Prezidentin Fransa səfəri: münasibətlərdə yeni mərhələ
Tarix: 16.03.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur”

Prezidentin Fransa səfəri çərçivəsində keçirdiyi görüşlər Azərbaycan-Fransa əlaqələrinin inkişafında yeni səhifə açacaq. Dövlət başçısının Fransanın siyasi-iqtisadi elitası, biznes dairələri ilə keçirdiyi görüşlərdə ölkəmiz haqqında ətraflı məlumat verilib. Fransa siyasi-iqtisadi dairələrində Azərbaycana böyük maraq olduğunun şahidi olduq. Avropanın əsas dövlətlərindən biri olan Fransa ilə ikitərəfli münasibətlərin inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Fransa şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna cəlb olunması baxımından bu münasibətlər mühüm əhəmiyyət kəsb edir. Münasibətlərin inkişafının vacib edən məsəllərdən biri də Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri olmasıdır.

Güclü siyasi əlaqələr münasibətlərin daha də dərinləşməsinə, bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə stimul verir
Erməni lobbisinin güclü olduğu Fransa dövlətinin siyasi elitasının regionun əsas dövləti olan Azərbaycana marağı, regiona rasional yanaşma ortaya qoyması çox vacibdir. Azərbaycan dövlət başçısından bir müddət əvvəl Parisə səfər edən Ermənistan prezidentinə eyni münasibət ortaya qoyulmadı. Sərkisyanın Fransada iş adamları ilə keçirdiyi görüş çox sönük alındı. Çünki Sərkisyanın həmin görüşdə təqdim etməyə heç nəyi yox idi. Ona görə də iş adamları ilə görüşdə ancaq Azərbaycanla bağlı yalan-böhtan danışmaqla məşğul idi. Bu isə görüşdə iştirak edən fransızlara çox gözəl bəlli idi. Amma Parisdə Azərbaycan dövlət başçısına xüsusi diqqət göstərildi. Prezident keçirdiyi bütün görüşlərdə Azərbaycanın siyasi-iqtisadi-tranzit imkanları ilə bağlı geniş məlumat verməklə ölkəmizin nə qədər böyük potensiala malik olduğunu Fransa elitasının diqqətinə çatdırdı. Azərbaycanla Fransa arasına olan güclü siyasi əlaqələr iki dövlət arasında münasibətlərin daha də dərinləşməsinə, bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə stimul verir. Fransa siyasi-iqtisadi elitası, biznes dairələri Azərbaycanla münasibətləri inkişaf etdirməyin onlar üçün nə qədər sərfəli olduğunu daha yaxşı anlamaq imkanı əldə etdilər. Fransanın məşhur iş adamları, şirkət rəhbərləri ilə keçirilən çoxsaylı görüşlər biznes dairələrinin Azərbaycana böyük maraq göstərməsinə işarə idi. Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulub, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır ki, bu da hazırkı mərhələdə ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edir. Fransa iş adamları ilə görüşdə Azərbaycan dövlət başçısı qeyd etdi ki, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir. Eyni zamanda, bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığına dəlalət edir: “Azərbaycanda fəaliyyət göstərən fransız şirkətləri bizə iqtisadiyyatımızın müxtəlif sektorlarını inkişaf etdirməyə kömək göstəriblər. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda bizim çox güclü əlaqələrimiz var. İcra edilməkdə olan layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Bizim, eyni zamanda infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində güclü əməkdaşlığımız var. Həmçinin kosmik sahəni qeyd etmək istərdim. Bu, bizim ölkə üçün nisbətən yeni sahədir. Lakin Azərbaycan bir neçə il bundan öncə beynəlxalq kosmik kluba qoşulmuşdur və ölkəmizin artıq iki peyki fəaliyyət göstərir. Ümid edirik ki, fransız şirkətlərinin fəal iştirakı ilə üçüncüsü də olacaq. Kənd təsərrüfatı sahəsində yaxşı perspektivlərimiz var. Şadam ki, ötən bir neçə il ərzində iqtisadiyyatımızın bu sektoru da çevik inkişaf etməyə başlamışdır və bu, həmçinin fransız şirkətlərinin iştirakı ilə baş vermişdir”.

Fransa iş adamlarının ölkəmizin qeyri-neft sektoruna sərmayəsi arta bilər
Bu, Fransa-Azərbaycan iqtisadi əlaqələrinin uğurlu inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin Azərbaycanda fəaliyyət göstərməyə marağını nümayiş etdirir. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkədə uzunmüddətli dayanıqlı inkişafa, ölkənin daha da müasirləşməsinə nail olmaq imkanı verir. Azərbaycanda əlverişli biznes və yüksək investisiya mühiti, ölkənin böyük inkişaf potensialı dünyanın aparıcı iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb edir. Bu isə Fransa iş adamlarının ölkəmizin qeyri-neft sektoruna sərmayə yatırması baxımından mühüm əhəmiyyət kəsb edir. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Bu isə Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olan ölkəmiz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilər. Hazırda Avropanın ən iri enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın liderliyi ilə rellaşdırılır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, Asiya və Avropanın arasında körpü olması və müasir nəqliyyat infrastrukturuna malik olması Fransa iş adamlarının ölkəmizə marağını daha da artırır. Prezidentin bu səfərindən sonra Fransa şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda daha çox görə biləcəyik.

Ollanddan önəmli status-kvo və ərazi bütövlüyü mesajı
Dövlət başçısının Paris səfərində əsas yerlərdən birini Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tutub. Dövlət başçısı, demək olar ki, bütün görüşlərində bu məsələni diqqətdə saxlayıb. Fransa dövlət başçısı Fransua Ollandla keçirilən görüşdə müzakirənin dairəsi xeyli geniş olub. Olland mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələr var: “Cənab Prezident, Sizin Parisə bu səfəriniz bizim üçün uzunmüddətli münasibətlərimizdə yeni bir mərhələnin başlanğıcıdır. Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur”. Fransa Prezidentinin bu fikirləri Türkiyə ilə Avropa arasında yaranan gərginlik kontekstində işlətməsi Bakının tərəflər arasında vasitəçi ola biləcəyinə işarədir. Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Fransa dövlət başçısı açıq şəkildə bəyan etdi ki, mövcud status-kvo qəbuledilməzdir. Bu, Bakının mövqeyi ilə üst-üstə düşür: “Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Bir neçə gün əvvəl Parisə səfər edən prezident Sərkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, Amerika və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır”. Ollandın ərazi bütövlüyü məsələsini xatırlatması çox vacibdir. Çünki Olland təkcə ermənilərin ikiəlli yapışdığı müqəddəratını təyin etmə prinsipini xatırlatmadı. Ərazi bütövlüyünu xatırlatdıqdan sonra öz müqəddəratını təyin etməni qeyd etdi. Bu, Azərbaycanın yanaşmasına zidd deyil. Onsuz da rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağla yaşayan ermənilərə muxtariyyət verməyə hazırdır. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin tərəfdarı olmaqla yanaşı, Ollandın da dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsini, münaqişəyə son qoyulmasını və bölgədə sülhün təmin edilməsini istəyir. Bu baxımdan Fransa səfərini Bakı üçün uğurlu saymaq olar.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info