Şuşaya...
Tarix: 26.01.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Aydan Abdullayeva |










Ah, sənin gözlərin hələ durumu?
Şuşalı gözlərin, Şuşa gözlərin...
Yellər Şuşa baxışına qonurmu?
Yenə aldanırmı yaşa gözlərin?
Bəs Şuşaya yağan yağış necədi?
Ovcumda nazlanmayan yağışı...
Yox, demə ki, orda hər an gecədi,
Bilirəm, bilirəm məni çağırır...
Heç Şuşanın yar çağırışını demirsən...
Ədası gözündə qalıbmı, söylə.
Küləyinin lal qarğışın demirsən...
Məndən ürəyi sınıbmı, söylə.
Xarı bülbülünün bağrı yaramı?
Gecəsi ağrı çəkmir? De mənə nə olar...
Yoxmu pənah yeri, yara saranı? Məni soruşurmu o narın sular?
Onu bir üzüdönük yaza tapşırıb,
Orda qaraca qız qoyub gəlmişəm.
Şuşanı canımdan artıq istəyib,
Bir ürək uzağımda qoyub, gəlmişəm...


O Ay Hilal saçıma...
Saçlarıma yağışlar yağdı qərib küçədə,
Gözlərimin gecəsi hələ sevirdi səni...
Məni oğurlamadın o divanə gecədən,
Sən də məni tək qoyub getmişdin Tanrı kimi.
Saçlarımın tufanı qopur şeirlərində,
Qurduğum xülyaları göylərə demədim mən.
Möcüzə gözləyirsən... Ümidlisən hələ də,
Mənsə dəli həsrətin bətnində can verirəm.
Sən o saçlara xatir qayıtma buralara,
Yollarının sonunda yolsuzluğam mən indi.
Qəhərlənib eşqini anlatma buludlara,
Buludların ağıdı saçlarımın qənimi...
Bilmirəm. O qatarlar kimi gözlədir indi?
Ah, o vida edənlər necə oxşayır sənə...
Səninçün ağrı çəkən saçlarımı kəsdirdim,
Yetim qalan əllərin ağrı çəkirmi söylə?
Bir də şeirə gəlməz, dəli etməz saçlarım,
Bir nəfəs hənirtisi yaslanır qoxusunda.
Sən məndən getdiyintək uzaq getməz saçlarım,
Bircə aynalar görər saçımı yuxusunda.
O divanə göylərim çələng hörər saçıma,
Bu saçların əzabı eşqdəndi, deyər anam.
Anamın oxşadığı o ay hilal saçıma,
Gedişi ilə qarğayıb, qıyar sevdiyim adam.

Nə gözəl dərd çəkirəm...
Mən indi qara gecələrin divanə Leylalarından
Mən indi həsrəti atam kimi, anam kimi bağrıma basıram.
Sağ olsun, heç getmir qapımdan, sağ olsun, çəkilmir dumanlar başımdan...
Bilmirlər əynimə don biçmişəm göz yaşımdan.
Mən indi anamın buludlanan gözlərində ağrı çəkirəm.
Xəbəri yoxdur, indi anamdan, atamdan çox, xatirələrə bənzəyirəm...
İndi əllərim bulud, saçlarım hüzn, nə gözəl dərd çəkirəm.
Nə gözəl sevir məni göy üzü. Qışlar çöküb təqvimimə.
Təki qırışlar çökməsin sevdiyim ana üzünə.
Sevgili göy üzünə. İndi hamı məktub yazar göz yaşına.
Sonra göndərər gözlərimin göylərinə.
Gözlərim də heç qocalmayan, üzü qırış götürməyən o "Ana damlaların" dolanar başına. Və... Ana damlalar bir gün Anamla köçərlər ürəyimə.
Öpərəm əllərindən... Anama müjdə verərəm: Bax, göz yaşım Ana oldu... Ana...

Məni bir şeirə bük...
Hələ dumanların duru vaxtıydı, hüznün doğmasıydım, sevincin yadı... Ayna sulardan da gün uzağıydı.
Aydan "bəxt üzürdü" bir "nakam qadın..." hələ incikliyim nazdan ötəydi...
Nazım ulduzlara keçərdi ancaq.
Qadınlıq "o şıltaq qızdan" ötəydi. Qadındı... Nə vaxtsa Ana olacaq... Hələ torpağın da dan üzü vardı... Könlümü alardı, geri verməzdi...
Yaşıl yarpağın da qan üzü vardı...
Allahdan başqası dilin bilməzdi...
Hələ küllənirdi gecəmdə kimsə
Mənə qarğıyırdı, bəlkə... nə bilim... qədərin sözünü eşitmədim mən. Deməli, qovuldum, yoxdur bir evim... nəsə...
Ötənləri unutmam gərək... Məni bir şeirə bük... dənizə at... vidalar “ürəyimə bir tikə çörək...” sən məni düşünmə... “yaşa başını qat...”




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info