Kanadalı müşahidəçi: “Ermənistanda ədalətli və şəffaf seçkinin şahidi olmadım”
Tarix: 03.04.2017 | Saat: 20:22:00 | E-mail | Çapa göndər
“Birinci informasiya”:
“2 aprel seçkisi Ermənistan tarixinə saxta, biabırçı seçki kimi düşdü. Amma saxtakarlıq və biabırçı mahiyyət Ermənistan üçün yenilik deyil”

Ermənistanda keçirilən parlament seçkilərinin ilk saatlarından başlayaraq ciddi qanun pozuntuları qeydə alınıb. Parlament seçkiləri ölkədə olduqca gərgin ictimai-siyasi mühitdə keçirilib. Onsuz da seçkilərin demokratik şəraitdə keçiriləcəyi gözlənilmirdi. Ermənistan kimi ölkədə bunu etmək mümkün deyil. Elementar siyasi mübarizə ab-havasının olmadığı, insanların heç bir hüquqlarına hörmət edilmədiyi bir ölkədə demokratik seçki keçirmək mümkün deyil. Ümumiyyətlə, Ermənistanda keçirilən seçkilər həmişə ciddi qanun pozuntuları ilə müşahidə olunub. Məlum mart hadisələri bunun əyani sübutudur. Həmin vaxt seçkidə dinc vətəndaşlar Sərkisyan hakimiyyəti tərəfindən saxtalaşdırılan seçkinin nəticəsinə etirazlar təşkil etmişdi. Amma hakimiyyət dinc sakinlərə atəş açmaqdan çəkinməyərək ondan çox dinc etirazçını qətlə yetirdi. İşğalçı ölkənin seçki keçirmək praktikasında hər cür qanun pozunutsu, saxtakarlıq formaları var. Ona görə də bazar günü keçirilən parlament seçkilərində də ciddi qanun pozuntularının olacağı proqnozlaşdırılırdı. Gözləntilər özünü doğrultdu.

Sərkisyan əsas rəqibləri parlamentdən kənarda saxladı
Əvvəlcə onu qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Parlamentdə partiya kimi yalnız hakim Respublika Partiyası və Daşnaksütyun Partiyası təmsil olunmaq hüququ qazanıb. Respublika Partiyası seçicilərin 49,12 faizinin, Daşnaksüutyun Partiyası isə 6,57 faizinin səsini toplayıb. Blok qismində isə parlamentdə 27, 32 faiz səs toplamış “Çarukyan” və 7,77 faiz səs toplamış “Yelk” ("Çıxış") blokları təmsil olunacaq. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Beləliklə, əsas müxalif qüvvələr sayılan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və 1999-cu ildə parlamentdə atışmada öldürülən spiker Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyanın başçılıq etdiyi “Xalq” partiyasının birgə təmsil olunduğu blok (1,65 faiz) və sabiq müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyanın başçılıq etdiyi “Ohanyan-Raffi-Oskanyan” bloku (2,7 faiz), o cümlədən Azad Demokratlar Partiyası (0,94 faiz), Ermənistan Kommunist Partiyası (0,75 faiz), Erməni Dirçəlişi Partiyası (3,71 faiz) parlamentdən kənarda qalıb.

ATƏT DTİHB:
"Ermənistanda səslərin satın alınması və təzyiq faktları qeydə alınıb”


“Ermənistanda keçirilən parlament seçkiləri zamanı səslərin satın alınması, dövlət qulluqçularına və özəl şirkətlərin əməkdaşlarına təzyiqlər edilməsi ilə bağlı məlumatlar qeydə alınıb”. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı ilkin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, bu faktlar cəmiyyətin seçkilərə olan inamını və etimadını azaldıb. Sənəddə qeyd olunur ki, hüquqi və təşkilati dəyişikliklərə baxmayaraq, bu seçkilər ölkədə seçki prosesinin etibarlılığına olan şübhələri aradan götürməyib: “Şikayətlərə baxılması proseduruna etimadsızlıq səbəbindən cəmiyyətdə qanun pozuntuları ilə bağlı məlumat vermək istəyi yoxdur. Məhkəmə orqanları, seçki idarəçiliyi orqanları və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyətləri hüquqi yardımın göstərilməsi işinin effektivliyini azaldır. Media qurumlarının sahibləri tərəfindən media materiallarının yayımı məhdudlaşdırılıb. Bu, hökumətin fəaliyyəti haqqında vacib informasiyaların yayılmasına mane olur. Jurnalistlər bildiriblər ki, bu yaxınlarda baş vermiş zorakılıq halları və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması məsələsində problemlər onların işinə mane olur və onların təhlükəsizliyinin təmin edilməsinə problem yaradır".

Ermənistansayağı “demokratiya”: kütləvi saxtakarlıq, silahlı hücum, seçicilərə qarşı zorakılıq


O da qeyd olunur ki, Ermənistanın beynəlxalq QHT-lərə seçkiləri müşahidə etməyə icazə verməkdən imtina etməsi ATƏT qarşısındakı öhdəliklərə ziddir. Müstəqil müşahidəçi Ayk Marutyan İrəvanda seçki məntəqələrində ciddi pozuntuların olduğunu bəyan edib. Bəzi seçki məntəqələrində texniki qurğularda nasazlığın yaranmasını MSK sədri Tiqran Muçukyan da etiraf edib. Ermənistan Baş Prokurorluğunda yaradılmış işçi qrupuna seçki məntəqələrində qeydə alınan minə yaxın qayda pozuntusu barədə məlumat daxil olub. Seçki məntəqələrində rüşvət vermə faktları da qeydə alınıb. Vətəndaşlar sərbəst şəkildə səs verə bilməyiblər. Ermənistan jurnalistlər klubunun sədri Levon Barseqyan da seçkilərdə saxtakarlığın olduğunu bildirib. O, özünün “Facebook” səhifəsində seçici siyahılarının saxtalaşdırıldığını bəyan edib. Onun sözlərinə görə ilkin mərhələ üçün 1918 pozuntu faktı qeydə alıblar. Onların arasında insanların kütləvi şəkildə avtobuslarla məntəqələr gətirilməsi, onlara qarşı zorakılıq tətbiqi kimi faktlar da var. “Vətəndaş müşahidəçi” təşəbbüsü elan edib ki, 1147 ciddi pozuntu faktı qeydə alıblar. Erməni mənşəli kanadalı aktrisa Arsine Handcyan seçki prosesini müşahidəçi kimi izləyib. O, “Aysor.am” saytına bildirib ki, Gorus, Sisyan və İrəvanda seçki prosesini izləyib: “İzlədiyim bütün məntəqələrdə saxtakarlıq müşahidə etdim. Baş çəkdiyim bütün məntəqələri seçicilərlə doldurmuşdular. Onların çoxu özünü itirmişdi və nə edəcəklərini bilmirdi. Yaşından asılı olmayaraq seçicilərin bir çoxu bülletendən necə istifadə edəcəyini belə, bilmirdi. Vətəndaşları məqsədli şəkildə istiqamətləndirirdilər. Komissiya katibləri isə qeyri-obyektiv münasibət ortaya qoyurdular. Məntəqə katibləri heç bir qayda pozuntusunu qeydə almırdılar. Müşahidəçilərə öz işlərini sərbəst şəkildə görməyə imkan vermədilər, Çox təəssüf edirəm ki, Ermənistanda ədalətli və şəffaf seçkinin şahidi olmadım”.

“Azad Demokratlar” partiyası seçkinin nəticələrini tanımadı

“Yelk” blokunun təmsilçisi Mane Tandilyan bildirib ki, bütün pozuntular ciddi şəkildə araşdırılmalıdır. Onun sözlərinə görə həmin pozuntular seçkinin nəticələrinə təsir edir. Blokun digər təmsilçisi David Xajakyan bildirib ki, ən böyük pozuntu seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə edə bilməməsi olub: “Seçiciləri səsvermənin nəticələrini göstərməyə məcbur edirdilər”. “Azad Demokratlar” partiyası isə dünən seçkilərin nəticələrini tanımadığını bəyan edib. “Transparency International” antikorrupsiya mərkəzi də seçkilərdə ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı bəyanat verib. Mərkəzin proqram rəhbəri Varujan Oktanyan deyib ki, seçici səslərinin satın alınması və ya rüşvət verilməsi ilə bağlı 100-dən çox fakt qeydə alınıb. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduqlarını qeyd edib. Baqratyan insanların kütləvi şəkildə mikroavtobuslarla seçki məntəqələrinə daşındığını, bununla bağlı əllərində olan videogörüntüləri yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəklərini söyləyib. “Birinci informasiya” yazır ki, Ermənistanda ənənəvi seçki keçiriləcəyi əvvəlcədən bəlli idi: “Kimsə, Sərkisyanın saxtakarlıq olmadan seçki keçirəcəyinə inanırdımı? Axı hamıya aydındır ki, Sərkisyan qayda pozuntuları və saxtakarlıq olmadan seçilə bilməz. Ona görə də 2 aprel seçkisi Ermənistan tarixinə saxta, biabırçı seçki kimi düşdü. Amma saxtakarlıq və biabırçı mahiyyət Ermənistan üçün yenilik deyil”.

Ter-Petrosyan seçki məntəqələrində işin təşkilini kolxoz işinə bənzədib
Səsvermədə “kurioz” hadisə də baş verib. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan, parlamentin sədri Qalust Saakyan və keçmiş prezident Levon Ter-Petrosyan səs verən zaman elektron aparat onların heç birinin barmaq izlərini tanımayıb. Sərkisyan 10 barmağının hamısını aparata yaxınlaşdırsa da, bunun bir nəticəsi olmayıb. Prosesin çox uzandığını görən rusiyalı jurnalistlərdən biri bunun nə qədər davam edəcəyini soruşub. S. Sərkisyan isə bu məsələnin onun səlahiyyətinə daxil olmadığını bildirib. Nəhayət, S. Sərkisyan seçki komissiyasına pasportunu təqdim edib, talon alaraq səs verib. Ter-Petrosyan da anoloji durumla üzləşib. Çətinliklə səs verən Ermənistanın birinci prezidenti seçki məntəqələrində işin təşkilini kolxoz işinə bənzədib.

Jurnalist döyülüb
“Azatutyun” radiosunun jurnalisti Sisak Qabrielyan seçki günü İrəvanın Kond meydanında hücuma məruz qalıb. Müxbir seçicilərin səs vermək üçün məntəqələrə getməzdən öncə hakim “Ermənistan Respublika Partiyası”nın namizədi Akob Beqlaryanın qərargahına girdiyini görüb. Qərargahdan çıxan bəzi seçicilərin əlində pul tutması jurnalistin diqqətini çəkib. İçəridə nə baş verdiyini aydınlaşdırmaq istəyən Sisak Qabrielyan da qərargaha daxil olub. Qərargahdakı şəxslər jurnalisti gördükdə rüşvət faktını gizlədərək, guya əməkhaqqı payladıqlarını bildiriblər. Daha sonra bir qrup şəxs müxbirə hücum edərək onun telefonunu əlindən alıb. Qarşıdurmada «Azatutyun» radiosunun jurnalistinə göz nahiyəsindən xəsarətlər yetirilib. «Yelk» blokunun təmsilçisi Nikola Paşiynana qarşı isə silahlı hücum olub. Maraqlıdır ki, silahlı hücumu təşkil edən şəxs yaxın zamanlarda həbsdən çıxmış Artur Ayvazyan olub. O, 2001-ci ildə qətlə yetirilmiş Samvel Arakelyanın qətlənin sifarşçisidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.07.2017
Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqləndi
20.07.2017
“Jurnalistikamız xarici təsir altına düşməməlidir”
18.07.2017
Rusiyadakı erməni lobbisinin maliyyə dayağına ciddi zərbə dəyib
14.07.2017
“Dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur”
11.07.2017
“Körpə uşağın öldürülməsi heç bir bəraəti olmayan cinayətdir”

Şərh əlavə olunmayıb



    ,    
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6999

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info