Naxçıvanın turizm potensialı
Tarix: 07.04.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər
Elsevər Məmmədov |

Bir vaxtlar Naxçıvan küçələrində barmaqla sayılacaq qədər əcnəbi görmək olardı. Onlar ya iş dalınca, ya da hər hansısa biznes məqsədilə diyarımıza təşrif buyururdular. Vay o gündən ki, küçədə qaradərili əcnəbi gözə dəysin. Heyrətli baxışlarımızı onlara tuşlayıb, gözdən itənə kimi təəccüblə izləyirdik. Hətta yaşlı nəslin nümayəndələri onları geyiminə görə qınayırdısa, gənclər “onsuz da dilimizi bilmirlər”, deyib fikirlərini rahat şəkildə dilə gətirə bilirdilər.
Amma... Vaxt gəldi, vədə yetişdi. Azərbaycanda turizm sahəsi inkişaf etdirildikcə, istər-istəməz əcnəbilərə də münasibət dəyişdi. Beləcə, əcnəbilər bizlərə, bizlər də əcnəbilərə öyrəşdik. Lakin ildən-ilə turizmdə yeniliklərə də ehtiyac duyulmağa başladı. Yəni doğma diyarımızı tanıtmaq, qeyri-neft sektorunu inkişaf etdirmək üçün, necə deyərlər, papağımızı qabağımıza qoyub fikirləşmək lazım gəldi. Çünki bir neçə il öncəyə kimi istirahət deyəndə ilk ağıla gələn yay fəsli düşürdüsə, artıq istirahətin fəslinin yox olması qənaətinə gəldik. Azərbaycan qış turizmini inkişaf etdirməklə bu fikirləri alt-üst etdi. Lakin turizm bazarına girmək üçün hər saat, hər gün, hər ay və hər il turistləri heyrətləndirmək lazımdır. Odur ki, turizm sektorunun inkişafı üçün hələ çox işlər görülməlidir.
Dünyada Duzdağ, Əshabi-Kəhf, Gəmiqaya kimi yerləri olan ölkələri barmaqla saymaq olar. Hətta elə ölkələr var ki, onun mətbəxində yalnız dəniz məhsulunu sevənlər və ya vegeterianlar yemək yeyə bilir. Yəni mətbəxi elə də zəngin deyil. Və ya tam əksinə, daha çox ət və ət məhsulları üstünlük təşkil edir. Lakin bizim mətbəximiz çox zəngindir. Yerli mətbəxdə təkcə 200-ə yaxın vegeterian mətbəx nümunəsi var. Maddi-mənəvi irsimizdən, mətbəx mədəniyyətimizdən, tarixi rəngarəngliyimizdən, təbiətin verdiyi nümunələrdən istifadə edərək turizm növlərini çeşidləndirmək yolu ilə əcnəbiləri cəlb edə bilərik. Darıdağ suyu ilə sağlamlıq, böyük tarixə malik Naxçıvanqala, Möminə xatun, Əlincəqala kimi mədəni, Göygöl, Qanlıgölün ətrafında yaylaq ekoturizmi, dağlıq zonalarda, Batabatda qış turizmi formalaşır. Milli parklarımızın ərazilərində davamlı ekoturizmi inkişaf etdirmək olar. Bu qədər çeşid dünyanın heç bir yerində yoxdur. Çünki dünyada elə yerlər var ki, orada dəniz və çimərliyə görə mövsümi iş var, şimal ölkələrində isə yalnız xizək kompleksləri fəaliyyət göstərir. Odur ki, Naxçıvan təbiətinin rəngarəngliyini, mətbəx mədəniyyətimizi, qonaqpərvərliyimizi önə çəkərək, diyarımızın əhalisinə və ərazisinə görə bəlli sayda turist cəlb edə bilərik.
İnfrastruktur və kadrların da olmasına baxmayaraq, Türkiyə kimi turizm cənnəti olan qonşu ölkələrlə müqayisədə geri qaldığımızı etiraf etməliyik. Çeşidi çoxaltmaq lazımdır. Bunun üçün isə vaxt tələb olunur. Çünki kadr hazırlığına müəyyən müddət lazımdır. Turist cəlb edərkən yerli əhalinin də fikirləri nəzərə alınmalıdır.
Bir vaxtlar sərhədyanı region kimi xarici turistlərin üzünə bağlı tutulan Naxçıvan Muxtar Respublikası indi bütün imkanları ilə ölkəmizin digər yerlərindən və xarici ölkələrdən gələn turistlərin üzünə açıqdır. Turistlərin təhlükəsizliyinin təmin olunmasından, qarşılanıb yola salınmasınadək onlara lazım olan bütün xidmətlərin göstərilməsi həm xidmət, həm də istehsal sektorunda gəlirlərin artırılmasına imkan verir. Bu baxımdan, ölkəmizdə neft sektoruna alternativ olan digər sahələr arasında turizmin öz xüsusi çəkisi vardır ki, bu da Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi turizm ehtiyatlarının geniş yayıldığı və eyni zamanda regional inkişafın hər addımda dəstəkləndiyi regionları üçün çox vacibdir. 24 saat nümunəvi xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələrin enib-qalxdığı beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir komfort standartlarına cavab verən mehmanxanalar və turistlərin muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait hər keçən gün Naxçıvana gələn turistlərin sayını artırır. 15-20 il öncə Naxçıvana gələn qonaq birtəhər özünə yer tapandan sonra mütləq müqəddəs Əshabi-Kəhfi ziyarət edər, imkanı çatsa, Batabata gedər, dəvət edən olsa, Ordubadı da görmək üçün yola çıxardı. Bu yerlərin şöhrətini eşitmiş qonaq getdiyi yerdə heç bir nümunəvi xidmət görməz, yalnız naxçıvanlıların saf, səmimi, heç bir qarşılıq gözləməyən qonaqpərvərliyindən qalma bir təəssüratla geriyə – öz yaşayış yerinə qayıdardı.
Əshabi-Kəhf, Batabat səbir etdi. Beləcə, uzun illər boyu bütün dünya turizmdən milyardlar qazandığı halda, Naxçıvanın dünyada tayı-bərabəri olmayan Əshabi-Kəhfi, Gəmiqayası, yaşıllıqlar qoynunda yerləşən Batabatı, özündə çoxəsrlik tarix yaşadan Möminə xatunu, Duzdağı, Darı dağı, Əlincəsi, Haça dağı, sağlamlıq mənbəyi Sirabı, Badamlısı… öz sahibinə bir manat da qazandırmadan səbirlə gözlədi. Ancaq zamanın çarxı onların da üzünə güldü. İndi muxtar respublikada sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinə və məşğulluğa güclü təsir edən turizmi daha da inkişaf etdirmək, ölkəmizin gözəlliklərini tanıtmaq üçün həmişəkindən daha əlverişli şərait yaranıb.
Sivilizasiyanın beşiyi, ulu türkün qədim torpağı, minilliklərin izini yaşadan Naxçıvan zəngin tarixi-mədəni abidələri, böyük turizm potensialı ilə buraya üz tutan hər bir qonağın yolunu gözləyir...




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info