“Nəzərdə tutulan sahələri inkişaf etdirsək, işsizlik tamamilə aradan qaldırıla bilər”
Tarix: 13.04.2017 | Saat: 21:32:00 | E-mail | Çapa göndər
Millət vəkili Tahir Rzayev: “Yerlərdə emal sənayesi inkişaf etdirilməlidir. Məhsulu xammal kimi xaricə satmalı deyilik, çünki o qədər də böyük gəlir gətirmir. Əldə olunan məhsulun bir hissəsini yerlərdə emal etməliyik. Məhsuldan vəsait götürməliyik”

Ölkədə qeyri-neft sektoru ilə bağlı tədbirlərin həyata keçirilməsi bu sektorun inkişafını labüd edir. Bu gün artıq davamlı olaraq qeydə alınan yüksək nəticələr həmin inkişafın göstəricisidir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir və iqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır: “İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub, kənd təsərrüfatı 3,5 faiz artıb. Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır”. Mütəxəssislərimiz bu gün ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlərin uğurlu olduğunu və bu tədbirlərin davamlı olmasını vacib hesab edir. Müsahibimiz millət vəkili Tahir Rzayevdir:

- Ölkədə qeyri-neft sektorunun inkişafını necə dəyərləndirirsiniz?
- Qeyri-neft sektorunun inkişafı zərurətdən, dünyada gedən proseslərdən doğur. Neftin qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatına güclü təsir etdi və Azərbaycan da bundan yan keçə bilmədi. Belə olan halda, mütləq başqa yollar axtarıb tapmaq lazım idi. Sözsüz ki, neftin qiymətinin baha olduğu dövrdə də müəyyən nəticələr var idi. Ölkə başçısı hakimiyyətə gəldiyi dövrdən başlayaraq deyirdi ki, neft sektorunu inkişaf etdirməklə yanaşı, qeyri-istehsal sahələrinə də diqqət yetirməliyik. Həmin dövrdə neftdən əldə edilən külli miqdarda vəsait regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönəldilmişdi. Əlbəttə, bu düzgün yol idi. Çünki biz hər hansı bünövrə olmadan onun üzərində nəyi isə qurmaq çox çətindir. Məhz həmin vəsaitlə regionların sosial-iqtisadi inkişafı təmin olundu, yollar çəkildi, qaz, işıq, su kimi problemlər həll olunduqdan sonra bu gün ölkədə aqrar sahənin inkişafı asanlaşdı. Bəzən deyirlər ki, biz ilk gündən kənd təsərrüfatının inkişafını sürətləndirməliydik. Ancaq indi yüzlərlə bahalı maşın, toxum gətirilir, emal sənayesi, yerlərdə iri sənaye müəssisələri yaradılır. İnfrastruktur olmasaydı, bu qeyri - mümkün olan bir məsələ idi. Bu isə əlbəttə ki, vəsait tələb edirdi. Çox düzgün düşünülmüş iqtisadi istiqamət idi ki, yerlərdə şərait yaradılsın. Bu gün kənd təsərrüfatının inkişaf etdirilməsi asandır. Çünki işıq, yaxşı yol, su var, torpaqları şoranlıqdan qurtarmaq üçün tədbirlər görülür. Beləliklə, bu sektorun inkişafının zərurətə çevrilməsi və dünyada neftin qiymətinin azalmasının nəticəsində Azərbaycan iqtisadiyyatına da təsir göstərdi. Ölkə başçısı qəti qərara gəldi ki, qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı sürətlə inkişaf etdirilməlidir.
- Emal sənayesinin tətbiqi daha çox gəlir əldə etməyə imkan verəcəkmi?
- Bu gün kənd təsərrüfatı, turizm, emal sənayesi artıq diqqət mərkəzindədir. Prezident ötən müşavirələrdə və son iclasda çıxışında bir daha qeyd etdi ki, artıq bizim yolumuz məlumdur, neftdən asılılıq aradan qaldırılmalıdır və bu sahədə nəticələr də göstərdi ki, kənd təsərrüfatında, emal sənayesində artım var. Ölkənin valyuta ehtiyatı 1 milyard artıb, turizm sahəsində inkişaf göstərdi ki, əgər ötən il ölkəyə gələn turistlərin artımı 11 faiz olmuşdusa, bu ilin I rübündə 25 faizə çatıb və onu davam etdirmək lazımdır. Çünki turizm, kənd təsərrüfatı gəlirli bir sahədir. Bununla əlaqədar vacib məqamlara toxunan ölkə başçısı bildirdi ki, əgər biz istəyiriksə ki, pambıqçılığı, fındıqçılığı, baramaçılığı və digər sahələri inkişaf etdirək, ixtisaslı kadrlar lazımdır, kadr potensialını yaxşılaşdırmalıyıq. Xüsusilə kənd təsərrüfatı mütəxəssislərinə ehtiyac böyükdür. Çünki yaxşı aqronomlar, mexaniklər, torpaqşünaslar olmadan biz kənd təsərrüfatını inkişaf etdirə bilmərik. Digər sahələrə toxundu ki, texnikadan səmərəli istifadə olunması vacibdir, bunun üçün mütəxəssislər yetişdirilməlidir, texniki peşə təhsilinə ciddi fikir verilməlidir.
Yerlərdə emal sənayesi inkişaf etdirilməlidir. Məhsulu xammal kimi xaricə satmalı deyilik, çünki o qədər də böyük gəlir gətirmir. Əldə olunan məhsulun bir hissəsini yerlərdə emal etməliyik. Məhsuldan vəsait götürməliyik. Bu, daha çox pambıqçılığa aiddir. Çünki pambıqçılıqdan, mahlıcdan bir neçə adda məhsul istehsal edib, xarici ölkələrə satırıq. Ancaq ondan bir çox məhsul emal edilə bilər. Geyim, çiyidindən yem, yağ, tullantıları asfalt, mebel sənayesində istifadə etmək olar. Ölkə başçısı da qeyd etdi ki, artıq Mingəçevirdə toxuculuq fabriki tikilir, 4 yeni zavodun tikilməsi nəzərdə tutulur. Ötən il 51 min hektardan 90 min ton pambıq götürmüşdüksə, bu il pambıq sahələri üç dəfəyə yaxın artıb. 136 min hektarda pambıq əkilməsi nəzərdə tutulur. Artıq səpin gedir və 270 min ton pambıq götürüləcək. Bu çox böyük rəqəmdir. Prezident vurğuladı ki, biz torpaqların sahəsini yox, məhsuldarlığı artırmalıyıq. Çünki 20 sentner pambıq götürülməsi nəzərdə tutulur, amma məhsuldarlığı artırmaqla biz bir-iki il ərzində 400 min ton, hətta bir neçə ildən sonra 600 min ton pambıq istehsalına nail ola bilərik. Bu, intensiv əkinçilik, intensiv texnologiya ilə mümkündür.
- Ölkə başçısı bildirib ki, bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzində olmalıdır. Kənd təsərrüfatının inkişafı yerlərdə əhalinin işlə təminatına imkan verəcəkmi?
- Əsas məqsəd kimi, ilk növbədə təsərrüfatı, iqtisadiyyatı yüksəltməklə insanların həyat şəraitini yaxşılaşdırmaq öndə olmalıdır. Burada insan amili öndə olmalıdır. İşsizliyin aradan qaldırılması öndə olmalıdır. Saatlıda olan müşavirədə də ölkə başçısı qeyd etdi ki, pambıqçılıq inkişaf etdirilərsə bu, 200 min iş yeri yaradılması deməkdir. Çox yaxşı haldır ki, 85 min yeni iş yeri açılıb ki, onun 70 mini daimidir. Əgər, doğrudan da nəzərdə tutulan sahələri inkişaf etdirsək, bir neçə ildən sonra işsizlik tamamilə aradan qaldırıla bilər. Pambıqçılıq elə sahədir ki, ilboyu iş var. Digər gəlir gətirən sahələr var ki, tərəvəzçilik, bostançılıqda ilboyu işləyirlər. Fındıqçılığın inkişafı ilə əlaqədar olaraq 40 min hektarda fındıq bağları salınması nəzərdə tutulub və qərb, şimal zonasında bu istiqamətdə işlər gedir. Digər sahələrdə, taxılçılıq, heyvandarlığın inkişafı ilə əlaqədar çox perspektivi olan məsələlər önə çəkildi. Bununla əlaqədar hər bir qurumun tapşırıqları müəyyən olundu. Çünki bu, vacibdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.04.2017
Bəhruz Həsənov: “Əsrlər boyu Azərbaycanda tolerant, multikultural dəyərlər mövcud olub”
19.04.2017
“Sərkisyan əyalət düşüncəsindən vaz keçə bilmir”
17.04.2017
2016-cı ildə ölkəyə ən çox valyuta gətirən məhsul fındıq olub
13.04.2017
“Ermənistanın suverenliyi məsələsi BMT-də müzakirəyə çıxarılacaq”
04.04.2017
“Əslində, məhdudiyyət insanın beynində başlayır”

Şərh əlavə olunmayıb



    ,    
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6269

1 Biznesmen diaspor üzvlərindən təkliflər var
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
5 “Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info