı artırılacaq. Artıq dövlət proqramının həyata keçirilməsi istiqamətində tədbirlər davam edir. Cari ildə bir çox tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bu gün artıq nəinki paytaxtda, bölgələrdə bu istiqamətdə işlər görülür.

İnformasiya kommunikasiya texnologiyaları sahəsində aylıq ödənişlər elektronlaşdırılıb

Prezidentin sərəncamı ilə təsdiq edilən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından olan informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində də həyata keçirilən işlər bu tələblərə uyğun olaraq aparılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, nağdsız ödənişlərə tələb yaradılması və nağd hesablaşmaların azaldılması üzrə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları müvafiq poçt şöbələrində və telekommunikasiya qovşaqlarında poçt əməliyyatçıları tərəfindən, eləcə də, onlayn və ödəmə terminalları vasitəsilə qəbul ediləcək. Buna səbəb, müvafiq Qanuna uyğun olaraq, poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərmək hüququna malik olmasıdır. İlkin mərhələdə bu proses Bakı şəhərini, daha sonra isə respublikanın digər şəhər və regionlarını da əhatə edəcək. Vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən telekommunikasiya qovşaqlarına (ATS) gələrək poçt əməliyyatçılarına abunə haqları ödənişlərini nağd və ya nağdsız şəkildə (POS-terminallarda plastik kartlarla) ödəyə bilərlər.
Qeyd edək ki, yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan “Şəbəkə” xidmət mərkəzlərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün xidmətləri vahid bir mərkəzdən təqdim ediləcək. Bu mərkəzlərdə rabitə və poçt xidmətləri üzrə ödənişlər qəbul ediləcək və özünəxidmət terminalları fəaliyyət göstərəcək. İlk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə veriləcək. Gələcəkdə respublika üzrə bütün rayon mərkəzlərində “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

Bu il Zaqatalada NGN texnologiyaları əsasında 23 elektron ATS quraşdırılacaq

Əhaliyə müasir multimedia xidmətlərinin göstərilməsi və internet istifadəçilərinin sayının artırılması məqsədi ilə Zaqatala rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində son iki ildə ən müasir NGN texnologiyaları əsasında işləyən 16 yeni elektron tipli ATS quraşdırılaraq istismara verilib. Bu istiqamətdə işlərin 2017-ci ildə də davam etdirilməsi, qovşağın xidməti ərazisində daha 23 ədəd müasir ATS-in quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə qovşaq tərəfindən artıq layihələndirmə işlərinə də başlanılıb. Bu barədə Zaqatala rayon Telekommunikasiya Qovşağının rəisi Həsən Ömərov məlumat verib.
Qovşağın rəsmisi bildirib ki, yeni stansiyaların quraşdırılması “Aztelekom” MMC tərəfindən həyata keçirilən “Multimedia xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq reallaşdırılır. Onun sözlərinə görə, NGN texnologiyaları əsasında quraşdırılan ATS-lər bir çox üstünlüklərə malikdir. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə etibarlı telefon rabitəsi ilə yanaşı, ən müasir multimedia xidmətləri, yüksəksürətli internet, həmçinin çoxlu sayda servis xidmətləri təqdim edir.
Hazırda qovşaq üzrə telefon istifadəçilərinin ümumi sayı 22 min 939 abonent təşkil edir. Abonentlərin 5 min 500 nəfəri NGN texnologiyaları əsasında işləyən ATS-lərin xidmətindən yararlanır. Qovşaq üzrə internet istifadəçilərinin ümumi sayı isə 11 min 42 abonentdir.

Quba rayonunda internet istifadəçilərinin sayı artıb

Quba rayonunda internet istifadəçilərinin sayı artıb. Ötən il internet istifadəçilərinin sayı 1500 nəfər artaraq, 7800-ə çatıb. Hazırda rayon Telekommunikasiya Qovşağı tərəfindən Qubanın dağlıq kəndlərinin internetlə təminatı istiqamətində işlər davam etdirilir. Bundan əvvəl Alekseyevka kəndindəki ATS-dən yararlanan Dəlləkli kəndində rabitə və internet istifadəçilərinin sayı artdığından yaşayış məntəqəsində yeni elektron ATS quraşdırılıb. Bununla yanaşı, rayonun Əlibəyqışlaq kəndində 64 nömrə tutumlu yeni ATS quraşdırılıb. 2017-ci ildə Dəvədabanı yaşayış massivi, İqrıq, Susay və İspik kəndlərinə də rabitə və internet xətləri çəkiləcək. Quba rayonu üzrə ümumilikdə, 17 minə yaxın telefon və 8 minə yaxın internet istifadəçisi var.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
05.09.2019
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır
03.09.2019
Ermənistan Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraq öz məkrli siyasəti üçün istifadə edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info