“Regionlardakı sahibkar qadınlara dəstək üçün proqramlar həyata keçirilməlidir”
Tarix: 09.04.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Jalə Hacıyeva: “Sahibkar qadınların işi üzrə komissiya və hazırlanan virtual şəbəkə qadın sahibkarlığının inkişafına öz töhfəsini verəcək”

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı ölkə başçısı bildirib ki, bu gün sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir: “Biz sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atmışıq. Bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır. Dövlət tərəfindən qoyulan investisiyalar, o cümlədən sahibkarlığın inkişafına xidmət göstərir. Eyni zamanda, sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dəstəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilib. Bu maliyyə dəstəyi, əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan verib. Bu kreditlər vasitəsilə icra edilən layihələr əlbəttə ki, eyni zamanda, sahibkarların öz vəsaiti hesabına da icra edilir. Yəni, biz burada da dövlətin və özəl sektorun tərəfdaşlığını görürük”. Bu gün ölkəmizdə sahibkarlığın inkişafına dəstək olan təşkilatların da sayı getdikcə artır. Müsahibimiz Azərbaycan Sahibkarlar Konfederasiyanın üzvü, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyevadır:
- Son zamanlar dövlət tərəfindən qadın sahibkarlığının inkişafına verilən dəstək çox önəmli və təqdirəlayiqdir. Bu, bir çox gənc qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, biznes qurmağa marağını artırıb. Çünki ölkə başçısının sözləri ilə desək, “bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur. Biznes şəraiti, investisiya iqlimi Azərbaycanda yaxşıdır, daha da yaxşı ola bilər. Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcək”. Konkret fəaliyyətimizə gəldikdə isə biz layihə çərçivəsində sahibkar qadınlarla tez-tez görüşürük, rayonlara səfərlər edirik. Həmin səfərlər zamanı bizi maraqlandıran odur ki, bu gün kiçik bizneslə məşğul olan qadınların hansı problemlərinin olduğunu, təkliflərini öyrənib, biz qurum olaraq bank sektoruna ötürə bilərik. Eyni zamanda foks qruplar keçiririk və maliyyə xidmətləri ilə maraqlanan müştərilərlə eyni kənddə, rayonda yaşayan sakinləri də cəlb edirik. Biz şahidiyik ki, bir çox gənc qadınlar var və onlar sahibkarlıq fəaliyyətində maraqlıdırlar. Məsələn, Tovuz rayonunda ötən il 3 nəfər qadınla tanış olduq ki, onlar arıçılıq biznesinə başlayıblar. Onlar ali təhsilli idilər, bu biznesə böyük tələbat olduğunu görüb fəaliyyətlərini həmin istiqamətdə qurublar. Lakin yaşları az olduğuna görə, banklardan kredit almaqda çətinlik çəkirlər. Onların istehsal etdikləri bal yüksək keyfiyyətə malikdir, sadəcə olaraq maya dəyəri çox böyük olduğu üçün onlar satışdan gələn gəlirlə arı yeşiklərinin sayını artıra bilmirlər. Biz bəzi təşkilatlara tövsiyə etdik ki, onlarla əlaqə qursunlar. Biz təbii ki, bütün bunları ehtiyacı olanların hamısına çatdıra bilmirik. Ancaq dövlət dəstəyi olduqda daha geniş, əhatəli şəkildə gənc sahibkar qadınları həm xəbərdar etmək olar, həm də onları müxtəlif proqramlara cəlb etmək olar.
-Bu gün sahibkar qadınların fəaliyyət istiqamətlərini genişləndirməsi üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?
- Rayon və kəndlərdə beynəlxalq və yerli təşkilatların fəaliyyəti bir o qədər də geniş deyil. Bu da təbii ki, obyektiv və qeyri-obyektiv səbəblərdən irəli gələ bilər. Dövlət səviyyəsində olan proqramlar geniş yayımlanarsa, eləcə də maliyyə xidmətlərinə çıxışla maraqlananların hara müraciət etmələri, ümumiyyətlə, bu sahədə hansı xanımların uğur qazanması ilə bağlı məlumatları olarsa, bu uğurlardan gənc qadınlar faydalana bilərlər. Onların heç olmasa, virtual bir şəbəkəsi qurulsa, bu da bir dəstək olar. Bu yaxınlarda Sahibkarlıq Konfederasiyasında görüşümüz zamanı belə bir məsləhətləşmə oldu ki, sahibkar qadınların işi üzrə komissiya yaradılsın. Müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlar da təsdiq edir ki, çalışdıqları sahədə kimlərin çalışdığını bilmirlər. Bizim dairəmiz dardır. Biz bilmirik ki, bir sahə ilə bağlı məsələn, Gəncə, Şəki, Mingəçevirdə işləyən varmı? Bunlar kimlərdir, necə əlaqə qura, necə faydalana bilərik? Yaxud da hansı yollarla xərclərimizi azaldaraq gəlirimizi artıra bilərik? Bu barədə geniş məlumata malik olmaq bizə imkan verir ki, dövlətimizə də dəstək olaq. Dövlətdən aldığımız dəstəyin əvəzinə biz də vergiləri vaxtında ödəməkdə dəstək ola bilək. Biznesin qurulması ilə bağlı institutda praktika baxımından kifayət qədər vaxt ayrılmır. Yəni çox zaman bu, nəzəriyyə xarakteri daşıyır. Amma fəaliyyətə başlayanda problemlərlə üzləşirlər, nəinki qadın, ümumiyyətlə, kiçik sahibkarlar üçün çox çətin olur. Hazırda konfederasiyanın nəzdində 7-8 sahibkar qadın var ki, müəyyən təcrübəyə malikdirlər və onlar da bu işə dəstək ola bilərlər. Bu gün dövlət dəstəyi olduğuna və Sahibkarlar Konfederasiyası dövlət və sahibkarlar arasında bir körpü rolunu oynadığına görə düşünürük ki, biz bu strukturdan səmərəli istifadə edərək Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün öz töhfəmizi verək.
Artıq konfederasiyada sahibkar qadın komissiyası yaradılıb. İlk plana əsasən, çalışırıq ki, baza hazırlayaq ki, konfederasiyanın nəzdində nə qədər üzv var, onlar hansı sahələrdə çalışırlar və istəyirik ki, qadın sahibkarlığına aid xüsusi bir sayt hazırlayaq. Orada qadın sahibkarlar haqqında məlumatları yerləşdirək. Onların bir-biri ilə təmasda olması üçün şərait yaradaq. Düşünürük ki, ildə bir dəfə konfederasiya bu mövzuda konfrans keçirsin. Bu gün ölkədə AQUPDK, qadın sahibkarlarla bağlı təşkilatlar var, Gəncə, Quba və digər yerlərdə fəaliyyət göstərən QHT-ləri cəlb edirik. Biz komissiya vasitəsilə problemlərin qarşısını almaq üçün müvafiq işçi qrupları yaradırıq. Məsələn, bir qadın təhsillə bağlı öz potensialını göstərmək üçün maraqlanırsa, komissiyanın nəzdində işçi qrupu olacaq, sırf gənc xanımlar müxtəlif növ kurslar, seminarlar barədə məlumatlandırılacaq. Orada təmsil olunan şirkətlər, konfederasiyaya üzv olanlar, eyni zamanda xanımlar tərəfindən idarə olunan konsultasiya kursları olacaq. Burada audit xidmətləri də öz əksini tapa bilər. Vergi, hüquq sahəsi də burada təmsil olunacaq. Bu saytda müxtəlif bölgədən olan sahibkarlar öz suallarını yönləndirə bilərlər. Bir neçə ekspert cəlb olunacaq ki, onlar bu sualları cavablandıracaq. Beləliklə, biz həm sualları, həm də cavabları orada yerləşdirməklə imkan yaradacağıq ki, onlar fəaliyyətini genişləndirsinlər. Elə qadınlar var ki, uğurlar əldə ediblər və istəyirlər ki, başqalarınada dəstək olsunlar. Ancaq onları tapmaq üçün elan vasitəsilə cəlb edə bilərlər. Bizim əhali televiziyanı çox izləyir. Biz düşünürük ki, fikirlərimizə beynəlxalq təşkilatlar da dəstək verəcəklər və nəticədə müəyyən çarxlar hazırlayacağıq ki, müəyyən nəticə əldə etdikdən sonra fayda görmüş insanların təəssüratlarını çarxlarda nümayiş etdirməklə maariflənsinlər. Bilsinlər ki, bu sahədə konfederasiyanın komissiyası var və orada əlaqələndirici şəxs var və müvafiq məsələ ilə məşğul olur. Çünki təcrübəli sahibkarlarda da ən böyük problem məlumatsızlıqdır. Müxtəlif təşkilatlar olsa da, hərəsinin müxtəlif baxışı var, geniş işləmək üçün onun davamlılığını təmin etmək çox çətindir. Düşünürük ki, bu komissiya, konfederasiyaya üzv olan təşkilatlar öz imkanı daxilində dəstək vermiş olsalar, bu ümumilikdə Azərbaycanda biznes şəraitini yaxşılaşdırmaqla imkan verəcək ki, qadın sahibkarlara xüsusi önəm verilsin.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayı çox olsa da, bəzən buna cəhd etmirlər. Sizcə, yeni komissiya bu istiqamətdə məlumat bazasının genişlənməsinə imkan yarada biləcəkmi?
- Bu bəlkə də ondan irəli gəlir ki, Azərbaycan xanımları riskdən çəkinirlər. Ancaq eyni zamanda öz üzərinə bu riski götürənləri də çəkindirirlər. Biz düşündük ki, bizim dövlət xadimi, tanınmış, ziyalı xanımlarımızı təqdim edək. Bu məqsədlə “Dəyişikliklər və cəsarəti çatan örnək xanımlar” adlı kitab hazırladıq və burada Sara Xatun, Möminəxatun, Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan və digər xanımlarımız öz əksini tapıb. Biz istəyirik ki, hazırda yaşayan xanımlar da həyatından, fəaliyyətindən danışarkən gənc qadınları həvəsləndirsinlər. Mən 2 il öncə Kanadada kursda olmuşdum və yalnız qadın icraçı direktorlar üçün olan bu kursda iştirakçılar Kanadanın böyük bizneslərini idarə edən qadınlar idi. Hətta onların əksəriyyəti böyük ailəyə malikdirlər. Halbuki biz bunu təsəvvür etmirik. Kanadalı xanımlar həm ailə, həm biznesi balanslaşdırılmış şəkildə idarə edirlər. Maraqlı biznesləri var, maraqlı məqamlardan biri o idi ki, xanımlardan biri internet üzərindən satış qurub və o, gəlib canlı olaraq nahar fasiləsinin 20 dəqiqəsində öz fəaliyyəti barədə məlumat verir. Onların çətinlikləri mənim üçün daha maraqlı idi, düşünürsən ki, qarşındakının təcrübəsi mənim üçün nə qədər taydalı ola bilər. Ona görə də Azərbaycanda fəaliyyətə başlayan bu komissiya elə qurulmalıdır ki, mövcud problemin necə həllini tapdığını işıqlandırsın. Ölkəmizdə müxtəlif sahələrdə modelləri tapmaq lazımdır ki, xanımlar bu biznesi necə qurub. Bizdə elə bir kurs yoxdur ki, hansısa sahədə uğur qazanmış xanım gəlib öz vaxtını ayırsın. Ona görə də xaricdə nahar vaxtını buna ayırırlar. İstənilən biznes risk tələb edir, bu riskdə də sərmayə qoymaq lazım olur. Bu gün əlində olanı qoyan bilməlidir ki, sabah o itməyəcək. Kifayət qədər məlumatlı olmalıdır ki, çətinliyə düşəndə kimə müraciət etməlidir və öz hüquqlarını qorumalıdır.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Türkiyədən xaricə avtomobil satışında rekord artım
22.08.2019
Gürcüstanda meşə yanğınının miqyası genişlənib
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info