“Qarabağ hər zaman mənim ürəyimdədir”
Tarix: 06.03.2017 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Fuad Səfərəliyev: “Biz dünyanın müxtəlif yerlərində Qarabağ həqiqətlərini geniş şəkildə təbliğ edirik”
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədr müavini Fuad Səfərəliyevlə müsahibəni təqdim edirik
-Öncə sizi tanımaq istərdik.
-Mən, Səfərəliyev Fuad Arif oğlu 03.05.1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qubadlı rayonundanam. Bununla da həmişə fəxr edirəm. 1999-cu ildə 158 saylı məktəbdə 1-ci sinifdən 5-ci sinfə qədər təhsil almışam. 2005-ci ildə Qərb Universiteti nəzdində orta məktəbə daxil olmuşam. 2009-cu ildə Hüseyn Cavid adına 20 saylı məktəbə getmişəm və 11-ci sinfi burada bitirmişəm. Şimali Kiprin Doğu Akdeniz Universitetində İctimai əlaqələr və reklamçılıq fakültəsinə qəbul olmuşam və məzun olmuşam. 2017-ci ildə Sankt-Peterburq şəhərində yerləşən Smolnı Akademik Təhsil İnstitutunda İnformasiya texnologiyaları fakültəsində magistraturaya başlamışam. Ziyalı ailəsində böyümüşəm. Bir bacım var.
Yeni Azərbaycan Partiyasının üzvüyəm. Türkiyə Qırmızı Xaç Cəmiyyətində könüllü olmuşam. Ramazan bayramlarında iftar paylanmasında iştirak etmişəm. Hobbim yemək bişirməkdir.
- Bu günlərdə AKDC-nin sədr müavini seçildiniz. Yeni vəzifədə hədəfləriniz nədir?
- İlk növbədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Oran Həsənoğlu və AKDC cəmiyyət nümayəndələrinə öz təşəkkürümü bildirmək istəyirəm ki, məni bu vəzifəyə təyin ediblər.
Hədəfim Azərbaycanın milli və mənəvi dəyərlərini xarici ölkələrdə Azərbaycan xalqına yaraşan şəkildə təmsil etməkdir. Bildiyiniz kimi, müharibə şəraitində yaşadığımıza baxmayaraq, günü-gündən böyük uğurlara imza atırıq. İstər elm, idman, mədəniyyət, istərsə də siyasi arenalarda layiqincə təmsil olunuruq. Hər bir azərbaycanlı kimi, mənim də hədəfim bu uğurlara öz töhfəmi qatmaq və qürurla hər yerdə vətənimi təbliğ etməkdir.
- Kiprdə təhsil alarkən hansısa sosial məsuliyyət layihələrində iştirak edirdinizmi?
-Mən Kiprdə İctimai əlaqələr və reklamçılıq fakültəsinin məzunu olmuşam. Buna görə də hər zaman sosial layihələrin təşkil olunmasında fəal iştirak etmişəm. Bildiyiniz kimi, Kiprdə 50-yə yaxın müxtəlif dövlətdən gənclər təhsil alırlar. Hər il 20 Yanvar hadisələrinin, Xocalı faciəsinin ildönümlərində və eləcə də xalqımız üçün mühüm olan bir sıra tarixi günlərdə başqa dövlətdən olan tələbələrə bu həqiqətləri çatdırmaq, ölkəmizi tanıtmaq üçün təşkil olunmuş seminarlarda, tədbirlərdə istər təşkilatçı kimi, istər dinləyici kimi yaxından iştirak etməklə, düşünürəm ki, az da olsa, öz töhfəmi vermiş olmuşam.
Bununla yanaşı, Şimali Kiprin Doğu Akdeniz Universitetinin tələbələri olaraq İrfan Nadir adına fiziki qüsurluların reabilitasiya mərkəzini ziyarət etmişik. Mənimlə bərabər, Sevil Turgay, Tolgay Korkmaz, Ebru Özoğul, Arda Samet Bıyıklı diplom işi kimi işlədiklərimiz mövzuyla bağlı adıçəkilən reabilitasiya mərkəzində olub və burada müalicə alan fiziki qüsurlu şəxslərlə əyləncəli bir gün keçirmişik. Oradakı şəxslərlə müxtəlif əyləncələr təşkil edib, onlarla birgə oyunlar oynayıb, mahnılar oxuyub, mərkəzdə müalicə alanlara xoş anlar yaşatmışıq. Ümumi olaraq bir neçə belə sosial məsuliyyət layihələrində fəal iştirak etmişik.
- Gənclərimiz Qarabağ həqiqətlərini lazımi səviyyədə xarici ölkələrdə tanıda bilirlərmi?
- İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan günü-gündən inkişaf edir. Artıq Azərbaycan deyəndə yaxın qonşu dövlətlərin adından istifadə edib, coğrafi koordinatları deyib özümüzü tanıtmırıq. İstər Amerikada, istər başqa ölkələrdə lobbilərimiz, yəni diasporumuz daha da güclənib. Azərbaycanda aparılan düzgün siyasi islahatların nəticəsidir ki, günü-gündən xarici ölkələrdə istər səfirliklər, istərsə də diaspor qurumlarımız aktiv fəaliyyət göstərir. Azərbaycanın çox vətənpərvər gəncləri var ki, bu qurumlarla bərabər, çiyin-çiyinə çalışmağı özlərinə borc bilirlər. Biz dünyanın müxtəlif yerlərində Qarabağ həqiqətlərini geniş şəkildə təbliğ edirik və Xocalı parkları açırıq. Bu da öz növbəsində böyük bir nəticədir. Bu da Azərbaycanın siyasətinin düzgün yolda olmasından xəbər verir.
Bildiyiniz kimi, Ermənistanın Amerika və başqa dövlətlərdə lobbiləri fəaliyyət göstərir. Ancaq bütün bu saxtakar cəhdlərinə baxmayaraq, hər zaman bizdən geridə qalırlar. Çünki bizim xarici ölkələrdə olan nümayəndələrimiz həqiqətləri süni şəkildə, yalan faktlara dayanaraq yox, həqiqətlərə əsaslanaraq, əzmkarlıqla, layiqincə təqdim edirlər.
-Kiprdə və Rusiyanın Sankt-Peterburq şəhərində öz layihələrinizi həyata keçirərkən yaşlı nəsil diaspor üzvlərindən məsləhət alırsınızmı?
-Sankt-Peterburqda bir neçə diaspor təşkilatı fəaliyyət göstərir. Hələ ki, onların keçirdikləri tədbirlərin iştirakçısıyam. Mən xaricdə yaşayan yaşlı nəsil diaspor üzvləri deməzdim, xaricdə yaşayan diaspor ağsaqqalları deyərdim. Bəli, hər zaman məsləhət alıram, bununla da qürur duyuram.
İllərdir Sankt-Peterburqda yaşayan və hər zaman gənclərə yol göstərən diaspor ağsaqqallarından biri Heydər İmanovun bir çox məsləhətlərinə əməl edib, hər zaman xeyir görmüşəm. Onun mənə həmişə mayak olmuş bir cümləsi var: “Heç kimi incitmə, heç kimdən incimə”. Dəyərli akademik Heydər İmanovun yeni bir proyekti var. Bu da Azərbaycan-Türkiyə- Rusiya-Kipr əlaqələrinin milli-mənəvi dəyərlərinin gücləndirilməsi barəsində gözəl bir proyektdir. O proyektin də bir iştirakçısı kimi sevə-sevə öz işimizi görürük. Bu proyekt çərçivəsində Kiprdə Azərbaycan Evi açmağı planlaşdırırıq. Burada tariximizi əks etdirən bütün materialları, eyni zamanda tar, kaman, qaval, xalça, sandıq, milli geyimlər və s. toplamışıq. Azərbaycanın adını hər zaman zirvələrə qaldırdıqları üçün Heydər İmanov və onun timsalında bütün ziyalı insanlara öz təşəkkürümü bildirir, onlara cansağlığı arzulayıram.
- Onların edə bilmədikləri hansı fəaliyyətlər var ki, sizin prioritetinizdir?
- Deməzdim ki, onların edə bilmədikləri bir şey var. Ən azından yaş və həyat təcrübələri bizdən qat-qat çoxdur. Onların yanında olmaq, həyata keçirdikləri layihələr və onlarda mənim iştirakım, demək olar ki, özü bir prioritetdir.
-Sankt-Peterburqda gənclər həmrəylik nümayiş etdirirlərmi?

- Təbii ki, dünyanın dörd bir yanında olduğu kimi, Sank-Peterburqda da azərbaycanlı gənclər hər zaman aktiv və perspektivlidir. Onlar bu yolda həm öz yeni fikirləri, həm də diaspor ağsaqqallarından aldıqları məsləhətlərlə saysız uğura imza atıblar.
-Qarabağı görmədən qarabağlı olmaq nə dərəcədə çətindir?
-Qarabağ hər zaman mənim ürəyimdədir. Çünki vətənimin bir parçasıdır. Ayrılmaz ki könül candan... Hər zaman Azərbaycanın adını ucaltmaq, Qarabağ həqiqətlərini bilməyən insanlara çatdırmaq milli borcumdur. Mən bir qarabağlı olaraq bu işi həvəslə etmişəm.
Mənim dayım Musayev Vidadi Soltan oğlu Qarabağ şəhididir. Evin tək oğlu idi, iki övladı var idi, amma buna baxmayaraq, “vətən hər şeydən əzizdir”, deyib, döyüşlərə qatıldı. Qızğın döyüşlərin birində 12 əsgəri mühasirədən xilas edərək özü şəhid oldu. Bütün bu ağrı-acıları mənim ailəm yaşayıb. Fəxr edirəm ki, mənim belə dayım olub. Torpaq uğrunda ölən varsa, vətən var. Allah bütün şəhidlərə rəhmət eləsin. Onlar vətən qarşısında olan borclarını layiqincə qaytarıblar. Hələ ki, biz də qərib ellərdə vətənimizi layiqincə təmsil etmək, həqiqətləri dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik.
Bir dayın olduğunu bilib, amma ona “dayı” deyə, səslənə bilməmək nə qədər çətindirsə, Qarabağı görmədən qarabağlı olmaq da o qədər çətindir.
Fuad Hüseynzadə







 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info