Ailə dəyərləri və milli mentalitet
Tarix: 19.04.2017 | Saat: 14:47:00 | E-mail | Çapa göndər
"İnsanın, həyat dənizinin azğın dalğalarına və güclü fırtınalarına qarşı sığına biləcəyi ən sakit və ən əmin liman ailə yuvasıdır" 

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə həmişə ən yüksəkdə dayanıb. Bütün dövrlərdə “kiçik dövlət” modeli olan ailənin möhkəmliyinin təmin olunması, onun qorunub saxlanılması əsas vəzifələrdən sayılıb. Həyatı paylaşmaq, istək və arzuları birgə bölüşmək, sevinc və xoşbəxtlik kimi gözəl duyğuları birgə yaşayıb, kədərli günlərin öhdəsindən bərabər gəlmək üçün Allah insanları kişi və qadın olmaqla cüt yaratdı. Ailə, isti ocaq, övlad sevgisi də insanlara verilən ən gözəl lütfdür, hədiyyədir. Ən gərgin vaxtında insan bir udum rahat nəfəsi evində alır, övladının üstünə yüyürməsilə, bir gülüşüylə gərginliyindən azad olur, dincliyini evində tapır. Ən doğma olan qardaş-bacı evində də rahatlıq tapmır, mümkün qədər öz evinə dönməyə çalışır, həm qonağı olduğu evi narahat etməmək üçün, həm özü rahat olmaq üçün. İsti ocağına, yuvasına bu qədər bağlılıq Azərbaycan xalqının genetik kodudur, mənəvi kimliyidir. Dahi Azərbaycan alimi Nəsirəddin Tusi "Əxlaqi-Nasir" əsərində yazır ki, insanlar tək yaşaya, inkişaf edə, kamala çata bilməzlər. Onların bir-birinə ailə şəklində yaşama ehtiyacı var. Qadınla kişinin bir çox istedadı ailə qurduqdan sonra lazımi həddə çatır. Çünki insanın bir çox ehtiyacı ailədə təmin olunur. Qurulan ailə ocağı qarşılıqlı səmimiyyətə, inama, sevgiyə, bir də milli-mənəvi, əxlaqi dəyərlərə tapınıb yanarsa, heç vaxt sönməz. Tusiyə görə, ailə sağlam olarsa, varlılığı da, kasıbçılığı da sınaq kimi qəbul edər və yaşadıqları çətinliklərdən sarsılmaz. 
Tarixdə əbədi izlər buraxmış böyük millətlərin ən üstün keyfiyyəti sağlam bir ailə mühitinə sahib olması ilə hesablanıb. Azərbaycan xalqı da var olduğu gündən ailəyə böyük dəyər verib, onu müqəddəs bilib. Çünki milləti ayaq üstə saxlayan və dövləti güclü edən əsas mənəvi dayaqlardan biri fərdlərin və cəmiyyətin əxlaqıdır. Dinimizdə, müqəddəs kitabımızda da ailə dəyərlərinə böyük önəm verilir.
Müasir dünyanın qloballaşma və inteqrasiyaya sürətlə daxil olduğu bir vaxtda dəyərlərin dəyişməsi, modernləşməsi məsələsi ortaya çıxıb. Qərb mədəniyyətinin cəmiyyətimizə ayaq açması gənc nəsildə fərqli düşüncə və həyat tərzi formalaşdırır. Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır.
Azərbaycan ailəsi, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Hər millətin milli ruhu, milli təfəkkürü və öz mentaliteti var. Mentalitet bir millətə xas olan milli-mənəvi dəyərlər toplusudur. Mentalitet fikirlərin obrazlılığı, ağıllı nəticələrin və dini dünyagörüşlərinin cəmi nəticəsində şəxs və ya şəxslər qrupunun əldə etdiyi yaşam və hərəkətlər toplusudur. Mentalitet deyərkən millətlərin və bu millətləri təşkil edən şəxslərin düşünmək, hiss etmək, ətrafda baş verən hadisələrə biganə qalmamaq, onları ozünəməxsus şəkildə qavramaq və qəbul etmək kimi başa düşülür. Mentalitet geniş anlayısdır, daha da ətraflı desək bu anlayışa, eyni zamanda xalqın, yaxud da fərdin elmi nəzəri səviyyəsini əxlaqi keyfiyyətlərini, həyat tərzi, adət-ənənələri və bütün bunlarla yanaşı, digər xalqlara, millətlərə münasibəti də daxildir.
Məlumdur ki, milli-siyasi mentalitetin yaradıcısı xalq və siyasi elitadır. Mədəniyyət zəminində formalaşan siyasi mentalitet ənənə ilə bağlı olub, siyasi həyatda gerçəkləşir. Mentalitetin fəlsəfi-etik, mədəni-etnik və tarixi səviyyələrdə öyrənilməsi xalqların tarixi həyatının, sosial, mədəni, dini, təbii, bioloji aspektlərinin vəhdətdə götürülməsini tələb edir. Mentalitet sosial-fəlsəfi fenomen olmaqla yanaşı, həm də adətlərin, əxlaqi sərvətlərin, dini etiqadların, şüurun, vərdişlərin sayəsində formalaşmışdır. Biz tarixi bağlılığımız, məişətimiz, adət-ənənəmiz, həyat və düşüncə tərzimiz baxımından bir çox  xalqlardan fərqlənirik. Dinimiz İslam dinidir. Soykökümüz türkdür. Qərblə  mədəni, iqtisadi-siyasi bağlılığımız var. Deməli, bizim bir xalq kimi formalaşmağımız bu göstərilənlərin kompleks təsiri altında baş vermişdir. Onların hər biri bizə bir xalq kimi təsir göstərmişdir. Zaman-zaman dəyişikliklərə  uğramasına baxmayaraq, millətimizə məxsus olan köklü adət-ənənələr özünü günümüzə qədər qoruyub  saxlamaqdadır. Buna görə də öz millətimlə fəxr edirəm.
 Müasir dövrdə mentalitetimizdə özünü qabarıq  göstərən cəhətlər, mentalitetimizin formalaşmasına təsir edən amillər vardır: kimisi “mentalitet keçmişdən qalan  adət-ənənələrimizin toplusudur”, dedi, kimisi, “özünü dərk deməkdir”, dedi, kimisi, hətta bizim mentalatetimizin olmadığını belə, dedi. Mentalitet yalnız geyimlərə, saç düzümlərinə, dinlənilən hansısa xarici musiqilərə görə pozulmur, əslində, bu  daha ciddi, daha ictimai proseslərlə bağlıdır.
Mentalitet bizi dədə-babalarımız kimi yaşamağa  sövq etmir, mentalitet onların adət-ənənələrini qorumaqla mənfi olan bəzi  davranışları ağılla, düşüncə ilə müsbətə doğru dəyişdirməkdir.
Sözdə hər kəs “mentalitet, mentalitet”, deyə bir çox mövzulara şərhlər  yazır, lakin bu o demək deyildir ki, onların hər biri bu anlayışın  fərqindədir. Qəbul etməsək də hər birimiz zaman-zaman öz sözlərimizin, öz doğrularımızın üstündən xətt çəkirik. Bu da yetməzmiş kimi,  səhvlərimizi boynumuza almırıq, nəticə çıxarmaq yerinə, tam tərsi, öz  səhvlərimizi başqalarında axtarırıq.
Azərbaycan ailəsi zamanın sınaqlarından keçib, bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə edir, yaşadır, böyüyə hörmət, kiçiyə diqqət, həssaslıq, mərhəmət kimi anlayışları özündə ehtiva edir. Eyni zamanda cəmiyyətdə hökm sürən demokratik prinsiplərdən qaynaqlanan  müsbət cəhətlərin daşıyıcısı kimi diqqət çəkir. Çalışaq, ailəmizdə olan problemləri vaxtında və münasib şəkildə həll edək ki, bu güzgü sağlam və dayanıqlı olsun. Ailə xoşbəxtliyin açarıdır. Sağlam gələcək üçün ailəmizi hər zaman qorumalı və nümunəviliyimizlə seçilməliyik. Uğurlu, fəxr ediləsi, örnək ailələr Azərbaycan gələcəyinin təminatçısıdır.

Rövşən Əvəzoğlu
Müstəqil araşdırmaçı




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
“Müstəqillik bizim üçün ən böyük sərvətdir”
26.05.2017
“Nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm”
26.05.2017
Kulinarlarımız vətənə medallarla dönüblər
26.05.2017
Bir yaşınadək uşaqların 50 faizi ana südü ilə qidalanır
26.05.2017
İyunun 1-də uşaqlar Bulvarda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə edəcəklər

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info