Ədəbi tənqid gələcəklə bağlı elmdir
Tarix: 17.04.2017 | Saat: 19:05:00 | E-mail | Çapa göndər
“Qələmə bağlı ömür” rubrikasının növbəti qonağı filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Məlahət Ramiz qızı Babayevadır. Məlahət xanım, həmçinin BDU-nun “SABAH” qruplarında dərs deyir. Məlahət Babayeva 3 kitab, 120-dən çox elmi və publisistik məqalənin müəllifidir.

- Öncə ədəbiyyata gəlişiniz və bu elmə olan sevginiz haqqında söz açardız.
- Oxumaq vərdişi, kitablara olan sevgim ailəmdən qaynaqlanır. Gözümü açandan evdə çoxlu kitab, mütaliə edən valideynlər, həftəaşırı kitab mağazalarına ziyarət görmüşəm. Bu, əlbəttə ki, uşaq psixologiyasına çox tez təsir edir. Özümü tanıyandan kitab oxuyuram. Dörd yaşından rus və Azərbaycan dilində kitablar oxumağa başlamışam. Hətta belə tez oxumağı öyrəndiyim üçün orta məktəbə götürməkdə tərəddüd edirdilər. Deyirdilər ki, artıq mənim üçün dərs maraqsız olacaq. Amma müəllimənin köməkçisinə çevrilmişdim. Müəllimə çox vaxt hekayələrin ifadəli oxusunu mənə tapşırırdı.
Ədəbiyyat həyatın özüdür. Ədəbiyyat elə bir aləmdir ki, bütün peşə sahibləri ona maraq göstərir, onu öyrənir. Ədəbiyyata gəlişim bədii ədəbiyyatı sevməyimdən irəli gəlir. İstər klassik, istər müasir, yerli və ya dünya ədəbiyyatı olsun, fərq etmir, oxumağı sevirəm. Oxuyandan sonra əsər haqqında yazılanları oxumaq, əsərin necə yarandığını bilmək də ayrı zövqdür. Bəzən yazıçını öyrənmək lazım gəlir ki, əsəri anlayasan. Əsəri analiz etmədən, onun ideya-bədii xüsusiyyətlərini dərk etmədən üstündən keçmirəm. Hər bir bədii əsər həyatın gerçəkliklərini özündə əks etdirir. Bəzən ordakı talelər, hadisələrin gedişi gerçək həyatda oxşar situasiya ilə qarşılaşdıqda nəticəni bilmək üçün lazım olur.
- Bu gün çoxlu əsərlər çap olunur. Mətbuatda əsərlər haqqında müsbət yönümlü məqalələrə çox rast gələrik. Ancaq çox az-az tənqidi yazılarla qarşılaşırıq. Sizcə, bunun səbəbi nədir?
- Ədəbi tənqid dedikdə əsər haqqında yalnız tərif və ya tənqid yazmaq nəzərdə tutulmur. Ədəbi tənqid əsərə bütün parametrlərdən yanaşır: janr, mövzu, problematika, xarakter, ideya, sənətkarlıq, üslub və s. Burda əsərin məziyyətləri ilə yanaşı, zəif yerləri də eyni sırada göstərilə bilər. Əsər təhlil edilə, müxtəlif aspekt və rakurslardan incələnə bilər. Əsər haqqında məlumat xarakterli informasiya yazmağa resenziya deyilir. Son dövrlər bütün kitablara, demək olar ki, resenziya yazılır. Bu da kitaba maraq qazandırmaq, onun satışını gücləndirmək, müəllifini tanıtmaq məqsədilə edilir. Bu gün əsər çapı inkişaf edib. Amma təəssüf ki, keyfiyyət gözstəricisi, hələ ki, kəmiyyət göstəricisini üstələyə bilməyib. Bu da son dərəcə normaldır. Çünki sovet vaxtı kitab çapına məhdudiyyət qoyulmuşdu. Kitabına tələbat olan ədiblər, alimlər böyük çətinliklə tiraj alırdı, çap olunurdu. İndi kitab çapı inkişaf mərhələsindədir. Çox keçmədən bizdə də elə nəşriyyatlar olacaq ki, oxucu kütləsini toplaya biləcək, istedadlı ədibləri özü maliyyələşdirəcək.
Hər bir elm sahəsində təsadüfi adamlar olduğu kimi, təəssüf ki, ədəbiyyat aləmində də belələri çox olub. Lakin istedadlı insanlar sonuna qədər öz zirvələrini qoruyub saxlaya bilirlər. İndi əsər yazan əsər oxuyandan çoxdur desək, yanılmarıq. Əsəri, hətta elə adamlar yazır ki, ömründə heç bir kitab oxumayıb. Son dövrdə müxtəlif ədiblərdən plagiat edərək gündəmə gələnlər də az deyil. Elələri də var ki, böyük sənətkarları inkar edərək özünü məşhur etmək fikrindədir. Ədəbi tənqid də belə təsadüfi adamlardan xali deyil. Bir-iki sətir cızma-qara yazan adam necə özünü sənətkar, şair adlandırırsa, belə “tənqidçilər” də yox deyil.
Belə “tənqidçilər” öz cızma-qarasını şeir, əsər hesab edənlərdən yüksək gəlir əldə edir və hətta onlara müxtəlif titullar da paylayır. Bu, əlbəttə, yalnız maddiyyat üzərində qurulmuş tərifdir. Əsl ədəbi tənqid yalnız və yalnız əsərin tədqiqi, təhlili, şərhi ilə məşğuldur. Yəni, sözün əsl mənasında, əsərin. Əgər hər hansı bir əsər haqqında əsaslandırılmış elmi tənqid yazılmayıbsa, demək, ona layiq deyil. Soruşa bilərsiniz ki, elə zəif müəlliflər var ki, onların əsərlərinə görkəmli tənqidçilər belə, gözəl fikir söyləyiblər. Qeyd edim ki, bu hallar yalnız maddiyyatın, ya da şəxsi tanışlığın üzərində qurulub. Təəssüf ki, bəzi tənqidçilərimiz zaman-zaman xahişlərin üzündən keçə bilmir və öz dəyərli imzalarını belə əsərlərə münasibətdə aşağılara endirirlər.
- Ölkəmizdə əbədi tənqidin inkişafı ilə bağllı hansı sanballı əsərlər çap olunur? Bu sahədə kimlərin adını çəkə bilərsiz?
- Ədəbi tənqidimiz daim inkişafdadır. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu hər ilin yekununda müxtəlif bölmələr üzrə elmi hesabatlar keçirir, bu hesabatlar da sonradan həmin ilin “Ədəbi proses” toplusunda çap edilir. Hər şöbə müvafiq bölmə üzrə əsərləri toplayır, incələyir və layiq olanları elmi tədqiqata cəlb edir. Bunun üçün geniş auditoriyaya müraciət edir, gənclərin də əsərlərinin şöbələrə təqdim etməsini xahiş edirlər.
Müasir poeziyanın iqlimini, ondakı müxtəlif təmayülləri ehtiva etmək baxımından Vaqif Yusiflinin məqalələri mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə müəllifin qələmə aldığı “Qanadlandıq uçmağa”, “Yollar hara aparır”, “Yeddi duyğu”, “Gənc şairlər, sözüm sizədir”, “Səkkiz kitab, yeddi söz”, “Şerimizin bu günü - bu günümüzün şeri”, “Yetkinlik və yetkinliyə doğru”, “Söhbət ədəbi gənclikdən gedir” və s. kimi yazıları, əsasən, yeni mərhələdə fəaliyyətə başlayan yazarların yaradıcılığına ayna tutmaq, gənc nəslin sənətkarlıq məziyyətləri haqda müəyyən təsəvvür yaratmaqla yanaşı, bütövlükdə bu dövr poeziyasını qüvvətli və kəsir cəhətləri ilə birlikdə göstərməyə müvəffəq olur.
Tehran Əlişanoğlunun “Ədəbiyyat söhbəti”, “Ədəbiyyat qəzeti”ndəki “Məqamlar”, “Tənqidçinin dəftərindən”, “Rezonans” qəzetindəki “Gündəlikdən”, “Bizim əsr” qəzetində “Tənqid meridianları”, “Polemik” və “Tənqid” sırasından olan məqalələrində ədəbiyyat tarixçiliyi, realizm, romantizm, ənənə və novatorluq, irs və varislik kimi ədəbiyyatımızın köklü nəzəri problemlərindən tutmuş çağdaş prosesimizin inkişaf meyillərinin öyrənilməsinə, cari bədii təsərrüfatın təhlilinə, yeni poetik təfəkkürün formalaşması kimi məsələlərə qədər yeni kontekstdə yanaşma, fərqli baxış bucağı nəzərə çarpır.
Tənqidçi Nizaməddin Mustafanın “Bir şerin draması”, Rüstəm Kamalın “Halal kədər” adlı yazıları bədii mətnə modern nöqteyi-nəzərdən, tam fərqli rakursdan yanaşma səylərini ortaya qoyur.
Cavanşir Yusiflinin “Bədii mətnin sirləri”, “Bir söz söylə, bu dünyadan olmasın”, “Ədəbiyyatda yaşamağın formulu” kimi kitabları yeni poetik təfəkkürün formalaşması yönündə aparılan islahatlara ən yaxşı nümunədir. Müəllifin çağdaş dövrün poeziyasına həsr olunmuş “Zamanı ötən şeirlər sorağında”, “XXI əsrə məktub”, “Azərbaycan avanqardı” və s. kimi çeşidli yazılarını onun qarşısına qoyduğu və sənətdən umduğu məqsədin realizəsi hesab etmək olar.
Əsəd Cahangirin yazdığı “Səs”, "Söz” və “Rəng” silsiləsindən olan yazıları da yeni estetik baxışın, fərqli düşüncə tərzinin ifadəçisi kimi ədəbi tənqidimizin uğurlu faktı hesab olunmalıdır.
Tənqidçi N.Şəmsizadə “Ədəbi proses-78”, “Ədəbi mübahisələr”, “Azərbaycan ideologiyası”, “Azərbaycan ədəbiyyatşünaslığı”, “Türk təfəkkürü məcrasında”, “Hıçqıran gülüşlər”, “Əli Nazim”, “Rejissor taleyi” (2004), “Tənqidin ədəbi prosesdə rolu”, “Böyük nəslin davamçısı”, “Azərbaycançılıq”, “Ədəbi proses və ədəbi nəsil”, “Yazıçı ömrünə uvertüra” monoqrafıyalarının, “Əgər onlar olmasaydı” (2015) ədəbi-tənqidi məqalələr kitabının müəllifidir.
Təyyar Salamoğlu “Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri)” (2005), “Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)” (2007), “Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri” (2008), “Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar” (2009) monoqrafiyalarının, ”Ədəbi tənqid tarixinə dair portret – oçerklər” (2011), “Müasir Azərbaycan ədəbiyyatı” (2012) adlı vəsaitlərini ədəbi tənqidimizə həsr edilmiş ən gözəl monoqrafiyalar saymaq olar.
Əlbəttə, müasir dövrün tənqidçiləri haqqında günlərlə danışmaq olar. E.Əfəndiyev, N.Cəfərov, B.Xəlilov və digər alimlər yorulmadan, demək olar ki, tənqidi məqalələr yazır, müxtəlif mətbuat orqanlarında çıxış edirlər.
- Gənc nəsil arasında çoxlu yazar yetişir. Amma çox az sayda ürəkaçan əsərlər çap olunur. Bu haqda nə deyə bilərsiz?
- Gənclərin ədəbiyyata həvəsli olduğu müsbət haldır. Amma çoxlarında bu, yalnız gəncliklə bağlı olur. Yaş ötdükcə ya istedadsız olduğunu, ya da bunun yalnız gənclik həvəsi olduğunu qəbul edirlər. Ələnmə prosesi, seçilmək oxucu kütləsinin zövqü ilə formalaşır. Doğrudur, bəzən çox bayağı əsərlərin də oxucusu olur. Amma bu yenə də işin xeyrinədir. Ən azından, oxucu ordusu yaranır. Tənqidçinin burada əsas vəzifəsi oxucu kütləsinin tələbatına görə hərəkət etməməsi, əksinə, sağlam oxucu zövqü yaratmaqdır. Tənqidçi oxucunun ardınca yox, oxucu tənqidçinin açdığı prinsiplə getməlidir. Tənqidçi savadı, düzgün analiz və əsasları ilə haqlı olduğuna oxucu kütləsini inandırmağı bacarmalıdır.
Zəif əsərlərə gəldikdə isə hər dövrdə yazanlar çoxluq təşkil edib. Lakin hər əsrdə 2-3 adam tarixi əbədiliyini qoruyub saxlaya bilib. Müasir ədəbiyyatda yaddaqalan sənətkarlar çoxdur, lakin bilmək olmaz 3-4 əsr sonra onlardan neçəsi yaddaşda qalacaq, hamının qəbul etdiyi dahi şəxsiyyətə çevriləcək. Yazanların belə çox olması, əslində, inkişafa təkan verən amillərdir. Zaman keçdikcə oxucunun diqqətini çəkməyin çətin olduğunu anlayan yazıçılar daha maraqlı mövzu və janrlar tapmağa səy göstərəcək, daim öz üzərində işləyəcək və keyfiyyətli əsərlər ortaya qoyacaqlar.
- Sonda gələcək planlarınızdan danışardız
- Ədəbi tənqid gələcəklə bağlı elmdir. İndi eyni vaxtda dörd kitab üzərində işləyirəm. Onlardan sonra başqa planlaşdırdığım digər kitab və monoqrafiyalar üzərində işləmək istəyirəm. Dil biliklərimi gücləndirmək, elmi əsərlərimi bu dillərdə çap etdirmək, sənətkarlarımızı dünya miqyasında tanıtmaq ən ümdə arzularımdandır. Planlarımın önündə daim öz üzərimdə işləmək, çoxlu oxumaq, yazmaq və inkişafda olmaq durur.

Söhbəti qələmə aldı:
Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
19.07.2017
“Kölndə hər il sərgilərim təşkil olunur”
18.07.2017
Ataların yolu
13.07.2017
“Yerli idarəetmə orqanları özləri investisiya cəlb etməyi bacarmalıdırlar”
12.07.2017
“Biz Qazaxıstanda özümüzü Azərbaycanda olduğumuz kimi hiss edirik”
11.07.2017
“Əminəm ki, BANM-in məzunları yüksək hazırlıqlı mütəxəssislər olacaqlar“

Şərh əlavə olunmayıb



    ,    
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6999

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info