“Azərbaycanı Amerikada daha yaxşı tanıtmaq üçün hələ çox iş görməliyik”
Tarix: 09.04.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Mehriban Nəsib: “Tələbələrimizin nəinki
Kolumbiya Universitetində, ümumiyyətlə, bütün
Amerikada fəaliyyətlərinin zəif olduğunu düşünürəm”


Müsahibimiz ABŞ-dakı Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəallarından olan Mehriban Nəsibdir:

Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün “Qəbələ-sağlam mühit” (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000-2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. “Məhəbbət olanda” adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dakı Kolumbiya Universitetində magistr təhsili alır. O, eyni zamanda Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəallarındandır.
- ABŞ-da təhsilin hansı özəlliyi var?
- ABŞ-da təhsilin özəllikləri barədə onu deyə bilərəm ki, burda təhsil almaq çox çətindir. Bu barədə tez-tez dostlarla müzakirələr olur və təbii ki, dostlarımın bir çoxu mənimlə razılaşmır. Psixologiya, fəlsəfə, mikromaliyyə, maliyyənin və insan qaynaqlarının idarəolunması və s. kimi sahələrdə mənə görə hətta insanın öz dilində belə təhsil alması, anlaması və biliyə yiyələnməsi çox çətindir, o ki qaldı bu sahələri üçüncü dildə öyrənəsən və yiyələnəsən. Mənə görə, təbii ki, çox çətindir, həm də nəzərə alsaq ki, universiteti bitirdikdən sonra mən Azərbaycanda imkanları inkişaf etdirmək üçün ən inkişaf etmiş şəhər olan paytaxtda yox, ucqar dağ rayonunda, Qəbələdə çalışmış və fəaliyyət göstərmişəm, zənnimcə, məni anlamaq o qədər də çətin deyil. Həftədə hər dərsdən 200-300 səhifə oxumaq lazımdır və hal-hazırda 6 dərsim olduğunu nəzərə alsaq, mənim 1200-1500 səhifə dərs oxumağım lazımdır və bundan başqa hər gün ev tapşırıqları, hər həftə olan imtahanlar (ABŞ təhsil sistemini çətin edən səbəblərdən biri də həftəlik imtahanlardır ki, onlar da son alacağın qiymətin tərkib hissəsidir), qrup işləri, semestr və final imtahanlarını və s. nəzərə alsaq, güman edirəm ki, ABŞ təhsil sisteminin çətinliyi məsələsində mənimlə razılaşarsınız. Dediyim kimi, dərslər çox çətindir, bundan başqa mən həm də ictimai işlərdə çox fəal iştirak edirəm. Fakültəmizdə təhsil alan beynəlxalq tələbələrin rəhbəriyəm və Tələbə İttifaqı İdarə Heyətinin üzvüyəm (Student Union Executive Board). Amma təbii ki, ABŞ təhsilinin çox pozitiv tərəfləri də var və pozitiv tərəfləri o qədər çoxdur ki, çətinliklər gözümüzə görünmür. Məsələn, tələbənin oxumadan dərsə gəlməsi və müəllimə pul verib qiymət alması qətiyyən mümkün deyil. Müəllim sinifdə dominantlıq etmir, mühazirə qarşılıqlı müzakirələr şəklində aparılır. Hər kəs sərbəst şəkildə fikrini bildirir və hər kəs bir-birinin fikrinə hörmət edir. Ən əsası isə odur ki, tələbələr təhsil aldıqları müddətdə həm də praktikaya gedirlər və onlar təhsillərini bitirdikdə isə həyatda əsl mütəxəssis kimi addımlayırlar.
- Sizin təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr çoxdurmu?
- Çox təəssüflə deməliyəm ki, çox deyil, cəmi 5 nəfər. Kolumbiya Universitetində müxtəlif ölkələrdən olan tələbələrin assosiasiyaları var. Biz də Kolumbiya Universiteti Azərbaycanlı Tələbələr Assosiasiyası yaratmaq istədik, təəssüf ki, tələbələrin az olmasına görə alınmadı. Cəmi 5 tələbə var. Bunlardan biri bakalavr, biri doktorantura, üçü isə magistr dərəcəsi üzrə təhsil alır.
- Oradakı tələbələrin ictimai-siyasi fəallığı necədir?
- Əgər söhbət Kolumbiya Universitetində təhsil alan azərbaycanlı tələbələrdən gedirsə, o qədər də ürəkaçan deyil. Dəfələrlə Azərbaycanla bağlı amerikan və beynəlxalq tələbələr üçün tədbirlər təşkil etmişik və azərbaycanlı tələbələri əməkdaşlığa çağırmışıq. Təəssüflər olsun, hər kəs dərslərinin çətinliyini ortaya atıb görüşmək istəməyib. Təbii ki, bir tərəfdən baxanda onları anlamaq olur, amma hər halda ölkəmizin yaxşı tərəfdən tanıdılması üçün birgə işlər görmək bizim üçün çox vacibdir. Mən azərbaycanlı tələbələrin nəinki Kolumbiya Universitetində, ümumiyyətlə, bütün Amerikada fəaliyyətlərinin zəif olduğunu düşünürəm. Məncə, bu sahədə görəcək işlərimiz çoxdur. Hal-hazırda bəzi gənclərimizlə bu sahədə bəzi addımlar atmağı planlayırıq.
- Azərbaycanın əlamətdar günləri ilə bağlı tədbirlər keçirirsinizmi?
- Təbii ki, keçiririk. İl boyu bir neçə tədbirimiz olub və hələ də davam edir. Yanvarın 20-də “20 Yanvar faciəsi” və fevral ayının 19-da Kolumbiya Universitetində Azərbaijan Society for Amerikanın (ASA) maliyyə dəstəyi ilə Xocalı soyqırımının 21 illiyinə həsr edilmiş anım tədbiri həyata keçirdik. Erməni konsulluğunun və BMT-nin qarşısındakı toplantı və etiraz aksiyalarını, Vaşinqtonda qondarma Qarabağ respublikasının turizm və gənclər nazirinin iştirakı ilə qondarma respublikanın 25 illiyinə həsr edilmiş tədbiri protest eləmək üçün olan tədbiri AYNA təşkilatının birgə səyi və dəstəyi ilə keçirmişdik. Diaspor təşkilatları ilə sıx əlaqədə işləyirik.
Xocalı soyqırımı ilə bağlı Kolumbiya Universitetində keçirdiyimiz tədbirdən bir neçə gün sonra ayın 26-da bizim Nyu-Yorkdakı diaspor təşkilatlarımızla birgə erməni konsulluğunun qarşısında və BMT-nin qarşısında etiraz aksiyamız oldu. Sonra mart ayının 1-də Kolumbiya Universitetində “Keçmiş Sovet İttifaqı ölkələri gecəsi” keçirildi. 15 respublika öz mədəniyyəti, tarixi və s. barədə məlumat verdi. Mən də orda Azərbaycanı təmsil etdim və Azərbaycan haqqında bir tanıtım videosu-“Gözəl Azərbaycan” (“Amazing Azərbaijan”) adlı videorolik göstərdik və sonra da Anar Vahabov adlı bir azərbaycanlı gənclə “Naz eləmə” rəqsini nümayiş etdirdik. Mart ayının 30-da Kolumbiya Universiteti Tatar Tələbələri Assossiasiyasının dəstəyi ilə “Türkdilli ölkələrin mədəniyyət gecəsi” keçirildi və biz də Nabat Mahmudova adlı azərbaycanlı gənc xanımla “Tərəkəmə” rəqsini nümayiş etdirdik. Mart ayının 31-də 31 Mart Soyqırımı Günü ilə əlaqəli Azərbaycan Nyu-York Assosiasiyası anım tədbiri keçirdi və biz tələbələr də onlara qoşulduq. Tədbirlərimiz davam edir. May ayının 28-də Kolumbiya Universitetində ilk Azərbaycan mədəniyyət gecəsi keçirmək niyyətindəyik. Tədbirlər planımız çoxdur, Allahın köməkliyi ilə həyata keçirməyə çalışırıq.
- ABŞ-dakı Türkiyə-Azərbaycan diasporunun həmrəyliyi necədir?? Son zamanlar xaricdəki bir qrup soydaşımız antidövlət təbliğatı aparır. Belələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bildiyim qədərilə ABŞ-dakı Türkiyə-Azərbaycan diasporları çox sıx əlaqədədirlər və gözəl əməkdaşlıq edirlər. Mən Nyu-Yorkdakı Türkiyə türkləri və Azərbaycan türklərinin həmrəyliyindən danışacam. Burada bizim Türkiyə türkləri ilə çox gözəl münasibətimiz var. Burada 3 türk təşkilatı var ki, onlarla çox sıx əlaqədə işləyirik. Ali Cinar, Tulga Tekmen və Fatih Özonur adlı türk təşkilatlarının başçıları ilə çox gözəl münasibətlərimiz var: həm bizim diaspor təşkilatlarının, həm də biz tələbələrin. Heç bir tədbirimiz Türkiyə türklərinin iştirakı olmadan keçmir və həmçinin biz də onların bütün mümkün tədbir və yığıncaqlarında fəal iştirak edirik. Elə bu yaxınlarda erməni konsulluğunun və BMT-nin qarşısında təşkil etdiyimiz tədbirdə bizimlə bərabər onlar da çox fəal iştirak etdilər. Fürsətdən istifadə edib Türkiyə türklərinə Amerikadakı, o cümlədən Nyu-Yorkdakı təşkilat rəhbərlərinə və onların üzvlərinə bizi yalnız buraxmadıqları üçün diasporumuz və tələbələr adından dərin təşəkkürümü bildirirəm. O ki, qaldı xaricdə bir qrup soydaşımızın antidövlət təbliğatı aparmasına, bu barədə elə çox məlumatım olmadığı üçün sualınıza cavab verə bilməyəcəyəm.
- Azərbaycan diasporu ABŞ-ın siyasi-ictimai mərkəzlərinə təsir edə bilirmi?
- Bəli. Bunu fəxr hissi ilə deyə bilərəm. Tomris xanımın rəhbərlik etdiyi Azərbaijan Society of America (ASA) təşkilatı və Cavid Hüseynovun rəhbərlik etdiyi Pax Turcica İnstitutunun (PTI), Azerbaijan Youth North Amerika (AYNA) Gənclər Şəbəkəsi kifayət qədər işlər görür və Xocalı soyqırımı ilə əlaqədar tədbirlərin keçirilməsində böyük rol oynayır. Adlarını çəkdiyim bu təşkilat və qurumlar Azərbaycan və ümumiyyətlə, türk dünyası haqqında maarifləndirmə aparır, ABŞ-ın siyasi-ictimai həyatında fəal iştirak edir və təsirlər göstərir. Təsadüfi deyil ki, Amerikanın bir çox ştatlarında Xocalı soyqırımının tanınması məhz Azərbaycan diasporunun fəaliyyəti nəticəsində mümkün olub və tanınmaqdadır. Mən Tomris xanımın və Cavid Hüseynovun bu sahədə gördükləri işi təqdir edir, bir Azərbaycan gənci və fəalı kimi belə insanlarımızın və təşkilatlarımızın olmasını Azərbaycan üçün uğur sayıram. Tomris xanım və Cavid Hüseynovla iftixar hissi keçirirəm. Bundan başqa Azərbaijan New York Association (ANA) təşkilatı da bu sahədə bir çox işlər görür. Fürsətdən isitifadə edib həmin təşkilatın da rəhbərinə, üzvlərinə və fəallarına təşəkkürümü bildirirəm.
- Erməni lobbisinə qarşı mübarizədə çətinliklərlə qarşılaşırsınızmı?
- Qarşılaşmırıq desək, yalan olar. Təbii ki, qarşılaşırıq, özü də çox. Ümumiyyətlə, götürsək, bütün dünyada olduğu kimi ABŞ-da da erməni lobbisi çox güclüdür və çox güclü fəaliyyət göstərirlər. ASA, Pax Turkica, ANA, AYNA və Azərbaycan Mədəniyyət Mərkəzi ilə çox sıx əməkdaşlıq edirik. ASA və Pax Turkica təşkilatları Xocalı soyqırımını Amerikanın yüksək səviyyəli orqanlarında tanıtmaq üçün əllərindən gələni əsirgəmirlər, ermənilər isə onlara mane olmaq üçün əllərindən gələni edirlər. Ya da başqa misal deyim sizə. 2012-ci ilin noyabr ayında ermənilər Kolumbiya Universitetində konfrans keçirdilər. Zalda ən azından 150 adam vardı və iştirakçılar professor, müəllim və tələbə kollektivi idi və təbii ki, ermənilərlə bərabər amerikanlar da vardı. “Human Rights Watch”dan gələn xanım qondarma “erməni soyqırımı”ndan danışdı. Sonra Ermənistandan gəlmiş bir qeyri-hökumət təşkilatı rəhbəri olan qadın qeyd etdi ki, Ermənistan həmişə qonşularının hücumuna məruz qalıb. Təbii ki, bu cür şeyləri eşidəndə biz Azərbaycan türkləri kimi cavab verdik. Mən söz aldım və dedim ki, ermənilər öz yalanlarına özlərini inandırıblar və indi də başqa millətləri bu yalanlara inandırırlar. Onların qeyd etdikləri kimi 100 il öncə baş vermiş qondarma “erməni soyqırımı”nı kimsə görməyib, yəni heç bir sübut belə yoxdur, amma 20 il öncə Ermənistanın Dağlıq Qarabağda, eləcə də Xocalıda törətdiyi cinayət və soyqırımı hər kəs görüb və görməyənlər də bu barədə oxuyub ya da eşidib. Sonda onu da qeyd etdim ki, bu zalda oturan insanlara yalan məlumat vermək əvəzinə doğrunu söyləyə bilərdiniz. İşğal olunan məhz Azərbaycan torpaqları olduğu üçün bizim mədəni irsimiz məhv edilib, Ermənistanın mədəni irsi deyil… Zalda Azərbaycan türkünün olacağını gözləməyən və mənim çıxışımdan bir az çaşan qadın dedi ki, təbii ki, müharibədə hər iki tərəf itki verib. Mənə ondan sonrakı 2 gün ərzində söz deməyə imkan vermədilər və hətta Türkiyədən gəlmiş və Nyu-York Universitetində doktorantura tələbəsi olan Ayda Ərbal adlı erməni qadın mənim üstümə gəldi və məni təhqir elədi. Təbii ki, mən onun cavabını verdim, ancaq onu demək istəyirəm ki, erməni lobbisi ilə mübarizədə fəal olmalıyıq. Hətta bir dəfə eşitdim ki, ermənilər bütün dünyada çox aktiv olan Azərbaycan və Türkiyə türklərini müxtəlif ölkələrdə öldürməyə cəhd ediblər və Amerikada ermənilərə qarşı çox aktiv mübarizə aparan insanları öz nəzərlərində saxlayırlar. Biz fevral ayında erməni konsulluğunun qarşısında etiraz aksiyası keçirərkən ermənilərin şəkillərimizi çəkdiklərinin şahidi oldum. Lakin bütün bunlar məni və bu yolda olan insanları qorxutmur, əksinə daha mübariz olmağa sövq edir.
- Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Təbii ki, çox sıx əməkdaşlıq edirik. Məsələn, Krım türklərinin diaspor təşkilatı, Azərbaycan yəhudilərinin diaspor qurumları, özbək, qırğız, qazax, türkmən, tacik və digər millətlərin diaspor təşkilatları ilə çox sıx əməkdaşlıq edirik.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”
13.09.2019
“Təqdim etdiyimiz yeni məhsul mövcud könüllü həyat sığortası məhsullarından çox fərqlidir”
13.09.2019
“Gürcü dilini bilən azərbaycanlı gəncin vəzifə tutması üçün heç bir maneə yoxdur”
12.09.2019
“Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info