Əli Muhyiddin: “Qarabağ məsələsində həmrəy olmalıyıq”
Tarix: 15.03.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin 25-ci ildönümü hadisəsindən müəyyən müddət keçməsinə baxmayaraq hələ də faciə ilə bağlı xarici ölkələrdə anım tədbirlərinin keçirilməsi davam edir. Xüsusilə vurğulamaq lazımdır ki, dünyanın əksər ölkələrində Xocalı faciəsi ilə bağlı tədbirlərin belə geniş miqyas almasında “Xocalıya ədalət!” kampaniyasının xüsusi rolu var.
Belə tədbirlərdən biri İndoneziyada keçirilib. Belə ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu ölkənin Məhəmmədiyyə Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Assosiasiyaya üzv olan müxtəlif universitetlərdən 150 tələbə iştirak edib. Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev çıxış edib və “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.
İndoneziyanın vitse-prezidentinin mətbuat katibi Hüseyn Abdulla, Məhəmmədiyyə qeyri-hökumət təşkilatının baş katibi Abdul Muti, İƏT Gənclər Təşkilatının prezidenti Tantan Tofiq Lubis, İndoneziya Elmlər İnstitutunun üzvü Əhməd Nəcib Burhani müzakirələr panelində çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıblar. Natiqlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti surətdə pisləyiblər. Tədbir yerli mətbuatda geniş işıqlandırılıb. Qeyd edək ki, İndoneziyanın “Məhəmmədiyyə” İslam dini ictimai təşkilatı 45 milyondan artıq daimi üzvə, 130-dan çox universitetə, 6 minə yaxın məktəb və mədrəsəyə, həmçinin qeyri-kommersiya tibb klinikalarına və xəstəxanalara malik olmaqla, miqyasına və fəaliyyət sahələrinə görə dünyada ikinci ən böyük dini-ictimai qeyri-hökumət təşkilatıdır.
Bundan əlavə, İndoneziyanın “Şarif Hidayətullah Dövlət İslam Universiteti”nin sosial elmlər-beynəlxalq əlaqələr fakültəsində də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Xocalı faciəsinin dəhşətləri heç zaman yaddaşlardan silinməyəcək”
Xocalı faciəsi ilə bağlı dünyanın müxtəlif ölkələrində siyasətçilərin də qınaqları gəlməkdə davam edir. Belə şəxslərdən biri də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvardır. O bildirib ki, Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilən ən ağır cinayətdir. Necdet Ünüvar deyib ki, belə cinayətlərin bir daha törədilməməsini arzulayırıq.
Deputat qeyd edib ki, Xocalı faciəsinin dəhşətləri heç zaman yaddaşlardan silinməyəcək: “Bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Xocalıda insanlara qarşı xüsusi amansızlıq göstərilib. Cəsədlər təhqir olunub, əsir və girovlar işgəncələrə məruz qalıblar. Bu cinayətin bütün təfərrüatları dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalıdır ki, gələcək nəsillər sülh və əmin-amanlıq uğrunda daha mübariz olsunlar. Xocalıda törədilənlərə göz yummaq və yaxud onun dəhşətlərini sükutla qarşılamaq yolverilməzdir. Azərbaycan və Türkiyə xalqları həmişə qonaqpərvərliyi və humanistliyi ilə seçilib. Etdiyimiz yaxşılıqların qarşılığında qanımızı tökən cinayətkarların mühakimə olunmasını tələb edirik”
Xocalı faciəsi ilə bağlı xarici ölkələrdə mədəniyyət tədbirləri də keçirilir. Belə ki, Londonun Kovent Qarden rayonundakı “St.Paul`s Church” kilsəsində keçirilən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş xatirə konserti haqqında videoreportaj London LIVE televiziya kanalında yayımlanıb. Ənənəvi anım konserti “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub. Anım konsertində soprano səsinə malik Selcan Nəsibli “Sevil” operasından “Sevil”in ariyasını, pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev isə bəstəkarlar Şopen və Raxmaninovun populyar əsərlərini ifa ediblər. Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlandıran “Xocalı 613” əsərinin ifası ilə yekunlaşıb. Əsər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” adlı kamera ansamblı tərəfindən birgə ifa edilib. Sonda tədbir iştirakçılarının hər birinə anım konsertinin CD diski hədiyyə edilib.

Erməni vəhşiliyi Türkiyə və Filippin mətbuatında
Xocalı faciəsinə ən çox diqqət ayıran ölkələrdən olan Türkiyə KİV-ləri də bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. Bu günlərdə Türkiyədə fəaliyyət göstərən bir sıra kütləvi informasiya vasitələri AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Sabir Şahtaxtının “Xocalı soyqırımı: sülhsevər dünya ictimaiyyəti üçün silinməyən ləkə” sərlövhəli məqaləsini yayıb. Türkiyənin çoxtirajlı “Yeşil Iğdır” qəzeti, eləcə də Gazetekars, Kha, Kocaelihaberci və digər xəbər portalları tərəfindən yayılan məqalədə Xocalı soyqırımının səbəb və nəticələri barədə türkdilli oxuculara ətraflı məlumat verilir. Tarixi faktlara istinad edən müəllif yazır ki, beynəlxalq terrorizmin əsasını təşkil edən erməni terrorçuluğu cəzasızlıq səbəbindən sürətlə inkişaf edərək təkcə Azərbaycanı və Türkiyəni deyil, saxta “Böyük Ermənistan” iddiasını qəbul etməyən erməniləri də hədəf alıb. 1978-ci ildə Moskva Metrosunda terror törədən ermənilərin cinayət işinin hələ də məxfilikdən çıxarılmaması, ABŞ və bir sıra Avropa ölkələrində həbsdə olan erməni terrorçularının müxtəlif bəhanələrlə azadlığa buraxılması faktlarının dünyadakı ikili standartların tərkib hissəsi olduğunu vurğulayan S.Şahtaxtı yazır ki, Xocalı soyqırımının törədilməsinin səbəblərindən biri də erməni millətçi dairələrinin terrorçuluq fəaliyyətinin cəzasızlığıdır.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığını diqqətə çatdıran müəllif sonrakı dövrdə bu istiqamətdə görülən işlərdən bəhs edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər xüsusi qeyd edilir. Məqalədə əminliklə bildirilir ki, vaxt gələcək Xocalı soyqırımını törədənlər əməllərinə görə məsuliyyətə cəlb olunacaqlar.
Filippinin “Manila Standard” qəzeti isə Azərbaycanın fəxri konsulluğuna istinadən “Azərbaycanlılar Xocalıdakı qırğını yad edir” başlıqlı məqalə yayıb.
Məqalədə qeyd edilir ki, Azərbaycan xalqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan ordusu tərəfindən 613 dinc sakinin amansızlıqla qətlə yetirilməsi ilə əlaqədar hələ də ədalət axtarışındadır.
Xocalı soyqırımı haqqında statistik və digər məlumatların yer aldığı məqalədə vurğulanır ki, bu faciə “Human Rights Watch” təşkilatı tərəfindən “münaqişənin ən böyük qırğını” adlandırılıb. Təəssüflə qeyd olunur ki, azərbaycanlılara qarşı bu soyqırımını törədənlər hələ də cəzasız qalıblar və onlardan bəziləri hazırda Ermənistanda yüksək vəzifələr tuturlar.
Məqalənin sonunda BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin 23 ildir ki, cavabsız qaldığı, həmçinin Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Xocalı qırğınının “İnsanlığa qarşı cinayət və ya müharibə cinayətləri sayıla biləcək xüsusi amansızlıqla törədilmiş akt” olmasına dair qərarı xatırlanır və bu günədək həmin faciəni törədən canilərin cəzasiz qaldıqları bir daha vurğulanır.

Nüfuzlu din xadimi Qarabağdakı qırğınlardan danışaraq bütün müsəlmanları həmrəy olmağa çağırıb
Mənzil qərargahı Qətərdə yerləşən Dünya Müsəlman Alimləri Birliyinin baş katibi və İslam aləminin nüfuzlu din xadimlərindən olan Əli Muhyiddin Əl-Qaradaği Həzrət Aişə məscidində cümə xütbəsində Xocalı soyqırımına geniş yer verib.
Əli Muhyiddin Əl-Qaradaği Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə baş vermiş soyqırımı nəticəsində əksəriyyəti qadınlar və uşaqlar olmaqla yüzlərlə müsəlmanın ermənilər tərəfindən qətlə yetirildiyini bildirərək deyib: “Bir gecədə baş vermiş bu soyqırımında əksəriyyəti qadınlar və uşaqlar olan insanların başları kəsilib və cəsədləri təhqirə məruz qalıb. Bunu jurnalistlər bildirirlər. Hətta bir fransız jurnalist bu soyqırımı haqqında çox əhatəli yazı hazırlayıb. 1992-ci ildə törədilən bu soyqırımının şahidlərindən olan həmin jurnalist qeyd edib ki, mən faşizm, nasizm haqqında və onların Avropada və digər yerlərdə etdikləri barədə xəbərdaram. Lakin ermənilərin müsəlmanlara qarşı etdiklərini gördükdə bu vəhşiliyin Hitler və nasistlərin etdiyindən daha qəddar olduğunu bildirdim”.
O, həmçinin cinayətin iştirakçılarından olan və hazırda Livanda yaşayan Daud adlı erməni jurnalistin “Xaç naminə” adlı kitabında yazdıqlarından da sitatlar gətirib.
“Təsəvvür edin, 5-10 yaşlı uşaqların cəsədləri təhqir edilir, onların qulaqları kəsilir. Lakin bu günədək heç kəs erməniləri buna görə ittiham etmir”, - deyən Əl-Qaradaği bütün müsəlmanların həmrəyliyinin zəruriliyini diqqətə çatdırıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
28.11.2019
“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”
26.11.2019
Münaqişənin həlli üçün Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info