Xocalı faciəsinin naməlum şahidi
Tarix: 07.03.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Bakıya sonuncu səfərim zamanı Azərbaycanın böyük dostu, Moldova İctimai Palatasının rəhbəri Aureliya Qriqoriu və “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov məni sözün həqiqi mənasında zəmanəmizin qəhrəmanı adlandırılmağa layiq olan bir nəfərlə tanış etdilər. Rəhmətlik operator və reportyor Çingiz Mustafayevlə yanaşı bu insan da Xocalıda törədilmiş soyqırım aktının dəhşətli və unudulmaz mənzərələrinin ilk canlı şahidlərindən biri olub.
Bu sətirlər beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeydi-hökumət təşkilatının rəhbəri Arye Qutun dünən İsrailin “News from Israel” informasiya-analitik portalında dərc edilmiş məqaləsindən götürülüb.
Arye Qut yazır: “Bu şəxs hazırda öz xanımı və uşaqları ilə bərabər İsrailin Bat Yam şəhərində yaşayan polkovnik Əsəd Fərəcovdur. Hər ikimiz Xocalı faciəsinin 25 illiyi günlərində Bakıda keçirilən beynəlxalq konfransa dəvət edilmişdik. Xocalıda törədilmiş soyqırım aktının qızğın dövründə Əsəd Fərəcovun və daha bir neçə jurnalistin oraya necə gedib çıxmalarını anlamaq və həmin hadisələrin canlı şahidinin sözlərini eşitmək üçün onunla görüşdüm”.
Polkovnik Fərəcov xatırlayır: “Həmin hadisələrdən 2-3 gün sonra biz Xocalı sakinlərinin qətlə yetirildiyi, alçaldıldığı və təhqir edildiyi yerlərdə olduq. Bu ərazi Xocalıdan 17-20 kilometr aralıda yerləşir. O vaxt oraya Bakı şəhərinin Zabrat qəsəbəsindən helikopterlə uçmuşduq. Bizim əsas məqsədimiz Xocalının salamat qalmış sakinlərini xilas etmək idi. Qətlə yetirilmiş, şikəst olunmuş, zorlanmış qadınları, başları, qulaqları, cinsiyyət orqanları kəsilmiş, başlarının skalpları çıxarılıb eybəcər hala salınmış qocaları və uşaqları görmək insanı dəhşətə gətirirdi. Biz başa düşdük ki, Xocalı soyqırımı barədə dəhşətli həqiqəti dünyaya çatdırmaq üçün jurnalistləri buraya gətirmək lazımdır. Onda içərisində jurnalistlər olan ikinci helikopter Xocalıya uçdu. Ermənilər elə bilirdilər ki, biz Xocalı sakinlərinin meyitlərini yığmağa gəlmişik. Mərhum operator Çingiz Mustafayev də mənimlə idi. Çingiz bu dəhşətli mənzərəni görəndə hönkürə-hönkürə çəkiliş aparırdı. Həmin kadrlarda mənim də səsimi eşidə bilərsiniz. Mən Çingizə deyirəm: “çək, bunu də çək!”. Əgər ermənilər bizim oraya fransalı, türkiyəli və rusiyalı jurnalistlər qrupunu gətirdiyimizi bilsəydilər, onlar həmin helikopteri vurardılar. Erməniləri Allahverdi Bağırov çaşdırdı, dedi ki, biz Xocalı sakinlərinin meyitlərini yığırıq”.
Əsəd Fərəcovun sözlərinə görə, o, erməni silahlı dəstələrinin təşkil etdiyi qanlı qırğın zamanı qətlə yetirilmiş anasının qucağında yuxuya getmiş bir qızcığazı xilas edə bilib. “Qızcığazı öldürülmüş Xocalı sakinlərinin meyitləri arasında yumaq üçün Ağdam məscidinə gətirmişdilər. Orada məscidin axundu mənə yaxınlaşdı, məni öpüb dedi: “Sən bu balaca qızı xilas etmisən, biz onu isti su ilə yuyanda ayıldı”. Beləliklə mən başa düşdüm ki, o soyuq fevral gecəsində qızcığaz sadəcə donubmuş və isti su ilə yuyulanda onun gənc orqanizmi dəhşətli ölümün əlindən çıxa bilib. Bizim gətirdiyimiz meyitlərin çoxu donmuşdu. Bu fakt bizim o vaxt çəkdiyimiz videoda da görünür. Lakin Xocalı sakinlərinin əksəriyyəti xilas ola bilmədi, çox adam Qarqar çayında boğuldu, çaydan çıxa bilənlərin bəziləri isə sonradan yolda dondu.
İsrailin “News from Israel” informasiya-analitik portalında dərc edilmiş məqalənin müəllifi Arye Qut vurğulayır ki, Xocalı sakinlərinin çoxu ermənilərin orada humanitar dəhliz saxlayacağına ümid edirdi, lakin heç bir dəhliz yox idi. Polkovnik Fərəcov deyir: “Ermənilər atəş açmağa başlayanda səsucaldan qurğu ilə elan etdilər ki, dinc sakinlərin şəhərdən çıxması üçün dəhliz açılıb, lakin bu elan lazımsız qurbanlara yol verməmək cəhdi deyil, vəhşi heyvanların tutulması üçün tətbiq olunan qaydalar üzrə insanlar üçün təşkil edilmiş tələ idi. Erməni silahlılar özlərini sanki ovda olduğu kim i aparırdı. Xocalı sakinləri söyləyirdilər ki, gecə saat ikidə həmin dəhlizlə şəhərdən çıxmağa cəhd edərkən onlara dərhal avtomat və pulemyotlardan atəş açılıb. Şəhərin şərq ucqarında 15 nəfər öldürüldü. Kütlə dəhşət və vahiməyə düşdü. Yol qan qarışıq qara bulaşmış meyitlərə dolu idi. Qaçqınların bir qismi çaydan keçə bildilər. Soyuq fevral günlərində tamamilə islanmış bu insanlar ətrafdakı dağlarda gizlənməyə çalışırdı. Səhərə yaxın onların əksəriyyəti soyuqdan ölmüşdü. O gecə dağlarda donub ölənlərin dəqiq sayı bilinmir”.
Məqalə müəllifinin sözlərinə görə, təhqir olunmuş bu bədbəxt, binəsib dinc insanların yeganə “təqsiri” onların azərbaycanlı olması idi. Polkovnik Əsəd Fərəcov göz yaşlarını saxlaya bilməyib doluxsunmuş halda deyir: “Mənim şahid olduğum ətürpərdici mənzərə o qədər ağır idi ki, sözlə təsvir etmək mümkün deyil. Bütün varlığı ilə, tarixi kökləri ilə bu doğma torpağa bağlı olan adi insanların, yenicə ayaq açıb gəzməyə başlayan günahsız uşaqların cəsədlərini ilin bu soyuq vaxtında doğma torpağa gömdülər. Onların son nəfəsdə nə arzuladıqlarını kim bilir...”.
Mən də öz-özümə fikirləşdim: Azərbaycanda kişilər çox nadir hallarda ağlayır. Görünür, Fərəcov o dəhşətli günlərdə elə ağır mənzərələr görüb ki, indi də göz yaşlarını saxlaya bilmir. Onun sözlərinə görə, şəhərin dinc sakinlərinin bir qrupu səhər saat 7 radələrində Naxçıvanik kəndinə tərəf çıxıblar, lakin burada onlar məxsusi olaraq qaçqınları “qarşılamaq” üçün qoyulmuş zirehli tarnsportyorlardan şiddətli atəşə tuş gəliblər. Burada 300-dən çox adam, o cümlədən qocalar, qadınlar və uşaqlar öldürülüb.
Pusqudan xilas ola bilmiş 200 nəfərlik qaçqın qrupu fevralın 26-da Pircamal kəndinin yaxınlığında girov götürülüb. Ermənilər bu girovlardan bəzilərinin gözlərini çıxarıb, qulaqlarını kəsib, başlarının skalplarını çıxarıb, sonra öldürüblər. Bir balaca qızcığazın gözlərini sıqaretlə yandırdılar. O elə hey qışqırırdı: “Gözlərim yanır, gözlərim yanır...”. Pircamal kəndinin yaxınlığında girov götürülmüş 120 nəfəri dörd gündən sonra, 1992-ci il martın 1-də güllələdilər.
Məqalənin müəllifi Arye Qut qeyd edir ki, Xocalının 700-ə yaxın sakini erməni silahlıları tərəfindən ayrılmış “humanitar dəhliz” vasitəsi ilə şəhərdən çıxa bilmədi. Məqalə müəllifi yazır: “Bu sakinlər öz evlərinin zirzəmilərində gizlənməyi üstün tutdular, lakin onların da aqibəti eyni dərəcədə dəhşətli oldu. Şəhərdə zorakılıq və qarətlər baş alıb gedirdi. Erməni silahlılar bu insanları sadəcə əyləncə xatirinə öldürür, uşaqları valideynlərinin gözü qabağında zorlayır, hamilə qadınların qarınlarını cırır, adamları tikanlı məftillə xaçlara bağlayıb mıxlayırdılar. Milli qəhrəman Çingiz Mustafayevin çəkdiyi dəhşətli kadrlar Xocalı faciəsinin miqyasını, erməni silahlı dəstələrinin törətdiyi vəhşilikləri bütün dünyaya nümayiş etdirdi. Başkəsən ermənilərin qəddarlığı və qeyri-insani hərəkətləri bütün dünyanı sarsıtdı. Ermənilər özləri də bu əməlləri etiraf etməkdən çəkinmir, öz cızma-qaraları ilə özlərini ifşa edirlər.
Erməni nasizminin və faşizminin baş ideoloqu Zori Balayanın “Ruhumuzun dirçəlişi” kitabını xatırlamaq kifayətdir. Xocalı qətliamından dörd il sonra yazılmış bu kitabı vərəqlədikcə dəhşətli erməni vəhşiliyinin şahidi olursan. Bu, erməni faşistin XXI əsrdə öz qələmi ilə yaradılmış həqiqi obrazı, onun avtoportretidir. Ötən əsrin 90-cı illərində keçmiş SSRİ respublikalarının çoxunu müharibə bürümüşdü, çox yerdə hərbi cinayətlər törədilirdi, lakin Xocalıdakı kimi hadisə heç yerdə olmamışdı”.
Arye Qutun fikrincə, bu soyqırım aksiyasının bütün iştirakçıları onu gizlətməyə cəhd göstərir, bu mümkün olmadıqda isə özlərinin bu hadisədə iştirakını inkar etməyə çalışırdılar. İsrailin “News from Israel” informasiya-analitik portalında dərc edilmiş məqalənin müəllifi vurğulayır: ”Erməni separatçılar kütləvi qətllərin törədildiyi yerə uçmuş, içərisində jurnalistlər olan helikopterləri atəşə tuturdular. 1992-ci il fevralın 28-də Çingiz Mustafayev başda olmaqla Azərbaycanın bir qrup telejurnalisti atəşə tutuldu. Onlar 2-15 yaşlarında uşaqların, habelə qadınların və qocaların eybəcər hala salınmış meyitlərinin şəkillərini çəkmişdilər. 1992- cilin martın 2-də vəhşicəsinə ekzekusiyaların törədildiyi yerləri çəkən fransalı jurnalistlər qrupu atəşə tutuldu. Buna baxmayaraq, eybəcər hala salınmış cəsədlər telekameraların plyonkasına düşdü və “Ostankino” telekanalı ilə göstərildi”.
Arye Qut öz analitik məqaləsinin sonunda qeyd edir ki, 15-dən çox dövlətin milli qanunvericilik orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalıda mülki əhaliyə qarşı törədilmiş qırğını qətiyyətlə pisləyən qətnamə və bəyannamələr qəbul edib, Xocalı faciəsi soyqırım və bəşəriyyətə qarşı cinayət hesab edilir. Müəllif sonda yazır: “Azərbaycan Respublikası Ermənistan tərəfindən Xocalıda törədilmiş qətliam və insanlığa qarşı cinayətlər barəsində həqiqətin və ədalətin müəyyən edilməsi üçün beynəlxalq birliyin həmrəyliyini yüksək qiymətləndirir”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10252

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info