“Sputnik” informasiya agentliyinin multimedia mətbuat mərkəzində “Müstəqil Dövlətlər Birliyinin iqtisadi gündəliyi” mövzusunda Bakı-Moskva-Astana-Bişkek-Kişineu-Yerevan-Minsk videokörpüsü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iqtisadi və sosial xarakterli məsələlər, MDB çərçivəsində yeni və artıq həyata keçirilməkdə olan layihələr, Birliyin hər bir ölkəsinin prioritetləri müzakirə edilib.
Videokörpü martın 17-də Moskvada keçiriləcək iki tədbirin - MDB İqtisadi Şurasının iclasının və “MDB – gələcəyə baxış” Beynəlxalq İqtisadi Forumunun gündəliklərinin müzakirəsi ilə başlayıb. Bu tədbirlərin gündəlikləri birliyin inkişafında yeni istiqamətləri nümayiş etdirir. Sonra ekspertlər Birlik çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrin aktual vəziyyətini qiymətləndiriblər.
Videokörpüdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi əməkdaşı Emin Məmmədzadə təmsil edib. O bildirib ki, MDB çərçivəsində inteqrasiya hazırda bu müqaviləyə daxil olan bütün ölkələr üçün aktual məsələdir. MDB-nin iqtisadi inkişaf üçün yaxşı perspektivləri yalnız o halda ola bilər ki, Birliyə daxil olan ölkələr bütün iştirakçıların qarşılıqlı maraqlarını təmin etsinlər. Azərbaycan çoxşaxəli siyasət yürüdür, amma Dağlıq Qarabağ problemi MDB çərçivəsində tam inteqrasiya olunmağımıza imkan vermir. E.Məmmədov vurğulayıb ki, Azərbaycanda qeyri-neft strategiyası müvəffəqiyyətlə həyata keçirilir.
Ekspertlər videokörpüdə iqtisadiyyat sahəsində başlıca problemləri, onların həllinin münasib forma və üsullarını müzakirə ediblər.
Mahmud
|