Şahlar Əsgərov: “ADPU-da professor-müəllim heyətinin müsabiqədən keçirilməsini alqışlayıram”
Tarix: 20.04.2017 | Saat: 14:44:00 | E-mail | Çapa göndər
Xəbər verdiyimiz kimi, aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçiriləcək müsabiqənin birinci mərhələsi-sənəd qəbulu mərhələsi başa çatıb. Aprelin 20-də isə professor-müəllim heyətinin müsabiqəsinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə professor-müəllim heyətinin bilik, bacarıq və peşəkarlıq səviyyəsi müəyyən ediləcək. Alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi ADPU-da tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Xatırladaq ki, ADPU-da professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan “adpu.edu.az” saytında yerləşdirilib, həmçinin bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Bununla yanaşı, müsabiqənin keçirilməsi barədə “Xalq qəzeti”nin, “Azərbaycan müəllimi”qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edilib. Müsabiqəyə vəzifələr yox, fənlər çıxarılıb. Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılan 114 vakant yerə 500 nəfər sənəd verib. Müsabiqəyə ADPU-dan 350 nəfər, kənardan isə 150 nəfər sənəd verib. Sənəd verənlərin 230 nəfərinin elmi dərəcəsi var. Universitetin Filologiya fakültəsində 8 kafedra, 16 fənn, 21 yer üzrə 100 nəfərin sənədi qəbul edilib, onlardan 35-nin elmi dərəcəsi var. Riyaziyyat və informatika fakültəsində 4 kafedra, 8 fənn, 10 yer üzrə 44 nəfərin sənədi qəbul edilib, onlardan 23-nün elmi dərəcəsi var. Fizika və texnologiya fakültəsində 3 kafedra, 8 fənn, 9 yer üzrə 49 nəfərin sənədi qəbul edilib, onlardan 17-nin elmi dərəcəsi var. Kimya və biologiya fakültəsində 8 kafedra, 16 fənn, 20 yer üzrə 72 nəfərin sənədi qəbul edilib, onlardan 38-nin elmi dərəcəsi var. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsində 3 kafedra, 12 fənn, 16 yer üzrə 77 nəfərin sənədi qəbul edilib, onlardan 22-nin elmi dərəcəsi var. Tarix və coğrafiya fakültəsində 7 kafedra, 11 fənn, 18 yer üzrə 83 nəfərin sənədi qəbul edilib, onlardan 45-nin elmi dərəcəsi var. İbtidai təhsil fakültəsində 2 kafedra, 5 fənn, 5 yer üzrə 24 nəfərin sənədi qəbul edilib, onlardan 10-nun elmi dərəcəsi var. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedra, 11 fənn, 5 yer üzrə 51 nəfərin sənədi qəbul edilib, onlardan 13-nün elmi dərəcəsi var. “Psixologiyanın əsasları” və “Psixologiya” fənni üzrə 2 yerə 3 nəfərin sənədi qəbul edilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.
Qeyd edək ki, müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq ADPU-nun Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin ümumi nəzarəti ilə açıq dərslər keçirilir. Keçirilən açıq dərsləri fakültələrin tədris-metodika şuralarında alim-mütəxəssislər qiymətləndirir, sonra bu qiymətləndirmələr kafedralarda müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Növbəti mərhələdə fakültə Elmi Şurası kafedraların qərarına münasibət bildirərək qalibləri müəyyən edir və Rektorluq qarşısında qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsinin bağlanılması barədə vəsatət qaldırır. Əgər mübahisəli vəziyyət yaranarsa, rektor tərəfindən bu mübahisənin araşdırılması üçün komissiya yaradılır. Narazılıq öz təsdiqini taparsa, məsələ universitetin Elmi Şurasının müzakirəsinə çıxarılır və Elmi Şura son qərarı verir. Elmi Şuranın qərarı ilə qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanır. Müsabiqənin may ayının sonlarında başa çatdırılması nəzərdə tutulur.
Bəs, Azərbaycanın ali təhsil sistemində mütərəqqi bir yenilik, pedaqoji kadrların seçilməsinə fərqli yanaşmanı əks etdirən bu müsabiqə barədə mütəxəssislər, təhsil ekspertləri nə düşünürlər?
Təhsil üzrə ekspert, professor Şahlar Əsgərov bildirdi ki, ali təhsildə keyfiyyəti qaldırmaq üçün bu zəruri addımdır: “Ölkədə çoxlu saxta diplomlu müəllimlər, alimlər var. Biləni bilməzdən, yaxşını pisdən, düzü əyridən ayırmaq üçün bu yol mümkün yollardan biridir. Bu yolla saxtakarları ali məktəbdən kənarlaşdırmaq olar. ADPU-da professor-müəllim heyətinin müsabiqədən keçirilməsini təbii ki, alqışlayıram. Hazırda universitetdə ciddi reformalar gedir. Həm idarəetmədə, həm müasir texnologiyaların təminatında və digər istiqamətlərdə bunu görmək olar. Müsabiqələr hər zaman keçirilməlidir. Özünü doğruldan müəllim daha yüksək mövqedə olmalıdır. Bu idarəetmədə də belə olmalıdır. Ümumilikdə professor-müəllim heyətinin müsabiqədən keçirilməsi çox müsbət addımdır”.
Təhsil Şurasının sədri, Əməkdar müəllim, professor Əjdər Ağayev isə bildirdi ki, indi bunlar kütləvi şəkildə keçirilir və ümumilikdə ali məktəblərdə kadrların seçki yolu seçilməsi çox müsbət addımdır: “ADPU-nun rektoru Cəfər Cəfərov tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirir. Bu həm kadrların keyfiyyətli seçimində, həm də təşkilati işlərdə özünü göstərir. Ümumiyyətlə, professor-müəllim heyəti müsabiqəsində iştirak edənlərin sayı çoxdur. Çünki vaxtlı- vaxtında bu müsabiqə keçirilməyib. İndi tədris prosesləri yenilənir. Bu gün müsabiqədə iştirak edənlər gərək müasir texnologiyalar bələd olsunlar. Müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq keçirilən açıq dərslər tələbəylə əməkdaşlığa imkan verir. Lakin bir şərt var ki, açıq dərsdə müəllimin pedaqoji səviyyəsi olsun. Ənənəvi qaydada dərsini deməlidir. Digər önəmli fakt isə odur ki, qiymət verənlər də sırf mütəxəssislər olmalıdır, pedaqoji fəaliyyətlə məşğul olmalıdır. Ümumilikdə bu müsabiqənin kadr keyfiyyətinin yüksəlməsində böyük rolu var”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Milli Məclislə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
22.09.2017
Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
22.09.2017
Dünya Bankının təhsil missiyası UNEC-də
22.09.2017
Bakıda beynəlxalq incəsənət festivalı keçirilir
22.09.2017
 Baş cərrah: “Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o Azərbaycanda icra olunmasın”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7345

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info