Sahibkarlığın inkişafı iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir
Tarix: 15.04.2013 | Saat: 18:39:00 | E-mail | Çapa göndər
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başladı ki, bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edirdi. Ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb.
Siyasi və
makroiqtisadi sabitlik


Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri oldu. Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafını xarakterizə edən ən mühüm amillərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Bu gün Azərbaycanda ümumdaxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi olduqca böyükdür və iqtisadi artımın təminatında yerli sahibkarların rolu və mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə həyata keçirilən köklü islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb. Bütün bunlar Azərbaycanın iqtisadi inkişaf strategiyasında sahibkarlığın rolu və yerinin nə qədər uzaqgörənliklə və düzgün şəkildə müəyyənləşdirildiyini nümayiş etdirir. Beləliklə, ölkənin yeni müstəqillik tarixinin təhlil və mənzərəsi belə bir reallığı ortaya qoyur ki, digər mühüm sahələrdə olduğu kimi sahibkarlığın formalaşıb inkişaf etməsinin müəllifi ümummilli lider Heydər Əliyevdir. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yürüdülən məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün hüquqi baza yaradıldı, digər mühüm əməli tədbirlər görüldü, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin gördüyü işlər sayəsində sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi. Sahibkarlığın təşəkkülü istiqamətində atılan ilk addımlar qısa zaman kəsiyində öz bəhrəsini verərək ölkənin iqtisadi potensialının daha dolğun şəkildə reallaşması ilə xarakterizə olundu. Ümummilli liderin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar Azərbaycan iqtisadiyyatının bütün sahələrinin, o cümlədən sahibkarlığın inkişafına güclü təkan verdi. Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atdı. Bunların içərisində sahibkarlığın inkişafı ilə bağlı 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramı xüsusi qeyd olunmalıdır. Həmin proqramlar sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilməsində müstəsna rol oynadı və bu çərçivədə iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi. 10 sentyabr 2002-ci ildə Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında Prezidentin fərmanı imzalandı. 2 may 2003-cü ildə isə “Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Prezident fərmanı imzalanıb.

Sahibkarlar təbəqəsi Azərbaycan
iqtisadiyyatının
aparıcı hissəsidir


1994-cü ildə Bakıda “Sahibkarlığın strategiyası və iqtisadiyyatın yenidən qurulması ”mövzusunda beynəlxalq konfransın açılışında çıxış edən Prezident Heydər Əliyev bildirib ki, Azərbaycanda iqtisadiyyatın yenidən qurulmasına başlanan dövrdə, xüsusən təxminən son iki ildə respublikada az iş görülməyib: “Həmin müddət ərzində minlərlə kiçik müəssisə, xarici firmalarla birlikdə çoxlu müştərək müəssisə, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradılıb ki, bu da konkret əməli nəticələr verib. Azad sahibkarlığa dövlət yardım fondu yaradılıb, digər tədbirlər görülüb. Ən başlıcası isə sahibkarlığın inkişafı, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi üçün əməli şərait yaradılıb. Bu yolla irəliləyişi təmin etməkdən ötrü müəyyən hüquqi əsaslar da yaradılıb, "Sahibkarlıq haqqında" qanun qəbul edilib. Milli Məclisi sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirib, sahibkarlığı, təşəbbüskarlığı fəallaşdırmaq, iqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirmək üçün həm hüquqi zəmin, həm də müvafiq şərait yaratmaqdan ötrü bir sıra digər tədbirlər görüb”.
Ulu öndərimiz sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını hansı məsələlərin narahat etməsini birbaşa öz dillərindən eşitməyə də xüsusi diqqət yetirirdi.
2002-ci ildə isə yerli sahibkarlarla görüşdə çıxışı zamanı Heydər Əliyev aparılan siyasət, islahatlar və bazar iqtisadiyyatı prinsipinin ölkədə yeni sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxardığını bildirib: “Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Bizim görəcəyimiz işlər ondan ibarət idi ki, islahatları həyata keçirmək üçün, bazar iqtisadiyyatının tələblərini ödəmək üçün lazım olan qanunlar qəbul etməliydik, qaydalar yaratmalı idik və ölkəmizdə bu qanunların həyata keçirilməsini, onlara riayət olunmasını təmin etməliydik. Biz deyə bilərik ki, bunu da etmişik. İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranıb. Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. İndi bizim sosial-iqtisadi inkişafımız sahibkarların fəaliyyətindən asılıdır. Çünki əgər iqtisadiyyat özəlləşdirilibsə, yaxud onun böyük bir hissəsi özəlləşdirilibsə, demək, iqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edən amildir. Ona görə də biz buna dövlət siyasətimizin böyük bir hissəsi kimi baxırıq”.
Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın məntiqi davamı idi.

Bölgələrdə həyata
keçirilən infrastruktur layihələri
sahibkarlığın inkişafı üçün gözəl zəmin
yaradıb


Ulu öndərimiz Heydər Əliyevin müdrik siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. İnkişaf dinamikası sürətlənən, siyasi və iqtisadi islahatları uğurla reallaşdıran Azərbaycan son illər regionun aparıcı dövlətlərindən olmaqla, transmilli layihələrin fəal iştirakçısına çevrilib. Prezident İlham Əliyev inkişafımızın prioritetlərini və istiqamətlərini açıqlayaraq deyib: “Azərbaycanın iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Bu istiqamətdə qəbul edilmiş müxtəlif dövlət proqramları uğurla icra olunmaqdadır. Təsadüfi deyil ki, hazırda qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu artmaqdadır”. Qeyd edək ki, bu istiqamətdə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixdə ölkə Prezidenti tərəfindən fərman imzalanıb. Prezidentin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” qərarın tətbiqi də bu sahədə mühüm addımlardan biridir. Son illər yerli istehsalın həcmi artır və keyfiyyəti yüksəlir ki, bu da dövlət başçısının qeyd etdiyi kimi ölkəmizin sosial-iqtisadi həyatında sahibkarlığın rolunun əhəmiyyətli dərəcədə artmasının əyani təsdiqidir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atıldığını deyən Prezident İlham Əliyev bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradıldığını bildirib. Qeyd edək ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilib ki, bu maliyyə dəstəyi də sahibkarlığın inkişafına böyük təkan verib. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 250 milyon manat kredit veriləcək. Ölkə başçısı bildirib ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcək. Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımların atıldığını konkret faktlarla əsaslandıran Prezident İlham Əliyev əlavə etmişdir ki, bizim məqsədimiz ölkəmizi inkişaf etdirməkdir, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir.
Beləliklə, sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaşması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir ki, bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Nigar ABDULLAYEVA






 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Bakı şəhəri və onun qəsəbələrində təmirsiz məktəb qalmayacaq
24.05.2018
İştirakçılara qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumat verilib
24.05.2018
“Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır“
24.05.2018
İlahiyyat İnstitutuna 20 Yanvar metrosu yaxınlığında bina ayrılıb
23.05.2018
Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info