Biznesmen diaspor üzvlərindən təkliflər var
Tarix: 19.04.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər
İş adamlarının Azərbaycana cəlb olunması üçün yeni strategiya işlənməlidir

Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasəti özəlliyi ilə seçilir. Bəlkə də, heç bir ölkədə diaspora Azərbaycan dövləti qədər diqqət göstərilmir. Bunun qarşılığında isə milli diaspordan, hələ ki, istənilən fəaliyyət hiss olunmur. Ötən il keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayından sonra diasporda canlanmanın olacağı proqnozlaşdırılırdı. Burada söhbət təkcə diasporun ölkəmizin xaricdə təbliğindən deyil, eyni zamanda Azərbaycanın qeyri-neft sektorunun inkişafında xaricdə yaşayan soydaşlarımızın oynadığı roldan gedir. Ayrıca, Azərbaycan məhsullarının xaricə ixracında diasporun da dəstək göstərməsi əsas amildir.
Bu məsələ Prezident İlham Əliyev tərəfindən dəfələrlə diqqətə çatdırılıb. Elə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində də xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkə iqtisadiyyatının real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına sərmayə qoymağa çağırmışdı. Son olaraq isə dövlət başçısı qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bu haqda da danışıb: “Bilirsiniz ki, biz xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün böyük işlər görürük. Azərbaycan nadir ölkələrdəndir ki, artıq bizdə ənənəvi olaraq xaricdə yaşayan azərbaycanlıların qurultayı keçirilir. Biz onlara həm siyasi dəstək göstəririk, eyni zamanda onlar üçün biznes imkanları yaradırıq. Onlar da bu işlərdə fəal iştirak etməlidirlər. Bildiyimə görə, onlar bizim yeni təşəbbüslərimizə fəal qoşulurlar.
Xaricdə yaşayan azərbaycanlılar, xüsusilə MDB məkanında yaşayan soydaşlarımız, o cümlədən bizneslə məşğuldurlar, onların böyük imkanları var. Onlar da öz biznes imkanlarını genişləndirmək, eyni zamanda öz Vətəninə kömək etmək üçün orada fəal işləməlidirlər. Bu işlər başlayıb və bizim dövlət qurumlarımız bu işlərlə məşğuldur. Mən onları da bu işlərə dəvət edirəm, onların da böyük ticarət şəbəkələri var. Onlar dünyanın müxtəlif yerlərindən məhsul idxal edirlər. Xüsusilə nəzərə alsaq ki, indi bizim imkanlarımız genişlənir, daha çox Azərbaycandan idxal etsinlər”.

“İstərdik ki, Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsulları Almaniya bazarlarına gəlib çıxsın”
Prezident İlham Əliyevin bu fikirləri xaricdə yaşayan soydaşlarımız, xüsusən, iş adamlarımız tərəfindən də böyük sevinclə qarşılanıb. Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri, kiçik sahibkarlıq işi ilə məşğul olan Naibə Hacıyeva bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycan öz müstəqilliyini qoruyur, yeni bazar münasibətlərinə uyğun sosial-iqtisadi sistem qurur və beynəlxalq əlaqələrini gücləndirir: “Prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən müşavirəyə toplaşan hər bir kəsi ölkədə istehsal olunan məhsulların ixracı maraqlandırırdı. Dövlət başçısı bir daha xaricdə yaşayan həmvətənlərimizə səsləndi və Azərbaycanda sahibkarlara yaradılan münbit şəraitdən yararlanmağa çağırdı. Biz həm diaspor fəaliyyəti, həm də sahibkarlıqla məşğul olan azərbaycanlılar, Prezidentin bu çağırışına qoşulur və onu hər zaman dəstəkləyirik. Mənim övladlarım Gülnar və İxtiyar da cənab Prezidentin bu təkliflərini yüksək alqışladılar. Bu fikirlər Azərbaycanın gələcəyi üçün çox vacib bir məsələyə, yeniyetmələri, gəncləri daha da həvəslə Azərbaycanımız üçün çalışmağa yönəldir”.
Naibə Hacıyeva xatırlatdı ki, bu il almanların Azərbaycana köçməsinin 200 illiyi qeyd olunur: “Mövcud şərait imkan verir ki, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi daha da yüksəlsin. Azərbaycan məhsulları ekoloji baxımdan təmiz, orqanikdir. İstərdik ki, Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsulları Almaniya bazarlarına gəlib çıxsın, Almaniyanın isə müasir elmi yenilikləri idxal edilsin.
Prezident bu yaxınlarda ixracı dəstəkləyəcək ticarət evlərinin yaradılması haqqında sərəncam imzalayıb. Xarici ölkələrdə fəaliyyət göstərəcək bu evlərin əsas işi ixrac potensialı olan məhsulların dünya bazarına çıxmasına yardım etmək olacaq”.

“Məhsullarımızı Tatarıstana idxal edərək böyük bir Azərbaycan ticarət mərkəzi yaratmaq olar”

Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının prezidenti, Tatarıstanda Azərbaycan diaspor rəhbəri, “SK Ramstroy” şirkətinin baş direktoru Sərraf Kərimov da Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılarla bağlı bu fikirlərinin çox böyük önəm kəsb etdiyini dedi: “Düşünürəm ki, hər bir diaspor təşkilatı rəhbərləri məhz bu amal üçün çalışmalıdırlar. Bu belə olduğu halda, təbii ki, diasporumuzla yanaşı, dövlətimizə də xeyli xeyir gətirə bilərik. Belə ki, artıq Azərbaycanın imkanları daha genişlənir və hər halda, Azərbaycandan idxal daha məqsədəuyğundur. Satılan məhsul da, qazanılan qazanc da bizimdir”.
Sərraf Kərimovun fikrincə, Tatarıstanda yaşayan iş adamları ilə sıx və məhsuldar görüşlər keçirərək ölkədən hansı məhsulların idxalı barədə müzakirələr aparıb və təbii ki, nəticəyə nail olacaq addımlar atılmalıdır: “Tatarıstan, Rusiya Federasiyasının ən varlı və geniş imkanları olan bir respublikasıdır. Bütün ətraf respublika və şəhərlərə istənilən şəkildə biznes çıxışları etmək olar. Demək olar ki, sırf Azərbaycan məhsullarını Tatarıstana idxalı edərək böyük bir Azərbaycan ticarət mərkəzi yaratmaq olar. Düşünürəm ki, ölkələrimiz arasında belə bir biznes qurularsa, hər iki dost respublika üçün böyük sərmayə əldə olunacaq”.

“Ruslar deyirlər ki, yeganə olaraq Azərbaycan məhsulundan təbiət dadı gəlir”

Rusiyada fəaliyyət göstərən “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatı İdarə Heyətinin sədri, “Frukt-opt” şirkətinin rəhbəri Tərlan Qasımov da Prezidentin qeyd olunan fikirlərini dəstəklədiklərini bildirdi: “Bunun bariz nümunəsi olaraq 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Prezidentin verdiyi tövsiyələrindən bəhrələnərək biz Ucar rayonunun Qəziyan kəndində böyük bir ticarət kompleksi, həmçinin 600 nəfərlik böyük bir şadlıq evi tikdirmişik. Bunların ümumi tikilmə xərci 2 milyon dollara yaxındır. Həmin Qəziyan kəndindəki ticarət şəbəkəsində 50 nəfərə yaxın insan çalışır. Bu özü də respublikada aktual proqramlardan biridir”.
Tərlan Qasımov dedi ki, hansısa investorun Azərbaycana dəvət olunması üçün dövlət tərəfindən konkret təkliflər irəli sürülməlidir: “Bu sahədə böyük tələbat var. Məsələn, hansısa bina və ya ticarət mərkəzinin tikintisində su, qaz, işıq və s. texniki şərtləri aidiyyəti orqanla razılaşdırılmalıdır. Bu günləri Azərbaycanda bir binanı tikmək üçün təxminən onun maya dəyəri qədər investisiya qoyursan ki, bütün bu prosesləri keçəsən. Qaldı mənim birbaşa özümə aid olan meyvə-tərəvəz sahəsinə. Bu gün Arxangelsk vilayətində həddindən artıq Azərbaycanın meyvə-tərəvəzinə tələbat var. Amma Azərbaycan məhsullarının bura gəlib çıxmasında müəyyən maneələr var. Bunlardan biri Xaçmaz rayonu ilə Rusiya sərhədindən olan problemdir. Orada iki sistem var. Birinci, maşınlar gəlib birbaşa məhsulu bizim istənilən rayondan yığıb gedirlər. İkinci, maşınla gətirilib qatarlara yüklənir. Daha sonra Dərbənddə qatardan maşınlara boşaldılır və bura göndərilir. Bir mal üç dəfə maşın dəyişir. Bu olmasın deyə, biz təklif edirik ki, maşınlar gedib birbaşa rayonlarımızdan məhsulu gətirsinlər. Çünki maşınla qatar arasındakı maya dəyərində 7-8 rubl fərq var. Həmin bu fərqi aradan qaldırmaq üçün bu sistemi birbaşa maşınla etmək lazımdır, ya da maşını ləğv edib qatarla etmək lazımdır. Bizə sərf edən də maşındır. Yəni buradan o başa, oradan da bu başa məhsul gətirsinlər. Sadəcə olaraq, maneə budur ki, sərhəddə ləngimələr var. Günlərlə orda növbə var, neqativ hallar baş verir. Sərhəddə şəffaf pəncərə yaratmaq lazımdır. Yəni bu gün gəlib gömrük bəyannamən, malın sertifikatını təqdim etdin, az biz zamanda sərhədi keçib gedirsən. İstərdik gömrükdə olan bütün bu bürrokratiya aradan qaldırılsın, orada gözləmələr olmasın. Başqa ölkələrdə elə gömrük postları var ki, sürücülər heç maşından yerə düşmürlər. Qarşıdan meyvə mövsümü gəlir. Kənd təsərrüfatı məhsullarına burada böyük ehtiyac var. Ruslar İranın, Türkiyənin keyfiyyətsiz pomidorlarından cana doyublar. Deyirlər ki, yeganə olaraq Azərbaycan məhsulundan təbiət dadı gəlir”.
Tərlan Qasımov mayın 29-31 tarixlərində Arxangelskdə Sahibkarların Forumunun keçiriləcəyini də bildirdi: “Azərbaycandan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyan Hacıyevin rəhbərliyi ilə bura böyük bir nümayəndə heyəti dəvət olunub. Həmçinin turizm sahəsindən də nümayəndələr tədbirə dəvət olunub. İnanırıq ki, foruma Azərbaycanın İqtisadiyyat Nazirliyi də öz töhfəsini verəcək. Biz çalışırıq ki, Azərbaycanın adı Arxangelskdə bir sıra ölkələr kimi, ticarət əməkdaşlığında hallandırılsın. Mən də istərdim ki, şəhərin görməli yerlərində başqa ölkələr bərabər, Azərbaycan bayrağı da olsun. Biz Azərbaycanla Arxangelsk vilayəti arasında iqtisadi ticarət əlaqələrinin daha da genişləndirilməsini qarşımıza prioritet qoymuşuq. Öz respublikamızın idxal olunan mallarını Arxangelskdə olan yerli ticarət şəbəkələrində görmək istəyirik. Biz öz işimizi diaspor olaraq bu istiqamətdə qurmuşuq. Azərbaycandan isə aidiyyəti qurumlardan dəstək gözləyirik”.
Xaricdəki iş adamlarımızla əməkdaşlıq daha da gücləndirilməlidir
Xaricdə Azərbaycan ticarət evlərinin açılması, eyni zamanda ölkəmizin lobbiçiliyinə xidmət edəcək. Ümumiyyətlə, bu, diaspor fəaliyyətində də yeni bir istiqamət kimi nəzərdə tutulmalıdır. Çünki diaspor üzvləri, xüsusilə də iş adamları bu ticarət evlərində də bir araya gələcək. Həmçinin əcnəbi iş adamları ilə əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.
Biznesmen diaspor üzvlərinin vətənə sərmayə qoymasında, inam və etimadın olmasında aidiyyəti qurum olaraq Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) də əsas rol oynayır. Məsələn, bu gün iş adamlarının cəm olduğu hər hansı diaspor təşkilatının problemi yaranırsa və DİDK-də bunun səbəbini bilmirlərsə, deməli, əməkdaşlıq hələ istənilən səviyyədə deyil. Buna görə də DİDK diaspor təşkilatı rəhbərləri və iş adamlarımızla əməkdaşlığı daha da gücləndirməlidir.
İş adamlarının Azərbaycana cəlb olunması üçün yeni strategiya işlənməlidir. Məsələn, elanlar vermək, iş adamlarının biznes layihələrini qəbul etmək olar. Bu layihələr incələndikdən sonra uyğun olanları toplayıb forum keçirmək mümkündür. Ayrıca, diaspor üzvləri də yaşadıqları ölkələrdə biznes qaynağı tapmalıdır. Eyni zamanda əcnəbi iş adamlarını ölkəmizə dəvət etməlidirlər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
BMT Azərbaycana qarşı cinayət törədənləri necə cəzalandıra bilər?
22.09.2017
“Dövlət başçısı BMT-dəki çıxışında qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi”
21.09.2017
“Prezident BMT-də Ermənistanın işğalçılıq siyasətini ifşa etdi”
21.09.2017
Ermənistanda orta məktəb məzunlarının sayı iki dəfə azalıb
21.09.2017
Ali məktəb məzunu peşəkar fəaliyyətə psixoloji cəhətdən hazır olmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7339

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
3 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info