Termal turizm ölkə iqtisadiyyatında mühüm rol oynaya bilər
Tarix: 25.01.2017 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Termal turizm məqsədi ilə Almaniya və Macarıstana 10 milyon, Rusiyaya 8 milyon, Fransaya təxminən 700 min, İsveçrəyə 800 min və İspaniyaya 400 min, Yaponiyanın isə yalnız Beppu şəhərinə 12-13 milyon nəfər səyahət edir

Turizm inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə məşğulluğa və iqtisadiyyata təsiri baxımından ən mühüm vasitələrdən biridir. Bu gün “yaşlanan dünyanın təzə çiçəyi” adlandırılan turizmin ölkəmizin iqtisadiyyatına təsiri də olduqca önəmlidir. Turizm sektoru valyuta qazandıracaq bir fəaliyyət, nəqliyyat, səhiyyə, əyləncə, qidalanma kimi geniş bir sahədə istehsalın istehlak edilməsidir. Eyni zamanda ən önəmli məqamlardan biri də odur ki, turizm yalnız müəyyən bir dövr üçün deyil, bütün ilboyu fəaliyyətdə olan sektordur.
Müxtəlif sahələrdə, bəzən problemlər yaransa da, turizm hər zaman üçün bəhrəsini verəcək bir sektordur. Bu baxımdan həmin sektoru inkişaf etdirmək ölkəyə davamlı valyuta axınını təmin etmək deməkdir. Ölkəmizdə də bu sektorun bütün növlərini inkişaf etdirməliyik. Ölkə başçısı çıxışında bildirib ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artıb və əminəm ki, bu il daha da artacaq: “Keçən il ölkəmizdə 35 mehmanxana tikilib, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, mehmanxanaların sayı Azərbaycanda 500-dən çoxdur. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar, istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaq. Turizmin inkişafı bundan sonra da sürətlə getməlidir”.

Yaşlanan Avropa əhalisinin daha çox termal müalicəyə ehtiyacı var
Bu gün turizm növlərindən biri kimi sağlamlıq turizmi inkişaf etməkdədir və dünyanın bir çox ölkələrində turistlər məhz bu növdən geniş istifadə edirlər. Bu məqsədlə başqa ölkələrə səfər edən turistlər termal sulardan da faydalanmağa çalışırlar. Təbii müalicə vasitəsi olan termal sulardan sağlamlıq, eləcə də özünü gümrah hiss etmək üçün istifadə edən insanlar dünyada və xüsusilə də Avropada çox əhəmiyyət qazanıb. Sağlam həyat-gümrahlıq, SPA, termal müalicə mərkəzi, hoteli, reabilitasiya, səhiyyə və gözəllik mərkəzi və s. kimi çox müxtəlif adlar altında fəaliyyət göstərən obyektlərin dünyada gedərək çoxalmağa başlaması bu sahəyə olan marağın və tələbin artmasının bir nəticəsidir. Dünyada bir çox mərkəz (Karlovıy Varı, Baden-Baden, Evian-Les-Bains və s.) uzun müddətdir ki, özünü termal, SPA mərkəzi- destinasiya kimi təqdim edir. 2000-ci illərdə əhalisinin 17 faizi 65 yaşdan yuxarı olan Avropada bu nisbətin 2025-ci ildə 20 faizə yüksələcəyi təxmin edilməkdədir. Xüsusilə 50 yaşdan yuxarı insanlar, sağlamlıqda önləyici müalicə və gümrah qalma arzusu ilə yüksəkkeyfiyyətli termal imkanlarına istiqamətli tələb meydana gətirməkdədir. Beləliklə, istər müalicə, istərsə də gümrah qalma məqsədilə yaşlanan Avropa əhalisinin daha çox termal müalicə ehtiyacını ortaya çıxarır. İqlim üstünlükləri səbəbilə, xüsusilə revmatizm xəstəliklərinin müşahidə edildiyi Şimali Avropa və Skandinaviya ölkələrində bu tələb daha sıx hiss edilməkdədir. Dünyada termal turizm məqsədi ilə Almaniya və Macarıstana 10 milyon, Rusiyaya 8 milyon, Fransaya təxminən 700 min, İsveçrəyə 800 min və İspaniyaya 400 min, Yaponiyanın isə yalnız Beppu şəhərinə 12-13 milyon nəfər səyahət edir. Hazırda müxtəlif ölkələr bu istiqamətdə fəaliyyətini daha da gücləndirməyə çalışır. Termal obyektlər baxımından dünyanın tanınmış ölkələri arasında yer alan Türkiyə bu sahədə turist potensialının artırılması üçün termal şəhərlər yaratmağı nəzərdə tutur. Mənbə potensialı baxımından Avropada birinci sırada yer alan Türkiyədə xaricdəki nümunələrdə olduğu kimi, bir çox fəaliyyətin bir yerdə olmasına çalışacaq.

Dünyanın 50 ölkəsində termal sulara rast gəlinir
Bu gün dünyada istifadəsindən asılı olaraq, eyni zamanda xalq təsərrüfatında əhəmiyyətinə görə yeraltı sular 4 qrupa ayrılır: şirin, mineral, sənaye və termal sular. Bunlar bir-birindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Termal sular dedikdə dərinlik mənşəli, temperaturuna kimyəvi və qaz tərkiblərinə görə fərqlənən və istifadəyə yararlı, eyni zamanda istilik enerjisi əhəmiyyəti daşıyan sular başa düşülür. İlk dəfə olaraq, əhali kütləsinin mineral-termal sularla təmin edilməsi İtaliya, Fransa və Çexiyada başlanılıb. Həmin ölkələrdə mineral su bulaqları üzərində dünya miqyasında şöhrət tapmış sanatoriyalar inşa edilib. Rusiyada isə mineral-termal suların öyrənilməsinə XVIII əsrin ortalarından başlanılıb. Belə ki, termal suların öyrənilməsi I Pyotrun adı ilə bağlıdır. I Pyotr mineral-termal suların böyük müalicəvi əhəmiyyəti ilə bağlı ölkədə mineral termal suların axtarışına dair sərəncam vermişdi. 1735-1740-cı illərdə Stepan Kraşennikov Kamçatka qeyzerlərini öyrənməklə termal suların dəqiq təsvirini vermişdi. Bununla əlaqədar olaraq, Qafqazda Yesentuki, Pyatiqorsk və Jeleznovodsk kimi mineral termal su bulaqları aşkar edilmişdi.

Naxçıvanda çıxan Darıdağ suyu tərkibinə görə Polşa, Almaniya və Rusiyada olan oxşar sulardan daha keyfiyyətlidir


Ümumiyyətlə, Yer kürəsində yerləşən isti sular (termal) cavan dağlıq silsilələrdə və vulkanik rayonlarda geniş yayılıb. Demək olar ki, dünyanın 50 ölkəsində termal sulara rast gəlinir. İslandiya, Yeni Zelandiya, İtaliya, Fransa, Türkiyə, Yaponiya, Macarıstan, Rumıniya, Çin, Efiopiya, Geniya, Salvador, Monqolustan, ABŞ və s. ölkələr müasir texnologiya əsasında bu sulardan xeyli gəlir götürürlər. Termal sulara, əsasən, Kamçatka, Alp qırışıqlığı, Pamir, Kopet dağ, Qafqaz, Tbilisi, Saxalin, Karpat və Bolqarıstanda rast gəlinir.

Ölkəmizdə hansı termal ocaqlar var?
Azərbaycanda da mineral sular kimi termal sular geniş yayılıb. Onlar təbii çıxışlar, bulaqlar vasitəsilə yer səthinə çıxır. Tədqiqatlar nəticəsində mövcud olan termal su ehtiyatları 11 əsas vilayətdə cəmləşdirilib. Bunlar Abşeron yarımadası, Böyük Qafqaz, Xəzəryanı-Quba, Kür çökəkliyi, Kiçik Qafqaz, Lənkəran dağətəyi düzənliyi, Cəlilabad, Şamaxı-Qobustan, Acınohur, Kür, İori çayları və Naxçıvan hidrotermik rayonlarıdır. Termal sular geniş miqyasda yayılmasına və böyük ehtiyatlara malik olduğu üçün ondan səmərəli şəkildə, o cümlədən ucuz istilik enerji mənbəyi kimi istifadə edilməsi vacibdir.
Azərbaycanın cənub bölgəsinin 3 rayonunda-Lənkəran, Masallı, Astarada isti su mənbələri var. Bu rayonların birində-Masallıda isti sudan səmərəli istifadə edilir. Viləşçayın sahilində yerləşən “İstisu” şəfa sanatoriyası var. İstirahət mərkəzində yerin dərin qatlarından 60 dərəcədən yuxarı temperaturda çıxan isti suyun tərkibində hidrogen sulfid, natrium xlor, kalsium, maqnezium hidrokarbonat və hər litrində 30 milliqram yod var. Bu da ki bir çox xəstəliklərin - revmatizm, oynaq ağrıları, böyrək, qaraciyər, sonsuzluq, göbələk və s. kimi mərəzlərin müalicəsində olduqca faydalıdır.
Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Qalaaltı Hotel & SPA” kompleksinin mühüm özəlliklərindən biri də burada müalicəvi xidmətlərin təklif edilməsidir. Kompleksdə qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur müalicəvi təbii sular əsasında müayinə məqsədli tibbi xidmətlər təqdim olunur. Kəndin ərazisindən çıxan təbii müalicə əhəmiyyətli “Naftsu”nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhur təbii müalicə əhəmiyyətli sulardan sayılan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir.
Belə termal ocaqlarından biri də Naxçıvanda fəaliyyət göstərən Darıdağ Arsenli Su Müalicəxanasıdır ki, burada 32 kəşfiyyat quyusu və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür. İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır - leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Bu su ilə müalicə daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində geniş tətbiq edilir. 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib. Həkim, müayinə otaqları və qapalı hovuzlardan ibarət olan müalicəxanada xəstələrin müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Göründüyü kimi, hazırda ölkəmizdə termal suların olduğu bir sıra müalicə ocaqları fəaliyyət göstərir, lakin, hələ ki, onları beynəlxalq səviyyədə kifayət qədər tanıda bilməmişik. Bu gün həmin müalicə ocaqlarının təbliğinə ehtiyac var. Çünki 10 milyonlarla turisti cəlb edən termal turizm növünü inkişaf etdirmək ölkəmizə milyonlarla valyuta axını deməkdir. Bu kimi turizm növlərini inkişaf etdirməklə həmin sektorun ölkə iqtisadiyyatına təsirini görmək mümkündür.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.12.2018
Ali Murat Kırık: “Dünyanı gözləyən ən böyük təhlükələrdən biri sosial media terrorudur”
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info